Azərbaycan artıq üç aydır ki, erməni din xadimlərinin "Dadivəng"ə (tarixi adı Xudavəng) girişinə qadağa qoyub. Hətta onların monastır kompleksinin ərazisinə girməsi qadağandır. "Dadivəng"in din xadimlərindən biri Nerses Arutyunyan NEWS.am nəşrinin əməkdaşı ilə söhbətində deyib ki,  Azərbaycan tərəfinin tətbiq etdiyi qadağa  əsassızdır: “Onlar pandemiya və ya yolun dağılması, daim həqiqətə uyğun olmayan bəzi səbəblər tapırlar. İndi isə sadəcə “yox, vəssalam” deyirlər.  Budur "Dadivəng" zəvvarlarını itirib. Azərbaycan onların bu il may ayından bəri məbədin ərazisinə girməsinə heç bir səbəb olmadan qadağa qoyub.

Həqiqətən də, aprelin sonunda qədim Alban məbədi Xudavəng ermənilərin girişi  üçün bağlanıb. Bu barədə məlumatı  Eçmiədzin kilsəsnin rahibi Vaqram Melikyan təsdiqləyib.

Məlikyan deyib ki,  aprelin 25-də Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri pandemiyanı əsas gətirərək Erməni Apostol Kilsəsinin “Artsax Yeparxiyası”nın Baş yepiskopu Pargev Martirosyanı, yepiskop Vrtanes Abramyanı və bir qrup zəvvarın məbədə girməsinə qadağa qoyub.  Melikyan deyib ki, ziyarət əvvəlcədən razılaşdırılıb, amma görünür sülhməramalılar bunu Azərbaycan tərəfi ilə   əlaqələndirməyin vacibliyini unudub.  Eçmiədzin kilsəsinin nümayəndəsi bu qadağanı "Erməni ziyarətgahlarına və erməni xalqının mənəvi həyatına qəsd,  ermənifobiyanın başqa bir ifadəsi" hesab etdiyini deyib.

Tarixçilərin fikrincə, Xudavəng monastırı  erməni ziyarətgahı deyil, bu məbəd   Alban kilsəsidir. 

“Qarabağ ərazisindəki  xristian ziyarətgahları Alban-Udi icması da daxil olmaqla həqiqi sahiblərinə qaytarılacaq. Azərbaycanın Alban-Udi icmasının Kəlbəcərdəki Dadivəng (Xudavəng) kompleksinə, eləcə də Azərbaycanın azad edilmiş ərazilərində yerləşən digər erməniləşdirilmiş alban kilsələrinə sahiblik haqqı var. Sadə məntiqə əsaslanaraq deyə bilərik ki, monastır ermənilərə aid olsaydı, bunu hələ çar və sovet dövründə özününküləşdirərdilər”. Bu fikirləri  tarixçi Rizvan Hüseynov bildirib. O əlavə edib ki, Alban kilsələrini erməniləşdirmə cəhdlərinin Qarabağın işğalından sonra həyata keçirildiyi məlumdur.

Erməni teleqram kanalları: Xudavəng monastırı DQMV-nin ərazisində olub

Tarixçi bildiri  ki, Xudavəng monastırının çox qədim tarixi var. Mövcud mənbələrə görə, Xudavəng monastırı İsa Məsihin həvarisi (apostolu) Faddeyin şagirdi Dadi tərəfindən yaradılıb.  Dadinin burada dəfn edildiyi bildirilir.  Digər tərəfdən bu, erməni ibadətgahıdırsa  onda bu ərazidə niyə heç vaxt erməni olmayıb? Bu abidələrin ermənilərlə heç bir əlaqəsinin olmamamasının əsas səbəbi budur. Alim əlavə edib ki,  müəyyən bir yerdə erməni kilsəsinin olması, ətraf ərazilərin də onlara məxsus olması demək deyil.  Amerikada, Rusiyada və dünyanın bir çox yerində erməni kiləsəsi var. Bu məntiqlə onlar istənilən ölkənin ərazisinə iddia edə bilərlər.

Azərbaycanın Udi Xristian icmasının rəhbəri Robert Mobili də bugünkü Azərbaycanın tarixi Qafqaz Albaniyasının varisi olduğunu vurğulayır: “IV, V, VI, IX, XII əsrlərə aid abidələr günümüzə gəlib çatdıb və bu mənada  Qarabağ xüsusi yer tutur”.

Qeyd edək ki,  Alban məbədlərinin həqiqi sahiblərinə qaytarılması çərçivəsində, Alban-Udi Xristian-Pravoslav cəmiyyətinin sədr müavini Rafik Danakari  Xudavəng  monastırına vaiz təyin edilib.

