Süni İntellekt tərəfindən yaradılan mahnılar artıq “Billboard” trend siyahılarına daxil olub. Bəs bu mahnıları necə müəyyən edə bilərik? Bunun üçün mütəxəssislərin praktik məsləhətlərini təqdim edirik.
2025-ci ilin oktyabr ayında "Walk My Walk" adlı kantri mahnısı “Billboard”-un “Kantri tərzi mahnı satışları” siyahısında 1-ci yerə çıxdı. Qeyd edək ki, mahnının ifaçısı Breaking Rust “Spotify” musiqi platformasında 3 milyon dəfədən çox yayımlanıb və “İnstaqram”da 50.000 nəfərdən çox izləyicisi var.
Eynilə, başqa bir sənətçi Xania Monet də “Billboard” siyahılarına daxil olub. Onun "Let Go, Let Go" mahnısı “Hot Gospel Songs” siyahılarında 3-cü yerdədir. Hətta Xania Monet üçün səsyazma şirkətləri arasında 3 milyon dollarlıq tender müharibəsi də yaşanıb.

Lakin yuxarıda göstərilənlər insan yaradıcılığı deyil, tamamilə Süni İntellekt tərəfindən yaradılan "sənətçilər"dir. Bunlar yalnız bir neçə nümunədir. 2025-ci ildə Süni İntellekt tərəfindən yaradılan musiqi sürətlə yayım platformalarını doldurur. “Deezer”-in məlumatlarına görə, platformaya hər gün yüklənən mahnıların 34%-i tamamilə Süni İntellekt tərəfindən yaradılır. Bu, gündə Süni İntellekt tərəfindən yaradılan 50.000-dən çox mahnı deməkdir.
Bəs, bu mahnıları necə ayırd edə bilərik? Bir mahnının Süni İntellekt tərəfindən yaradılıb-yaradılmadığını müəyyən etməyin yolları varmı? Dinləyici olaraq nə edə bilərik? Bu məqalədə Süni İntellekt musiqisini tanımaq və rəqəmsal savadlılıq bacarıqlarımızı gücləndirməklə bağlı praktik məlumatlar verəcəyik.
“Süni İntellekt musiqisi” nədir və necə istehsal olunur?
“Süni İntellekt musiqisi” musiqi bəstələmək, mahnı yazmaq və vokal istehsalı kimi proseslərdə Süni İntellekt sistemlərindən istifadə etməklə yaradılan əsərlərin təsnifi məqsədilə istifadə olunan anlayışdır. Bu musiqi tamamilə Süni İntellekt tərəfindən, yaxud real insanlar tərəfindən Süni İntellektdən bir vasitə kimi istifadə edilərək yaradılır.
Bu gün “Süni İntellekt musiqi”lərinin istehsalı üçün ən populyar iki platforma “Suno” və “Udio” platformalarıdır. Hər ikisi istifadəçilərə mətn əmrlərindən istifadə edərək dəqiqələr ərzində tam mahnılar yaratmağa imkan verir.

Bu platformalar maşın öyrənməsi adlanan texnologiya ilə işləyir. Sistemlər milyonlarla mahnını təhlil edərək musiqinin əsas yaradılış bloklarını öyrənir. Hansı notların, ritmlərin və vokalların birləşdirildikdə hansı musiqi janrını yaratdığını müəyyən edir.
Bu sistemlər mahnıları əzbərləmir və ya birbaşa kopyalamırlar. Bunun əvəzinə, onlar musiqi üslublarının "nümunələrini" öyrənirlər. Necə ki, musiqi təhsili alan tələbə yüzlərlə klassik əsəri dinləməklə klassik musiqi bəstələməyi öyrənir. Ancaq bu prosesdə hansı mahnılardan istifadə edildiyi və müəllif hüquqlarına necə hörmət edildiyi əsas mübahisə predmetidir.
Süni İntellekt tərəfindən yaradılan mahnıları necə müəyyən edə bilərik?
Sevindirici xəbər budur ki, bunun üçün həm texniki alətlər, həm də diqqət yetirilməsi vacib olan ipucları mövcuddur.
“Deezer”, 2025-ci ilin əvvəlində musiqi yayım platformaları arasında ilk dəfə Süni İntellekt tərəfindən yaradılan musiqini aşkarlayan və etiketləyən bir sistem hazırladı. Platforma bu sistemi 2025-ci ilin yanvar ayında işə saldı və iki patent müraciəti etdi.

