(əvvəli bu linkdə)

Ötən yazıda transsərhəd çay olan Araz çayının Ermənistanın dağ-mədən və metallurgiya sənayesinə məxsus müəssisələr tərəfindən total çirkləndirilməsi, bu ölkədə fəaliyyət göstərən yerli və transmilli şirkətlərin sənaye istehsalı və emalı zəncirinin toksik tullantılarının Oxçuçay və digər çaylarla Araz çayına axıdılması, Azərbaycan da daxil olmaqla, digər ölkələrin torpaq və ekoloji mühitinə qarşı həyata keçirilən ekoloji soyqırımından, bərpaolunmaz deqradasiyaya məruz qoyulmasından danışmışdıq.

Bu yazıda Araz çayının zəhərli maddələrlə çirkləndirilməsində və çayın keçdiyi ölkələrin vətəndaşlarının sağlamlığına yaranan geridönməz təhlükələrdə və ölümlərdə birbaşa iştirakçı olan və bu cinayətə şərik olan Ermənistanın dağ-mədən və metallurgiya sənayesinin əsas iştirakçı yerli və xarici şirkətləri haqda dosyeni təqdim edirik.

Beləliklə, Araz çayına qarşı ekoloji terror həyata keçirən şirkət və müəssisələrdən danışırıqsa, heç şübhəsiz bu siyahıda ilk sırada gələn Zəngəzur Mis-Molibden Kombinatını (ZMMK) xatırlatmalıyıq.

Zəngəzur Mis-Molibden Kombinatı Ermənistan Respublikasının cənub-qərbində, Sünik rayonunun Qacaran şəhərində, Qafan rayon mərkəzindən 30 kilometr qərbdə yerləşir. Bu müəssisə, Ermənistanın ən böyük mədən şirkəti, ən böyük vergi ödəyicisi və dünyanın 10 ən böyük molibden istehsalçısı sırasındadır. Sovet dövründən fəaliyyətdədir. 1952-ci ildən seriyalı istehsala başlayıb. Mədən əvvəlcə yeraltı və açıq mədən üsullarının kombinasiyasından istifadə edilməklə, 1957‒1959-cu illərdən isə yalnız açıq mədən üsulu ilə istismar edilib. 

Şirkət olaraq 9 dekabr 1997-ci ildə Ermənistan Respublikasının Sənaye və Ticarət Nazirliyi tərəfindən yaradılıb. 262 saylı Sərəncamla “Zəngəzur Mis-Molibden Kombinatı” Dövlət Müəssisəsinin yenidən təşkili yolu ilə “Zəngəzur Mis-Molibden Kombinatı” Dövlət Müəssisəsinin hüquqi varisi sayılmışdır.

ZMMK-nin ali idarəetmə orqanı cəmiyyətin səhmdarlarının Ümumi Yığıncağıdır. Şirkətin (Qapalı Cəmiyyət) fəaliyyətinə ümumi rəhbərliyi İdarə Heyəti, cari fəaliyyətinə rəhbərliyi isə yeganə icra orqanı – “Baş direktor” həyata keçirir.

Yaxın tarix

Uzun illərdir yerli media Ermənistanın ikinci prezidenti Robert Köçəryan ailəsinin ZMMK-nin səhmlərini 1998‒2008-ci illərdə tam qəsb etdiyini yazır. Ailə, müəssisəyə tam sahiblənmək üçün rəqiblərə qarşı siyasi terror, hədə-qorxu, rüşvət, bəzən tərəfdaşların paylarının mənimsənilməsi, ölkədən qovulmasına qədər bütün vasitələrdən istifadə edib.

Maraqlıdır ki, ZMMK-yə sahiblənmək məqsədilə tətbiq edilən, bu insanlıqdankənar metod, Köçəryandan sonra gələn bütün rəhbərlərin vaxtında davam etdirilib. Bu haqda az sonra qeydlərimiz olacaq. Qayıdaq ZMKK-nin hökumətlər tərəfindən qəsb və talan olunmasına. Köçəryan ailəsi onlara qarşı səslənən bu ittihamları yalanlamağa çalışsa da, mətbuat və müxalifət bu faktı hələ də təkrarlayırlar. Onun və ailəsinin şirkəti müflis edəcək həddə qədər istismar etdiyi təkrar-təkrar söylənilir. Eyni söz-söhbət sonradan prezident Serj Sarkisyanın kürəkəni Mikael Minasyan haqda da yayılıb. Medianın yazdığına görə, Minasyanın səhmlərini 2018‒2019-cu illərdə Milli Təhlükəsizlik Xidmətinin rəhbəri olmuş Artur Vanetsyan qanunsuz olaraq ələ keçirib.

Müəssisə 2004-cü ildə 132 milyon dollara özəlləşdirilib. Şirkətin səhmlərinin 60%-i paslanmayan polad istehsalı üzrə ixtisaslaşmış Almaniya şirkəti olan “Cronimet Mining GmBH” tərəfindən ələ keçirilir. Qalan 40% isə müxtəlif erməni investorlar arasında bölünüb: “Armenian Molybdenum Production” 12,5, “Zangezur Mining” – 12,5, “Clean Iron Factory” – 15 faiz.  2014-cü ildə “Cronimet” ZMMK səhmlərinin 15%-ni “Pure Iron”-dan alır və beləliklə, zavoddakı payını 75%-ə çatdırır. mənbə

Həmin dövrdə ZMMK-dən yararlanan şəxslərin sıralaması aşağıdakı kimidir:

Vaxtilə Rusiyanın səhiyyə naziri işləmiş Mixail Zurabovdan başqa, şirkətin səhmlərinin 12,5 faizi müxalifətçi deputat Vahe Akopyanın qardaşı Karen Akopyana məxsus olan “AMP Holdinq”ə məxsus olub. Şirkətin dövlət reyestrinə təqdim etdiyi bəyannaməyə əsasən, ZMMK-nin keçmiş direktoru Mher Poloskov və hərbi prokurorun müavini Tiqran Hambaryanın qardaşı Narek Hambaryan səhmlərin 12,5 faizinə birgə sahib olublar.

Narek Hambaryan (ZMMK-nin baş direktorunun birinci müavini) ikinci dərəcəli ədliyyə müşaviri, hərbi prokurorun müavini Tiqran Hambaryanın qardaşıdır. Tiqran Hambaryan buna qədər Baş Prokurorluğun Cinayətkarlığa və Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi vəzifəsini tutub.

ZMMK-nin səhmlərini alanlardan biri də artıq qeyd edildiyi kimi Karen Hakopyan olub. O, “Saf Dəmir Zavodu” (“Clean Iron Factory”) ASC-nin baş direktoru və Sünik şəhərinin keçmiş qubernatoru Vahe Hakopyanın qardaşıdır. (mənbə)

Siyahıda Almaniya vətəndaşı Paraq Yohannes Bhatt da var, o da İdarə Heyətinin üzvüdür. O, Avstriyada yerləşən “CMA Corp Ltd” şirkətinin prezidentidir.

