Bu günlərdə dərc olunmuş “Qlobal Sülh İndeksi” (“Global Peace Index” - GPİ) hesabatına əsasən, Azərbaycan dünyanın ən təhlükəsiz ölkələrinin sıralanmasında 97-ci yerdə qərarlaşıb. Cənubi Qafqazın digər ölkələri olan Gürcüstan və Ermənistan isə reytinq cədvəlində daha yaxşı əmsalla irəlidə göstərilib.
İqtisadiyyat və Sülh İnstitutu (IEP) tərəfindən hazırlanmış “Qlobal Sülh İndeksi” (GPI Global) dünya ölkələrində ictimai-siyasi təhlükəsizlik, daxili və beynəlxalq münaqişənin miqyası, terror hadisələri, ölümlər, kriminogen vəziyyət, demokratik mühit, insan haqları, fikir plüralizmi, xarici qonaqların təhlükəsizliyi ilə bağlı sabitlik potensialı, eləcə də investorların fəaliyyəti ilə bağlı yaradılmış münbit şəraiti və digər meyarları əks etdirir. economicsandpeace
Yuxarıda qeyd edilən indekslərin böyük əksəriyyətinin təhlili üzrə vəziyyət Cənubi Qafqaz regionunda Ermənistan və Gürcüstanda durumun daha pis olduğunu, risklərin artdığı söyləməyə ciddi əsaslar verir. Xüsusilə də hesabatda əsas indikatorlardan biri olan “daxili və xarici təhdidlər” meyarlarına görə hər iki dövlətin mövcud vəziyyətinin ürəkaçan olmadığını görmək mümkündür. Həmin mənzərəni daha aydın təsvir etmək üçün bir sıra əsaslı faktlara müraciət edək.
2024-cü ildə Ermənistanda 40 min 232 cinayət hadisəsi baş verib ki, xüsusi ağır cinayətlər üzrə hallar əvvəlki illə müqayisədə 422 say və ya 25,1 faiz artıb. arminfo
Bu ölkədə ictimai-siyasi təqiblər son illərdə azalmaq əvəzinə artmaqda davam edir. Bu günlərdə “Ana Ermənistan” fraksiyasının üzvünün ailəsinə qarşı növbəti hücum da kriminal qruplar tərəfindən siyasi təqiblərin ənənə halı aldığını göstərir. Belə ki, fraksiyanın üzvü Gevork Stepanyanın həyat yoldaşının avtomobilinin yandırılmasının arxasında siyasi motivlərin dayanması Stepanyanın yaydığı bəyanatda da əks olunub. news.am
Ermənistanın Ombudsman Aparatının 2024-cü ilə dair hesabatında insan haqlarının pozulması, hüquq müdafiəçilərinin fəaliyyətinin məhdudlaşdırılması, sosial-iqtisadi hüquqların müdafiəsi sahəsində vəziyyətin pisləşməsi, insanların dinc toplaşmaq azadlığına qarşı maneələrin artması və digər məsələlər əks olunub. Eləcə də ölkədəki milli azlıqların hüquqlarının pozulması, başqa xalqlara qarşı ayrı-seçkiliyə yol verilməsi narahatdoğurucu hallar kimi qiymətləndirilib. arminfo
Ermənistanda məişət zorakılıqları da artmaqda davam edir. Baş Prokurorluğun illik hesabatına əsasən, 2024-cü ildə 1360 məişət zorakılığı faktı qeydə alınıb. Bunun 1100-ü (81 faiz) fiziki və psixoloji zorakılıq halları ilə bağlıdır. 2024-cü ildə fiziki zorakılıq halı da artaraq 934-ə çatıb ki, bu da 2023-cü illə müqayisədə (372) 151 faiz artım deməkdir. 2024-cü ildə 166 psixoloji zorakılıq halı qeydə alınıb. 2023-cü ildəki 46 hadisə ilə müqayisədə bu, 120 hadisə və ya 261 faiz çoxdur. Məişət və ya ailə zorakılığı hesab edilən qətl və sağlamlığa qəsdən ağır zərər vurma hallarında da artım qeydə alınıb. 2024-cü ildə məişət zorakılığı səbəbindən 13 qətl hadisəsi baş verib ki, bu da bir əvvəlki ilə nisbətən xeyli artımdır.jam-news
