Altay Göyüşovun rəhbrəlik etdiyi Bakı Araşdırmalar İnstitutunun (BAİ) saytında London Kings College və ESSEC BBA məzunu Firuzə Nəhmədovanın “Azərbaycanda internet senzurası: giriş, istifadə və məhdudiyyət” adlı məqaləsi dərc olunub.
Faktyoxla Lab. məqalədə qeyd olunan faktları araşdırıb.
Məqaləni 4 aspektdən şərh edəcəyik.
- Yazı stili
- İstinadlar
- Qanunların qeyri-peşəkar şərhi
- Yalan məlumatlar
İlk olaraq yazı stilinə, yəni universiteti yeni bitirən xanımın məqalə hazırlayarkən istifadə etdiyi yazı texnikasına, üsluba toxunaq. Firuzə Nəhmədovanın dili daha çox texnikidir, cümlə quruluşu defektlidir (sanki ingiliscə fikirləşib, Azərbaycanca yazır-red.). Fərqli mənbələrdən əldə edilən məlumatları emal etmədən, tərcüməsini verir, faktları bir-birinə uzlaşdırmadan sadalamaqla işini bitmiş sayır.
Diqqət yetirək. “İnternet istifadəsi son illərdə sürətlə artıb, belə ki, 2021-ci ildə artıq ümumi əhalinin təxminən 80%-i internet istifadəçisidir.” cümləsində xanım yazar nəsə anlatmağa çalışsa da, yazı stili qüsurlu olduğu üçün bir neçə üslub səhvinə yol verib. Bu hələ gətirdiyimiz ən normal sitatdır. Diqqət edək, “Ona görə də, hökumətin sürətlə artan bu məlumat mənbəyinə nəzarət etməkdə maraqlı olması təəccüblü deyil”. “Hökumətin sürətlə artan” anlaşılmaz ifadəsini kənara qoyub, “məlumat mənbəyinə nəzarət” ifadəsini anlamağa çalışaq. Azərbaycanda hüquq müstəvisində, praktikada “məlumat mənbəyinə nəzarət” ilə bağlı hər hansı bir fakta rast gəlinibmi? Ümumiyyətlə, bu məvhum özündə nəyi ehtiva edir?
Başqa bir sitat: “Pandemiyanın başlanmasından bəri və 44 günlük müharibə dövründə bu cür nəzarətin başqa faydaları da oldu. Hökumət müəyyən hadisələrə arzuolunmaz diqqətin və panikanın yaranmaması məqsədilə sosial media və internetə çıxışa məhdudiyyətlər gətirdi”. 44 günlük müharibə dövründə hansı “müəyyən hadisələrə arzulunmaz diqqət və panikanın yaranmasından” söhbət gedir? Xarici ölkələrin təxribat qruplarının fəaliyyətinə açıq şərait yaradılmalı idi, ya kiber-təxribatlara, kiber-cinayətlərə qucaq açılmalı? Və bir də azərbaycanlı yazar bu məhdudiyyətlərdən niyə narahat olsun, niyə insan hüquq və azadlıqlarına, informasiya mənbəyinə çatmağa təhlükə kimi qələmə versin ki?
İstinadlar
Məqalədə istinad kimi təqdim edilən əksər mənbələr nədənsə Azərbaycan əlehinə fəaliyyət göstərən, qərəzli yazıları ilə seçilən müəlliflər, saytlar, resurslardır.
Bir neçə belə faktı sadalayacağıq.
Misal üçün, diqqət çəkən məqamlardan biri, Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsinin (Azərbayca Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı) “əsas icra göstəriciləri” hissəsindəki ölkəmizdə “sabit genişzolaqlı internetdən orta istifadə sürətinin cari (2016-cı il) 3,6 Mbit/s-dən 2020-ci ildə 20 Mbit/s-ə, 2025-ci ildə 50 Mbit/s-ə, 2025-ci ildən sonra isə inkişaf etmiş ölkələr səviyyəsinə çatdırılması” ilə bağlı hədəfin reallaşdırılmaması iddiası və göstərilən istinaddır. Belə ki, beynəlxalq səviyyədə kifayət qədər populyar, metodologiyası dəqiq bilinən və mütəmadi dərc edilən “Speedtest Global Index”hesabatı əvəzinə Böyük Britaniyanın bir şirkətinin (Cable ) məqalədə də qeyd edildiyi kimi “araşdırma”sına istinad edilməsi ictimai fikri yanıltmaq cəhdidir və məqalənin "ruhuna" isə uyğundur.