Almaniya vətəndaşı olan Moritz Jonathan Hieronymus Hill həmçinin ZMMK-nin İdarə Heyətinin üzvü kimi qeyd olunur.

2017-ci ildə “Ermənistanın Molibden İstehsalatı”nın mülkiyyəti tam olaraq Cülyetta Darçinyan və Avetik Hovikyana məxsus “Star Dust” adlı şirkətə keçib. İddia edilir ki, şirkət uzun müddət Sarkisyan ailəsi üçün qoruyucu qalxan və böyük gəlirli mənbə rolunu oynayıb, çünki sahibi Cülyetta əvvəllər Serj Sarkisyanın kürəkəni Mikael Minasyana məxsus şirkətlərdə çalışıb.

Elə həmin il “Moon Metals” “Zangezur mining”-in yeganə səhmdarı olur. “Moon Metals” Kiprdə yerləşən “Walnort Finance” şirkətinə məxsusdur. ZMMK proqram prospekti bu faktı təsdiqləyir.

Ermənistanın “Xarici investisiyalar haqqında” qanununun 8-ci maddəsinin 1-ci fəslində  deyilir: “Ermənistan Respublikasında xarici investisiyalar milliləşdirilmir. Dövlət orqanları da xarici investisiyaları müsadirə edə bilməzlər. Müsadirəyə yalnız son çarə kimi Ermənistan Respublikasının qanunvericiliyinə uyğun olaraq fövqəladə vəziyyət elan edildikdə yol verilə bilər və yalnız məhkəmənin qərarı ilə tam kompensasiya tətbiq oluna bilər”. ZMMK-nin səhmlərinin əksəriyyəti əcnəbilərə məxsus olduğundan onun milliləşdirilməsi mümkün deyil.

Bundan sonra Baş nazir Paşinyanın “tövsiyəsi” ilə 30 sentyabr 2021-ci ildə Rusiyalı milyarder Roman Troçenkonun “GeoProMining Gold” şirkətinin törəmə şirkəti olan “Промышленная Компания” (“Sənaye Şirkəti”) ASC tərəfindən ZMMK səhmlərinin 75%-i alınır və elə həmin gün payın 15%-i Ermənistan hökumətinə- Ermənistanın Milli Maraqlar Fonduna (ANIF) “bağışlanır”.

Əslində bu proses sözügedən kombinatı 15 il sözün bütün mənalarında istismar etmiş Almaniya şirkəti olan “Cronimet mining”-in 2020-ci ilin əvvəlində ona məxsus olan 75 faiz payı satması ilə başlayıb. Bu haqda şirkətin Almaniya Baş Qeydiyyat İdarəsinə (Common Register Portal) təqdim etdiyi bəyannamədə də qeyd olunub.

«Cronimet Holding» haqqında

Bir vaxtlar Ermənistanda mədənçıxarma sektorunda fəal oyunçu olan “Cronimet Mining AG” adlı alman şirkəti ekoloji standartlara uyğunsuzluq barədə çoxsaylı ictimai bəyanatlara, etirazlara məhəl qoymadan ətraf mühitə vurduğu dağıdıcı fəaliyyətini uzun müddət davam etdirib.

“Cronimet Holding” 1980-ci ildə Almaniyanın Karlsrue şəhərində yaradılıb. O, mineralların və metalların hasilatı, emalı, logistika və ticarət, paslanmayan polad istehsalı üçün xammal təchizatı ilə məşğuldur. Şirkətin illik dövriyyəsi 2018-ci ildə 2,8 milyard ABŞ dolları təşkil edib.

 “Cronimet” polyak əsilli almanlar- Pilarski ailəsinə məxsus şirkətlər qrupudur. Şirkətin əsas idarəedicisi 83 yaşlı Günter Pilarskidir və o, 40 il- şirkətin yarandığı vaxtdan bu vəzifəni icra edir. Onun rəhbərliyi altında şirkət, Avropanın aparıcı paslanmayan polad istehsalçılarından birinə çevrilmişdir.

“Cronimet” 1996-cı ildən Ermənistanın mədənçıxarma sektorunda fəaliyyət göstərir. 2004-cü ildə Zəngəzur Mis-Molibden Zavodunun özəlləşdirilməsi zamanı “Cronimet Mining” ZMMK səhmlərinin 60%-ni əldə edir. 

“Cronimet”-in Ermənistanın siyasi elitası ilə əlaqələri

“Cronimet Group” şirkətlərinin Afrikadan Asiyaya qədər dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərməsinə baxmayaraq, Günter Pilarski Ermənistanla sıx əlaqələrə və dostluğa üstünlük verib və bunu heç vaxt gizlətməyib. Pilarski uzun illər Ermənistanda bizneslə məşğul olması, erməni liderlərlə dostluq etməsi ilə yanaşı, həm də Almaniya ilə Ermənistan arasında iqtisadi əməkdaşlığın inkişafında xidmətlərinə görə 2006-cı ildən Almaniyanın Baden-Vürtemberq əyalətində Ermənistanın fəxri konsulu təyin olunub.

Elə həmin il Pilarski ehtiyacı olan uşaqlara kömək etmək və qlobal layihələri dəstəkləmək məqsədi ilə “Jocelyn və Günter Pilarski” Fondunu təsis edir. Maraqlıdır ki, bu fond yalnız iki ölkədə fəaliyyət göstərir - Filippində və Ermənistanda.

Pilarski həm də “Karlsrue” futbol klubunun vitse-prezidenti və sponsorudur. 2020-ci ilə qədər klubun prezidenti “Xristian-Demokratik Birliyi” (CDU)/ “Xristian Sosialist Birliyi” (CSU) fraksiyasının üzvü İnqo Velenreyter (Wellenreuther) olub. Pilarskinin ikincinin siyasi əlaqələrindən yararlandığı güman edilir.

G.Pilarskinin adı Amerikanın nüfuzlu “The USA Tribune” nəşri tərəfindən dərc edilmiş Almaniyadakı rüşvətxor erməni lobbiçiləri siyahısında da yer alır. Məqalədə deyilir ki, 2020-ci ilin payızına qədər Almaniya erməni lobbi təşkilatlarının korrupsioner qanunvericiləri cəlb etməklə məşğul olduğu əsas ölkələrdən biri olub.

Tamamilə mümkündür ki, Ermənistanın Almaniyadakı fəxri konsulları biznes rəhbərləri olmaqla digər erməni lobbiçilərini və onların alətlərini maliyyələşdiriblər.

“Cronimet” rəhbərliyi ilə Ermənistanın siyasi elitası arasında belə sıx əlaqələr 2019-cu ilin noyabrında Ermənistanın “Civilnet” nəşri tərəfindən dərc edilmiş araşdırma hesabatında da təsdiq edilib. Hesabatda qeyd edilir ki, Zəngəzur Mis-Molibden Kombinatının gizli şəriki Ermənistanın Vatikandakı keçmiş səfiri, keçmiş prezident Serj Sarkisyanın kürəkəni Mikael Minasyan olub.

