Rusiyanın Krasnodar vilayətinin Armavir şəhərində SSRİ marşalları İvan Baqramyan, Amazasp Babacanyan, həmçinin terroçu Andranik Ozanyan və Qaregin Njdenin erməni məbədinin ərazisində quraşdırılmış lövhələr sökülüb. Bu barədə bir müddət əvvəl Rusiya Erməniləri İttifaqının vitse-prezidenti German Ananyants məlumat verib. Onun sözlərinə görə, bu addım lövhələrin quraşdırılmasını qanuniləşdirmək məqsədilə atılıb. O qeyd edib ki, hazırda qeydiyyat prosesi gedir. "Ola bilər büstlərin quraşdırılsın. Yəni ya lövhələr qanuniləşdiriləcək, ya da büstlər qoyulacaq" deyə Ananyants sözlərinə əlavə edib.
Xatırladaq ki, Qaregin Njdenin xatirə lövhəsi 2019 -cu ilin dekabrında Armavir Şəhər Dumasının (Rusiya Federasiyası, Krasnodar diyarı) deputatı Mixail Vinoqradovun onu qara rəngə boyadıqdan sonra sökülüb.
Bundan əvvəl yerli sakinlər nasistlərin tərəfində vuruşan və SSRİ -də məhkum edilmiş "Ermənistan qəhrəmanı"nın abidəsinin götürülməsini tələb etmişdilər. Vinoqradov bildirmişdi ki, Ermən İttifaqının yerli şöbəsi iki həftə ərzində lövhəciyi sökməli idi, amma etməyib. Dövlət Dumasının MDB Məsələləri üzrə Komitəsinin rəhbəri Leonid Kalaşnikov şəhər dumasının üzvünü dəstəkləyərək qeyd etmişdi ki, Qaregin Njedenin xatirə lövhəsi qırmızı əskiyə bənzəyir: “Nə qədər ki, ləğv etməyiblər, sakitləşməyəcəm”.
Erməni tərəfi iddia edib ki, lövhə müvəqqəti olaraq sökülüb, restavrasiyadan sonra bərpa ediləcək. Məbədin baş keşişi Makar Terteryan bidlirib ki, İvan Baqramyan, Amazasp Babacanyan və Andranik Ozanyanın kilsənin ərazisindəki xatirə lövhələri qoruyucu konstruksiya ilə örtülüb, Njdenin lövhəsi bərpa olunub qaytarıldıqdan sonra açılacaq.
İki il keçib, amma Njdenin lövhəciyi bərpa olunmayıb. Üstəlik, bütün digər xatirə lövhələri də yoxa çıxıb. Niyə? Məsələ burasındadır ki, erməni diasporu yerli özünü idarəetmə ilə bağlı qanunvericiliyi pozub.
8 Noyabr 2019 tarixində, Armavir şəhər bələdiyyə başçısının müavini Frolovun adından baş keşiş Terteryana ünvanlanan məktubda qeyd edilib ki, xüsusi xidmətləri olan şəxslərin xatirəsini əbədiləşdirmək, habelə tarixi hadisələri yad etmək, xatirə lövhələrinin quraşdırılması yalnız Armavir Şəhər Duması tərəfindən müvafiq qərar verildikdən sonra həyata keçirilə bilər. Ona görə də mövcud proseduru pozaraq quraşdırılan xatirə lövhələri sökülməlidir. Məktubda həmçinin qeyd edilib ki, Armavir Şəhər Duması şəhər bələdiyyəsinin ərazisində Ter-Arutyunyana (Njde) xatirə lövhəsinin qoyulması ilə bağlı qərar qəbul etməyib.
Qeyd edək ki, Armavirdə bütün xatirə lövhələri və abidələr göstərilən qaydada quraşdırılıb və bu qayda etnik icmalara da aiddir. Məsələn, keçən payız Armavir Şəhər Duması Böyük Vətən Müharibəsi illərində Pervomayski, Zuevo, Krasin qəsəbələrinin arxa cəbhədə fədakarlıq göstərən sakinlərinin xatirəsinə həsr olunmuş lövhənin quraşdırılması ilə bağlı müraciətə baxaraq müsbət qərar verib.
Başqa bir nümunə. Duma "ADYGE XASE" adıgey mədəniyyət məclisinin vəsatətinə baxaraq Liev Adelqeri Amerbieviçin xatirəsinin əbədiləşdirilməsinə icazə verib.