Digər fakt. Dəlillər göstərir ki, Azərbaycan hökuməti külli miqdarda pul xərcləyərək müəyyən saytlara girişi məhdudlaşdırmaq üçün avadanlıq əldə edib (Qurium 2018). Qurium və Azerbaijan Internet Watch 2020 və 2021-ci illərdə baş vermiş bir sıra onlayn fişinq hücumların Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə aid bir IP ünvanından edildiyini göstərə bilib. Bu fişinq elektron poçtların məqsədi jurnalistlərin kompüterlərinə casus və zərərli proqramlar quraşdırmaq idi. Zərərli proqramlar hakerin veb kameradan video qeyd etməsinə, Windows əmrlərini yerinə yetirməsinə və kompüterdən faylları çıxarmasına və yükləməsinə imkan yaradır (Azerbaijan Internet Watch 2021b).
Əslində isə Azərbaycan kiber-təhülkəsizliklə bağlı son illərdə yetərli irəliləyişlər əldə edib. Belə ki, Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının tərtib etdiyi "Qlobal kibertəhlükəsizlik indeksi 2020" (“Global Cybersecurity Index, GCI) reytinqində mövqeyini 15 pillə yaxşılaşdırıb. Azərbaycan 89.31 xal toplayaraq 40-cı yerdə qərarlaşıb.
"Qlobal kibertəhlükəsizlik indeksi 2020" hesabatında Azərbaycan MDB ölkələri arasında Rusiya və Qazaxıstandan sonra 3-cü olaraq, MDB ölkələrindən dünya sıralamasında 70-ci yerdə qərarlaşan Özbəkistanı, 89-cu yerdə qərarlaşan Belarusu, 90-cı yerdə qərarlaşan Ermənistanı və digər ölkələri böyük fərqlə qabaqlayır.
Azərbaycan “GCI” indeksi üzrə Beynəlxalq Telekommunikasiya İttifaqına üzv olan 194-ölkə arasında İsveçrə (42), İrlandiya (46), Gürcüstan (55), İslandiya (58), Rumıniya (62), Sloveniya (67), Çexiya (68), Ukrayna (78) kimi ölkələrdən öndədir.
Birmənalıdır ki, "Qlobal kibertəhlükəsizlik indeksi 2020" hesabatında Azərbaycanın 15 pillə irəliləməsi məqalədə göstərildiyi kimi kiberinsidentlərin törədilməsi ilə deyil, məhz onların qarşısının alınması istiqamətində ölkə səviyyəsində aparılmış əməli fəaliyyətin nəticəsidir.
Məqalədə başqa kontekstə (internetin azad olmaması) yönəldilən Azərbaycanda 44 günlük Vətən müharibəsi dövründə internetə girişdə məhdudiyyətlər ilə bağlı qeyd olunmalıdır ki, belə məhdudiyyətlər, bütün ölkələrdə hərbi vəziyyətdə tətbiq edilir və bu məhdudiyyətlər heç bir halda internetin azad olmaması demək deyil. Bu məhdudiyyət, 44 günlük Vətən müharibəsi dövründə Azərbaycanda tətbiq olunan hərbi vəziyyətdə Ermənistan Respublikası tərəfindən törədilə biləcək genişmiqyaslı təxribatların, kiberinsidentlərin qarşısının alınması məqsədi daşıyıb. Məqalə müəllifinin Open Observatory of Network Interference istinad edilməsi və məhdudiyyətin hansı səbəbdən tətbiq edilməsinin tam şərh edilməməsi media etikası baxımından doğru deyil və qərəzlidir.
Digər məqam. Məqalədə internetdən istifadə ilə bağlı Dövlət Statistika Komitəsinin rəsmi hesabatlarının deyil, 40 nəfər vətəndaşın fikri əsasında hazırlanmış sorğu xarakterli xəbərdən istifadə edilib. Respondentlərin 20 %-nin (yəni 8 nəfərin) “televiziyada “şübhəli” hesab etdikləri xəbərlərini təsdiqləmək və ya təkzib etmək üçün sosial mediadan istifadə etdikləri” fikrinin xüsusi qeyd edilməsi ümumilikdə məqalənin “keyfiyyət” göstəricisidir.