Yeri gəlmişkən,  Alban və Erməni monastırları arasında əhəmiyyətli fərqlər var. Bu fərqlər əsasən xaçların elementləri, qurbangahın forması, binanın quruluşu və arxitekturası, həmçinin  ilahi ayin bayramının keçirilməsi ilə  bağlıdır.   Bundan başqa qədim alban dilindən tərcümədə  “Tanrı Məbədi" mənası daşıyan  Xudavəng 9-13-cü əsrlərdə inşa edilib. İnşaat işləri  Alban knyazı Vaxtanqın dövründə başa çatdırılıb.   Bütün bunlar monastırın Alban mənşəli olmasına dəlalət edir.

Azərbaycan Prezidenti İlham  Əliyev çıxışında işğaldan azad olunmuş Xudavəng kilsəsinin öz sahiblərinə qaytarıldığını bidlirib: “Baxmayaraq ki, ermənilər bunun həm adını dəyişdirdilər, həm də orada aparılan saxtakarlıq işləri nəticəsində onun görünüşünü dəyişdirdilər, onu erməniləşdirmək istədilər, amma buna nail ola bilmədilər. Bizim udi qardaşlarımız artıq Xudavəng kilsəsində öz ibadətlərini etmişlər”.

Sadalanan faktlar  monastırın ermənilərə aid olmadığını sübut edir.  Ancaq Azərbaycan tərəfinin erməni zəvvarları və  keşişləri məbədə buraxmamasının tək səbəbi bu deyil.

Xudavəng kilsəsinin vaizi Rafik Danakarinin sözlərinə görə, 2020-ci ilin dekabrında monastırı ziyarət edərkən  gözlənilmədən erməni din xadimləri ilə qarşılaşıblar.  Bu barədə “Trend” agentliyinə açıqlama verən  Danakarinin sözlərinə görə,  ermənilər Alban-Udi icmasının üzvlərinin monastırı ziyarət etməsinə mane olmağa çalışıblar, amma bunu bacarmayıblar.  “Hətta çəkiliş aparmağımıza belə mane olmaq istədilər. Biz onlara monastırın  udinlərə məxsus olduğunu izah etdik,  1993-cü ildə Kəlbəcər işğal edildikdən sonra ermənilərin bütün tarixi və dini obyektləri necə məhv etdiklərinə dair faktları onlara təqdim etdik. Məbədə ziyarətimiz 4 dekabrda qeyd olunan böyük xristian bayramına təsadüf edirdi  və bütün maneələrə baxmayaraq biz dua etdik,  şamlar yandırdıq, eyni zamanda videoçəkiliş apardıq” deyə Danakari sözlərinə əlavə edib.

Rafik Danakari onu da deyib ki, Alban-Udi icmasının üzvləri monastırda erməni keşişlərin fəaliyyət göstərməsinə etiraz edib və bunu  Rusiya  sülhməramlı kontingentin nəzərinə çatdırıb: “Bildirdik ki, biz Azərbaycan ərazisində erməni din xadimlərinin fəaliyyət göstərməsi ilə razılaşmırıq. Sülhməramlılar isə onların burada müvəqqəti olduqlarını bildirdilər”.

May ayının əvvəlində Udi icmasının nümayəndələri Pasxa bayramını qeyd etmək üçün Xudavəngə növbəti dəfə səfər ediblər. Lakin erməni keşişlər yenidən onlara mane olmağa çalışıblar.

Onu da qeyd edək ki,  1994-cü ildə  ermənilər Xudavəng kompleksini  Erməni Apostol Kilsəsinin "Artsax" Yeparxiyasının fəaliyyət göstərən monastırı elan ediblər. Kompleksə  keçən əsrin 90-cı illərində Birinci Qarabağ müharibəsi zamanı dinc Azərbaycan əhalisinə qarşı vəhşilikləri ilə tanınan Ter-Ovannes Ovannisyan rəhbərlik edirdi. Yeri gəlmişkən, Ovannisyan İkinci Qarabağ müharibəsi başlayanda əlində avtomatla şəkil çəkdirərək  azərbaycanlıları öldürməyə çağırırdı.

Sadalanan fakt və arqumentlər göstərir ki, Azərbaycan tərəfinin otuz ildir sözügedən məbəddə qanunsuz fəaliyyət göstərən erməniləri  ora buraxmamaq üçün kifayət qədər səbəbi var.

Beləliklə,  qeyd edilənlər Xudavəng monastırının "erməni ziyarətgahı" olmadığını göstərir. Erməni keşişlərin və  ziyarətçilərin oraya buraxılmaması  isə ermənifobiyanın deyil, ermənilərin qanunsuz əməllərinin nəticəsidir.

Bu qənaətə gəlirik ki,  erməni kilsəsinin  Xudavənglə bağlı açıqlaması  əsassızdır.