Son günlər ölkə gündəmini müxtəlif vəzifəli insanların, tanınmış şəxslərin, bir sözlə ictimai-siyasi fəaliyyəti ilə seçilənlərin intim videoları zəbt edib. Əvvəl partiya təmsilçisi, sonra Gürcüstan Parlamentinin azərbaycanlı deputatı, daha sonra gənc fəal və digərləri oxşar hadisə ilə üzləşib, sosial şəbəkələrin, medianın gündəmində olublar. Yayılan videogörüntülərdə videoların çəkilmə və yayılma metodikası demək olar ki, oxşar görünür. Cəlbedici qızın online video zənginə cavab verənlər qarşı tərəfin intim hərəkətlərinə tab gətirməyərək adekvat cavab verir və ...

Məşhurlar təbii ki, videonu “saxta” adlandırır, montaj olunduğunu, sonradan şantajla pul tələb edildiyini deyirlər.

Gündəm mövzusu olan bu hadisələri Faktyoxla Lab. araşdırıb, videoların həqiqiliyini və saxtalığını müəyyən edib.

Əvvəl gəlin müəyyən edək ki, dələduzlar necə işləyir, onlar qurbanları necə seçir, hansı yollarla onları tələyə salırlar?

Fələstinli Samirin başına açılan oyun

Əslində qeyd olunan məsələ uzun müddət beynəlxalq medianın gündəmində olsa da, bunun nəinki qarşısını almaq mümkün olmayıb, hətta “sextortion” (“sex” ve “extortion” sözlərinin birlşməsindən əmələ gəlib, “cinsi təzyiqlə pul əldəetmə” mənasını verir) qurbanlarının sayı getdikcə artır.

Nüfuzlu media qurumu olan BBC-nin bu barədə 2016-cı ildə hazırladığı reportajda fələstinli Samir adlı gəncin başına gələn analoji hadisədən bəhs edilir. Məqalədə Samirin “Facebook” sosial şəbəkəsi üzərindən bir qadınla tanış olduğu, daha sonra həmin qadının ona görüntülü olaraq intim münasibətdə olmağı təklif etdiyi bildirilir. Samir bununla razılaşdıqdan sonra başına açılan oyundan bəhs edilir.

Samirin sözlərinə görə, həmin qadınla onlayn intim münasibətdə olduqdan sonra onun elektron poçt ünvanına hərəkətlərini özündə əks etdirən videogörüntü göndərilir və bu videonun yayımlanmamağı qarşılığında 5 min avro pul tələb edilir. “Qurban” bundan imtina etdikdə isə məbləğ 2000 ( iki min) avroya salınır. Fələstinli gəncin bu məbləği ödəmək üçün pulunun olmadığını qeyd etməsindən sonra həmin şəxs və ya şəxslər intim görüntünü  “Youtube” platformasına yükləyirlər. 

Mərakeşin kasıb bölgəsində varlı qəsəbə

Bu məsələni araşdıran BBC-nin jurnalisti Reda el Mavi Mərakeşdə yerləşən Oued Zem adlı qəsəbəyə baş çəkir və gördüklərindən təəccüblənir. 90 minə yaxın sakinin yaşadığı qəsəbə Mərakeşin işsizlik səviyyəsi ən yüksək yaşayış məskəni olsa da, burada son model avtomobillər və motosikletlər diqqətdən yayınmayıb. Jurnalistin araşdırmasında qeyd olunur ki, qəsəbədə xeyli gənc şantaj yolu ilə pul əldə etməklə məşğuldur və var-dövləti də bu vasitə ilə qazanıblar. Bəs sistem necə işləyir? Bu barədə jurnalistə, gündəlik 500 dollar qazanc əldə etdiyini iddia edən, şərti adı “Ömər” olan şəxs bildirib ki, sistem 3 mərhələdən ibarətdir.

İlk hissə tanışlıq və “qurban”ın intim videogörüntülərinin qeydə alınması, ikinci hissə, 20 dəqiqə ərzində həmin videogörüntünün hazırlanması və sonuncu, üçüncü mərhələ isə bu “tor”a düşmüş şəxslə danışıqlar və pulun tələb edilməsidir.

Ən “yağlı qurban”lar

 

“Sextortion” sənayesinin mərkəzi hesab edilən Oued Zemdə insanlar asan gəlir əldə etmək üçün bu “biznes”lə məşğul olmağa daha çox meyilli olurlar. “Ömər”in sözlərinə görə onların əsas “qurbanları” əsasən ərəblər olur. Ərəb ölkələrində intim münasibətlər tabu hesab edildiyindən, əksər insanlar onların intim görüntülərinin yayılmasının qarşısını almaq üçün istənilən şantaj üsuluna boyun əyməli olurlar. Şantajçıların ən “yağlı tikə” hesab etdikləri “qurbanlar” isə evli olan şəxslərdir ki, onlardan təhdid yolu ilə pul əldə etmək daha asan başa gəlir.

