“Bolşeviklər dünya inqilabı xəyalı ilə yaşayırdılar. Onların fikrincə, ümumiyyətlə milli dövlətləri ləğv etmək lazım idi. Odur ki, özbaşına sərhədlər cızır, səxavətlə ərazi “hədiyyələri” paylayırdılar”. Bu fikirlər Rusiya prezidenti Valdimir Putinin məqaləsində əksini tapıb. 8 dekabr 1991-ci ildə MDB-nin yaradılması haqqında Belovejsk sazişinin imzalanması ilə SSRİ-nin beynəlxalq hüququn subyekti kimi ləğv olduğunu qeyd edən Rusiya lideri Sankt Peterburqun ilk meri Sobçakdan da sitat gətirib: “1992-ci ildə o deyirdi. İttifaqın təsisçi-respublikaları 1922-ci ildə imzalanmış Müqaviləni ləğv etdikdən sonra SSRİ tərkibinə daxil olarkən malik olduqları sərhədlərinə qayıtmalıdırlar”.
Öncə qeyd edək ki, Azərbaycan Sovet Sosialist Respublikası (Azərbaycan SSR) 1920-ci il aprelin 28-də, Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan dərhal sonra qurulub. 12 mart 1922-ci ildən 5 dekabr 1936-cı ilədək Zaqafqaziya Federasiyasının tərkibində olub, 5 dekabr 1936-cı ildən bilavasitə ittifaq respublikası olaraq SSRİ-nin tərkibinə daxil edilib.
Məsələ burasındadır ki, 1922-ci ildə keçmiş Rusiya İmperiyası ərazisində 6 respublika formalaşmışdı. RSFSR, Ukrayna SSR, Belarus SSR, Azərbaycan SSR, Ermənistan SSR və Gürcüstan SSR. Onların arasında tarixi tale kontekstində əməkdaşlıq əvvəldən mövcud idi. Vətəndaş müharibəsi zamanı hərbi - iqtisadi ittifaq, 1922-ci ildə Genuya konfransı zamanı diplomatik əlaqə qurulub. Birləşməyə respublika hökumətlərinin qoyduğu "kapitalizmin mühasirəsində" sosializm qurmaq ümumi məqsədi də kömək edib.
1922-ci ilin martında Azərbaycan, Ermənistan və Gürcüstan SSR Zaqafqaziya Sovet Federativ Sosialist Respublikasında birləşib. 1922-ci ilin dekabrında Birinci Zaqafqaziya Sovetlər Qurultayı Sovetlərin ortaq qurultayının çağırılması və Sovet respublikaları ittifaqının yaradılmasının müzakirəsi təklifi ilə Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsinin Rəyasət Heyətinə müraciət edib. Eyni qərarlar Ümumukrayna və Ümumbelarus sovetlər qurultayı tərəfindən də qəbul edilib.
Bu qərarlardan əvvəl respublikaların vahid ittifaqa daxil olma forması ilə bağlı qızğın müzakirə aparılıb. İ.V. Stalin tərəfindən hazırlanmış muxtariyyət planının tərəfdarları, mərkəzləşmiş hakimikyyəti respublikaların milli və mədəni muxtariyyətinin qorunması şərti müdafiə ediblər. V.İ. Leninin planı isə respublikaların suveren hüquqlarının qorunması şərti daxilində federativ dövlət qurulmasını özüzndə əks etdirib. Əsas olaraq da bu plan qəbul olunub.
30 dekabr 1922-ci ildə Sovetlərin I Ümumittifaq Qurultayında RSFSR, Ukrayna və Belarus Sovet Sosialist Respublikaları və Zaqafqaziya Federasiyasının nümayəndələri SSRİ-nin yaranmasına dair Bəyannaməni və İttifaq müqaviləsini imzalayıblar.
Beləliklə, Azərbaycan və Ermənistan federal dövlətin subyektlərinə çevrilib. Hər iki respublikanın formal subyekt kimi qalmasına baxmayaraq birbaşa mərkəzi bolşevik rəhbərliyinə tabe idilər.
Mövzumuz daha anlaşılan olsun deyə, bu hadisələrdən bir neçə il öncə qeydə alınan hadisələrə nəzər salaq. 1920-ci ilin aprelində XI Qırmızı Ordunun Azərbaycanı işğalından sonra Bakı ilə İrəvan arasında qədim Azərbaycan torpaqları olan Qarabağ və Zəngəzur mübahisəli əraziyə çevrildi. Öz ordusunu itirən Bakı, onun üçün ən vacib məsələnin - respublikanın ərazi bütövlüyünün bərpasında yalnız Sovet Rusiyasına etibar etmək məcburiyyətində qaldı.
Mərkəzi hakimiyyət, yəni Moskva isə həmin vaxt hələ antisovet Antanta ilə əməkdaşlıq edən Ermənistanın etibarını qazanmağın zəruriliyini rəhbər tutaraq mübahisəni Ermənistanın xeyrinə həll etdilər. Qarabağ, Zəngəzur və Naxçıvan ərazilərinin uyğun siyasi şəraitdə Ermənistana verilməsinə dair qərar çıxarıldı. Bu qərarın qəbulunda SSRİ-nin ilk xarici işlər xalq komissarı Georgi Çiçerin əsas rol oynayıb.
10 avqust 1920-ci ildə Azərbaycana məxsus olan Şərur-Dərələyəz bölgəsi Ermənistanın tərkibinə qatılıb, Qarabağ, Zəngəzur və Naxçıvan “mübahisəli bölgələr” elan edilib.
