Sosial şəbəkədə Laçın rayonunda iki şəxsin cüyür kəsməsi ilə bağlı video yayılıb. Onların cüyürü ovladıqları və kabab çəkdikləri iddia olunur. DİN-in Mətbuat xidmətindən verilən məlumata görə, həmin şəxslər Laçın rayon sakinləri Aqil Xurşudov və Vüqar Atakişiyevdir. Artıq onlar Laçın rayon Polis Şöbəsi əməkdaşları tərəfindən saxlanılaraq izahatları alınıb. Sakinlər bildiriblər ki, arıçılıqla məşğuldurlar, bu səbəbdən təsərrüfatlarının Laçına köçürülməsinə icazə verilib. Guya cüyürü də ovlamayıblar.
Çayı piyada keçərkən selin gətirdiyi və daşlara dəyərək hər iki ayağı sınan cüyür görüblər və həmin cüyürü kəsərək bişiriblər. Yeri gəlmişkən, Ekologiya və Təbii Sərvətlər Nazirliyi də hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət hazırlayır. Bu hadisə ilə bağlı mediada dərc olunan xəbərlərdə bildirilir ki, cüyür Azərbaycanın “Qırmızı kitab”ına düşdüyü üçün ovlanmasına icazə verilmir.
Öncə qeyd edək ki, işğaldan azad olunmuş Laçın rayonu ərazisində Qaragöl Dövlət Təbiət Qoruğu və Laçın Dövlət Təbiət Yasaqlığı yerləşir. ETSN-nin Bioloji Müxtəlifliyin Qorunması Xidmətində verilən məlumata görə, 1961-ci ildə yaradılan Laçın Dövlət Təbiət Yasaqlığının ərazisində Ermənistan tərəfindən işğala qədər Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na daxil edilən Avropa cüyürü mövcud olub. Ümumiyyətlə Azərbaycanda əsasən Avropa yarımnövünə aid olan xırda formalı cüyür yayılıb.
Cüyürün adının Azərbaycan Respublikasının “Qırmızı Kitab”ına salınmasına gəlincə, qeyd edək ki, “Qırmızı Kitab” məhvolma təhlükəsi ilə üzləşən heyvan və bitki növlərinin adı daxil edilən kitabdır. "Qırmızı kitab"lar beynəlxalq, milli və regional səviyyədə ola bilər.
Azərbaycanda da belə bir kitab mövcuddur. Nazirlər Kabinetinin 2000-ci il 15 iyul tarixli, 125 nömrəli qərarı ilə Azərbaycan Respublikasının “Qırmızı Kitabı” haqqında Əsasnamə təsdiq edilib. Həmin əsasənaməyə əsasən Azərbaycan Respublikasının “Qırmızı kitabı” “Heyvanlar aləmi haqqında” və “Ətraf mühitin mühafizəsi haqqında” Qanunlara əsasən tərtib edilir. Azərbaycan ərazisində təbii şəraitdə yaşayan, nadir və nəsli kəsilmək təhlükəsi qarşısında olan heyvan və bitki növləri Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na daxil edilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) verilən məlumata görə, cüyür Azərbaycan Respublikasının “Qırmızı kitab”ının 2013-cü ildə çap olunan 2-ci nəşrinə salınıb. Kitabda Avropa cüyürü ilə bağlı dərc olunan məqalədə qeyd edilib ki, Azərbaycanın təbii vilayətlərində cüyürlərin sayı XX əsrin birinci yarısında olan məlumatlarla müqayisədə 60-65 % azalaraq 1000-1200 baş təşkil edir. Məqalədə cüyürlərin azalması - meşə yanğınları, sürüşmələr, sellər, brakonyerlik, cüyürlərin yay otlağında ev heyvanlarının otarılması, meşələrin qırılması kimi təbii və antropogen amillərlə izah edilib.
Yeri gəlmişkən, qadağan olunmasına baxmayaraq Azərbaycanda cüyürlərin ovlanmasına, hətta bəzi istirahət mərkəzlərində müştərilərin diqqətini çəkmək məqsədilə saxlanmasına dair məlumat kifayət qədərdir. ETSN-nin saytında bu tipli xəbərlərə tez-tez rast gəlinir.
Açıq mənbələrdə hazırda Azərbaycan ərazisində nə qədər cüyür olduğuna dair məlumat yoxdur. Ümumdünya Vəhşi Təbiətin Mühafizəsi Fondunun (WWF) Azərbaycan nümayəndəliyinin rəhbəri Elşad Əsgərovun sözlərinə görə, Azərbaycanda cüyür həddindən artıq azaldığı üçün “Qırmızı kitab”a salınıb. Bəzi mənbələrdə bildirlir ki, ötən əsrin 50 - 60-cı illərində Azərbaycanın bütün bölgələrində cüyürə rast gəlinib. Hazırda Kür-Araz ovalığında nəsli kəsilib, qalan ərazilərdə nəsli kəsilmək təhlükəsi ilə üzləşən növə çevrilib.
2019-cu ilin iyun ayında ETSN-nin Ovçuluğa Dövlət Nəzarəti Xidməti Azərbaycanda ovlanmasına icazə verilən və verilməyən heyvanların adlarını açıqlayıb. Xidmətin rəisi Füzuli Məmmədov bildirib ki, Azərbaycan Respublikasının “Qırmızı Kitab”ına və Beynəlxalq Qırmızı Siyahıya adları düşmüş quş və heyvanların ovuna icazə verilmir. Ovuna qadağa qoyulan heyvanların siyahısına ceyran, maral, köpkər, qarapaça, qonur ayı, bəbir və digərləri ilə yanaşı cüyür də daxil edilib.
Qanunsuz ova görə cərimə və cəzalara gəlincə, İnzibati Xətalar Məcəlləsinin 291-ci maddəsinə (Qırmızı kitaba daxil edilmiş heyvan və bitki növlərinin qorunması üzrə tələblərin pozulması) əsasən Azərbaycan Respublikasının Qırmızı kitabına daxil edilmiş və xüsusi mühafizə olunan heyvan və bitki növlərinin siyahısında olanların mühafizəsi üzrə tələblərin yerinə yetirilməməsinə görə beş yüz manatdan yeddi yüz manatadək məbləğdə cərimə nəzərdə tutulub.
Azərbaycan Respublikası Cinayət Məcəlləsində isə qanunsuz ova görə cərimə və cəza daha sərtdir. Qanunun 258-ci maddəsinə (Qanunsuz ov etmə) əsasən lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan edilmiş vaxtda, qadağan edilmiş alət və üsullarla ov etmə xeyli miqdarda (min manatdan yeddi min manatadək olan məbləğ nəzərdə tutulur) ziyan vurduqda
iki min manatdan üç min manatadək miqdarda cərimə
və ya iki yüz qırx saatdan üç yüz iyirmi saatadək ictimai işlər
və ya bir ilədək müddətə islah işləri
və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması ilə cəzalandırılır.
Eyni əməl ovlanması tamamilə qadağan edilmiş quşlara və heyvanlara qarşı törədildikdə üç min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Yeri gəlmişkən, “Heyvanlar aləminin mühafizəsi və istifadəsi sahəsində dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları”na əsasən bir baş cüyür üçün ziyanın miqdarı 220 manat müyyənləşdirilib.
Bu qənaətə gəlirik ki, cüyürün Azərbaycanda “Qırmızı kitab”ına salınması və ovuna qadağa qoyulmasına dair məlumat əsaslıdır.