Məqalə müəllifinin istinad etdiyi Arzu Qeybullayeva haqda çox danışıb, məqalənin mahiyyətindən uzaqlaşmaq fikrində deyilik.
Qısa olaraq deyək ki, Arzu Qeybulla –Türkiyədə çalışan jurnalist, bloqçu və sosial media üzrə təlimçidir. O, İstanbul şəhərində nəşr edilən və bu ölkədə yaşayan ermənilərə məxsus olan “AGOS” qəzetində də uzun müddət çalışıb. Bu xanım, müharibə dövründə heç bir fakt və sübut olmadan cəbhədə suriyalıların bizim tərəfimizdə vuruşması haqda yalan məlumatları erməni həmkarları ilə bir məclisdə, canlı efirdən tirajlamışdı.
Digər tərəfdən onun şəhidlərimizin anım günü (məhz saat 12-00-da) paylaşdığı foto bu xanımın Azərbaycana, azərbaycanlılara, dəyərlərə münasibətini tam əks etdirir.
Ədalətli, bitərəf araşdırma hazırlamaq istəyən istənilən məqalə müəllifinin Arzu Qeybullayevaya istinad etməsinin məntiqlə izahı yoxdur.
Digər istinad isə OC-Media saytınadır.
Əvvəlcə məlumata aydınlıq gətirək, sonra Açıq Qafqaz Mediasına (OC-Media) toxunarıq. Demək, Şirvanda həbs edilən jurnalist haqda mediada qeyd olunurdu ki, aprelin 12-də ölkədə tətbiq edilmiş xüsusi karantin rejimi ilə əlaqədar Şirvan şəhəri ərazisində xidmətdə olan polis əməkdaşları küçədə gəzən bir nəfərə yaxınlaşaraq icazə və şəxsiyyətini təsdiq edən sənədlərini tələb edərkən o tabeçilik göstərməyərək polis əməkdaşının qanuni tələblərinə tabe olmadığına görə saxlanılıb. Həmin şəxsin Şirvan Şəhər Polis Şöbəsində onun internet xəbər portallarından birinin müxbiri, Hacıqabul rayon sakini İbrahim Vəzirov olması müəyyən edilib. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 535-ci (polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddəsi ilə protokol tərtib edilib və 25 gün müddətində inzibati həbs edilib.
Polisə müqavimət və karantin qaydalarını pozduğu üçün həbs edilən şəxsin həbsi niyə siyasiləşdirilir və niyə məhz OC-Media-ya istinad edilir? OC-Medianın donorları və səhifəsində yer verdiyi yazılara diqqət etsək, bu qeydimizlə nəyə işarə vurduğumuza aydınlıq gələr.
Daha bir istinad isə JAMNews saytınadır.
Elə həmin məqalədə deyilir: Polisə çağırılmaq üçün səbəb olan sitat və zarafat. Əminə Məmmədova korrupsiya və Bakıda koronavirusdan ölənlərin sayının süni şəkildə azaldıldığı haqda yazdığı statusa görə bilavasitə evindən polis şöbəsinə aparılıb.
“Bütün bunlar haqda mən başqalarına istinadən yazmışam və dırnaqda vermişəm ki, sitat olduğu anlaşılsın. Polisdə mənə yeni qanunu oxudular və dedilər ki, sadəcə xəbərdarlıqla kifayətlənirlər, çünki mən gəncəm, yaxın zamanda ailə quracam və valideynllərim yaxşı insanlardır”, – qız polisdə olanları bu cür təsvir edir və bildirir ki, onunla orda nəzakətli davranıblar.
Bu qədər sadə. Elə olan halda niyə JAMnews bu xəbərə belə cəlbedici başlıq qoyur?
Qanunların qeyri-peşəkar şərhi
Məqalədə məzmunla bağlı məhdudiyyətlərin geniş tətbiq edilməsi, Azərbaycan hökumətinin özünə təhlükə hesab etdiyi istənilən məzmunu qadağan etdiyindən veb səhifələrin senzuraya məruz qalması haqda fikirlər də yer alıb. Bununla yanaşı, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq maddəsi məqsədli şəkildə yanlış şərh edilərək Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin heç bir məhkəmə qərarı olmadan istənilən resursa məhdudiyyət tətbiq etməsi kimi qələmə verilib.