Bu mənada xatirə lövhələri qoyularkən erməni diasporası da icazə üçün müraciət etməli idi. Erməni tərəfi kilsənin ərazisinin bələdiyyə mülkü olmadığını Erməni Apostol kilsəsinin yerli dini təşkilatının mülkü olduğunu iddia edir. Və bildirirlər ki, federal qanuna görə, dini təşkilatlar mədəni və tarixi irs obyektlər və abidələr də daxil olmaqla öz əmlaklarına sərəncam vermək hüququna malikdirlər.
Ancaq rusiyalı hüquqşünasların özəl ərazilərdə abidə ucaltmaq hüququ ilə bağlı birmənalı fikri yoxdur. Qanuna görə, torpaqdan istifadənin öz proseduru, şərtləri və istismar növləri var. Əgər müdiriyyət torpaq sahəsinin mülkiyyətçi və ya kirayəçi tərəfindən təyinatı üzrə istifadə olunacağına şübhə edirsə, rəhbərliyin həqiqətən yoxlama tələb etmək hüququ vardır. Burada vacib olan hüquqi mesajdır. Əgər söhbət insanın şəxsi ehtiyaclarını qarşılamaq üçün öz şəxsi sahəsini bəzəməkdən gedirsə heç kim bunun qadağan olduğunu deyə bilməz. Bu heç bir halda norma və qaydaları pozmur, çünki şəxs öz şəxsi sahəsində avarçəkən bir qızı, digəri isə xalqının liderini görmək istəyə bilər. Ancaq o bunu bir abidə şəklində qoymaq istəsə o zaman məsələyə tamamilə fərqli kontekstdə baxılacaq.
Qeyd edək ki, Njdenin “xatirə lövhəsi” hələ də bərpa olunmayıb. Rusiya mətbuatı qeyd edir ki, bu lövhənin quraşdırılmasının təşəbbüskarları nasizmə qarşı mübarizənin zəruriliyi ilə bağlı səlahiyyətlilərin bəyannamələrinə meydan oxuyublar.
Bu arada erməni tərəfi büstlərin quraşdırılmasına icazə alacağını gözləyir. Kilsənin ərazisində xatirəsi əbədiləşdirilən dörd şəxsdən ikisi ilə bağlı şübhə mövcuddur.
Məsələ burasındadır ki, 25 il həbs cəzasına məhkum edilmiş Njdenin Üçüncü Reyxlə əməkdaşlığına dair arxivlərdə kifayət qədər sübutlar saxlanılır. Məsələn, SSRİ DTN yanında Xüsusi Şuranın (Njdenin 25 il müddətinə azadlıqdan məhrum edilməsi qərarı bu toplantıda çıxarılıb) məhkəmə sənədlərində deyilir: “…İkinci Dünya müharibəsi illərində Sovet Ordusunun hissələrinə qarşı təxribatçılıqla məşğul olmaq niyyətilə alman kəşfiyyat orqanları ilə əlaqə yaradıb. Almaniyanın kəşfiyyat və əks-kəşfiyyat orqanlarının tapşırıqlarının yerinə yetirilməsi məqsədilə insanların ələ alınması ilə məşğul olub, 1942-ci ildə Berlində yaradılmış «Erməni milli şurasının» (əslində komitəsinin) sıralarında yer alıb. Yəni, RSFSR Cinayət Məcəlləsinin 1-ci hissəsinin 58-4, 58-11 və 58-6-cı maddələrində nəzərdə tutulmuş cinayətlərlə məşğul olub».
Daşnak Andranik Oznanyan 1918-1919-cu illərdə Türkiyə və Azərbaycanda dinc əhaliyə qarşı törədilmiş qırğınların təşkilatçılarından biri idi və bu da çoxsaylı arxiv sənədləri ilə təsdiqlənir. Rusiya Kommunist Partiyasının (Bolşeviklər) Zaqafqaziya Vilayət Komitəsinin (№ 6-7, iyun-iyul 1919, Tiflis) məlumatına görə, təkcə Yayçı kəndində (Naxçıvan) 2500 adam bir dəstə tərəfindən öldürülərək cəsədləri Araz çayına atılıb.
Qeyd edilən fakt və arqumentlər göstərir ki, Njde və Andranikə nəinki büst qoyulması, hətta onlara aid xatirə lövhələrinin Armavirdə erməni kilsəsinin ərazisində əvvəlki yerində bərpa olunacağı belə şübhəlidir. Bundan əvvəl erməni tərəfi Njdenin lövhəsinin "vandalizm izlərini aradan qaldırmaq, həmçinin ehtirasları sakitləşdirmək" məqəsədilə müvəqqəti olaraq söküldüyünü iddia etmişdi.
Ancaq bu baş verməyib.
Bu qənaətə gəlirik ki, Ananyantsın açıqlaması fərziyyədir və reallığı əks etdirmir.