Ermənistanın Sovetləşməsi ərəfəsində bolşevik rəhbərlik İosif Stalinin dili ilə 4 və 9 noyabr 1920-ci ildə Zəngəzur və Naxçıvanın sonrakı taleyi ilə bağlı bir sıra bəyanatlar verib. Bu bəyanatların mahiyyəti həmin əraziləri Sovet Ermənistanına verməkdən ibarət idi. Əsas plan isə bu yolla Azərbaycanla Türkiyə arasında erməni buferi yaradaraq bu iki qardaş xalqı birbaşa sərhədlərdən məhrum etmək olub.
AKP (b) Mərkəzi Komitəsinin Siyasi və Təşkilat bürolarının 30 noyabr qərarı və Baksovetin 1 dekabr 1920-ci il tarixli bəyantı ilə Zəngəzur və Naxçıvan Sovet Ermənistanına aid edildi. Bu qərarlar, RSFSR və Ermənistan SSR arasında 2 dekabr 1920-ci il tarixli müqavilənin 3-cü bəndində təsbit edilmişdi, buna görə də bütün İrəvan vilayəti Naxçıvan da daxil olmaqla, habelə Zəngəzur qəzası, daha doğrusu, bu qəzanın qərb hissəsi Ermənistanın ərazisi kimi tanınıb. Qafqaz Cəbhəsi qərargahının 16 iyul 1921-ci il tarixli hesabatında Zəngəzurun daşnak qüvvələrindən tamamilə azad edilməsindən bəhs olunur. Beləliklə, qərb və ya yuxarı Zəngəzurun Ermənistana birləşdirilməsi prosesi başa çatır.
Naxçıvan Türkiyənin təzyiqi sayəsində Azərbaycanın bir hissəsi olaraq qaldı. Siyasi səbəblərdən Qarabağla bağlı da oxşar qərar verildi. Amma Moskva sonrakı dövrlərdə də Ermənistanın Azərbaycan torpaqlarına iddialarını dəstəkləmədə davam etdi.
1922-ci ildə Göyçə və Dilican əraziləri, 1923-cü ildə Naxçıvanın 9 kəndi, 1929-cu ildə Mehri, 1938-ci ildə Sədərək və Kərki kəndlərinin bir hissəsi, 1969-cu ildə Laçın bölgəsindəki Qaragöl ərazisi, Qubadlıdakı bölgəsindəki Çayzəmi ərazisi, Qazax rayonunun Kəmərli, Kəlbəcər bölgəsindəki Zod qızıl yatağının bir hissəsi, 1982-ci ildə İncədərənin yay otlağı, Qazax rayonunun Kəmərli, Aslanbəyli və Qaymaqlı kəndləri yaxınlığındakı kənd ərazilərinin bir hissəsi, 1986-ci ildə eyni bölgədən 2500 hektar otlaq sahəsi ermənilərə verilib.
Ermənistan telekanalı: Kərki kəndi Azərbaycana məxsusdur
Xüsusilə, SSRİ rəhbərliyinin təzyiqi ilə 7 may 1969-cu ildə Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti Ermənistana bitişik 2 min hektardan çox ərazinin ermənilərə verilməsini nəzərdə tutan 5 may 1938-ci il tarixli qərarı da təsdiqlədi. Tədqiqatçılar bildirirlər ki, 1969-cu il iyulun 14-də Azərbaycan SSR-in rəhbəri seçilən Heydər Əliyev bu qərarın icrasını dayandırmağa nail olub və 1984-cü ilə qədər Ermənistan tərəfi bu məsələni qaldıra bilməyib. Heydər Əliyev Sov.İKP MK-nın “Ermənistan SSR Şəmsəddil rayonunun və Azərbaycan SSR Gədəbəy rayonunun bəzi kolxozları arasında qeyri-normal qarşılıqlı münasibətlər haqqında” 1969-cu il 5 avqust tarixli qərarının icrasına mane olmağı bacarıb. Bu qərar 1568,2 hektar Azərbaycan torpağının Ermənistana verilməsini nəzərdə tuturdu.
Sərhədlərin dəqiqləşdirilməsi və onu müşayiət edən narahatlıqlar 1980-ci illərin ortalarına qədər davam edib və bunlardan biri 1984-cü ilin oktyabrında Noyemberyan-Qazax sərhəd hissəsində toqquşma ilə nəticələnib.
Beləliklə, Sovet hakimiyyəti illərində Zəngəzur, Göyçə, Naxçıvanın bir hissəsi Azərbaycandan qoparılaraq Ermənistana birləşdirildi. Nəticədə, ölkənin Azərbaycan Xalq Cümhuriyyəti dövründəki 114 min km²-lik ərazisi 86,6 min km²-ə düşdü.
Millət vəkili: “Əgər 9 kənd ermənilərə verilməsəydi Azərbaycanla Naxçıvanın quru sərhədi heç zaman kəsilməzdi”
Beləliklə, sadalanan faktlara əsaslanara demək olar ki, Putinin SSRİ dövründə sərhədlərin könüllü şəkildə dəyişdirilməsi və Sovet rejiminin ərazi manipulyasiyaları barədə dedikləri Azərbaycan ərazilərinin Ermənistana verilməsinə dair nümunələrlə təsdiqlənir.
Bu qənaətə gəlirik ki, Rusiya Prezidentinin “keçmiş Sovet respublikaları SSRİ-yə daxil olarkən malik olduqları sərhədlərinə qayıtmalıdırlar” fikri əsaslıdır.