AXCP sədri Əli Kərimli Qənimət Zahidə müsahibəsində iqtisadi mövzuya toxunub, Azərbaycan-Rusiya, Azərbaycan-Türkiyə münasibətləri üzərində paralellər qurmaqla Azərbaycan-Türkiyə iqtisadi münasibətlərinin yetərli səviyyədə olmadığını dilə gətirib.

Faktyoxla Lab. bu iddianı araşdırıb.

Ə. Kərimli müsahibəsində bildirib ki, MDB dövlətləri arasında iqtisadi və siyasi münasibətlər Azərbaycan-Türkiyə münasibətlərindən daha yaxşı inkişaf edib. Partiya sədri heç bir-fakt, sübut, istinad olmadan Azərbaycanın əsas strateji ticarət tərəfdaşının Rusiya olduğunu deyib, Türkiyənin isə yerini və rolunu şübhə altına almağa çalışır
Sitat: “Bizim həmin Rusiya ilə haqqında danışdığımız bu gün bizi bir sıra məsələlərdə təhdid edən Rusiya ilə sosial-iqtisadi əlaqələrimiz Türkiyədən daha yaxşıdır”.

İlk olaraq, Rusiya Azərbaycanın iqtisadi və trans-nəqliyyat qovşaqları şəbəkəsinə görə, qonşuları arasında xüsusi strateji mövqeyə malikdir və bu ölkə ilə iqtisadi-siyasi-humanitar əlaqələrin olması Azərbaycana xeyirdən başqa bir şey vermirsə, bu ölkə ilə normal münasibətlərin davam etməsi niyə həyacanla, ajiotajla qarşılanmalıdır? Azərbaycan il ərzində bu ölkəyə 1 milyard dollardan artıq mal satır və həmin məhsulların 80 %-i qeyri-neft ixracıdır.

Azərbaycanın Rusiya ilə Bakı-Novorossiysk neft kəmərindən başqa, iri enerji layihəsi yoxdur. Bu kəmərlə ildə 1 milyon ton neft nəql edilir. Türkiyə və Azərbaycanın enerji arteriyası olan Bakı-Tbilisi-Ceyhan ilə ildə 35 milyon ton neft nəql edilir.

Bəs, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars, TANAP, TAP kəmərləri hansı ölkələri bir-birinə bağlayır? Eləcə də, “Petkim”, “Star” kimi 10 milyard dollardan da çox sərmayə tutumlu nəhəng zavodlar hansı ölkədə inşa edilib? Cənab Kərimli bu faktlardan xəbərsizdirmi?

Bu layihələrə baxmaq kifayətdir ki, hansı ölkə ilə iqtisadi və sosial rabitənin daha çox olmasını təsəvvür edəsən. Azərbaycan və Türkiyə MDB və Avropa regionunda qarşılıqlı investisiya qoyuluşlarına görə, lider ölkələrdir. 2021-ci ildə bu rəqəm birgə sərmayə qoyuluşları üzrə 32 milyard dolları keçib.

Rusiya ilə isə qarşılıqlı sərmayələrin ümumi həcmi  6 milyard dollardır. Yəni, Türkiyə ilə nisbətdə 6 dəfəyə yaxın az.

Hazırda Azərbaycanda 4 mindən artıq Türkiyə şirkəti, Türkiyədə isə Azərbaycan kapitallı 2 minə yaxın şirkət fəaliyyət göstərir. Rus şirkətlərinin sayı isə 900-ə bərabərdir, yəni 5 dəfə az.

Başqa statistikaya da diqqət yetirəksək görərik ki, 2021-ci ilin ötən 7 ayında Azərbaycanın ticarət əməliyyatları apardığı ölkələr sırasında Rusiyanın payı təxminən 1,5 milyard dollara bərabər olub. Azərbaycan bu ölkəyə 486 min dollar mal satıb, əvəzində 1 milyard 62 milyon dolar həcmində mal alıb. 

Türkiyə ilə iqtisadi dövriyyəyə baxaq: Cari ilin 7 ayında qardaş ölkə ilə Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 2,5 milyard dollar təşkil edib. Azərbaycan Türkiyəyə 1 milyard 539,6 milyon dollar məbləğində məhsul ixrac edib, əvəzində 962,4 milyon dollara yaxın mal idxal olub. Hansı iqtisadi dövriyyə daha çoxdur? Müqayisə aparmağa ehtiyac var? 

