Yekaterinburq şəhərində azərbaycanlılara qarşı baş verən məlum zorakılıq hərəkətlərindən sonra iki ölkə arasında münasibətləri gərginləşdirməyə çalışan jurnalistlər, siyasətçilər, sosial media istifadəçiləri diqqət cəlb edir. Belə təxribatçılardan biri Türkiyəli jurnalist Erkin Öncandır. O, yazdığı bu tvitlərlə diqqətimizi cəlb edib.

E.Öncan “X” hesabında Rusiya ilə gərginlik artdıqca, Azərbaycanın Ukrayna ilə əməkdaşlıq variantlarının genişləndirdiyini yazıb.

Bu tvitdən 3 gün sonra isə belə bir status paylaşıb: “Leninski Rayon Məhkəməsi Ural vilayətindəki Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu Mütvəli Şıxlinskini həbs edib. Şıxlinski dövlət məmuruna qarşı zorakılıqda ittiham olunub. Şıxlinski atası saxlanılarkən avtomobili ilə hüquq-mühafizə orqanının əməkdaşını vurub. Şıxlinski məhkəmədə ifadəsi zamanı ehtiyatsızlıqdan zabiti vurduğunu bildirib və hadisəyə görə peşman olduğunu bildirib”

Erkin Öncan “Vətən partiyası”na yaxın olan Türk Gənclik Birliyinin keçmiş rəhbərlərindən biri, İrana və Rusiyaya yaxınlığı ilə bilinən “TÜBAMER” adlı düşüncə mərkəzinin təsisçisi olduğu “Harici” adlı internet portalının “Youtube” kanalında, Azərbaycana qarşı xüsusi aqressiyası ilə seçilən İHH-nin (İnsan Hüquqları, Azadlıqları və Humanitar Yardım Fondu) sədri Fehmi Bülent Yıldırımla isti münasibətləri olan Nevzat Çiçekin baş redaktoru olduğu “İndependent Türk” saytında Rusiya-Azərbaycan münasibətlərinin gərginləşməsi ilə bağlı məqalə və videomateriallar hazırlayıb.

Hazırladığı materiallarda Erkin Öncan son gərginlik fonunda “Səfərovlar ailəsi kimdir, nədə ittiham olunurlar, bütün bunlar niyə baş verib?” kimi suallara qərəzli mövqedən çıxış edərək cavab axtarıb.

Faktyoxla Lab. qeyd edilən məqalələrin müəllifi, uzun illər “Sputnik-Türkiyə” xəbər agentliyində çalışmış Erkin Öncanın fəaliyyəti ilə əlaqədar araşdırma aparıb.

Erkin Öncan 14 aprel 1990-cı ildə anadan olub. 5 il 4 ay ərzində “Sputnik-Türkiyə” ofisində, 2024 – 2025-ci illərdə “CGTN Türk”-də (Beynəlxalq Çin Televiziya Şəbəkəsi) çalışıb. mənbə

Bundan başqa, Erkin Öncan “Harici” analitik, “Scrolli” xəbər portallarında, “İdeo” xəbər agentliyində, anti-Azərbaycan yazıları ilə tanınan “arti49” saytında yazılar yazır. Onun yazılarına “Strateji Mədəniyyət Fondu”nun (SCF) “Strateji Mədəniyyət” jurnalında da rast gəlmək mümkündür. Qeyd etməliyik ki, bu sayt, ABŞ Hökuməti tərəfindən Rusiya dövlət maraqlarının təbliğatını aparan, mühafizəkar təşviqat saytı kimi xarakterizə olunub.

Həmçinin, Erkin Öncanın adı Ukraynada sülh, insanlıq və beynəlxalq hüququn milli təhlükəsizliyinə qarşı cinayət elementlərinin tədqiqi məqsədilə qurulan “Mirotvorets Senter”-in “qara siyahısı”na salınıb. Orda qeyd olunur ki, Erkin Öncan anti-Ukrayna təbliğatçısıdır və o, Rusiyanın təcavüzünə və Ukrayna vətəndaşlarının qətlinə ictimai dəstək verir. Mərkəzin məlumatına görə bu şəxs Ukraynanın mülki əhalisinin qətlində, Ukraynanın şəhər və kəndlərinin dağıdılmasında iştirak etmiş hərbi cinayətkarların təbliğatını təşkil edir. 

O, Rusiya–Ukrayna müharibəsi yeni başladığı vaxtlardan etibarən sosial media hesablarında paylaşdığı şəkil və statuslarla Rusiyanın Ukraynaya təcavüzünə haqq qazandıranlardandır. Bunun üçün o, saxta məlumatlar yaymaqdan belə çəkinməyib. Belə saxta məlumatlardan birini Türkiyənin tanınmış faktyoxla saytı müəyyənləşdirib.