“Cronimet” bazardan çəkiləndən sonra 2020-ci ildə Ədliyyə Nazirliyi hüquqi şəxslərin Dövlət Reyestrində Kombinatın yeni səhmdarının adı görünüb: Tomas Peter Hayl. Onun rəhbəri olduğu “C2Capital GmbH” şirkəti ZMMK-nin 12,5% səhmlərini alıb. Maraqlıdır ki, bu şirkət Almaniyada həmin müəmmalı alqı-satqıdan 2 ay əvvəl, yanvar ayında qeydiyyatdan keçib.

Səhmdarların amansız əmlak davası

Alman şirkətinin “müəmmalı gedişi”ndən sonra digər səhmdarlar, o cümlədən Rusiyanın keçmiş səhiyyə naziri Mixail Zurabov ZMMK-yə tam nəzarət uğrunda mübarizəyə başlayırlar.

Zurabovun tələbi ilə 75 faizlik pay bir il müddətinə Ermənistan məhkəməsi tərəfindən dondurulur və həmin müddət ərzində Ermənistan Milli Təhlükəsizlik Xidməti ZMMK-nin ofislərinə basqın edir və şirkət rəhbərliyinə qarşı “vergidən yayınma” ittihamı irəli sürülür.

Mixail Zurabov- Rusiyalı siyasətçi və diplomatdır. 2004-2007-ci illərdə əvvəlcə RF Səhiyyə və Sosial İnkişaf nazirinin müşaviri, 2007-2009-cu illərdə isə Rusiya Prezidentinin müşaviri işləyib. 2009-2016-cı illərdə Rusiyanın Ukraynada səfiri olub, daha sonra V.Putinin iqtisadi-ticarət məsələləri üzrə xüsusi nümayəndəsi təyin edilib. ZMMK-də aksiya sahibi olduğu dövrdə isə “Moskva Sığorta Səhmdar Cəmiyyəti” SC-ni təmsil edib.    

Yuxarıda qeyd etdik ki, məhkəmə 2021-ci il sentyabrın 30-da səhmlərin dondurulması qərarını ləğv edir. Həmin axşam rusiyalı milyarder Roman Troçenkoya məxsus “GeoProMining” şirkətinin törəmə şirkəti olan “Sənaye Şirkəti” ASC (“Промышленная Kомпания” AO) “müəmmalı” şəkildə 60 faiz payı alır.

Zurabovun vəkili Aram Orbelyan “Eurasianet.org”-a bildirib ki, sövdələşmə qəflətən, xəbərdarlıq edilmədən və şübhəli surətdə bağlanıb. Səlahiyyətlilər Troçenkonun şirkətinin səhmləri necə əldə etdiyini və ya onun payına görə nə qədər ödədiyini açıqlamayıblar.

Müqavilə ilə bağlı məlumatların açıqlanmaması mediada və ictimaiyyətdə narahatlıq doğurub. “CivilNet” saytının və Ermənistan İctimai Televiziyasının araşdırmaçı jurnalisti Mkrtiç Karapetyanın sözlərinə görə, həm ZMMK, həm də Baş nazirin ofisi ona satınalma sənədlərini verməkdən imtina ediblər.

İqtisadçılar, siyasətçilər və media qurumları bu sövdələşmədə şəffaflığın olmaması ilə bağlı narahatlıqlarını ifadə etsələr də, hökumətdən müqavilənin surəti istənilsə də,  “kommersiya sirləri” əsas gətirilərək sorğular davamlı olaraq rədd edilib.

Oktyabrda “Transparency International” təşkilatının layihə direktoru Varujan Oktanyan ZMMK-nin səhmlərinin Roman Troçenkoya satışı ilə bağlı şəffaflığın olmadığını tənqid edərək əlavə açıqlama verilmədiyini bildirib.

Qeyd edək ki, müəssisənin səhmlərinin 15%-nin hədiyyə edildiyi ANIF-in İdarə Heyətinə Ermənistan Baş nazirinin keçmiş müavini, Paşinyanın yaxın adamı olan Tiqran Avinyan rəhbərlik edirdi.

2022-ci il avqustun 24-də Ermənistan hökuməti “ZMMK səhmləri”nin əlavə olaraq daha 6,8%-nin ANIF-ə verilməsi barədə qərar layihəsini təsdiqləyib. Nazirlər Kabinetinin həftəlik iclası zamanı Paşinyan “AMP Holdinq”in mart ayında gizli şəkildə 6,8%-lik səhmlərini hökumətə təhvil verdiyini və detalları isə yenə də “kommersiya sirlərinə” görə açıqlaya bilməyəcəyini deyib.

ZMMK səhmlərinin 21,8%-nin ANIF-ə verilməsindən bir neçə ay sonra hökumət daha bir qərarı ilə ictimaiyyəti şoka salıb. 2022-ci il dekabrın 22-də hökumət səbəb göstərmədən ZMMK səhmlərinin 21,8%-nin Dövlət Əmlakının İdarə Edilməsi Komitəsinə verilməsini təsdiqləyib. Qərar hökumətin şirkətin korporativ idarəetməsində iştirakına “daha ​​institusional yanaşma” ehtiyacı ilə əsaslandırılıb. 

“Pastinfo” xəbər verir ki, bununla bağlı ANIF-də ciddi müzakirələr gedib, bəzi əcnəbi üzvlər şübhəli sövdələşmə ilə əldə etdikləri səhmlərlə bağlı nüfuzlarına xələl gələcəyindən narahat olduqlarını bildiriblər. Lakin bu fikirlər də yalnız şifahi şikayət olaraq qalıb. Çünki qərar korrupsiyaya son qoymaq vədi ilə hakimiyyətə gələn Nikol Paşinyanın birbaşa iştirakı ilə qəbul edilib və belə görünür ki, əksinə, o, prosesin məhz bu cür davam etməsindən xeyli məmnundur. Səbəbini qeyd edirik: Erməni mediası yazır ki, hökumət ZMMK-nin alınmasına təsir etdikdən sonra Kombinat Paşinyanın arvadı Anna Akopyanın “Mənim addımım” fonduna 70 milyon dram və ya 180 min dollar bağışlayıb.

Amma bildirilir ki, bu sövdələşmə Paşinyanın özünü qərbyönümlü və Rusiyadan asılılığı azaltmağa qadir adam kimi təqdim etməsi ilə ziddiyyət təşkil edirdi. Əvəzində o, sırf şəxsi mənfəəti üçün Ermənistanın ən böyük müəssisələrindən birini rus oliqarxına hədiyyə edib.

Bütün bunlardan sonra müəssisədə payı olan Kiprdə qeydiyyatdan keçmiş “Walnort” şirkəti Beynəlxalq Ədalət Məhkəməsində Ermənistan hökumətindən 1,2 milyard dollar (Ermənistanın illik büdcəsinin dörddə biri) tələb edir.

Şirkət iddia edib ki, hökumət “Walnort”-a ZMMK-nin Nizamnaməsində qeyd olunan “ilk təklif hüququnu” verməməklə onların səhmdar hüquqlarını pozub. Həmçinin iddia edilib ki, hökumət, 1998-ci ildə Kipr və Ermənistan arasında imzalanmış investisiyaların qorunması sazişini də heçə sayıb.