Reallıqda isə elə məqalədə də mötəbər mənbə kimi verilən Böyük Britaniyanın və hesabatları nəzərdən qaçırılan Avropa və digər ölkələrin və ya müqayisələr verilən region ölkələrinin təcrübəsində olduğu kimi ölkəmizdə də “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunun ilə yayılması qadağan edilən informasiyaların siyahısı müəyyənləşdirilib. Bu siyahı sadalanan digər ölkələrdə daha geniş verilib. Siyahıya terrorçuluğu təbliğ edən məlumatlar, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının hazırlanma və ya istifadə üsullarına dair məlumatlar, pornoqrafiyaya, o cümlədən uşaq pornoqrafiyasına aid məlumatlar, qumar və digər qanunsuz mərc oyunlarının təşkilinə və həmin oyunlarda iştiraka təhrik edən məlumatlar, intiharı problemlərin həlli üsulu qismində təbliğ edən məlumatlar, təhqir, əqli mülkiyyət hüquqlarını pozan məlumatlar, odlu silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin hazırlanmasına dair məlumatlar və s. siyasi mativ olmayan məlumatlar aid edilib.
Bununla yanaşı, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda yayılması qadağan edilən informasiyaların yayılmasının qarşısının alınması üzrə mexanizmlər göstərilmişdir və hər hansı resursa məhdudiyyət yalnız və yalnız məhkəmə qərarı əsasında tətbiq edilə bilər. Bu son addımdır. Bundan öncə preventiv tədbirlər qismində xəbərdarlıq edilir.
Qanunda müvafiq dəyişikliklər qüvvəyə mindiyi gündən (10 mart 2017-ci il) bir dəfə də olsun tətbiq edilməyən xüsusi müddəa yer almaqdadır. Bu müddəada “Dövlətin və cəmiyyətin qanunla qorunan maraqlarına təhdid yarandığı və ya insanların həyat və sağlamlığı üçün real təhlükə olduğu təxirəsalınmaz hallarda” müvəqqəti məhdudlaşdırma və dərhal məhkəməyə müraciət halı qeyd olunub.
Aydın görünür ki, qanunvericilik təcrübəsi olmayan müəllif adıçəkilən qanunu düzgün şərh edə bilməyib və ya məqsədli şəkildə məlumatları təhrif edib.
Yalan məlumatlar:
Məlumat 1. Məsələn, internet idarəçiliyinin regional təşkilatı olan Azərbaycan İnternet Forumuna görə, 5 və 6 Mbit/s arasında dəyişən zəif internet çıxışı Azərbaycanda Gürcüstan və Rusiya ilə müqayisədə 20 dəfə bahadır.
Şərh. Cable-yə istinadən təqdim olunan bu rəqəmlər 2017-ci ilin avqust-oktyabr aylarının məlumatıdır. Həmin məlumatlar 196 ölkənin 3 min internet operatorunun qiymətləri əsasında hazırlanıb. Reytinqə görə ən ucuz internet İranda, ən bahalısı isə Burkino-Fasodadır. Qafqaz ölkələrindən Gürcüstan ən ucuz internet tariflərinə malikdir (orta aylıq internet paketi 16,7 dollar) və 17-ci sıradadır. Azərbaycan (38,1 dollar) 55-ci, Ermənistan (aylıq 46,5 dollar) 76-cı yerdədir. İlk beşliyə isə Rusiya (aylıq internet tarifi 9,8 dollardır), Ukrayna və digərləri daxildir. Hesabladıqda görünür ki, Gürcüstanda qiymətlər bizdəkindən 2,2 dəfə, Rusiyada isə 3,8 dəfə ucuzdur. Müəllifin “20 dəfə baha” hesablamasını haradan, necə, hansı riyazi düstürla əldə etdiyini müəyyən etmək çətindir.