“Deezer”-in alqoritmlərlə əldə etdiyi məlumata görə, platformaya gündəlik olaraq 50.000-dən çox tamamilə Süni İntellekt tərəfindən yaradılan mahnı yüklənir. Bu, gündəlik yüklənən bütün musiqilərin 34 faizini təşkil edir. Lakin sevindirici xəbərlərdən biri də budur ki, bu mahnılar ümumi dinləmələrin yalnız təxminən 0,5%-ni təşkil edir. Beləliklə, insanlar hazırda Süni İntellekt tərəfindən yaradılan musiqiyə o qədər də qulaq asmırlar.
“Deezer” aşkarladığı Süni İntellekt tərəfindən yaradılan mahnıları xüsusi etiketlə işarələyir. Bu mahnılar platformanın alqoritmik tövsiyələrində və ya redaksiya siyahılarında görünmür. Məsələn, istifadəçilər “Deezer”-dəki bir mahnının Süni İntellekt tərəfindən yaradılıb-yaradılmadığını görə bilərlər.
Digər bir digital musiqi platforması “Spotify” da 2025-ci ilin sentyabr ayında Süni İntellektlə yaradılan musiqilər üçün yeni qaydaları elan edib. Platforma “DDEX” adlı sənaye standartı sistemini müəyyənləşdirib. Bu sistem, səsyazma şirkətləri və distribyutorlardan mahnıda Süni İntellektdən istifadə edilib edilmədiyini göstərmələrini tələb edir.
Sistem Süni İntellektdən harada istifadə edildiyini aydın şəkildə göstərir:
- Vokalın Süni İntellekt tərəfindən yaradılıb-yaradılmadığını
- Alətlərin ifasında Süni İntellektdən istifadə edilib-edilmədiyini
- Miks və aranjmanda Süni İntellektdən istifadə edilib edilmədiyini
Bu məlumatların hamısı mahnının titrlərində görünür.
“Spotify” platformasının yanaşması Süni İntellektdən istifadəni tamamilə qadağan etmək əvəzinə, şəffaflığı artırmağa yönəlib. Platforma Süni İntellektdən istifadə edən sənətçiləri cəzalandırmayacağını, lakin onun istifadəsinin aydın şəkildə göstərilməsini tələb etdiyini bildirir. “Spotify” həmçinin icazəsiz səs klonlamasını və “deepfake” vokalları da qadağan edib. Bundan əlavə, 2024-cü ildə platformadan 75 milyondan çox spam mahnı silinib.
Dinləyicilər nə edə bilər?
“Deezer” və ya digər qabaqcıl musiq alətlərindən istifadə etmədən Süni İntellekt tərəfindən yaradılan musiqini təsadüfi dinləyici kimi başa düşməyin də yolları var. Diqqət yetirilməli bəzi əlamətləri aşağıdaki sıralamaq mümkündür:
• Sənətçinin varlığını araşdırın
Əsl sənətçilərin sosial media hesabları, konsert lentləri, müsahibələri və ya mətbuat açıqlamaları var. Şübhələndiyiniz sənətçi haqqında “Google”-da axtarış verin. Əgər o, təkcə musiqi platformalarında mövcuddursa, lakin real dünyada yoxdursa, bu, artıq xəbərdarlıq əlamətidir.
“Breaking Rust”-da olduğu kimi, yalnız Süni İntellekt tərəfindən yaradılan vizuallarla dolu bir “İnstaqram” hesabından ehtiyatlı olun. Əsl sənətçilər adətən pərdə arxasından, gündəlik həyatdan və ya səhnə çıxışlarından fotolar paylaşırlar.
• Vokal keyfiyyətinə diqqət yetirin.
Süni İntellekt vokalları son dərəcə hamar və "mükəmməl" səslənə bilər. Onların mahnılarında təbii nəfəs səsləri, incə intonasiya dəyişiklikləri və ya insan səslərində rast gəlinən emosional yüksəlişlər və enişlər olmaya bilər. Mahnını diqqətlə dinləyin: Səs həddindən artıq monotondurmu? Bütün notlar mükəmməldirmi, səhvsizdirmi?
Bəzi Süni İntellekt vokalları, xüsusən də sürətli keçidlərdə və ya yüksək notlarda uyğunsuzluqlar göstərə bilər. Hətta səsin qəfil dəyişməsi də mümkündür.