Bu dövlətin gender siyasəti də acınacaqlı durumdadır. BMT-nin Qadınlara Qarşı Ayrı-seçkiliyin Aradan Qaldırılması üzrə Komitəsi 2022-ci ilin noyabrında Yekun Müşahidələrində Ermənistanı qadınların hakimiyyətin bütün qollarında daha yaxşı təmsil olunmasını təmin etməyə, hüquqi bərabərlik haqqında qanunun qəbulunu tezləşdirməyə və “mahiyyətcə bərabərlik” modelini qəbul etməyə çağırıb. O, həmçinin hakimiyyət orqanlarını məhkəmə və hüquq-mühafizə orqanlarında davamlı gender stereotiplərini aradan qaldırmağa, qadınlara qarşı gender əsaslı zorakılığın bütün formalarını cinayət məsuliyyətinə cəlb etməyə və bütün məişət zorakılığı hallarının səmərəli araşdırılmasını təmin etməyə çağırmışdır. Bu çağırışın nəticələri 2024-cü ildə də dəyişməz olaraq qalıb. hrw
Polisin öz vəzifəsindən sui-istifadə edərək vətəndaşlara qarşı amansız davranışı və bunun müqabilində cəzasızlığı, eləcə də güc orqanlarının inzibati imkanlarından istifadə edərək insanların hüquqlarını davamlı olaraq pozması Ermənistanda ictimai mühitin gərginliyindən xəbər verir. Polis “narkotik maddə axtarışı” adı altında xidmət və iaşə sektorunda çalışan sahibkarları incidir, işçilərə və qonaqlara qarşı güc tətbiq edir. İfadə və məlumat azadlığının pozulması adi hala çevrilib, diffamasiya dekriminallaşdırılsa da, siyasətçilər və özəl bizneslər tez-tez jurnalistlərə və media orqanlarına qarşı mülki işlər qaldırır, onları uzun sürən məhkəmə çəkişmələrinə sürükləyir və ağır maliyyə cəzaları ilə hədələyir. Hakimiyyətin öz siyasi rəqiblərinə qarşı amansız rəftarı, qeyri-demokratik mübarizə üsullarından geniş istifadə və bu proseslərdə hüquq-mühafizə orqanlarının gücünə arxalanaraq siyasi sabitliyi qorxu və güc altında qorumaq Ermənistanın xarakterik idarəçiliyini əks etdirir.
Ermənistan monoetnik ölkə hesab edilir, burada yaşayan azsaylı xalqlara qarşı təqiblər dövlət siyasətinə çevrilib. 1988-1989-cu illərdə Ermənistanın yerli əhalisini təşkil edən azərbaycanlıların zorla deportasiyasından sonra indiki Ermənistan faktiki olaraq dünyada yeganə monoetnik dövlətə çevrilib. Bunun səbəbi heç kimə sirr deyil: ölkədə etnik azlıqların normal yaşaması üçün lazımi hüquqi şərait yoxdur. Avropa Şurasının Etnik Azlıqların Müdafiəsi üzrə Çərçivə Konvensiyasının Məşvərət Komitəsinin dərc olunmuş hesabatında qeyd olunur ki, əhalinin əksəriyyəti və Ermənistan hakimiyyəti bu ölkənin monoetnikliyi ilə bağlı eyni fikirdədir. Ölkədəki vəziyyət etnik azlıqların mədəniyyətlərinin və dillərinin inkişafına müsbət təsir göstərmir.
Ümumiyyətlə, Ermənistanda etnik azlıqlar həyatın müxtəlif sahələrində ayrı-seçkiliyə məruz qalır. Miqrasiya axını nəticəsində onların sayı durmadan azalır. Ermənistanın ən böyük etnik azlıqlarından biri olan yezidi kürdlərin belə hakimiyyət institutlarına və parlamentə daxil olmasına sədd çəkib. mənbə
Ermənistanda yaşayan azsaylı yəhudilərin daim hədələnməsi, İrəvandakı Yəhudi Mədəniyyət Mərkəzinin vandalizm aktına məruz qalması, 2023-ci ilin oktyabr ayında şəhərdəki yeganə sinaqoqun “Molotov” kokteyli ilə yandırılması, sinaqoqun divarlarının təhqiredici ifadələrlə boyadılması bu ölkədə başqa xalqlara qarşı etnik-dini nifrəti açıq nümayiş etdirir. timesofisrael
Eləcə də İrəvana və digər ərazilərə səfər edən türk turistlərin hədələnməsi və hücuma məruz qalması Ermənistanın qeyri-humanist və qeyri-sülhsevər mahiyyətini ifadə edir. (video)
Çox təəssüf ki, sülh hesabatında bu kimi əsaslı faktların hər birinin üstündən keçilərək Ermənistanın “qonaqpərvərliyi”nə yer verilir. Ermənistanın qlobal sülhə təhlükə və təhdid olmasına dair saysız əsaslı arqumentlər və faktlar mövcuddur ki, onların hər biri İrəvanın ənənəvi separatçı simasını və müharibə tərəfdarı olduğu göstərir.