Bundan başqa, qeyd edilməlidir ki, müvafiq sahədə əsas beynəlxalq təsisatlardan olan Beynəlxalq Telekommunikasiya İttifaqının Rəqəmli İnkişaf üzrə Genişzolaqlı Komissiyasının 2011, 2013, 2015-ci və s. illərdə müxtəlif dövrlər üçün müəyyən edilmiş hədəfləri mövcuddur. Komissiyanın 2025-ci il üçün hədəfləri sırasında “2025-ci il üçün inkişaf etməkdə olan ölkələrdə genişzolaqlı xidmətlərə sərf olunan vəsaitin orta aylıq əmək haqqının 2 faizindən çox olmaması”, “2025-ci il üçün genişzolaqlı internet istifadəçilərinin sayının dünya üzrə 75%, inkişaf etməkdə olan ölkələrdə 65 % və zəif inkişaf etmiş ölkələrdə 35 % olması” və s. yer almaqdadır. Azərbaycanda genişzolaqlı internet xidmətlərinin orta qiyməti (~20 AZN – 5/10 Mbit/s ADSL və ya 30/50 Mbit/s OPTİK) orta aylıq əməkhaqqının (2021-ci il üçün 722.3 AZN) təqribən 2.7 faizini təşkil edir. Bu göstərici BTİ-nin 2025-ci il üçün müəyyənləşdirdiyi hədəflərinə çox yaxındır. BTİ-nin Rəqəmli İnkişaf üzrə Genişzolaqlı Komissiyasının “The State of Broadband 2020” hesabatından (35-ci səhifə) da görünür ki, Azərbaycan Respublikası dünya üzrə qeyd olunan hədəfə çatan (2021-ci ildən) azsaylı ölkələrdəndir.
Adıçəkilən göstərici üzrə BTİ-nin Rəqəmli İnkişaf üzrə Genişzolaqlı Komissiyasının 2015-ci il üçün müəyyən etdiyi hədəflərini (5 %) Azərbaycan Respublikası 2.5% ilə 2012-ci ildən qabaqlamışdır.
Bununla yanaşı qeyd edilməlidir ki, məqalədə müəyyən ölkələrlə aparılan internet xidmətlərinin qiymət müqayisələri də təhriflidir. Belə ki, bir çox ölkələrdə (Məsələn: Rusiya Federasiyası) paytaxt ilə regionlarda ciddi qiymət fərqləri var. Ciddi analitik araşdırma tələb etməyən və ilkin monitorinqlər nəticəsində bu faktı müəyyən etmək mümkündür. Lakin məqalədə bu kimi faktların nəzərdən qaçırılması qərəzli mövqeni bir daha sübut edir. Ölkəmizdə isə regiondan asılı olmayaraq orta hesabla vahid qiymət siyasəti tətbiq edilməkdədir.
Məlumat 2. 2016-cı il Telekommunikasiya və İnformasiya Texnologiyalarının İnkişafına dair Strateji Yol Xəritəsi keçid və telekommunikasiya infrastrukturuna sərmayə qoyaraq, internetə çıxışı və istifadəni artırmağı hədəfləyirdi. Məqsədlərdən biri 2020-ci ilə qədər ortalama sabit genişzolaqlı internet sürətini 20 Mbit/s-ə çatdırmaq idi. Lakin Britaniyanın bir telekommunikasiya şirkətinin araşdırması göstərir ki, Azərbaycanda 2020-ci ildə orta yükləmə sürəti cəmi 4.89 Mbit/s olub, bu da Gürcüstanla müqayisədə iki dəfə azdır (Cable 2020).
Şərhi. “Speedtest Global Index” hesabatına əsasən 2020-ci ilin əvvəlində ölkəmizdə sabit genişzolaqlı internetdən orta istifadə sürəti 21 Mbit/s üzərində idi. Hazırda bu rəqəm 24 Mbit/s, mobil genişzolaqlı internetdən orta istifadə sürəti isə hazırda 37 Mbit/s-dən yüksəkdir.
Məlumat 3. Hökumət öz tənqidçilərini susdurmaq üçün mətbuatdan tez-tez istifadə edir. Bu xüsusiyyət xüsusilə COVID-19 böhranının ilk aylarında görünürdü. Böhranın bütün ölkələrdə geniş miqyaslı təsirləri olduğu üçün Prezident Əliyev 19 Mart 2020-ci il tarixli nitqində bəzi mətbuat nümayəndələrini “beşinci kolon” və “içimizdə oturan düşmənlər” adlandıraraq, onları təxribatda günahlandırdı və vurğuladı ki, onların “təcrid edilməsi artıq tarixi zərurət olacaq” (Azərtag 2020).
