Ümumdünya Səhiyyə Təşkilatı və inkişaf etmiş dövlətlər ötən ildən başlayaraq dünyanı cənginə alan yeni növ koronavirus infeksiyasından xilas olmağın yeganə yolunu kütləvi peyvəndlənmə prosessində görürlər. Bu səbəbdən əksər ölkələrdə kütləvi vaksinasiya prossesinə başlanılıb. Hətta bir çox ölkələrdə məcbur peyvəndlənmə üsullardan da istifadə edilir.
Araşdırmalar göstərir ki, əgər əvvəllər insanları koronavirusa qarşı peyvənd olunmağa təşviq etmək üçün ideyalar irəli sürülürdüsə, indi artıq bu mərhələ geridə qalıb və radikal addımlar atmağın zamanıdır. Yəni, pulsuz "fast food", pulsuz taksi gəzintisi, restoranlara gediş endirimləri və s. şirnikləndirici təkliflər zamanı bitib, hökumətlər tələsir və ümumbəşər bəladan uzaq durmaq üçün bütün mümkün variantlara əl atırlar.
Faktyoxla Lab. digər ölkələrdə tətbiq olunan vaksinləşmə metodlarını araşdırıb.
İngiltərədə gələn ayın əvvəlindən başlayaraq qapalı məkanlarda, o cümlədən konsert zallarına və iri tədbirlərin keçiriləcəyi məkanlara giriş üçün ikidozalı vaksin pasportu tələb olunacaq. Bu İngiltərə hökümətinin iyul ayında qəbul etdiyi 4 mərhələli həll planına uyğun həyata keçiriləcək.
Xatırladaq ki, İngiltərənin Baş naziri Boris Consonun “Azadlıq günü” adlandırdığı 19 iyul tarixindən etibarən ölkədə bır sıra məhdudlaşdırıcı tədbirlər (sosial məsafə saxlamaq, maskadan istifadə) ləğv edilmişdi. Mənbə: BBC
“COVİD-19” pasportunun tələb edildiyi Avropa ölkələrindən biri də Fransadır. İyul ayında qəbul olunan qərara əsasən, bütün tibb işçilərinin və qocalar evində işləyən dayələrin peyvənd olunması məcburidir. Bununla bağlı açıqlama verən Fransanın səhiyyə naziri Olivye Veran peyvənd olunmayan işçilərin noyabrın 1-dən etibarən əməkhaqlarının ödənilməyəcəyini və onların müqavilələrinə birtərəfli xitam veriləcəyini bildirib.
Eyni zamanda Fransa tətbiq edilən yeni qərara əsasən, avqust ayından etibarən qapalı məkanlara daxil olan şəxslərdən mütləq “COVİD-19” pasportu və ya immunitet sənədi tələb olunur. “Sanitar Buraxılış” vəsiqəsini isə iki doza vaksin qəbul edənlər, PCR ( (Polymerase Chain Reaction- Polimer Zəncir Reaksiyası) və ya anti-cism testi verənlər, yaxın vaxtlarda COVİD-19 xəstəliyini keçirənlər əldə edə bilərlər.
Qeyd edək ki, Fransada avqustun 9-dan ölkədə qapalı məkanlara, restoranlara, kafelərə, kino zallarına, muzey və əyləncə mərkəzlərinə giriş üçün hər iki dozanın vurulması barədə pasport və ya immunitet sertifikatı tələb olunur.
Bu arada, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi 700-ə yaxın fransalı yanğınsöndürənin hökümətin məcburi vaksinasiya siyasətinin onların haqlarının pozulması ilə bağlı irəli sürdükləri iddianı rədd edib. Məhkəmə bu mövzuda dövlətin daxili işinə qarışa bilməyəcəyini deyib. (Mənbə: euronews)
Fransada vaksin olunmayanlar davamlı test verməyə məcbur edilirlər. Uyğun sənədi olmayan müştərini qəbul etdiyi üçün müəssisə ilk dəfə 1500 avro, ikinci dəfə təkrarlandıqda isə qapanma ilə cəzalandırılır.
Yunanıstanda da digər Avropa ölkələrində olduğu kimi “COVİD-19” pasportu və ya immunitet sertifikatı tətbiq edilməyə başlanılıb. Ölkədə 16 iyuldan etibarən qapalı məkanlara, o cümlədən idman arenalarına, teatr salonlarna və əyləncə məkanlarına yalnız “COVİD-19” pasportu ilə giriş mümkündür.