4 noyabr 2021-ci ildə Zəngəzur Mis-Molibden Zavodu şirkətin real benefisiarları haqqında bəyannamə təqdim edib. Təqdim edilmiş bəyannaməyə görə, ZMMK-nin ən böyük səhmdarı zavodun səhmlərinin 32,4%-nə sahib olan “GeoProMining” şirkətlər qrupunun Direktorlar Şurasının sədri Roman Troçenkodur.

ZMMK-nin yeni səhmdarlarından biri isə 8,1%-lik səhmə sahib olan Mirzəəziz Musaxanovdur. Musaxanov “Tolmaçevo” Hava Limanları ASC-nin Direktorlar Şurasının üzvüdür. Bu şirkət “Novaport” holdinqinin bir hissəsi olmaqla, səhmlərinin 50%-i R.Troçenkonun “AEON Corporation” şirkətinə məxsusdur.

Bəyannamədə o da görünür ki, “GeoProMining”-in rəhbəri Roman Xudolıy səhmlərin 4,5%-nə sahibdir.

Araz çayına qarşı ekoloji terror törədən 2-ci şirkət-GeoProMayninq”

Rusiyanın “GeoProMayninq” ASC-nin Ermənistanda aktivlərinə “Zəngəzur Mis-Molibden Kombinatı” ASC (ZMMK), Sotk (Zod) qızılçıxarma müəssisəsi, “Ararat Qızılçıxarma Fabriki” və “Aqarak (Əkərək) Mis-Molibden Kombinatı” (AMMK) daxil olub.

“GeoProMining Gold” “GeoProMining” şirkətlər qrupunun törəmə şirkətidir və Ermənistanda mədənçıxarma işlərinə cəlb edilmiş əsas şirkətdir. Qeyd etdik ki, “GeoProMining Gold” və “ZMMK” səhmlərinin sahibi olan “GeoProMining” şirkətlər qrupu rusiyalı milyarder Roman Troçenko və onun oğlu Qleb Troçenkoya məxsusdur. 

Sotk (Zod) qızılçıxarma mədəninin əsas istismarçısı “GeoProMining Gold” şirkəti haqqında Ermənistan Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Reyestrində aşağıdakı məlumatları aşkar etdik:  

“GeoProMining Gold” 19 oktyabr 1998-ci ildə qeydiyyatdan keçib. Reyestrdəki bəyannamədə şirkətin 5 real sahibi haqda məlumat verilir. 

Beləliklə, şirkətin 1-ci real sahibi Siman Povarenkindir ki,  29 sentyabr 2010-cu ildən etibarən ona səhmlərin 50,3%-i məxsusdur. Povarenkin Direktorular Şurasının üzvüdür.

İkinci real şəxs rusiyalı milyarder Roman Troçenkodur ki, (“Forbes” 2020-ci ildə onu Rusiyanın 75-ci ən varlı şəxsi elan etmişdi), o, 27 mart 2019-cu ildən etibarən səhmlərin 48,18%-nə sahib olub.

Şirkətdə 3-cü şəxs Rusiya vətəndaşı, “GeoProMining” şirkətlər qrupunun baş direktoru Roman Xudoliydir. Bəyənnamədə onun nə qədər pay sahibi olduğu göstərilməyib.

Dördüncü pay sahibi, Rusiya vətəndaşı, “GeoProMining Gold”-un baş direktoru Anatoli Qoqotindir. Onun haqqında da bəyannamədə məlumat verilmir.

Nəhayət, beşinci şəxs, Rusiya vətəndaşı, “GeoProMining” şirkətinin maliyyə direktoru Oleq Belyayevdir.

Bununla da şirkətin səhmlərinin 1,5%-nə sahib olan şəxslərin kimliyi gizli saxlanılır.

Bəyannamədən bəlli olur ki, Simon Povarenkinin əlaqələndirici şirkətləri Böyük Britaniyanın “Geiser Asset Holdings LTD (BVL)”,

Kiprin “Geopromining Investment (SIP) Limited”

və Niderlandın “Carlow BV” şirkətləridir.

“Geopromining Investment (SIP) Limited” və “Carlow BV” şirkətləri eyni zamanda Roman Troçenkonun da əlaqələndirici şirkətləridir. Troçenkonun üçüncü əlaqələndirici şirkəti Kiprin “Nakilep Overseas Limited” şirkətidir.

Bu şirkətlə bağlı maraqlı və diqqətçəkici hadisə 2024-cü ilin noyabrında qeydə alınıb. Medianın verdiyi məlumata görə, “GeoProMining Gold” şirkətinin yeni səhmdarları üzə çıxıb. Bu, 16 aprel 2023-cü ildə Ermənistanda qeydiyyatdan keçən “Neo Metals” şirkətidir. “Neo Metals”ın səhmdarı isə Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) qeydiyyatdan keçən “Neo Metals Holding LTD” şirkətidir. Bəyannaməyə görə, “Neo Metals Holding LTD”-nin hər birinin payı 18,15% olan beş səhmdar tərəfindən idarə olunur. Onlar hamısı Rusiya vətəndaşlarıdır. Onlardan ikisi tanınmış şəxslərdir: Mirzəəziz Musaxanov və Yelena Yerşova. Digər üç səhmdar Troçenkoya yaxınlıqları ilə tanınırlar: İrina Qorşkova, Evgeniya Vasilyeva və Aleksandr Trunov.

Açıq mənbələrdə qeyd olunan məlumatlara görə, Ermənistanda qeydiyyatdan keçən “Neo Metals” ASC-nin direktoru Rusiya vətəndaşı Bahromjon Abduqaniyev təyin olunub. Bu şəxsin “Linkedin”-dəki hesabında onun “Novaport” şirkətinin maliyyə direktoru olduğu yazılıb.  Rusiyada əyalət hava limanlarının idarəedilməsi ilə məşğul olan “Novaprot” Roman Troçenkonun sahibi olduğu "АЕОN Corporation”-a daxildir.

2023-cü ilin məlumatına görə, Troçenko “АЕОN Corporation” nəzarət paketini satıb, özünə yalnız 31% səhmləri saxlayıb. Amma “Novaport”-un bu alqı-satqıda kənarda saxlanıldığı qeyd edilir. Məlumatlara görə, Troçenko yaxın dostlarından birinə “Rusiyadan qaçmaq” məsləhəti verdiyi haqda səs yazısından sonra Rusiyadan birdəfəlik getmək barədə düşünür. Onun RF rəhbərliyi ilə münasibətlərinin korlandığı və şirkətlərinə qarşı təqiblərin başladığı bildirilir.

Qeyd edək ki, Troçenkonun üzünə Aİ qapıları da bağlanıb. “Novaport” Aİ sanksiyaları altındadır və R.Troçenko Rusiyanın böyük neft şirkəti olan “Rosneft”-in prezidentinin müşaviri olduğu üçün eyni aqibəti yaşayır. 

“AEON Corporation”-nın nəzarət payının satışı ilə bağlı şübhəli sövdələşmə hesab edilsə də, əslində bu pay şirkətin idarəetmə komandasına - baş direktor Dmitri Mironenkoya və Trotçenkonun kömür biznesinin meneceri Aleksandr Orexova satılıb.

