Milli Məclisdə müzakirəyə çıxarılmış “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” və “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunlara təklif edilən dəyişikliklərə əsasən, Azərbaycanda qeyri-hökumət təşkilatlarının qeydiyyata alınmamış xarici maliyyə mənbələri hesabına gördükləri işlər və göstərdikləri xidmətlərə görə inzibati cərimələrin artırılması nəzərdə tutulur.

Dəyişikliklərə görə, qeyri-hökumət təşkilatlarının qeydiyyata alınmamış xarici maliyyə müqavilələri əsasında xidmət göstərməsi və ya iş görməsi, yaxud bununla bağlı maliyyə vəsaiti və ya digər maddi vəsait qəbul etməsi inzibati məsuliyyətə səbəb olacaq.

Mövzunu “Abzas Media”ya şərh edən politoloq Ərəstun Oruclu bildirib ki, “yeni məhdudiyyətlər hakimiyyətin təsir gücünü artırmaq və qeyri-hökumət təşkilatlarının fəaliyyətini sıfıra endirmək niyyəti güdür”. Sitat: “Azərbaycanda qeyri-hökumət sektoru ləğv olunur. Bunu başqa cür anlamaq olmur. Çünki bütün bu büroktarik əngəllər elə vəziyyət yaradır ki, heç bir qeyri-hökumət təşkilatı, hətta hökumətə yaxın qeyri-hökumət təşkilatları da fəaliyyət göstərə bilməyəcəklər”.

Ə.Oruclu onu da iddia edir ki, Azərbaycanda QHT sektoruna tətbiq edilən məhdudiyyətlər nəticədə dövlət idarəçiliyində böhrana səbəb olacaq və bundan ən çox əhali zərər görəcək.

Faktyoxla Lab. səslənən iddialara aydınlıq gətirib.

Əvvəla, Ə.Oruclunun fikirlərində ziddiyyətlər var. O, əvvəl “Azərbaycanda QHT-lər ləğv olunur” deyir, sonra isə “hökumət qeyri-hökumət təşkilatlarının fəaliyyətini açıq şəkildə ləğv etmir, əvəzində bu cür məhdudlaşdırıcı qanunlar qəbul edir” fikrini səsləndirir. Bu cür dolaşıq və məntiqsiz mühakimənin özü qeyri-ciddilikdən xəbər verir. Bütün mövzularda danışmağı və ya şərh etməyi özünə borc bilər bu politoloqun əslində qeyri-hökumət təşkilatlarının fəaliyyəti ilə bağlı aparılan hüquqi islahatların, o cümlədən qanunvericlikdə ediləcək dəyişikliklərin mahiyyətindən xəbəri yoxdur.

Bəs QHT-lərlə bağlı qanunvericliyinə dəyişikliklərin mahiyyəti nədən ibarətdir?

Azərbaycan 10 il əvvəl – 2015-ci ildə ölkədə QHT-lərin xarici maliyyə hesabına işlər görməsi haqqında müqavilələrin qeydiyyata alınması qaydasını təsdiq etməklə yetkin və beynəlxalq prinsiplərə əsaslanan hüquqi çərçivə müəyyənləşdirib. Nazirlər Kabinetinin (NK) 21 oktyabr 2015-ci il tarixli “Qeyri-hökumət təşkilatları, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəlikləri tərəfindən xarici maliyyə mənbələri hesabına xidmətlərin göstərilməsi və ya işlərin görülməsi haqqında müqavilələrin qeydiyyata alınması Qaydası”na əsasən, yerli QHT-lər qarşısında xarici dövlətlərin QHT-nin filial və ya nümayəndəlikləri tərəfindən xarici maliyyə mənbələri hesabına xidmətlərin göstərilməsi və ya işlərin görülməsi üzrə müqavilələrin qeydiyyata alınması öhdəliyi qoyulub.

Qaydalara görə, xidmət göstərən (iş görən) QHT müqavilə bağlanıldığı tarixdən 15 gündən gec olmayaraq müqavilənin qeydiyyata alınması üçün Ədliyyə Nazirliyinə təqdim etməlidir. Müqavilə olmadan və ya qeydiyyata alınmayan müqavilələr üzrə bank əməliyyatları və hər hansı digər əməliyyatlar aparıla bilməz. Müqavilədə bir sıra məlumatlarla yanaşı, göstərilən xidmətlərin və ya görülən işlərin sifarişçisi olan xarici hüquqi şəxsin qeydiyyatını, kommersiya və ya qeyri-kommersiya olduğunu təsdiq edən sənədin (ticarət reyestrindən çıxarışın, qeydiyyat şəhadətnaməsinin) surəti, müqavilə üzrə göstərilən xidmətlər və ya görülən işlər barədə sifarişçi tərəfindən imzası ilə təsdiq olunmuş ətraflı məlumatların surəti notariat qaydasında təsdiq olunmalıdır. Həmçinin, xarici dildə olan müqavilənin və digər sənədlərin notariat qaydasında təsdiq edilmiş tərcüməsi də əlavə edilməlidir. Xarici ölkədə tərtib edilmiş sənədlər həmçinin leqallaşdırılmalı və ya onlara apostil verilməlidir. mənbə