Jurnalist qəsəbədə 50-ə qədər pulödəmə məntəqəsini saydığını bildirib. Ona müsahibə verən məntəqələrdən birinin sahibi gün ərzində şantaj yolu ilə əldə edilmiş 8500 dollardan çox pul köçürüldüyünü qeyd edib.

Fərqli ölkələrdə fərqli şantaj üsulları

Aparılan araşdırmalardan bəlli olur ki, dünyada intim videolarının qeydə alınması yolu ilə şantajetmənin bir neçə növü var. Yuxarıda qeyd etdiyimiz “Mərakeş şantajı” ilə yanaşı daha geniş yayılmış “Bolqarıstan şantajı”, “Burkina Faso şantajı” kimi şantaj növləri də var ki, bütün bunların ümumi sistemi eynidir – videoqeydiyyat vasitəsilə şantaj. Bolqarıstan və Burkino Faso şantaj növlərindən fərqli olaraq “Mərakeş şantajı”nın danışıq dili ərəb və ingilis dili olduğundan, bu şantaj növünün “qurbanları” çoxluq təşkil edir. Videogörüntü vasitəsilə intim aktların qeydiyyata alınması və şantaj edilməsi halları Filippində də geniş yayılıb. Ölkənin hüquq-mühafizə orqanlarının hər il həyata keçirdiyi əməliyyatlarda bu işlə məşğul olan onlarla şübhəli şəxs  saxlanılır

Dünya üzrə qeydə alınan şantaj üsullarından ən geniş yayılanlarından biri şəxslərin elektron poçt ünvanlarının və sosial şəbəkələrdəki hesablarının sındırılaraq oradan şəxsə aid olan gizlin foto və video görüntülərin əldə edilməsidir. Bu yolla həmin şəxslər əldə edilən materialların yayılmaması üçün “qurbanlar”dan küllü miqdarda pul əldə etməyə müvəffəq olurlar. Bu cür hallar, əsasən Böyük Britaniya, ABŞ kimi ölkələrdə tez-tez baş verir.

Onu da qeyd edək ki, bu cür şantaj üsulunun “qurbanları” arasında intihar edən şəxslər də mövcuddur. Şotlandiyada yaşayan Dan Peri adlı 17 yaşlı yeniyetmə bir neçə il əvvəl ABŞ-da şantajçılar tərəfindən təhdid edildikdən sonra Dan dözməyərək intihar edib

Sistem necə işləyir?

Bu sahənin mütəxəsislərinin yazdığına görə, ilk addım texniki məsələlərin həlli ilə başlayır. Bura daxildir:

  • Şəbəkəyə qoşulub, gizli qalmaq üçün qeydiyyatda olmayan 3G Modem alınır.
  • SMS qəbul etmək, bu müddətdə gizli qalmaq üçün qeydiyyatsız sim-kart əldə edilir. (xaricdə bir çox ölkələrdə bu mümkündür)
  • Virtuallaşdırma üçün VMware və ya VirtualBox proqram təminatı qara işlərin görülməsi üçündür.
  • İP gizlətmək, trafiki şifrələyən, regional anonimliyi qoruyan, log və digər hərəkətləri əks etdirən informasiyanı saxlamayan keyfiyyətli VPN–lərdən ("Private Internet Access") istifadə olunur (“Hideme”, “VPN Monster” və oxşar VPN-lər keyfiyyətsiz və texniki baxımdan sərfəli deyil)
  • Axtarışa başlamazdan öncə, əvvəllər istifadə olunan bütün brauzerlərdən çıxılır, heç istifadə olunmayan brauzerlərdən birindən qoşulurlar.
  • VPN vasitəsilə ən sürətli server seçilir. Bundan sonra facebook, vk, mirtesen və digər plaftormalarda axtarış başlayır.

Bundan sonra yaradıcı hissəyə start verilir. İlk addım saxta hesab yaratmaq, dostluq siyahısını genişləndirmək və oraya bütün kateqoriyadan olan insanları əlavə etməkdən ibarətdir. Bu ondan ötrü edilir ki, gələcəkdə seçiləcək “qurban” profilin saxta olduğunu ehtimal etməsin. Bunun ardınca hədəf seçilən şəxsə dostluq təklifi göndərilir. Qısa müddət tanışlığın ardından görüntülü videobağlantı təklif edilir ki, hədəf seçilən şəxs münasibət qurduğu şəxsin “qadın” olduğuna inansın.

Foto seçilir. Bunun üçün mövcud olmayan insanların fotolarının bazasından istifadə oluna bilər. Həmin saytda nəinki insan, heyvanlar, ağac, çay, hətta aforizmlər də verilir. Misal üçün, siz bu şəxslərin fotolarına baxıb, düşünərsinizmi ki, həyatda belə adamlar mövcud deyil. 

Çox maraqlı gəldisə bu linkdə sistemin necə işlədiyini görə bilərsiniz. Panikalıq bir şey yoxdur.