Görünür, o, Ermənistandakı vəsaitləri ilə də eyni hərəkəti edir, onları özünə yaxın adamlar arasında bölüşdürür. Məhz buna görə də maliyyə məsələlərini meneceri Baxromjon Abduqaniyevə həvalə etməsi heç də təsadüfi deyil.

“Neo Metals Holding LTD”, eyni zamanda, RF-də qeydiyyatdan keçmiş, Evgeniya Vasilyevanın rəhbərlik etdiyi  MMC-nin də səhmdarıdır. Evgeniya Vasilyeva isə Troçenko şirkətlərindən birini idarə edir.

Mədən Hasilatında Şəffaflıq Təşəbbüsünün məlumatlarına görə, 2020-2021-ci illərdə “GeoProMining Gold” şirkətinin əsas ixrac hədəfi BƏƏ olub. Həmin vaxta qədər isə məhsul ixrac edilən ölkələr siyahısına İsveçrə başçılıq edib. 

Qeyd edək ki, Rusiya hüquqi şəxslərin reyestr xidmətinin məlumatlarına görə, “Alru” adlı şirkət elə Niderlandda qeydiyyatdan keçən “Carlow B.V.” şirkətidir.

“GeoProMining” Rusiyaya qarşı sanksiyaların bir detalı kimi

Məlumdur ki, 23 fevral 2024-cü ildə rəsmi Vaşinqton Rusiyanın Ukraynaya qarşı başladığı müharibənin ildönümündə yeni anti-Rusiya sanksiyalar paketinin tətbiqini elan etdi. ABŞ-nin Maliyyə, Ticarət və Dövlət Departamentləri tərəfindən hazırlanan Paketə 500-dən çox fiziki və hüquqi şəxsi daxil ediblər.

ABŞ Xəzinədarlığı bəyan edib ki, məhdudiyyətlər Rusiyanın maliyyə sektorundakı şirkətlərə, eləcə də sanksiyalar rejimindən yan keçməyə yardım edən Avropa, Şərqi və Mərkəzi Asiya və Yaxın Şərq şirkətlərinə şamil edilir. Məhdudiyyətlər siyahısına Rusiyanın hərbi-sənaye kompleksi ilə bağlı yüzlərlə şirkət də daxil edilib.

Sanksiyalar vasitəsilə ABŞ siyahıda adı çəkilən şirkət və şəxslərin ölkəyə girişini, o cümlədən maliyyə və digər əməliyyatlarını, iqtisadi əlaqələri, ticarət dövriyyəsini və s. məhdudiyyətlər qoyur. Başqa sözlə, adıçəkilən şirkətlər və fiziki şəxslərin fəaliyyətini və Rusiya hərbi sənayesini bu və ya digər şəkildə dəstəkləmək imkanlarını məhdudlaşdırmaq, Rusiya iqtisadiyyatına zərbə vurmaq üçün onların əlaqələri dondurulur.

Yeni sanksiyalar paketinə Rusiyanın mədən şirkəti olan “GeoProMining” də daxil edilib.

“Hetq” saytı yazır ki, rusiyalı milyarder Roman Troçenkonun oğlu Qleb Troçenko 2023-cü ilin oktyabr ayına qədər həm “GeoProMining Gold” MMC-nin, həm də “Zəngəzur Mis-Molibden Zavodu” QSC-nin səhmdarı olub. 2023-cü ilin sonunda həm Roman Troçenkoya, həm də Qleb Troçenkoya məxsus şirkət ABŞ sanksiyalarına məruz qaldığı üçün kiçik Troçenko “GeoProMining Gold” MMC və ZMMK-nin səhmdarlarının sırasını “könüllü” tərk edib.

Məsələ bundadır ki, hər iki şirkətdə Qleb Troçenkonu bu ailəyə yaxın şəxs ‒ Rusiya vətəndaşı Svetlana Yerşova əvəzləyib. Təbii ki, bu addım tətbiq edilən sanksiyalarla əlaqəli olub. Troçenko Ermənistanın aktivlərini tərk edib ki, bu şirkətlər sanksiyaların tətbiqindən yan keçə bilsinlər.

Hazırda “GeoProMining Gold” və Zəngəzur Mis-Molibden Kombinatında pay sahibi olan Svetlana Yerşova Troçenkoya məxsus və ya onlarla əlaqəli çoxsaylı şirkətlərdə yüksək vəzifələr tutur. Hətta bəzi şirkətlərin sahibi kimi də fəaliyyət göstərir. Rusiyanın “Vedomosti”nin yazdığına görə, 2019-cu ilə olan məlumata görə, Svetlana Erşova Roman Troçenkonun biznesində məşhur olan “Profi” şirkətinin 99,01%-nə sahib olub.

Son beş il ərzində onun eyni vaxtda tutduğu yüksək vəzifələr arasında “AEON” Korporasiyasının (AEON İnfrastruktur Korporasiyası MMC) hüquq məsələləri üzrə direktoru vəzifəsi də olub. Bunu Rusiya mətbuatında gedən çoxsaylı məqalələr sübut edir.

“GeoProMining”dən başqa sanksiya tətbiq olunan digər şirkət də Troçenko ailəsi ilə bağlıdır. Bu,  adını qeyd etdiyimiz “AEON Mining” şirkətidir. Rusiya mənbələrinə görə, bu şirkət Roman Troçenkonun biznes imperiyasının bir hissəsidir. 2023-cü ilin sonlarında Roman Troçenko qeyd edilən holdinqə daxil olan “AEON Corporation” adlı infrastruktur korporasiyasının səhmlərinin 69%-ni satıb. Amma araşdırmalar nəticəsində bəlli olub ki, alıcılar kənar adamlar deyil, həmin korporasiyanın yüksək vəzifəli şəxsləridilər. Qeyd edək ki, “AEON Mining”in səhmdarlarının dəyişməsi ilə bağlı məlumat tapa bilmədik.

3-cü şirkət: “Agarak CMC LLC” (Əkərək Mis-molibden Kombinatı)

"Agarak” MMC 12 may 1995-ci ildə qeydiyyatdan keçmiş Rusiyanın “GeoProMining” qrupunun aktivlərindən biridir. Şirkətin birinci, ikinci və üçüncü benefisiar sahibləri Sotk (Zod) qızıl mədənini idarə edən “Geopromining Gold” MMC-nin ilk üç benefisiar sahibləridir.

Beləliklə, ilk real sahibi 29 sentyabr 2010-cu ildə şirkətin səhmlərinin yarısından çoxunu (50,32%) əldə edən rusiyalı iş adamı Siman Povarenkindir. Şirkətin ikinci real sahibi 27 mart 2019-cu il tarixdə şirkətin səhmlərinin 48,18%-nə əldə edən isə yenə də adını dəfələrlə qeyd etdiyimiz Roman Troçenkodur.

Üçüncü real sahib “GeoProMining” şirkətlər qrupunun baş direktoru Roman Xudoliydir. Bəyannamədə onun payı haqqında məlumat yoxdur.