Və unutmayaq ki, hazırda Türkiyə Azərbaycanın iqtisadi-ticari əməliyyatlar dövriyyəsində 1-ci yeri tutur. Azərbaycan və Türkiyə qarşıdakı illərdə iqtisadi əlaqələri inkişaf etdirərək ticarət dövriyyəsinin həcmini 2-3 dəfə artırmaq niyyətindədir. 2025-ci ilədək 15 milyard dollara çatdırmaq. Və hazırda qardaş ölkənin sərmayəşçiləri işğaldan azad edilmiş Azərbaycan torpaqlarında iri layihələr həyata keçirir, Qarabağın inkişafına böyük həcmdə kapital yatırmaqdadır. Kəlbəcərdə 3 qızıl yatağında işlər dayanmadan aparılır. Zəngəzurda, Füzulidə Türkiyə sənaye məhəllələri qurur.

Əli Kərimlinin daha bir müqayisə predmeti diqqət cəlb edir.

Sitat: “Bizim onlarla alış-verişimiz gömrük rüsumlarından azaddır. Biz vahid iqtisadi məkandayıq. Türkiyə ilə elə deyil. Türkiyə ilə bu qədər böyük bir uğurlu iş birliyindən sonra II Qarabağ savaşında  yalnız 15 məhsulun gömrük  rüsumlarından azad edilməsi ilə bağlı razılıq əldə olunur. Minlərlə məhsul alınıb-satılır Türkiyə və Azərbaycan arasında. Yalnız on beşcə məhsul həmin o gömrük rüsumlarından azad edilib. Bizim aramızda sərbəst ticarət yoxdur”.

Birincisi, Azərbaycan və Türkiyə qırılmaz tellərə bir-birinə çox möhkəm bağlı olduğundan iki qardaş arasında hansısa təmənna, “əvəz-əvəz oyunu” yoxdur və iqtisadi layihələr, güzəştlərin, gömrük rüsumlarının da qətiyyən Vətən müharibəsinə heç bir aidiyyatı yoxdur. 15 mal qrupu ilə bağlı razılaşma İkinci Qarabağ savaşından sonra deyil, əvvəl, 2020-ci il fevralın 25-də Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII iclasının yekunları üzrə imzalanıb və həmin qanun 2020-ci il mayın 31-də Azərbaycan Prezidenti tərəfindən təsdiqlənib. Həmin vaxt isə, Vətən müharibəsi baş verməmişdi.

“Preferensial Ticarət Sazişi”nə gəlincə, Sazişlə bərabər, digər razılaşmalar (rüsumsuz və kvotasız) yeni ticari münasibətlərin təməlini qoyub. Həmin Sazişin çərçivəsinin mərhələli şəkildə genişləndirilməsi və bütövlükdə, qarşılıqlı olaraq xarici ticarətdə bütün mallar üzrə kvota və rüsumların yaxın 3 il ərzində sıfıra endirməsi nəzərdə tutulur. Bu isə 100-dən artıq mal qrupu deməkdir.


“Şuşa bəyannaməsi”ndəki iqtisadi bəndlərinə diqqət etsək, görərik ki, təkcə bir bənd azad ticarətin maneəsiz hərəkətinin təmin edilməsi üçün fundamental hüquqi əsas yaradır. Bu da azad və maneəsiz çoxsaylı mal qrupları üzrə ticarət razılaşması deməkdir.  

Və bu gün Azərbaycan vətəndaşları xarici pasport olmadan, yalnız şəxsiyyət vəsiqəsi ilə Türkiyəyə gedə bilirlər. MDB-də hansısa ölkəyə, o cümlədən Rusiyaya şəxsiyyət vəsiqəsi ilə gedib-gəlmək mümkündürmü?
Çox qəribədir ki, son zamanlar daha da birləşərək gücə çevrilən Azərbaycan-Türkiyə qardaşlığından məyus olan ermənilərin anti-türk və anti-Türkiyə kampaniyasına özümüzünkülərin də ciddi-cəhdlə sürüklənməsi müşayiət edilir. Əks halda, məhz indiki şəraitdə Azərbaycan və Türkiyə arasında əlaqələrin inkişafına belə qərəzli yanaşmanın başqa izahını vermək qəlizdir.