“Üçüncü doza vaksinin eyni vaksin olması məcburi deyil. Dünya təcrübəsi onu göstərir ki, başqa vaksinlərdən istifadə etmək qarşılıqlı çarpaz reaksiyalarla immunitetin daha da güclənməsinə kömək edən xüsusiyyətə malikdir”. Bu fikirlə Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov Trend-ə açıqlamasında çıxış edib. O bildirib ki, məcburiyyət olmasa da fərqli vaksindən istifadənin gətirə biləcəyi üstünlüklərdən istifadə etmək daha məqbuldur.
Öncə qeyd edək ki, Azərbaycanda da peyvəndin hər iki dozası vurulan şəxslərə altı ay ərzində üçüncü doza vurulacaq. Bu barədə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) birgə məlumatında deyilir.
Rəşad Mahmudovun nümunə olaraq göstərdiyi dünya praktikasına gəlincə, yalnız başqa peyvəndin üçüncü doza olaraq istifadə edilməsinə deyil, ümumiyyətlə əlavə dozanın faydaları ilə bağlı müxtəlif yanaşma və fikirlər var.
Hazırda ABŞ-da tam peyvənd olunmuş şəxlərə əlavə dozanın vurulmasına icazə verilib-verilməməsi ilə bağlı fəal müzakirələr aparılır. Reuters Agentliyinin Pfizer və BioNTech şirkətlərinin birgə açıqlamasına istinadən yaydığı xəbərə görə, BNT162b2 peyvəndinin üçüncü dozasının sınaqları ilə bağlı ümidverici məlumatlar alınıb. Məlumatlar ABŞ Qida və Dərman İdarəsinə (FDA), həmçinin Avropa Dərman Agentliyinə (EMA) təqdim ediləcək.
Bu arada, ABŞ səhiyyə sisteminin tənzimləyiciləri hələ də əlavə doza tətbiqinə şübhə ilə yanaşırlar. Belə ki, ABŞ Qida və Dərman İdarəsi (FDA) ilə Xəstəliklərə Nəzarət və Proflaktika Mərkəzlərinin (CDC) bu yaxınlarda yayımladığı ortaq açıqlamada deyilir ki, elmi cəhətdən vacib olduğu təqdirdə əlavə dozalar almağa hazırıq.
Bununla yanaşı The Washington Post nəşri Con Hopkins Universitetinin son araşdırmalarına istinadən xəbər verir ki, immunitet sisteminə təsir edən dərmanlar qəbul edən xəstələrdə peyvəndin standart dozasından sonra anticisimən əmələgəlmə ehtimalı azdır. Bu səbəbdən həmin şəxslərin üçüncü dozaya ehtiyacı ola bilər. Bura daxili orqanların transplantasiyasına məruz qalan insanlara (onlar ömür boyu immunodepresant qəbul edirlər), həmçinin bəzi autoimmun və onkoloji xəstəlikləri olan şəxslər daxildir.
Sözügedən tədqiqatlar göstərir ki, orqan köçürülən şəxslərin yalnız 17% -də mRNA peyvəndinin ilk dozasından sonra COVID-ə qarşı anticisimlərin olduğunu təsdiqləyib. 54% -də isə ikinci dozadan sonra immunitet inkişaf edib. Məqalədə əlavə olunub ki, klinik araşdırmalara görə tam sağlam insaların 100 %-də peyvənddən sonra anticisim meydana gəlib.
Artıq İsraildə peyvəndin üçüncü dozasının tətbiqinə start verilib. İsrailin səhiyyə naziri Nisan Qorovits “Kan” telekanalına verdiyi müsahibədə immuniteti zəif insanlara Pfizer / BioNTech peyvəndinin üçüncü dozasının vurulacağını bildirib. Həmçinin İsrail Səhiyyə Nazirliyi bütün ölkə əhalisinə üçüncü dozanın vurulması istiqamətində müzakirə aparır.
Xatırladaq ki, İsrail dünyada koronavirusla bağlı məhdudiyyətləri ləğv edən ilk ölkələrdən biridir. Ancaq virusun "Delta" növünün yayılması ilə əlaqədar bəzi qadağalar yenidən bərpa olunub.