Göründüyü kimi hələ 10 il əvvəl qeydiyyata alınmamış müqavilələr üzrə xarici maliyyə mənbələri hesabına xidmətlərin göstərilməsi və ya işlərin görülməsi (yaxud bununla əlaqədar maliyyə vəsaitinin qəbul edilməsi) müvafiq qaydada inzibati məsuliyyət tədbiri kimi qanunvericlikdə öz əksini tapıb. Yəni xarici donorlarla işləyən QHT-lər üçün əsas tələblərdən biri olan bu hüquqi öhdəlik dəyişməyib.

Bundan başqa, digər qanunlarda da QHT-lərin maliyyə mənbələri və xaricdən əldə etdiyi vəsaitlərin mənşəyi, anlaşdığı təşkilatlarla müqavilələr üzrə qeydiyyat, hesabatlılıq tələb olunur. NK-nın 2009-cu il 25 dekabr tarixli “Qeyri-hökumət təşkilatlarının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası” üzrə qərarına əsasən, QHT-lər maliyyə fəaliyyətinin bütün istiqamətlərini əks etdirməlidirlər. mənbə

“Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanunun 29.4-cü maddəsinə əsasən, qeyri-hökumət təşkilatı illik maliyyə hesabatını hər il aprel ayının 1-dən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına (Maliyyə Nazirliyi) təqdim edir. Qanunun 29.5-ci maddəsində isə qeyd edilib ki, qeyri-hökumət təşkilatları, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəlikləri öz fəaliyyətinin şəffaflığını təmin etməlidirlər.

Qeyri-hökumət təşkilatları, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəlikləri korrupsiya hüquqpozmalarının, habelə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması, o cümlədən hədəfli maliyyə sanksiyalarının tətbiqi məqsədi ilə onun üçün müvafiq qanunvericiliklə müəyyən edilmiş tədbirləri yerinə yetirməlidirlər. istinad

Bütün bu hüquqi-iqtisadi tələblər QHT-lərin xarici və ya daxili maliyyələşmə mənbəyindən asılı olmayaraq müqavilə imzalamadan iş və xidmətlər göstərməsini qadağan edir.
Demokratik islahatları dərinləşdirən Azərbaycan 2015-ci ildən sonra əhatəli hüquqi-institusional dəyişikliklərə nail olub.

Çoxşaxəli islahatlar çərçivəsində “kölgə iqtisadiyyat” ilə mübarizə, transmilli cinayətkarlığa qarşı barışmaz mübarizə tədbirləri həyata keçirilib və şəffaflığın təmin olunması istiqamətində bir sıra qanun və aktlarda əlavə və dəyişikliklər edilib. Eləcə də, beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində irəli sürülən tövsiyələrə uyğun olaraq, hökumət şəffaflıq və hesabatlılığın artırılması, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı kəskin mübarizə strategiyasına əsaslananaraq bir sıra qanunvericlik aktlarında dəyişikliklər edib.

Belə ki, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikası qanunlarının icrası ilə əlaqədar Nazirlər Kabineti “Qeyri-hökumət təşkilatları, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəlikləri tərəfindən xarici maliyyə mənbələri hesabına xidmətlərin göstərilməsi və ya işlərin görülməsi haqqında müqavilələrin qeydiyyata alınması Qaydası”nda dəyişiklik edib. Dəyişikliyə əsasən, xarici maliyyə mənbələri hesabına xidmətlər göstərən QHT-lərin Maliyyə Nazirliyi ilə bərabər, Ədliyyə Nazirliyinə də illik maliyyə hesabatları təqdim etmək öhdəliyi qoyulub. Həmin dəyişikliklər də məhz beynəlxalq maliyyə köçürmələri və vəsaitlərin hərəkəti zamanı qanunsuzluq və ya cinayətkarlıq təzahürlərinin olub-olmamasını müəyyən etmək məqsədi daşıyır. istinad

Beləliklə, qeydiyyatsız müqavilələr üzrə görülən iş və xidmətlərlə bağlı QHT-lər qarşısında inzibati cəza və digər hüquqi məsuliyyətlər ötən 10 ildə də mövcud olub və bu, yenilik deyil. Yenilik sadəcə inzibati cərimələrin məbləğinin artırılmasıdır.