Məqalə müəllifi Azərbaycan Respublikasının Prezidentinin fikirlərindən müəyyən hissələrdən çıxarışlar edərək, fikirləri təhrif edib. Belə ki, Prezident İlham Əliyevin Novruz Bayramı münasibətilə Azərbaycan xalqını təbrik nitqində deyib:
"Məsuliyyətsizliklə əlaqədar faktlar daxil olur. Eyni zamanda, biz açıq təxribatı da görürük. Bu təxribat haradan gəlir, həmin o beşinci kolondan, içimizdə oturan düşmənlərdən, özünü müxalifət adlandıran ünsürlərdən, xaricdən pul alan satqınlardan. Onların əsas məqsədi Azərbaycanı məhv etməkdir. Azərbaycan üçün nə qədər pisdirsə, onlar üçün o qədər yaxşıdır. Baxın onların sosial şəbəkələrdəki çıxışlarına, nifrətlə, təxribatla doludur. Sanki istəyirlər ki, iğtişaş olsun. İstəyirlər ki, aləm qarışsın. İstəyirlər ki, panika olsun. Sonra da deyirlər ki, onlar Azərbaycan xalqının qayğıları ilə yaşayırlar. Onlar düşməndirlər və biz bunu açıq deməliyik. Bu xəstəlik hələ bilinmir nəyə gətirib çıxaracaq. Ona görə bu xəstəlik dövründə tamamilə yeni münasibətlər qaydaları mövcud olacaqdır. Hər kəs bunu bilsin və istisna edilmir ki, nə vaxtsa fövqəladə vəziyyət də elan oluna bilər. Belə olan halda, bu beşinci kolonun nümayəndələrinin təcrid edilməsi artıq tarixi zərurət olacaq”.
Fikirlərin təhrif olunması, cümlələrin yerlərinin dəyişdirilməsi açıq-aşkar görünür. Xatırladaq ki, həmin ərəfədə bir qrup müxalifətçinin “zoom konfransı”nda Gülətkin Hacıbəyli deyirdi:
“Karantinə görə insanların narahatlığı artır. Karantin qaydalarının uzanmasından narahat olmağa dəyməz, məncə bu, bizə sərf edir. Bu qaydaların uzanması bizə birmənalı olaraq sərf edir. Evində oturan insanların etirazı artır, işləməyən, pulu azalan adamların etirazı artır, kimsə yemək almaqda çətinlik çəkir, xalqın güzəranı pisləşir. Buna sevinmək lazımdır”. Gültəkin Hacıbəyli davam edir: “Əksinə, biz maraqlı olmalıyıq ki, karantin bir az da uzansın və əlimizə imkan düşsün ki, dövlətin yaxasına çökək, tələb edək ki, pul paylayın. Təbliğatımızı belə davam etdirək. Ona görə narahat olmayın, karantinin uzanması və xalqın güzəranının pisləşməsi birmənalı olaraq bizim xeyrimizədir”.
Bir müddət öncə bu qüvvələr neft qiymətinin 14 dollara düşməsinə görə bir-birini təbrik edirdilər. Hətta şuranın sədri Cəmil Həsənli təbriklərə qoşulmaqdan boyun qaçırırdı ki, “hələ son hədd deyil”. O gözləyirdi ki, neft qiyməti sıfırlanacaq, Azərbaycanın gəlirləri kəsiləcək, dövlət maaşları, sosial mavinətləri, pensiyaları ödəyə bilməyəcək və nəhayət onlar üçün “meydan” yaranacaq.
Məlumat 4. Problem iki tərəflidir(?-red.). İnternet vətəndaşlar, jurnalistlər və həmçinin fəallar üçün həm bahalı, həm də bəzən əlçatmazdır. Eyni zamanda, onlayn fəaliyyətlərə görə insanların dövlət tərəfindən təqib olunması geniş yayıldığından insanların özlərinə senzura tətbiq etməsi adi hal alıb.
Şərh. Hal-hazırda Azərbaycanın internet bazarı tam olaraq liberallaşdırılıb. İnternet xidməti göstərilməsi üçün lisenziya tələb olunmur ki, bu da inkişafa təkan verir. Ölkədə 50-dən artıq internet provayder fəaliyyət göstərir. İnternetə çıxış üçün sabit (ADSL və Optik) və simsiz rabitə texnologiyalarından istifadə olunur.