Bu yaxınlarda bir qrup Fransalı tədqiqatçı orqan köçürülmüş insanlar tətbiq edilən üçüncü dozanın nəticələrini açıqlayıb. Məlum olub ki, ikinci doza peyvənddən sonra immunitet səviyyəsi 40 %-ə qalxan insanlarda 3-cü dozadan 4 həftə sonra anticisim 68 %-ə yüksəlib. ABŞ-ın Cohns Hopkins Universitetinin 30 orqan köçürülmüş şəxslə bağlı apardığı araşdırma da oxşar nəticə verib.
Rusiyada da EpiVacCorona peyvəndinin üçüncü dozasının bəzi vətəndaşlara – xüsusilə də iki dozadan sonra immuniteti güclənməyən yaşılı şəxslərə, eləcədə müəyyən xroniki xəstəlikləri olanlara vurulması nəzərtə tutulur. Rusiyada bəzi alimlər hesab edirlər ki, peyvəndin iki dozası effekt vermədiyi təqdirdə, eyni və ya fərqli bir peyvəndin əlavə dozası faydalı ola bilər.
Xatirladaq ki, bu ilin fevralında Azərbaycanda da "Sputnik V" və "AstraZeneca" şirkətinin Oksford Universiteti ilə birgə işləyib hazırladığı vaksinlərin birgə tətbiqi üçün kliniki tədqiqatlara icazə verilib. Tədiqatlar bir neçə ölkənin ərazisində 6 ay davam edəcək. Bu tədqiqatların aparılmasına hər bir ölkədən 100 könüllünün cəlb edilməsi planlaşdırılır.
Onu da qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) mütəxəssisləri, müxtəlif vaksinlərin istifadəsinin nəticələri hələ araşdırılmadığı üçün, fərqli peyvəndlərin kombinasiyasını tövsiyə etmirlər. Bu barəd ÜST-nin vaksinasiya şöbəsinin müdiri Keyt O'Brayen iyunun 30-da keçirdiyi onlayn brifinqdə məlumat verib.
Onun sözlərinə görə, bu günə qədər yalnız Pfizer və AstraZeneca peyvənd dozalarının birləşməsi ilə bağlı tövsiyə verilib.
Bununla yanaşı, Almaniyanın Saar Universitetinin (Universität des Saarlandes) apardığı araşdırma göstərib ki, ilk doza AstraZeneca, ikinci BioNTech / Pfizer vurulan şəxslərdə immunitet, eyni peyvənd vurulmuş şəxslərdən güclü olub.
Madriddəki III Carlos adına Səhiyyə İnstitutunda aparılan tədqiqat zamanı da bənzər nəticələr alınıbş 663 nəfərin iştirak etdiyi tədqiqatın nəticələri Nature jurnalında dərc olunub.
Oxford Universitetinin tədqiqatçıları da birinci və ikinci doza üçün iki fərqli peyvənddən istifadə edilməsinin etibarlı qoruma təmin etdiyini bildirirlər. Təcrübə zamanı könüllülərə dörd həftəlik fasilə ilə iki fərqli peyvənd vurulub. Nəticədə AstraZeneca və Pfizer peyvəndlərinin birləşməsinin tətbiqində yaranan anticisim, AstraZenecanın iki dozasından çox olub.
Bununla yanaşı tədqiqatçılar bu metodun tətbiqinin yekun nəticələrinə peyvənd olunan şəxslərinin yaşı, cinsi və sağlamlığının da təsir göstrərə biləcəyini vurğulayırlar.
Bu arada, Kanadada da koronavirusa qarşı peyvəndlərin birləşdirilməsi tövsiyə olunur. Bildirilir ki, Oxford-AstraZeneca dozasından sonra ikincisi ya Pfizer-BioNTech ya da Moderna olmalıdır. Bu barədə CBC agentliyi Kanadanın İmmunlaşdırma üzrə Milli Məşvərət Komitəsinə (NACI) istinadən xəbər verib.
Sadalananalar göstərir ki, əlavə peyvənd dozasının vurulması, yaxud fərqli peyvəndin vurulması ilə bağlı tədqiqatların olmasına baxamayaraq birmaənlı təsdiq yoxdur.
Bu qənaətə gəlirik ki, millət vəkili Rəşad Mahmudovun açıqlaması əsasən yanlışdır.