Yunanıstanın Baş naziri Kiryakos Miçotakisin sözlərinə görə, məcburi hala gətirilən peyvəndləmə prosesindən imtina edən tibb işçiləri vəzifələrindən azad ediləcəklər. Ölkənin səhiyyə nazirinin açıqlamasına əsasən bu günə kimi Yunanıstanda 6 min 412 tibb əməkdaşı peyvənddən imtina etdikləri üçün vəzifələrindən müvəqqəti uzaqlaşdırılıblar. (Mənbə: ctvnews)
“Green Pass”ın ("Yaşıl Sertifikat") tətbiqinə başlayan İtaliyada isə sentyabrın 1-dən etibarən təhsil sahəsində çalışanların, o cümlədən tələbələrin peyvənd olunmaları tələbi qüvvəyə minib. 2021-ci ilin dekabrın sonunadək İtaliyada tətbiq ediləcək xüsusi rejimlə əlaqədar olaraq ölkə əhalisi yalnız “Yaşıl Sertifikat” vasitəsilə qapalı məkanlara, restoran, kafe, kino zalları və teatr salonlarına, konsert və əyləncə mərkəzlərinə daxil ola biləcəklər. Bu buraxılış həm də qatar, təyyarə, gəmi nəqliyyatından istifadə edənlərə, diskotekalara (əgər açılarsa) giriş üçün də tələb ediləcək. QR-kod olan sənəddə bir və ya iki vaksinin qəbulu haqda məlumat, xəstəliyi keçirənlər haqda arayış və ya 48 saat ərzində edilmiş COVİD-19 neqativ testinin cavabı əks olunur. Qeyd olunan məkanları “Yaşıl Buraxılış”sız gəzən şəxslərə qarşı maddi cərimələr də tətbiq edilir. Belə ki, restorana icazəsiz daxil olmuş şəxs aşkar edilərsə 400 avro cərimələnir, müəssisə özü isə 5 günlük qapadılma ilə inzibati cəzaya cəlb edilir. Mənbə: BBC
ABŞ. Yeni Orleanda artıq 16 avqustdan etibarən qapalı məkanlara, idman zallarına, bar, klub, restoranlara giriş heç olmasa bir vaksin dozası qəbul edənlərə icazəlidir. Oxşar qadağalar Nyu-Yorkda da tətbiq edilir. Lakin bu şəhərdə vaksin pasportu sentyabrın ortalarından yoxlanılacaq. ( mənbə: Amerikanın səsi ) . San-Fransiskoda vaksin pasportu tələbi 20 avqustdan qüvvədədir. Maraqlıdır ki, bu qadağalar hətta 12 yaşdan yuxarı yeniyetmələrə də tətbiq edilir.
Almaniyada vaksin pasportu olmadan qapalı məkanlara giriş qadağası 23 avqustdan etibarən tətbiq olunur. (Mənbə: Alman Dalğası) Bu ölkədə 23 avqustdan başlayaraq məcburi testləşmə tələbi də qüvvəyə minib. Son 24 saat ərzində verilmiş anti-cism testi və ya 48 saat ərzində verilmiş PCR testlərini gözəllik salonlarında, bərbərxanalarda, fitnes-mərkəzlərdə və otellərdə tələb edirlər. Xəstəxanaları, kafe və restoranlara və digər tədbir və şənliklərə qatılanlar mütləq məcburi testlənmədən keçməlidilər.
Litvada da COVİD pasportu ilə icazə verilən bütün yerlərə getmək imkanı yaradılır. Bu pasportu isə yalnız tam vaksin olunanlar əldə edə bilərlər. (Mənbə: Delfi.lt ). Pasportu olmayanlar isə yalnız kiçik mağazalara giriş imkanı olur. Onların isə maskadan istifadəsi məcburidir.
Qazaxıstanda vaksin olunmayanlar 10 avqustdan etibarən iş yerlərinə buraxılmırlar. Qaydanı pozan müəssisə 1,46 mln təngə (3433 dollar) cərimələnir. Bu ölkədə 1 sentyabrdan etibarən işçilər mütləq şəkildə ikinci doza vaksini qəbul etməlidilər. Qeyd edək ki, PCR testlər vaksinləşməyə alternativ kimi qəbul olunmur.
İrlandiyada otel, restoran və digər ictimai-iaşə obyektlərinə qonaq qəbulu yalnız Avropa Birliyi rəqəmli sertifikatı və ya Səhiyyə Nazirliyi tərəfindən verilmiş icazə əsasında mümkündür.
Türkiyədə 6 sentyabrdan etibarən vaksin olunmamış və ya COVİD xəstəliyin keçirməmiş vətəndaşlar üçün məhdudiyyətlər tətbiq edilir. Qeyd edilən təbəqədən olan vətəndaşlar konsert, kino zalları, teatr, stadion və digər kütləvi iştirak yerlərinə buraxılmayacaqlar. Bu yerlərin xidmətindən 48 saat ərzində PCR testi vermiş şəxslər və vaksin pasportu olanlar istifadə edə bilərlər. Nəqliyyat şirkətləri sərnişinlərdən QR kodlu vaksin pasportunu və ya xəstəliyi keçirməsi haqda arayışı tələb etməyə borcludular. Vaksin olunmayan və ya xəstəliyi keçirməyən müəllimlər, tələbələr həftədə 2 dəfə PCR testdən keçməlidilər.
Bunlarla yanaşı, dünyanın CNN və “Washington Post” kimi nüfuzlu media qurumları da əməkdaşlarını məcburi vaksinasiya prossesinə cəlb edib. Hətta CNN-də vaksin olunmadan ofisə gələn 3 əməkdaşının müqavilələrinə xitam verilməsi faktı mövcuddur.
Xatırldaq ki, 2021-ci il iyul ayından etibarən Avropa Birliyində və Şengen zonası ölkələrində “Rəqəmsal Covid sertifikatı” adlı vahid sistem istifadəyə verilib. Bu sistemdə 30-dan çox Avropa ölkəsində yaşayan insanların yeni növ koronavirusla bağlı məlumatları, yəni zamanda onların “COVİD-19” pasportunun olub- olmaması, neçə doza vaksin vurulması, immunitet sertifikatı və s. bu kimi məlumatlar yer alır.