Qeyd edilən sayt, Erkin Öncanın paylaşdığı “iki ukraynalı əsgər manekeni ölü kimi təqdim edirlər” videosunu “geriyə axtarış metodu” ilə araşdırmış və bəlli etmişdir ki, həmin video Rusiyada çəkilən bir filmdən götürülüb. Videonun müharibə ilə heç bir əlaqəsinin olmadığını bildirən sayt, "Görüntülər 29 mart 2022–ci ildə rus aktyoru Filip Fedorçukun “TikTok” hesabında paylaşılıb. Fedorçuk videonu film çəkilişlərində lentə alıb. Videonun başlığı manekenin film üçün hazırlandığını göstərir."– şəklində açıqlama vermişdir.

Qeyd edək ki, Erkin Öncan ifşa olunandan sonra yaydığı saxta xəbəri silmək məcburiyyətində qalmışdır.

Bu, E.Öncanın son saxtakarlığı deyil. Onun 28 noyabr 2022-ci il tarixində ukraynalıların “Türk hücumlarına qarşı Rojava ilə həmrəylik” fikirlərini iddia edən iki naməlum əsgərin görüntülərini paylaşdığını da aşkar etdik. Araşdırma zamanı müəyyənləşdirdik ki, “tamgatürk” xəbər portalı Erkin Öncanın istinad etdiyi teleqram hesabının PKK-nin təbliğatı ilə məşğul olduğunu bəlli edib. Məlum olmuşdur ki, Öncanın istinad etdiyi “Müqavimət Komitəsi” "Telegram" kanalında çalışanlar ümumiyyətlə, Ukrayna dilində bilmir və ancaq rus və ingilis dillərində xəbərlər yayırlar.

“Müqavimət Komitəsi” teleqram kanalının istinad etdiyi “Hevale” teleqram kanalı isə Türkiyədə girişi bloklanan “Hevale Rusi”yə məxsusdur. “Hevale Rusi” isə PKK-nin Rusiya ofisi tərəfindən idarə olunur.

Erkin Öncan Azərbaycanla da bağlı saxta məlumatlar yayması ilə tanınır. Belə ki, 2020–ci ildə 44 günlük Vətən müharibəsi dövründə o, “Azərbaycan mənbələrinə” “istinadən” Türkiyənin dəstəklədiyi Azad Suriya Ordusunun yaraqlılarını daşıyan “pikap” karvanının Dağlıq Qarabağa getdiyini əks etdirən saxta video yaymışdı.

Bundan sonra ermənilərin orbeli.am saytı E.Öncanın yaydığı saxta videodan Azərbaycana qarşı aparılan təbliğat kampaniyasında istifadə etmiş və ermənilər tərəfindən kütləvi tirajlanmışdır.  

Bu məlumat da E.Öncanın Azərbaycanla bağlı son saxtakarlığı deyil. O, 44 günlük Vətən müharibəsi bitəndən az sonra belə bir paylaşım etmişdi: “Erməni bir baba onu itələyən Azərbaycan əsgərlərinə öz dilində qışqırır ki, “mən sənə nə etmişəm?”.

Amma Erkin Öncan videosu yayılan qocanın əsl kimliyi haqqında heç nə, misal üçün, bu şəxsin, o vaxt 366-cı alayın 2-ci taborun 5-ci bölüyünün komandiri, Xocalı qatili Jonik Tevosyan (kod adı Jan) olduğunu yazmayıb.  

Araşdırmalarımız zamanı müəyyənləşdirdik ki, Erkin Öncan qələmə aldığı məqalələrdə adətən “iddialara görə”, “etibarlı mənbələrdən aldığımız məlumatlara görə”, “yayılan xəbərlərə görə” epitetlərindən istifadə edir ki, bu da jurnalistin peşəkarlığına və xəbərin etibarlılığına şübhə yaradır.

Bu şəxsin statuslarında, hazırladığı yazılarda tez–tez Azərbaycan–Türkiyə münasibətlərinə xələl gətirmək cəhdləri də diqqətimizdən yayınmadı.

“Rusiya-Azərbaycan münasibətlərində Azərbaycan birbaşa olaraq “böyük qardaşı” Türkiyənin məsləhətinə qulaq asır” fikirləri, Azərbaycanda keçirilən seçkilərə bağlı “Bu gün Azərbaycanda keçirilən seçkilər müxalifətin boykot qərarının kölgəsində baş tutur” – cümləsi ilə Azərbaycandakı seçki mühitinə kölgə salmaq iddiaları əslində onun türk sosial media seqmentində çaşqınlıq yaratmaq məqsədini güddüyünü açıq-aşkar ortaya qoyur.

Digər məqam. Harada çəkildiyi bəlli olmayan, Azərbaycana aidyyatının olması təsdiqlənməmiş videolar paylaşıb “Rusiyaya qarşı döyüşmək üçün Ukrayna qüvvələrinə qoşulan azərbaycanlı yayımladığı videoda “bozqurd” işarəsi göstərərək “Azərbaycana salam!” deyib.” – deyə şərhlər yazan, daha sonra isə Azərbaycan əslli Rusiya vətəndaşlarının da müharibədə iştirak etdiyini bildirən bu jurnalistin yalnız bir məqsədi var: Azərbaycan haqqında mənfi imic formalaşdırmaq!