Ancaq Ə.Oruclunun fikirlərindən belə aydın olur ki, onun yuxarıda sadaladığımız qanunvericlik sənədlərindən ümumiyyətlə xəbəri yoxdur.

Əgər onun iddia etdiyi kimi inzibati cərimələrin məbləğinin artırılması QHT-lərin fəaliyyətinin məhdudlaşdırılması və ya bağlanmasına xidmət etsəydi, NK-nın 2009-cu və 2015-ci il tarixli qərarlarından sonra həmin sektor elə o vaxtdan fəaliyyətini dondurardı. Əgər həmin qərarlardan sonra Azərbaycanda QHT-lərin sayı azalmaq yerinə daha da çoxalıbsa, demək qanunvericilik aktlarına təklif edilən dəyişikliklər mütərəqqi və demokratik islahatlar ruhuna uyğun olaraq, QHT sektorunun fəaliyyətinin şəffaflaşması və hesabatlılığın artırılması fonunda onların rəqabət imkanlarının genişlənməsinə səbəb olub.

Bəs, yeni dəyişiklik, yəni QHT-lərin qeydiyyatsız müqavilələr üzrə xarici maliyyə mənbələri hesabına gördükləri işlər və göstərdikləri xidmətlərə görə inzibati cərimələrin artırılması nəyə və hansı məqsədə xidmət edir?

Bunun da səbəblərini izah etməyə çalışaq. Azərbaycan Hökuməti xaricdən maliyyələşən QHT-ləri xüsusi reyestrə daxil etməmək, eyni zamanda, plandankənar yoxlamalara cəlb etməməklə öz demokratik niyyət və məramını ifadə edir, onlara yerli ictimai təşkilatlarla eyni prizmadan yanaşır, ayrı-seçkilik etmir, lakin, bu cür QHT-lərin qanunla müəyyən edilmiş tələblərdən kənara çıxmasına, hesabatlılığına, əsasnamələrində fəaliyyət istiqamətlərindən kənara çıxmamasına xüsusi nəzarət edir, habelə müvafiq qanunlarda təsbit edilmiş hallara yol verilməsinə, dövlətin milli maraq və mənafeyinə qarşı zidd fəaliyyətin göstərilməsinə imkan vermir.

Ötən illərin praktikasından da bizə bəllidir ki, dövlətimizin mənafeyinə qarşı yönəlmiş fəaliyyətlə məşğul olan, anti-Azərbaycan fəaliyyəti yürüdən ictimai təşkilatlar müxtəlif yollarla öz hesabatlarını və maliyyə arayışlarını təqdim etməkdən yayınıblar. “Demokratik cəmiyyət quruculuğu”, “azad media”, “iqtisadi və sosial islahatlara dəstək” adı altında fəaliyyət göstərən bu cür təşkilatlar radikal müxalifəti, ekstremist ruhlu qruplaşmaları hərtərəfli dəstəkləyib, hətta bəzən gəncləri zorakı əməllərə cəlb etməyə çalışıblar.

Həmin xarici təşkilatlar təxribatçı əməllərini daha yaxşı ört-basdır edə bilmək üçün isə çox zaman antimilli ruhda köklənmiş, fərdi maddi-korporativ maraqlarını ümumxalq mənafelərindən üstün tutan və radikal müxalifətə yaxın olan yerli QHT-lərlə əməkdaşlıq ediblər. Bu isə xarici mənbələr üzrə qeyri-qanuni müqavilələrin qarşısının alınmasını daha da aktuallaşdırır. İstisna deyil ki, bir sıra dövlətlərin təşkilatlarının cinayət yolu ilə əldə etdiyi “çirkli pullar”ın təyinat ünvanlarından biri kimi siyasi sifarişlərə cəlb olunan QHT-lər də mövcuddur. Onların hesabına müxtəlif kənar ünvanlara yönləndirilən həmin vəsaitlərin mənşəyi də əslində “çirkli pullara” gedib çıxır ki, bu da dünya ölkələri tərəfindən son illərdə genişlənən qlobal mübarizə planının ən əsas istiqamətlərindən biridir.

Bu baxımdan qanunvericiliyə dəyişikliklər həm də “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunun icrasından irəli gəlir. Bu baxımdan dəyişikliklər hər iki qanunda paralel aparılır ki, hökumət xarici maliyyə mənbələri hesabına xidmətlərin və işlərin görülməsi zamanı qeyri-şəffaf vəsaitlərin hərəkətinin qarşısının alınması istiqamətində koordinasiyalı şəkildə nəzarəti həyata keçirsin. Qeyd edilən dəyişikliklər isə beynəlxalq prinsiplərə əsaslanan hüquqi mexanizmlərdir.