Bəyannamədə yuxarıda göstərilənlərdən əlavə daha iki ad da qeyd olunub: "Agarak” MMC-nin baş direktoru Andrey Sinyakov və “GeoProMining”-də biznes planlaşdırma, strategiya və inkişaf direktoru olan Andrey Kişkinski. Bəyannamədə bu iki şəxsin də payları barədə məlumat yoxdur.

Beləliklə, “GeoProMining Gold” və “Agarak” MMC-nin təxminən 1,5% səhmlərinin həqiqi sahibi naməlum olaraq qalır.

4-cü şirkət. “Lydian Armenia”

ABŞ-nin Cersi adasında qeydiyyatdan keçmiş, böyük mədən şirkəti “Lydian International”-ın törəmə şirkəti olan “Lydian Armenia CJSC” (əvvəlki adı “Geoteam CJSC”-dir) Amulsar (Amuldağ) qızıl ehtiyatları mədəninin istismarına məsul şirkətdir.

Haqqında çox az informasiya olan və Ermənistan hökuməti və mediası tərəfindən maksimum dərəcədə gizli saxlanılan kommersiya qurumlarındandır.

Şirkət təqdim etdiyi 13 oktyabr 2005-ci il tarixli qeydiyyat bəyannaməsində əsl sahibi kimi yalnız bir nəfəri - Ermənistan vətəndaşı və şirkətin icraçı direktoru Hayk Aloyanı göstərib. Aloyanın payı və səhmlərin alınma vaxtı haqda məlumat isə təbii olaraq göstərilmir.

Bəyannaməyə əsasən, Avropa Yenidənqurma və İnkişaf Bankı digər şəxs/şəxslərlə birgə şirkətdə xüsusi iştiraka malik olub. Lakin burada da iştirakın həcmi və digər adlar açıqlanmır. Sadəcə olaraq bir qeyd var: “Məlumat verilə bilməz”.

Qeyd edək ki, Ermənistan ədliyyə nazirinin 5 fevral 2020-ci il tarixli 36 nömrəli əmrinə əsasən, fiziki şəxs və ya əlaqəli şəxs (siyasi təsirə malik şəxs olduqda) şirkətin nizamnamə kapitalının ən azı 10%-nə nəzarət edən və ya ona sərəncam verən şəxs həqiqi mülkiyyətçi sayılır. “Lidiyan Armena”nın təqdim etdiyi bəyannaməyə əsasən, şirkətin səhmlərinin 10 faizdən az olması və bir çox şəxslər/təşkilatlar arasında bölüşdürülməsi mümkündür ki, bu da real sahibləri gizlətmək üsulu sayıla bilər.

Amuldağ həcminə görə Zod yatağından sonra ikinci böyük mədən hesab olunur.

Ermənistanın keçmiş iqtisadiyyat naziri Vaan Kerobyan bildirmişdi ki, əgər mədən fəaliyyətə başlayarsa Ermənistan təkcə bu yataqdan illik 103 mln. dollar qazanc əldə edə bilər. 

Mədən ətrafından ictimai qarşıdurmalar Ermənistanda 2018-ci ildə baş verən çevrilişdən sonra başlayıb. O zaman yerli sakinlər, ekoloji fəallar mədənə gedən yolları bağlamış, bununla da Avrasiya İnkişaf Bankı, mədənin fəaliyyət göstərməsini dəstəkləyənlər və Ermənistan hökuməti ilə əleyhdarlar arasında böyük qarşıdurma yaranmışdır. “Lydian” Amuldağda qazıntı işlərinə 2016-cı ildə başlasa da, tikinti işləri yaxınlıqda yaşayan sakinlərin və ekoloqların davamlı etiraz aksiyalarına görə dəfələrlə təxirə salınıb.

Erməni rəsmiləri fəaliyyəti ekoloji mübahisələrə görə uzun müddət dondurulmuş Amuldağ (Amulsar) mədəninin fəaliyyətinin ötən ilin sonlarında, bu ilin əvvəlində başlayacağını bildirirdilər.

Ötən il Ermənistan hökuməti “Lydian” şirkəti və Qazaxıstanda yerləşən, lakin Rusiya bankı olan Avrasiya İnkişaf Bankı ilə 250 milyon dollarlıq memorandum imzalayaraq dondurulmuş prosesi hərəkətə gətirməyə çalışıb. Bu sövdələşmə ilə “Lydian” mədənin istismarından əldə olunan gəlirin 12,5%-ni Ermənistan hökumətinə verməyə məcbur edilib və bu ilin əvvəlində artıq ilk gəlirini götürüb.

Araşdırma zamanı maraqlı bir məqam diqqətimizi cəlb edib. Ermənistanda dağ-mədən sənayesi sahəsində fəaliyyət göstərən şirkətlərin əksəriyyəti Rusiya, Almaniya, Kipri təmsil edir deyə Qərbyönümlü media bu şirkətlərin korrupsiya ilə məşğul olduğunu açıq bildirirlər. Tək bu şirkətdən başqa. Hətta ABŞ səfiri Amuldağ layihəsini “ABŞ-nin Ermənistana yatırdığı ən böyük sərmayə kimi xarakterizə edib.

5-ci şirkət: “Ler-X”

Qərbi Zəngəzurda yerləşən Xankəsər (Hanqasar) mis-molibden yatağını istismar edən “Ler-X” ASC-nin Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Reyestrində qeyd olunan məlumatlarında göstərilir ki, şirkət 23 avqust 1999-cu ildə qeydiyyata alınıb. 2008-ci ildə şirkətə 22 illik "mədən lisenziyası" verilib. 

Şirkət Sünik vilayətinin keçmiş qubernatoru Suren Xaçatryana məxsus olub və bir müddət (2010-2012) “Zəngəzur Mis-Molibden Zavodu” QSC 100% səhmdarı olub (ZMMK-nin təqdim etdiyi bəyannaməyə bax). Bu şirkətin 5 səhmdarı eynilə ZMMK-nin səhmdarları olduğu, adlar təkrarlandığı üçün əvvəlki siyahıda adı çəkilməyən altıncı real sahibi, Ermənistan Respublikasının vətəndaşı, “Ler-X” MMC-nin direktoru Suren Voskanyanı qeyd edirik. Onun iştirak payı ilə bağlı heç bir məlumat yoxdur.

Beləliklə, bəyannamədə şirkətin səhmdarlarının cəmi 37,5%-i göstərilib. Bildirilir ki, yerdə qalan 62,5 faiz “Zəngəzur Mis-Molibden Zavodu” QSC-yə məxsusdur, fiziki şəxslərin adları isə açıqlanmır.

Baxmayaraq ki, “Ler-X” 2014-cü ildə mədənin fəaliyyətini dayandırıb, şirkətin icazəsinin indiyə qədər ləğv edilməməsi səbəbi hələ də bəlli deyil.

ZMMK-nin 2019-cu il hesabatında deyilir ki, Xankəsər mədənindən əldə olunmuş və sonradan dondurulmuş 2,4 milyard dram vəsait müəmmalı şəkildə silinib və yekun nəticə haqda heç bir məlumat verilmir.