Sadə bir misal göstərək. Erkin Öncanın paylaşdığı şəkillə bağlı “geriyə axtarış metodu” ilə axtardığımız zaman müəyyən etdik ki, bu şəxsin paylaşdığı şəkildəki şəxs 2015-ci ildə qətlə yetirilmiş Ramil Hüseynli adlı şəxsdir. O, 15 oktyabr 2015-ci il tarixində "Donetsk Xalq Respublikası" adlandırılan məkanın tərkibindəki Novoazovsk şəhəri yaxınlığında öldürülüb ki, onun Rusiya-Ukrayna müharibəsinə qətiyyən aidiyyatı yoxdur.

Erkin Öncanın təxribatları bununla bitmir. O, “Ukraynada Rusiyaya qarşı döyüşən azərbaycanlı muzdlu Maqomed Cəfərov Rusiyaya qarşı döyüşmək üçün Türk legionunun yaradılacağını bildirib" məzmunlu saxta məlumat yayıb.

Apardığımız araşdırma zamanı müəyyən etdik ki, material ilk dəfə Krasnadar vilayətində qeydiyyatdan keçən "Utrenniy yuq" (“Cənub səhəri) adlı saytda dərc olunub ki, bu saytın baş redaktoru İlona Safronovadır.

İlona Safronova isə RF Kommunist partiyasından Krasnodar vilayətində yerli deputatıdır. Erkin Öncanın sol yönümlü “Vətən Partiyası”nın üzvü olduğunu nəzərə alsaq bu informasiyanı yayılma səbibini anlamaq elə də çətinlik törətməməlidir.

Digər statusunda isə Erkin Öncan separatçı və təxribatçı “wargonzo” kanalına istinad edərək muzdlu əsgərlərin müharibəyə hazırlıq prosesinin və koordinasiyasının Türkiyənin İzmir şəhərində təşkil edilməsi haqda həqiqətə uyğun olmayan məlumat yayıb.

Peqovun “wargonzo” kanalı 44 günlük Vətən müharibəsində yaydığı dezinformasiyaları, həqiqətə qətiyyən uyğun olmayan məzmun paylaşması ilə xatırlanır.

Erkin Öncanın həyat yoldaşı Çağla Üren də ixtisasca jurnalistdir. O, 1994-cü ildə Bakırköydə anadan olub, 2018-ci ildə Boğaziçi Universitetini bitirib. 2019-2024-cü illərdə “Independent Turkish”-də xarici xəbərlər və elm/texnologiya redaktoru olaraq çalışıb. 2022-ci ildə “NewsLabTurkey”-in dəstəyi ilə həftəlik elm/texnologiya bülleteni-“Hafıza Kartı”nı qurub. O, hazırda müstəqil texnologiya yazıçısı kimi çalışır və AI/sosial media startapında işləyir.

Çağla Üren həm də “The Guardian Foundation” və “İsveç Beynəlxalq İnkişaf Agentliyi” (SIDA) tərəfindən dəstəklənən “NewslabTurkey” təhsil və tədqiqat layihəsinin təlimçilərindən biridir. mənbə

Euronews”-da və “NTV”-də texnologiya xəbərləri üzrə redaktor vəzifələrində çalışan Çağla Üren Qərb institutları tərəfindən dəstəklənən, türk mediasının tanınmış simalarından biri Mehmet Şafak Sarı ilə sıx əlaqələri var. Təsadüfi deyil ki, 2023–cü ilin sentyabrında Mehmet Şafak Sarı özünün “Aç mötərizə” kanalında “Qarabağda nə baş verir?!” mövzusunda veriliş hazırlamış və ekspert kimi Erkin Öncanı dəvət etmişdir.

Maraqlıdır ki, Erkin Öncanın analitik yazılar yazdığı scrolli.co-nun təsisçisi Ilgaz Fakıoğlu da Qərb fondlarından maliyyələşən journo, newslabsturkey kimi saytlarda yazılarla çıxış edir. Qeyd edək ki, bənzər qurumlarla Erkin Öncanın həyat yoldaşı da əməkdaşlıq edir. Belə çıxır ki, Erkin Öncan və ailəsi təkcə Rusiya təbliğat maşınının detalı deyil.

Nəticə:

- Rusiya təbliğat maşınının Türkiyədəki əsas ruporlarından olan Erkin Öncanın Azərbaycanla bağlı yazdıqları hər zaman öz qərəzi ilə seçilib;

- Erkin Öncan son hadisələri şərh edərkən (Azərbaycan Rusiya münasibətləri) ənənəsinə uyğun olaraq qərəzli mövqedən çıxış edib;

-“İndependent Türkcə”də qələmə alınan yazı da dezinformasiya stilindədir və ictimai fikri çaşdırmağa hesablanıb;

- Onun yazdığı yalanlar dəfələrlə ifşa edilib və bu da onun təxribatçı, saxta məlumatlar yayan jurnalist kimi tanınmasına yol açıb;

- Dəfələrlə regional və qlobal mediada məhz dezinformasiya yaydığı üçün adı qara siyahılara salınan Erkin Öncan Türkiyədə daha çox Rusiya təsir dairəsini formalaşdırmağa cəhd edir.