COVİD-19 virusunun yaratdığı sanitar-epidemioloji vəziyyət ən çox təhsil sahəsinə təsir göstərib. Bu təsirin mənfi cəhətləri olduğu qədər müsbət tərəfləri də var. Belə ki, məsafədən təhsilə keçid ölkədə distant təhsil üçün indiyə qədər keçilməyən böyük bir məsafənin qət olunmasına, infrastruktur baxımından çox problemlərin həllinə səbəb olub. Son bir ildə ölkəmizdə məsafədən təhsilin problemsiz şəkildə reallaşmasına baxmayaraq, hələ də bütün qapılar distant təhsilin üzünə bağlıdır. Buna baxmayaq, insanları distant təhsil diplomları ilə Azərbaycanda işə başlamağın mümkünlüyünə inandırmağa çalışanlar da var. Bəzən “bir kəllə qəndlə” diplomları tanıtdırmağa boyun olanlar da tapılır. Bəs, bu mümkündürmü? Mümkün deyilsə, səbəbi nədir?
Distant təhsil kimə lazımdır?
Distant təhsil tələbə ilə müəllimin fiziki olaraq eyni mühitdə olmadan təhsilini təşkil edən texnologiyadır.
Təhsil eksperti Kamran Əsədovun fikrincə, distant təhsil bir çox mümkünsüzlüklərin üstündən xətt çəkən bir sistemdir: “Distant təhsil hər kəsə vaxt itirmədən xarici universitetlərdə oxumaq imkanı verir. Burada tələbənin sərbəst öyrənmə prinsipi var. Sistem elə qurulub ki, tələbə müəllimdən vaxt və ya məsafə ilə ayrılsa da, onlar istədiyi vaxt telekommunikasiya vasitələri ilə əlaqə saxlaya bilərlər”.
Beləliklə, dünyada distant təhsilə baş vuranlar
- İşdə və ya evdə başı qarışıq olanlar, dərslərə getmək və mühazirələri dinləmək imkanları olmayanlar;
- İxtisasını artırmaq, bacarıqlarını inkişaf etdirmək və karyeradan ayrılmadan yeni biliklər əldə etmək istəyənlər;
- Həyatda hər şeyə nail olmaq və peşəkar əlaqələri və dünyagörüşünü genişləndirmək imkanlarından istifadə etmək istəyənlərdir.
K.Əsədov beynəlxalq statistikaya istinad edərək deyib ki, distant təhsil alanların əksəriyyəti yaşı 25-i ötmüş, işləyən və işdən ayrılmadan peşəkar biliklərini genişləndirmək istəyən şəxslərdir: “Bununla belə, distant təhsil forması hamı üçün münasibdir. Bu, illər ötdükcə daha çox inkişaf edəcək müasir təhsil formasıdır”.
Distant təhsil üçün hüquqi baza hazırlanır
Kamran Əsədovun sözlərinə görə, 2009-cu ildə qəbul edilmiş “Təhsil haqqında” qanunda distant təhsil ali təhsilalma formalarından biri kimi qəbul edilib: “Ancaq indiyə qədər Azərbaycanda distant təhsil mexanizmi müəyyən olunmadığı üçün bu formada xarici ölkələrdə təhsil almış şəxslərin də diplomları tanınmır. Belə ki, hal hazırda Azərbaycanda distant təhsilin mexanizmi işlənib hazırlanmadığından onu təhsilin bir forması kimi qəbul etmək olmaz”.
Azərbaycanda bu sahənin mütəxəssisi, Dövlət Pedaqoji Universiteti (ADPU)- Corc Vaşinqton Universiteti ikili diplom proqramının baş direktoru Dr. Tofiq Əhmədov da bldirib ki, ölkəmizdə distant təhsilin normativ hüquqi bazasi yoxdur və distant təhsilin ölkəmizdə tananmaması da bununla izah olunur.
Hüquqi bazaya gəlincə, o da hazırlanır: “Hüquqi bazanı Təhsil nazirliyi hazırlayır. Bu istiqamətdə işlər 2009-cu ildən başlayıb”.
Azərbaycanda ali təhsil müəssisələrində qiyabi təhsil üzrə qəbul 2015-ci ildə dayandırılanda bildirilirdi ki, qanunvericiliyə dəyişiklik ediləcək və o vaxta kimi qiyabi təhsil tədricən distant (məsafədən təhsil) təhsillə əvəz olunacaq. Lakin bu proses ləngidi və qiyabi təhsil yenidən seçimlər arasındadır. Lakin mütəxəssislərin qənaəti budur ki, qiyabi təhsilin ləğv olunması ən yaxşı üsuldur. Çünki qiyabi təhsil artıq öz faydasını vermir və Avropanın qabacıl ölkələri ilə rəqabət apara bilmək üçün distant təhsilə keçilməsi vacibdir. Beləliklə, bu təhsil sisteminə keçmək üçün qanuni baza hazırlanır.
Nəticə: Yazılanlardan bu qənaətə gəlinir ki, məsafədən təhsil də, buna görə verilən təhsil sənədi də hazırda hər hansı hüquqi əhəmiyyət kəsb eləmir. Əksini iddia edənlərin sözünə inanmaq isə təhsil dələduzlarına meydan açmaqdır.