Xankəsər mis-molibden yatağı Ermənistanda ən zəngin mis və molibden yataqlarından biridir. Mədən açıq üsulla istismar olunur ki, bu da emaldan sonra daha çox tullantının təbiətə atılması ilə nəticələnir. Hazırda mədən bağlıdır və tullantıların məhv edilməsi, ərazinin yenidən bərpası prosesi gedir.

6-cı şirkət “Axtala Mədən Emalı Kombinatı” QSC

“Axtala Mədən Emalı Kombinatı" QSC Lori vilayətində yerləşən Şamlıq mis yatağının istismarına cəlb olunub. Bu haqda Ədliyyə Nazirliyinin Hüquqi Şəxslərin Reyestrindəki bəyannamədə qeyd edilib.

“Axtala Mədən Emalı Kombinatı” QSC 26 oktyabr 2002-ci ildə qeydiyyatdan keçib. Bəyannamədə 2 real sahibinin olduğu qeyd edilib.

İlk real sahibi Vahe Hakopyandır. Bəyannaməyə görə, o, "Respublika Partiyası"nın üzvü, biznesmen, keçmiş deputatdır (2004‒2013-cü illərdə parlamentin üzvü olub). Vahe Hakopyan həm də şirkətin İdarə heyətinin üzvü, şirkətin idarəetmə orqanlarına daxil olan şəxsləri vəzifəyə təyin və ya vəzifədən azad etmək səlahiyyətinə malik olub. O, Sünik şəhərinin keçmiş qubernatoru, Zəngəzur Mis-Molibden Kombinatının keçmiş direktoru Maksim Hakopyanın oğludur. 

Bir vaxtlar Ermənistanın mədən sektorunda söz sahiblərindən olan Maksim Hakopyan Zəngəzur Mis-Molibden Kombinatının baş direktoru və 12,5 faizlik səhmlə səhmdarı olub. 2014-cü ilin yazında ZMMK-nin 60%-i Almaniyanın “Cronimet Mining” şirkətinə satıldığı zaman Maksim Hakopyan baş direktor vəzifəsindən uzaqlaşdırılıb.

Şirkətin ikinci real sahibi, baş direktor Samvel Xaçatryandır.

Bəyannamədə Vahe Hakopyanın maraqlarından çıxış edən yalnız bir vasitəçi şirkət – “MASCO MİNE” QSC göstərilir. Şirkət “Axtala Mədən Emalı Zavodu” QSC-nin nizamnamə kapitalında birbaşa paya malikdir.

7-ci şirkət- “Chaarat Kapan”

“Chaarat Kapan” Qərbi Zəngəzurdakı Şahamyan qızıl-polimetal yatağının istismarı ilə məşğul olub.  Ədliyyə Nazirliyi Hüquqi şəxslərin Dövlət Reyestrinə yüklənmiş bəyannaməyə görə 16 iyul 2004-cü ildə qeydiyyata alınıb. Şirkətin səhmlərinin 100%-i “Chaarat Gold International LTD”-yə məxsusdur. 

Bəyannamədə şirkətin dörd benefisiar sahibi qeyd olunsa da, yalnız birinin iştirak ölçüsü göstərilib:

İlk benefisiar sahibi İsveç vətəndaşı Martin Anderssondur. O, 30 yanvar 2019-cu ildə aldığı 35,15% səhmlərə malikdir. Martin Andersonun vasitəçi şirkəti kimi Kiprdə qeydiyyatda olan “Chaarat Gold International Limited” və Bermud adalarında qeydiyyatda olan “Labro Investments Limited” şirkətləri göstərilir.

İkinci benefisiar mülkiyyətçi Ermənistan Respublikasının vətəndaşı, “Çaarat Qafan” QSC-nin baş direktoru David Tovmasyandır, amma onun sahib olduğu səhm payı haqqında məlumat yoxdur.

Üçüncü benefisiar Rusiya vətəndaşı Sergey Jukovdur. O, həm də şirkətin Direktorlar Şurasının üzvüdür. Bəyannamədə onun da payı barədə məlumat yoxdur.

Şirkətin açıqlanan dördüncü sahibi Britaniya vətəndaşı Darin Kuperdir. Onun da malik olduğu pay naməlumdur. Kuper də şirkətin Direktorlar Şurasının üzvüdür.

Beləliklə, şirkətin qalan 64,85% səhmləri ilə bağlı məlumat yoxdur.

Britaniyanın Virciniya adalarında yerləşən “Chaarat Gold Holdings” MMC şirkəti London Birjasında qeydiyyata alınıb.

Qeyd edək ki, “Chaarat” Şahumyan qızıl-polimetal mədəninin dördüncü operatorudur.

Əvvəllər mədən İsveçrənin “Deno” şirkəti, sonra Kanadanın “Dundee Precious Metals” şirkəti, daha sonra isə Rusiyanın “Polymetal International” şirkəti tərəfindən idarə edilib. Rusiya şirkəti mədəni 25 milyon dollara alıb və 55 milyon dollara “Chaarat”a satıb

2023-cü ildə "Chaarat Kapan" öz paylarını 55,4 milyon dollara "Gold Mining Company" MMC-yə satıb. “Gold Mining Company” MMC həm də “Qafan” kombinatını emal üçün filizlə təmin edən "Liçkvaz-Tey" mədənini idarə edir. Qeyd edək ki, "Liçkvaz-Tey" qızıl mədəninin torpaq idarə etmək hüququ “Liçkvaz” QSC-yə məxsusdur. “Liçkvaz” QSC -nin sahibi Ermənistan vətəndaşı Sasun Avetisyan həm də 2 avqust 2023- cü ildə yaradılan “Gold Mining Company” MMC-nin sahibidir. Hər iki şirkət eyni ünvanda qeydiyyatdadır.

8-ci şirkət: “Tatstone LLC”

Qərbi Zəngəzurdakı Liçk mis mədəninin istismarı ilə məşğul olan “Tatstone LLC” şirkəti 1 iyul 2003-cü ildə qeydiyyatdan keçib.

Bəyannamədə şirkət üç benefisiar sahibini göstərib ki, onlardan ikisi birlikdə şirkətin səhmlərinin 98%-nə sahibdir.

Şirkətin ilk benefisiar sahibi 26 iyul 2018-ci il tarixində səhmlərin 50%-ni əldə edən Ermənistan Respublikasının vətəndaşı Aram Səfəryandır. O, şirkətin fəaliyyətində birbaşa iştirak edir və səhmdarların Ümumi Yığıncağının üzvüdür.

Şirkətin ikinci benefisiar sahibi 48%-lik səhmə malik  Avstriya vətəndaşı Mixail Mogilevskidir ki, o, 5 ay sonra (28 dekabr 2018-ci ildə) səhmləri Səfəryandan alıb.

Şirkətin üçüncü benefisiar sahibi Ermənistan vətəndaşı, şirkətin icra orqanının rəhbəri Levon Poqosyandır. Bəyannamədə Poqosyanın payı barədə məlumat yoxdur.