Qurbanlar daha çox diqqət cəlb edən, nisbətən ictimai- siyasi aktiv, tanınmış, imkanlı görünən arasından seçilir. Xüsusi qovluqlarda haqlarında məlum olan bütün informasiyalar toplanır. Nahar stolunda, istirahətdə olanda, övladları ilə gəzintidə, bir sözlə, nə fotolar var, hamısı seçilib, saxlanılır. Həmin şəxslə istənilən dialoqda o fotolardan biri göndərilir və hər hansı bir sual soruşulur. Burada əsas məqsəd həmin şəxslə danışarkən fotonun dialoqda görünməsidir. Dialoqun həmin hissəsi scrin olunur və saxlanılır. Bundan sonra qurban seçilmiş şəxsin bütün dostlarının, xüsusən də yaxın qohumlarının profil linkləri və digər informasiyalar toplanılır.

Cinayətkar qrupun üzvlərinin hər birinin 100-dən çox saxta profili olur. Hər bir akkauntla axtarışa başlanılır və dostluq göndərilən, tanış olanların məlumatları kompyuterin Blaknot əlavəsinə köçürülür.

Söhbət çox uğurlu alınmadıqda, ixtiyari seçimlə həmin şəxslərdən birinə video zəng edilir. Videobağlantı zamanı qarşısında qadının yarıçılpaq vəziyyətdə olmasının təsirinə düşən şəxs “qadın”ın ona kompüterinin mikrofonunun işləmədiyini və ya danışmaq imkanının olmadığını, yalnız yazışa biləcəyi ilə bağlı bəhanəsinə də inanır.

Əslində isə bu “qurbanın” kameranın digər tərəfində olan saxta qadının etdikləri intim hərəkətlərinə reaksiya verməsinə hesablanıb. Şantajçıların istifadə etdikləri texniki vasitələrlə “qurban” qarşısındakının əsl qadın yox, daha öncədən hazırlanmış videogörüntü və ya xüsusi proqramlar vasitəsilə yaradılan video olduğunu anlamır. Bağlantı zamanı kompyuter və ya telefonun üz qabığının video çəkilişini edən proqram işə düşür və nəticədə məlum görüntülər əldə edilir. Sonda isə şantaj və digər tələblər.   

Azərbaycanda da situasiya oxşardır. 

Bu barədə jurnalist Məhəmmədli Qəribli 26 avqust 2021-ci il tarixində xəbərdarlıq etmişdi.

“Dostlar, yəqin ki, son vaxtlar qız profillərindən gələn videozənglərlə bağlı bir çox şəxslərin paylaşımlarına rast gəlirsiniz. Onlar iddia edirlər ki, gələn videozəngi açan kimi cavan bir xanımın lüt soyunaraq bədənini nümayiş etdirdiklərini görürlər.

Elə adamlar var ki, görüntünün real olduğunu zənn edib, seyr edir, hətta “qadının” intim jestlərinə qarşılıq verənlər də olur. Ancaq bilməlisiniz ki, bu, xüsusi bir proqramdır və əslində soyunan, intim səhnələri nümayiş etdirən robotdu. 

Bu yaxınlarda məhz bu üsulla Naxçıvanda tanınmış bir dindarı tələyə salıb, sonra videosunu paylaşıblar. Adam indi nəinki məscidə namaz qılmağa gedə bilmir, hətta utandığından evdən bayıra belə çıxmır.

Tələyə düşənlər elə bilirlər iki, bu səhnəni yalnız zəng edən qız və onun özündən başqa heç kim görmür. Ancaq hər iki şəxsin hərəkətləri xüsusi proqram vasitəsilə qeydə alınır. Əsasən hədəfə cəmiyyətdə tanınmış adamlar alırlar. Sonra çəkilən video ilə həmin adamı şantaj edirlər. Məqsədlərinə çata bilməyəndə, videonu içtimailəşdirirlər. Həmin şəbəkənin baş mamarozası bu profil arxasında gizlənir. Yazır ki, türk əsillidi, Almaniyada yaşayır. Baxıram dostluğuna bəzi tanınan adamları alıb. 

Yəqin ki, onların da üzərində “əməliyyat” aparacaq. Bu profili maksimum ifşa edək ki, şantajçılar istəklərinə nail ola bilməsin. Hüquq-mühafizə orqanları bu profili incələsə yaxşı olar.

Məsələn, fotosunu təqdim etdiyimiz profil sözügedən şəbəkənin ən aktivlərindən biridir. O, eyni fotonu müxtəlif adlarda profil şəkili edir və Türkiyə vətəndaşının adları ilə azərbaycanlı kişilərə yazır. 

Tanınmış aktyor, komik Elcan Rəsulov da öz “Facebook” səhifəsində belə bir şantaja qurban gedə biləcəyi barədə paylaşım edib. Onun sözlərinə görə, ani diqqətsizlik onu da şantajçıların hədəfinə çevirə bilərmiş.

Yekunda videoların həqiqi olub-olmaması ilə bağlı fikirlərimizi bildirək. Bu sahənin mütəxəsisləri, eləcə də Faktyoxla Lab.-ın texniki işlər üzrə əməkdaşları son günlərin gündəmini zəbt etmiş videolarda olan kadrların montaj olmadığını təsdiqlədilər. Bildirildi ki, şantajçılar video çəkiliş edirlər, film montaj etmirlər.