• Sözləri araşdırın
Süni İntellekt qafiyəli və ardıcıl sözlər yaza bilər, lakin onlarda çox vaxt dərin məna və ya ardıcıl hekayə ardıcıllığı olmur. Sözlər ümumi söz yığını ilə dolu ola bilər, cümlələr yaxşı bir-biri ilə əlaqəli olmaya bilər və ya eyni ifadələr bir neçə dəfə təkrarlanar.
Tədqiqatçılar müəyyən sözlərin ("neon", "kölgələr" və "pıçıltılar" və s.) Süni İntellekt sözlərində tez-tez istifadə olunduğunu aşkar ediblər. Bu cür sözlər Süni İntellektlə yazılan mahnılarda tez-tez rast gəlinir. Əlbəttə ki, bu, özlüyündə qəti bir göstərici deyil, lakin diqqət yetirilməli olan önəmli detaldır.
• Mahnının strukturunu qiymətləndirin
Süni İntellekt mahnılarında həddindən artıq təkrarlanan strukturlar ola bilər. Eyni musiqi motivinin daimi təkrarlanması, hissələr arasında çox hamar və ya mənasız keçidlər Sİ-nin əlaməti hesab edilir. Real bəstəkarlar tez-tez dinamizm əlavə etmək üçün mahnıya kiçik improvizələr əlavə edirlər; Sİ isə həmişə buna nail ola bilmir.
• Metaməlumatları və kredit məlumatlarını yoxlayın
Mahnının prodüseri, bəstəkarı və ya söz yazarı haqda məlumatları “Spotify” və ya başqa bir platformada axtarın. Bu məlumat yoxdursa, naməlum adlar varsa və ya Sİ platformalarına aiddirsə, şübhəli olun. Bəzi Süni İntellektlə yaradılan mahnılarda bəstəkar kimi müəyyən edilə bilməyən və ya yalnız bir dəfə görünən adlar var. Məsələn, Breaking Rust-ın arxasında duran Aubierre Rivaldo Taylor adı internetdə demək olar ki, heç bir iz qoymayıb.
• Virtual tədqiqat vasitələrindən İstifadə Edin
“IRCAM Amplify” kimi pulsuz onlayn alətlər audio faylı təhlil edir və onun Süni İntellektlə yaradılıb-yaradılmadığına dair ehtimal balını verir. Mahnı faylını yüklədiyiniz zaman alət "bu mahnının Süni İntellektlə bəstələnmə ehtimalı 98 faizdir" kimi nəticə verə bilər.

“SubmitHub”-ın Süni İntellekt “mahnı yoxlayıcı” aləti həmçinin “Spotify”, “YouTube” və ya “SoundCloud” bağlantılarını qəbul və təhlil edir. Lakin bu alətlər 100 faiz etibarlı deyil və qeyri-dəqiq nəticələr də verə bilər. Buna görə də, bu alətlərdən digər ipucları ilə birlikdə istifadə etmək sizi ən yaxşı nəticəyə aparıb çıxaracaq.
Nə baş verəcək?
Süni İntellekt musiqisi “musiqi sənayesi”ndə sürətlə böyüyən bir reallıqdır. “Breaking Rust”-ın “Billboard” siyahılarında 1-ci yerə çıxması, Xania Monetin milyonlarla dollarlıq sövdələşmələr əldə etməsi və hər gün platformalara minlərlə Süni İntellektlə yaradılan mahnının yüklənməsi bu texnologiyanın nə qədər geniş yayıldığını göstərir.
Süni İntellekt musiqisi texnologiyanın musiqi yaradıcılığında necə istifadə oluna biləcəyinə dair maraqlı nümunələr təqdim edir. Lakin bu texnologiyadan etik və şəffaf şəkildə istifadə etmək lazımdır. Sənətçilərin hüquqlarının qorunması, dinləyicilərə dəqiq məlumat verilməsi və insan yaradıcılığının qiymətləndirilməsi sağlam musiqi ekosistemi üçün vacibdir.
Rəqəmsal savadlılıq bacarıqları yalnız xəbərləri yoxlamaq üçün deyil, həm də musiqi kimi sahələrdə olduqca vacibdir. Mahnı dinləyərkən "Bu, realdır?" sualını vermək bu gün vacib bacarıqdır. Və bu sualı verməklə həm özümüzü məlumatlandıra, həm də daha sağlam rəqəmsal mədəniyyətin qurulmasına töhfə verə bilərik.