Bakıda Livan vətəndaşı Viken Eulcekcianla bağlı keçirilən məhkəmə ən pis gözləntiləri doğrultdu. Həmyerlimiz yalnız vətəninə qayıtmağa cəhd etdiyi üçün 20 il həbs cəzasına məhkum edildi. Bu iddia Sputnik Ermənistan nəşrinin bu günlərdə Bakıda məhkəməsi olan livanlı muzdlu döyüşçü Viken Eulcekcianla bağlı dərc etdiyi məqalədə əksini tapıb.
Faktyoxla Lab. Sputnik Ermənistan-ın bu iddiasının reallıqla uyğun olub-olmadığını dəqiqləşdirib.
Qeyd edək ki, iyunun 14-də Yasamal Rayon Məhkəməsində Qarabağda döyüşən livanlı muzdlu döyüşçü Eulcekcian Viken Abrahamın cinayət işi üzrə məhkəmə iclası başa çatıb. “Report”un xəbərinə görə, məhkəmənin hökmü ilə Eulcekcian 20 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasının ilk 5 ilini həbsxanada, digər hissəsini ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
Xatırladaq ki, Viken Eulcekçian Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 114.3-cü (muzdlunun hərbi münaqişədə və ya hərbi əməliyyatlarda iştirakı), 214.2.1-ci (terrorçuluq qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə), 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələrində nəzərdə tutulan cinayətlərdə ittiham olunub.
Azərbaycan Respublikası Baş Prokurorluğu və Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) birgə yaydığı məlumata əsasən, istintaqla müəyyən edilib ki, 1979-cu il təvəllüdlü, Livan Respublikasının vətəndaşı, Beyrut şəhər sakini Eulcekcian Viken Abraham 29 sentyabr 2020-ci il tarixdə Livan Respublikasının vətəndaşı Hovak Kikiyanın ilkin olaraq 2500 ABŞ dolları məbləğində maddi mükafat müqabilində muzdlu kimi Azərbaycan Respublikasının işğal altında olmuş ərazilərində hərbi əməliyyatlarda iştirak etmək təklifini qəbul edib. Bu məqsədlə həmin gün digər şəxslərlə mütəşəkkil dəstə halında qəsdən Ermənistan ərazisindən Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini nəzarət-buraxılış məntəqələrindən kənarda keçib digər muzdluların da olduğu ərazilərə gəlib.
Həmçinin, Viken Eulcekcian və maddi mükafat müqabilində muzdlu kimi döyüşən digər şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin təkibində qanunsuz olaraq əldə etdikləri odlu silahlardan, döyüş sursatlarından və komplekt hissələrindən istifadə etməklə Azərbaycan Respublikası vətəndaşları və Ordusuna qarşı terrorçuluq fəaliyyətində iştirak ediblər.
Viken Eulcekcianın muzdlu kimi Qarabağda döyüşdüyünü istintaqla yanaşı onun feysbuk səhifəsində paylaşılan şəkilləri də sübut edir. Bu fotolar həmçinin erməni mənbələrinin belə bir iddiasını təkzib edir ki, guya onun əynindəki hərbi forma döyüşlərdə iştirak etməyin sübutu deyil, həm də şəkillər cəbhədə deyil, "mehmanxana nömrəsində" çəkilib. Onların elə özlərinin dərc etdiyi fotolarda aydın görünür ki, o, əlində silah səhra şəraitində olub. Fotoların dərc olunma tarixi onun ötən il oktyabrın əvvəllərində, yəni İkinci Qarabağ müharibəsi başlananda artıq cəbhədə olduğunu göstərir.
Azərbaycan müstəntiqlərinin ehtimalını həmçinin onun vətəndaş nikahında olduğu Maral Nacaryanın bacısı Ani Nacaryan da təsdiq edib. O bildirib ki, Viken muzdlu deyil, "könüllüdür" və "Vətəni" müdafiə etməyə gedib. Bununla o, faktiki olaraq müttəhimin Azərbaycan ərazisində Ermənistan silahlı qüvvələrinin tərəfində döyüşdüyünü təsdiq edib. Erməni KİV-lərinin məlumatına görə, istintaq zamanı Maral özü də analoji ifadə verib.
Ani Nacaryan
Qeyd edək ki, istintaqdan sonra Maral Nacaryan sərbəst buraxılıb və Ermənistanda ikinci vətəndaşlıq almasına baxmayaraq Livana dönüb. Ardınca, Maral Nacaryan azərbaycanlıların ona yaxşı münasibət göstərdiklərini təsdiqləyib və bu da erməni mənbələrinin guya Nacaryanın ifadələrinin təzyiq altında alındığına dair iddialarını təkzib etmiş olub.
Xatırladaq ki, Maral və Viken Qarabağla bağlı üçtərəfli bəyanat imzalandıqdan sonra Şuşa şəhərinin yaxınlığında Azərbaycan hərbçiləri tərəfindən saxlanılıblar. Erməni mediasının iddiasına görə, Maral və Viken guya əşyalarını götürmək üçün Laçına qayıdıblarmış. Amma sordan onların artıq işağldan azad edilmiş Şuşaya niyə getdiklərinə erməni tərəfi başqa don geyindirməkdə çətinlik çəkir.
Ermənistan mediası: “Maral Nacaryan Şuşadan əşyalarını götürməyə gedibmiş”
Bu arada, İkinci Qarabağ müharibəsi başlamazdan əvvəl Azərbaycan tərəfi Ermənistanın Suriya və Livandan Qarabağa muzdlu döyüşçülər gətirdiyinə dair xəbərdarlıq etmişdi. Xüsusilə, 2020-ci ilin 12 sentyabr tarixində Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bununla bağlı açıqlama verib.
Daha sonra 2020-ci ilin dekabrında Azərbaycanın BMT-dəki Daimi Nümayəndəliyi təşkilatın baş katibi Antonio Guterresə Qarabağda Ermənistan tərəfindən vuruşan xarici terrorçular haqqında hesabat ünvanlayıb. Hesabtda İrəvanın İraq, Livan və Suriyadan olan mühacirlərdən Qarabağ döyüşlərində istifadə etdiyi bildirlib. Sənəddə həmin silahlıların terror təşkilatları kimi tanınan PKK və ASALA-nın düşərgələrində təlim keçdiyi vurğulanıb.
Beləliklə, erməni mənbələrinin açıqlamalarının əksinə olaraq Qarabağda Ermənistan tərəfindən muzdlu kimi döyüşən Livan vətəndaşı Viken Eulcekcianın günahının Azərbaycan qanunvericiliyinə uyğun olaraq sübuta yetirildiyi aşkar görünür. Üstəlik, əlində silah döyüş zonasında çəkilən şəkilləri, şahid ifadələri onun Qarabağda döyüşdüyünə dair şübhə yeri qoymur.
Faktyoxla Lab. bu qənaətə gəlib ki, Sputnik Ermənistan nəşrinin Livandan olan muzdlunun günahı olmadan cəza verilməsinə dair iddiası reallıqla uyğun deyil.