Beynəlxalq təcrübə necədir?

Demokratik islahatlar aparan dövlətlərin mütləq əksəriyyətində xarici maliyyə mənbəli ictimai təşkilatların fəaliyyətinə nəzarət alətləri birmənalı olaraq gücləndirilir. Həmin qanunlar QHT adı ilə xarici agent işini həyata keçirən fiziki və hüquqi şəxslərin fəaliyyətinə məhdudiyyətləri və ya bu hallarla bağlı sərt cəzaları nəzərdə tutur.

ABŞ-də xaricdən maliyyələşən ictimai təşkilatların fəaliyyəti “Xarici Agentlərin Qeydiyyatı Aktı” (FARA) ilə tənzimlənir. Qanuna əsasən, ictimai təşkilatlar maliyyə orqanı ilə bərabər, Ədliyyə Departamentində qeydiyyatdan keçməklə hər il vəsaitlərinin hərəkəti barədə hesabat verməlidir. mənbə

Avropa İttifaqı ölkələrində qüvvədə olan “Hüquq-Mühafizə Direktivi” (LED) sənədi ictimai təşkilatların fərdi məlumatların emalı və bu cür məlumatların sərbəst hərəkəti ilə bağlı prinsipləri əks etdirir. Həmin direktiv qeyri-leqal maliyyə əldə edilməsi ilə bağlı tələbləri əks etdirir, öhdəliklərin pozulması isə cinayət cəzalarının icrasını təsbit edir.

Çin Xalq Respublikasında 2017-ci ilin yanvar ayından tətbiq edilən qanun xarici QHT-lərin fəaliyyətini tənzimləyir. İsraildə də xarici maliyyə mənbələrinin şəffaflığı ilə bağlı ayrıca hüquqi tənzimləmələr tətbiq edilməkdədir. İsrail parlamenti 2016-cı ilin iyul ayında qəbul etdiyi “QHT-lərin Maliyyələşdirilməsində Şəffaflıq Qanunu” ilə yuxarıda qeyd etdiyimiz məsələlərin hüquqi prinsiplərini təmin edib.

Ukraynada 2014-cü ildə müvafiq qanuna “xarici təsirlə bağlı” düzəlişlər qəbul edildikdən sonra “xarici agent” funksiyalarını yerinə yetirən “ictimai birlik” anlayışı bu dövlətin qanunvericiliyinə daxil edilib.

Rusiya, Mərkəzi Asiya ölkələri və digər region dövlətlərində də “Xarici nümayəndələr haqqında” qanuna edilmiş dəyişikliklərlə şübhəli xarici mənbələrlə bağlı hesabatlılıq tələb edilir.

Gürcüstan Parlamentinin ötən il qəbul etdiyi müvafiq qanunla QHT-lərin xarici maliyyə mənbələrindən əldə etdiyi vəsaitlərə nəzarət gücləndirilib, həmin təşkilatlardan maliyyələşmə ən sərt şəkildə cinayət cəzası ilə təsbit olunub.

Azəbaycanda isə nə “xarici agent” qanunu qəbul olunur, nə də xaricdən maliyyələşən təşkilatların bağlanması kimi sərt addımlar atılır. Azərbaycanda sadəcə qeyri-hökumət təşkilatlarının fəaliyyətindəki şəffaflığın artırılması, müxtəlif xarici siyasi təşkilatların anti-milli fəaliyyət təzahürlərinin və digər qanunazidd əməllərin məhdudlaşdırılmasını nəzərə tutur.

Beləliklə, QHT qanunvericiliyinə edilən dəyişikliklər şəffaflıq, hesabatlılıq, maliyyə məlumatlarının və xaricdən cəlb edilən vəsaitlərin mənbəyinin düzgünlüyünü, uçot və dürüstlüyünü təmin etmək məqsədi daşıyır.

Bu cür qaydalar xaricdən maliyyələşən ictimai-iqtisadi fəaliyyətdən kənar, işlərlə məşğul olan QHT-lərin xüsusi reyestrdə təsnifləşdirilərək onlara nəzarətin artırlmasına xidmət edir.

Yeni dəyişikliklər bu sahədə şəffaflıq indekslərini daha da möhkəmləndirməklə, düzgün və dürüst, qanunlara tam əməl edən QHT-lərin ictimai rəqabət sektorunda daha da güclənməsinə, öz dayanıqlı arxitekturasını daha da möhkəmlətməsinə gətirib çıxaracaq.