Son 10 ildə ölkə əhalisinin internet istifadə faizi 46%-dən 80%-dən yuxarı göstəriciyə, genişzolaqlı internet istifadəçiləri 15%-dən 75%-ə, ev təsərrüfatları üzrə internet istifadəçiləri 45,1%-dən 78,2%-ə yüksəlmişdir.
Ölkədə fəaliyyət göstərən hər 3 mobil rabitə operatoru tərəfindən 2012-ci ildən isə ən son texnologiya “4G” tətbiq edilməklə İnternetə yüksək sürətli çıxış təmin edilir. Azərbaycan dünyada “4G” texnologiyasını tətbiq etmiş 37-ci, Avropada isə 9-cu ölkə olmuşdur. Hal-hazırda, Azərbaycanda mobil şəbəkədə 3G-nin əhatəsi 97,6%, 4G-nin əhatəsi isə 93,0% təşkil edir. Qeyd edilənlərlə yanaşı, texnoloji şaxələndirmə ölkədə genişzolaqlı internetin inkişafında xüsusi rol oynamışdır.
Qeyd olunan və beynəlxalq hesabatlarda da öz əksini tapan, ölkəmizin beynəlxalq reytinqlərdə ildən-ilə irəliləməsi ilə nəticələnən, danılmaz və real inkişaf göstəricilərinə də məqalənin ruhuna uyğun olaraq “internet bəzən əlçatmazdır” ifadəsi ilə kölgə salınmağa çalışılmışdır. Halbuki, yuxarıda qeyd olunanlar, o cümlədən texnoloji şaxələndirmə və konkret olaraq mobil rabitə ilə ölkə ərazisinin 100 faiz əhatə olunduğu nəzərə alınaraq, “əlçatmazlığı” istisna edərək ölkəmizdə faktiki hər bir şəxsin İnternetə sərbəst çıxış imkanının olduğunu söyləmək olar.
Yekun olaraq qeyd edək ki, Firuzə Nəhmədovanın “Azərbaycanda internet senzurası: giriş, istifadə və məhdudiyyət” adlı məqaləsi Altay Göyüşovun rəhbərlik etdiyi Bakı Araşdırmalar İnstitutunun (BAİ) saytında yayımlanıb. Təəssüf ki, Altay Göyüşovun rəhbərlik etdiyi təşkilatın fəaliyəti şəffaf deyil, maliyyə mənbələri, donorlar haqda məlumat verməyib. Halbuki QHT olaraq bunu etməyə borcludur. Digər tərəfdən saytda qeyd olunub ki, (BAİ) bir qrup müstəqil ekspert tərəfindən yaradılmışdır. BAİ-nin məqsədi yerli və beynəlxalq auditoriyaya təhlil, tədqiqat, mövqe, rəy sorğuları təqdim etməkdir. BAİ yerli və region üzrə ixtisaslaşan xarici ekspertlərlə əməkdaşlıq edir. Söhbət açdığımız yazının dəst-xəttindən, istinadlardan, faktların manipulyativ təqdimatından bəlli olur ki, əslində Altay Göyüşov hər müəlliflə əməkdaşlıq etmir, özlərinə və donorlarına sərf edən müəlliflərə ifadə imkanlarını tanıyır. Əgər donorların bu layihədə baş verənlərdən xəbərləri yoxdursa, bildirək ki, yalnız bir məqaləni analiz etdik və bu nəticəyə gəldik:
“London Kings College” və ESSEC BBA məzunu Firuzə Nəhmədovanın “Azərbaycanda internet senzurası: giriş, istifadə və məhdudiyyət” adlı məqaləsi Azərbaycana qarşı qərəzli mövqe sərgilənməklə yanaşı, müvafiq sahədə analtik araşdırma aparılmadan ölkəmizdə uzun illərdi internet infrastrukturunun inkişafı, mətbuat, söz və ifadə azadlığının təmin edilməsi, azad internetin yaradılması və s. üzrə həyata keçirilən əməli fəaliyyətin məqsədyönlü şəkildə iqnor edilməsi ilə diqqəti cəlb edir. Məqalə araşdırmadan çox, dedi-qodu, donos və qeyri-sağlam mənbələrə istinad etməklə media etikasının pozulması, faktlarla manipulyasiyadır. Azərbaycanda azad internet, söz azadlığı yoxdur deyən müəllifin belə sərt tənqidi yazı ilə çıxış etməsi isə təzad və özü-özünü təkzibdir.