Miokarditin (ürək əzələsinin iltihabı) yaranma səbəbləri infeksion, toksik, revmatoloji və allergik ola bilər.  Araşdırma zamanı  virus infeksiyasının ürəyin iltihabına gətirib çıxardığı aşkarlanıb. Virus infeksiyası kimi ilkin olaraq simptomsuz keçən COVID-19 xəstəliyi düşünülür.  Bu fikirlərlə  Azərbaycan Mərkəzi Gömrük Hospitalının kardioloqu Emin Hacıbalayev çıxış edib.  Kardioloq APA-ya açıqlamasında bildirib ki,  bunu nəzərə alaraq  COVID-19 xəstəliyi keçirmiş insanların kardioloji müayinələrdən keçməsi olduqca vacibdir.

Emin Hacıbalayev 

Faktyoxla Lab. kardioloqun açıqlamasının digər mütəxəssislər, tibbi-mərkəzlər tərəfindən təsdiqlənib-təsdiqlənmədiyini yoxlayıb.

Koronavirusdan sonra ürəkdə fəsadlar ola biləcəyinə  dair  Rusiyanın V.A.Almazov adına Milli Tibbi Tədqiqat Mərkəzinin baş direktoru, Rusiya Elmlər Akademiyasının akademiki, Rusiya Kardioloqlar  Cəmiyyətinin prezidenti Yevgeni  Şlyaxto  da  xəbərdarlıq edib.

Yevgeni  Şlyaxto 

Mütəxəssis bildirib ki,   COVID-19 keçirənlərdə nəfəs darlığı, astma tutmaları, yumşaq toxumaların şişməsi həmçinin ürəyin işində fasilələr yarana bilər. Bu tipli simptomlarla üzləşən şəxslər  həkimə müraciət etməlidir. Akademik əlavə edib ki, koronavirusun yayılması şəraitində  xüsusilə ürək-damar xəstəlikləri olan şəxslər həssas qrup hesab olunur.  Çünki  COVID-19  ürək-damar xəstəliklərinin ağırlaşması ilə nəticələnir.

Oxşar fikri  Rusiyanın Tümen kardiologiya elmi mərkəzinin müalicə-bərpa şöbəsinin müdiri   Timofey Semenixin də bölüşüb.  O deyib ki,  miokarditin (ürək əzələsinin iltihabı) yaranmasında virus,  bakteriya,  göbələk infeksiyaları rol oynayır. Bu mənada koronavirus infeksiyasının  ürək-damar sistemini zədələmə riski  yüksəkdir. Risk qrupuna isə ürək-damar problemləri olanlar daxildir.

Mütəxəssislər bildirirlər ki,  yeni növ  koronavirusa yoluxan şəxsdə  sitokin fırtınası yarana bilər.  Sitokinlər  bioloji funksiyaları tənzimləyən molekullardır. Orqanizm infeksiyaya yoluxduğu zaman sitokin immun sisteminin xəstəliyə qarşı dirəniş göstərməsi üçün vacibdir.  Ancaq çox miqdarda sitokinin sürətli şəkildə qana keçməsi sitokin fırtınasına səbəb olur və bu da öz növbəsində  miokarditlə nəticələnir.

Qeyd edək ki,  koronavirus pandemiyası dövründə həkimlər belə hallarla üzləşiblər. Məsələn,  Türkiyədə  xəstəxanaların birində fəaliyyət göstərən  kardioloq Serkan Akdağ  SNN Türk-ə açıqlamasında deyib ki,  koronavirusa yoluxan bəzi  şəxslərdə bir neçə həftə sonra  nəfəs darlığı, sinədə ağrı,  ürək döyüntüsü ilə bağlı şikayətlər artıb: “Bu şəxslərin müayinələri, xüsusilə də exokardioqramma zamanı  ürək damarlarının tutulduğunun şahidi olduq.  45 yaşlı bir şəxs isə  koronavirusa yoluxandan 10 gün sonra infarkt keçirdi.  Ana arteriya  100 faiz tutulmuşdu. Xəstəyə stend tətbiq edildi”.   Mütəxəssis bildirib ki,  həmin  şəxsdə  yan xəstəliklər,  xüsusilə də  şəkərli diabet,  qan təzyiqi kimi risklər olmayıb.

ABŞ-da da kardioloqlar tərəfindən COVID-19-dan sağalan xəstələrin ürəklərində iltihablaşma müşahidə olunub. Bu səbəbədən də həkimlər koronavirusdan sağalan şəxslərin kardioloji müayinədən keçməsini tövsiyə ediblər. Amerikalı kardioloqlar xüsusilə  idmanla məşğul olanların bu prosedurdan keçməsini vacib sayırlar. ABŞ-ın Arizona ştatında fəaliyyət göstərən və  əsasən  yataq rejimində olan koronaviruslu xəstələrin müayinəsi ilə məşğul olan  kardioloq Don Pedrotti  bildirib ki,  COVİD-19 yalnız  tənəffüs yolu xəstəliyi deyil,  ürək xəstəlikləri də əlaqəsi var.  Pedrotti  əlavə edib ki, 3 gün və daha çox koronavirus xəstəliyi keçirən şəxslərin məşqləri bərpa etməzdən əvvəl qan analizi verməsi, həmçinin ürəyin ultrasəs müayinəsindən keçməsi  vacibdir.

Yeri gəlmişkən,  koronavirus xəstəliyi yayılan ilk vaxtlardan  bir sıra şəxslər  risk qrupuna daxil edilib. 

Bura

Yaşlı insanlar

Qan təzyiqindən əziyyət çəkənlər

Xərçəng xəstəliyi

Xroniki böyrək çatışmazlığı 

Ağciyərlərin xroniki obstruktiv xəstəliyi  

Piylənmə

Oraq hüceyrəli anemiya

2-ci tip  şəkərli diabeti

olan  şəxslər daxildir.

Bu sıraya  ürək xəstəliklərindən əziyyət  çəkənlər də aid edilib.

Sadalanan rəylər  göstərir ki,  koronavirusun ürək xəstəliklərinə, xüsusilə də miokarditə (ürək əzələsinin iltihabı) səbəb olma ehtimalı böyükdür. 

Faktyoxla Lab.  bu qənaətə gəlib ki,  kardioloq Emin Hacıbalayevin  açıqlaması əsaslıdır.