Hazırda şirkətin səhmlərinin 2%-nin kimlərə məxsus olduğu məlum deyil.

Onu da qeyd edək ki, səhmlərin real sahibləri şirkətdə mineral hasilat dayandırıldıqdan sonra, 2018-ci ilin mayında Ermənistanda baş verən çevrilişdən sonra peyda olublar.

Bəyannamədə vasitəçi şirkətlər zənciri əsasən Mixail Mogilevskinin ətrafında dövr edir. Mogilevskinin vasitəçi şirkətləri qismində iki erməni ("Red Metal" QSC və "Linne Mining" MMC) və iki Kipr şirkəti ("CII Clay Industries International Limited" MMC və "Avander Holding Limited" MMC) var. (mənbə) İsveçrə şirkətinin veb-saytını araşdırarkən bu nəticəyə gəlinir ki, o, vasitəçi rolunu yerinə yetirib, faktiki olaraq səhmdarların kimliyini gizlətmək və qeyri-qanuni yollarla əldə edilən çirkli pulların yenidən bölüşdürülməsi üçün yaradılıb.

Liçk mədəni fəaliyyətini Ermənistanın baş naziri Nikol Paşinyanın ölkədəki mədənlərdə auditin aparılması barədə göstəriş verməsindən sonra dayandırıb.

Qeyd edək ki, “Tatstone” MMC-nin “Ayqedzor” mis-molibden mədəninin Tehut hissəsinin istismarına icazəsi var. İcazə şirkətin Liçk mədəninə dair müqavilə imzaladığı gün verilib. "Ayqedzor" mədəni hal-hazırda işləmir. 2022-ci ilin mayın 7-dən etibarən Ermənistan hökuməti “Tatstone”-nun səhmlərini dondurub.

9-cu şirkət: “Teghut Investments”

2006-cı il mayın 22-də qeydiyyatdan keçmiş və “Vallex” şirkətlər qrupuna məxsus “Teghut” QSC Ermənistanda ikinci ən böyük mis-molibden yatağı olan Tahut yatağının istismar edir.

“Vallex Group”un rəhbəri Valeri Mejlumyan və onun yaxın partnyoru, İsveçrə vətəndaşı, “Base Metals”ın sahibi və rusiyalı milyarder Ruben Vardanyanın dostu Vartan Sirmakesdir. Teghout” QSC-nin səhmdarı olan “Vallex” Ermənistanın bir neçə mədən şirkətində səhm sahibi olub. Səhmlərinin mütləq əksəriyyəti Valeri Mejlumyana məxsus “Teghout Investments Limited”, eyni zamanda, “Ermənistan Mis Proqramı” QSC-yə də sahibdir. “Alaverdi” Misəritmə Zavodu da “Ermənistan Mis Proqramı" QSC-yə daxildir. Qacaran Mis-Molibden Müəssisəsindən sonra ikinci ən böyük molibden yataqlarına sahib olan Mejlumyan və Sirmakes uzun illərdir ki, Ermənistanın sənaye bossları kimi tanınırdılar. mənbə


“Teghout” QSC həm də “VTB Bank”-ın Ermənistandakı törəmə şirkətidir. Yunan Kiprində qeydiyyatdan keçmiş şirkətin 50,05% QSC-nin səhmdarlarına, 49,95% isə  “VTB”nin “Nairi Infrastructure Capital Ltd” hüquqi şəxsinə məxsusdur. “Teghout” bir neçə il əvvəl maliyyə böhranı ilə üzləşdiyi vaxt (2017-ci il) Danimarkanın İxrac Kredit Agentliyindən (EKF) borc istəyib. EKF şirkətin ərazidəki suyu çirkləndirdiyinə, daha doğrusu Araza tökülən çayları tullantılarla zəhərlədiyinə və beynəlxalq ekoloji normaları pozduğuna görə kredit verməkdən imtina edib. Nəticədə Vartan Sirmakes səhmlərinin böyük bir hissəsini “VTB Bank”-a təhvil verməyə məcbur olub.

Bir sözlə, “Vallex Group” və “VTB Bank” ailəsində aid səhmdarları tabeliyində olan sənaye müəssisələrinin tullantıları ilə Arazı zəhərləyən çayların çirklənməsində məsuliyyət daşıyır. 

Son dövrlərdə elan olunan maliyyə bəyannaməsində yeni benefisiar sahiblər arasında şirkətin səhmlərinin 50,05 %-nə sahib olan iki fiziki şəxsin, eləcə də əksəriyyəti Kiprdə qeydiyyatdan keçmiş bir sıra hüquqi şəxslərin adları qeyd olnub. 

Beləliklə, şirkətin ilk benefisiar sahibi Ermənistan vətəndaşı Norik Petrosyandır, o, 2019-cu il dekabrın 20-də şirkətin səhmlərinin 25,05%-ni alıb. O, şirkətin İdarə heyətinin üzvüdür və idarəetmə orqanlarına daxil olan şəxsləri vəzifəyə təyin və ya vəzifədən azad etmək səlahiyyətinə malikdir.

İkinci real sahib isə şirkətin səhmlərinin 25%-nə sahib olan Rusiya vətəndaşı Pavel Koriçnevdir. Bəyannamədə onların bu səhmləri nə vaxt əldə etdiyi göstərilmir. Yalnız qeyd olunub ki, o, cəmiyyətin səhmdarlarının ümumi yığıncağının üzvüdür və cəmiyyətin idarəetmə orqanlarına daxil olan şəxsləri vəzifəyə təyin və vəzifədən azad etmək hüququna malikdir.

Norik Petrosyan “Teghut Investments Limited” vasitəsilə “Sunarto” MMC və “Westrock Development” MMC-nin xidmətlərindən vasitəsçi şirkət kimi yararlanıb. Hər iki şirkət Kiprdə yerləşir. Pavel Koriçnevin bəyannaməsində isə vasitəçi şirkətlər göstərilmir.

“Sunarto” MMC şirkətdə siyahıya alınmış səhmləri olan bir nömrəli aralıq hüquqi şəxsdir. Bəyannamədə Kipr şirkətləri zənciri siyahıya alınmış adları açıqlanmayan ikinci dərəcəli hüquqi şəxs tərəfindən genişləndirilir.

Aşağıdakı şirkətlər N2 birjasında siyahıya alınmış hüquqi şəxslər üçün vasitəçi qismində çıxış ediblər: Kiprdən “Teghut Investments Limited”, “Nairi Infrastructure Capital Limited”, “ATS Nominees Limited”, “VTB Capital P Investment Holding” və Rusiyadan “VTBS Capital Finance (ETBAGquity)” MMC və “VTB Bank” QSC.

(ardı var)

Növbəti yazıda: Arazın çirklənməsində iştirak edən digər şirkətlər “Assat LLC”, “AT Metals”, “Litchqvaz CJSC”, “Meghradzor Gold”, “Molibdeni Ashkhar”, “MultiGroup Concern”, “Paramount Gold Mining”, “Red metals”, “Sagamar”, “Dəstəyurd Mis-Molibden Kombinatı” və “Razdan Dəmir mədəni” haqda məlumat verəcəyik.