Bütün bunların müqabilində “Qlobal Sülh İndeksi”ndə Ermənistanı daha irəli cərgədə yerləşdirməsi əsl saxtakarlıq nümunəsi hesab edilə bilər.
Cənubi Qafqazda sabitlik və tolerantlıq dövləti kimi tanınan Azərbaycanda isə siyasi gərginliklər, küçə nümayişləri, vətəndaş qarşıdurmaları ümumiyyətlə yoxdur, sabitlik və dayanıqlı rifah təmin edilib.
GPİ hesabatında dövlətlərin milli iqtisadi güc meyarı ilə bağlı qiymətləndirmədə də kobud səhvlərə yol verilib. Azərbaycanın digər Cənubi Qafqaz ölkələri ilə eyniləşdirilməsi ədalətsizliyin, ikili standartlığın əlaməti hesab edilə bilər.
Cənubi Qafqazda ölkələrin milli gəlirinin səviyyəsinə görə Azərbaycan lider dövlətdir, Ermənistan isə ən aşağı yerdə qərar tutur. Azərbaycan Dünya Bankının (DB) adambaşına düşən Ümumi Milli Gəlir təsnifatına görə, 8 il əvvəl “yuxarı orta gəlirli ölkələr” (Upper-middle-income economy) qrupunda yer almaqla hazırda “yüksək gəlirli ölkə”lər (High-income country) qrupuna daxil olmaq ərəfəsindədir. Ermənistan isə orta gəlirli ölkələr (Middle-income countries (MICs) qrupunda yer almaqdadır.
Eləcə də “Qlobal Sülh İndeksi” hesabatında “investorların fəaliyyəti ilə bağlı yaradılmış sərmayə mühitinin vəziyyəti”nə görə, Gürcüstan və Ermənistanın irəliyə çıxarılması riyakarlıq nümunəsi kimi dəyərləndirilməlidir.
Qərb ölkələri ilə gərginlik Gürcüstanda xarici investorların marağının azalmasına səbəb olub, 2023-cü ildə birbaşa xarici investisiyalarda böyük azalma yaşanıb. “Geostat”ın məlumatına görə, ölkənin investisiya məkanı cəlbediciliyini itirir və investisiyaların ildən-ilə azalması Gürcüstana sərmayə inamını da aşağı salır. eurasianet
Xarici investorların Gürcüstan iqtisadiyyatına kapital qoyuluşları 2024-cü ildə daha da azalıb və 2023-cü illə müqayisədə azalma 29,9 faiz təşkil edib.
Ermənistanda da investisiya mühiti, xarici iş adamlarına yaradılan sərmayə iqlimi qeyri-qənaətbəxşdir. Bu ölkədə xarici sərmayəçilərin aldadılması və dövlət səviyyəsində investorların hüquqlarının pozulmasına dair kifayət qədər dəlillər mövcuddur.
ABŞ Dövlət Departamentinin 2024-cü ilə dair investisiya mühiti hesabatına əsasən, Ermənistanda investisiya mühiti ilə bağlı çoxsaylı problemlər qalmaqdadır. Xarici şirkətlər məhkəmə sistemindəki qeyri-şəffaf şərait ucbatından biznes iddiaları ilə bağlı çətinliklərlə üzləşir. Biznes assosiasiyaları məhkəmə, vergi, gömrük, səhiyyə, təhsil və hüquq-mühafizə orqanlarında geniş islahatların aparılmalı olduğunu bildirir. İnvestorlar şəffaf, ədalətli və proqnozlaşdırıla bilən biznes mühitini təmin etmək üçün çoxsaylı problemlərin qaldığını və həll edilməli olduğunu vurğulayırlar. Onlar, həmçinin hökumət məmurları ilə qarşılaşdıqları problemləri operativ şəkildə həll edə bilmələrindən gileylənirlər. state.gov/reports
İnvestorların aldadılaraq gəlirlərinin əlindən alınması da Ermənistanda xarakterik cəhətlərdən biridir. Livana məxsus Kanada əsilli “Sanitech International Group” Ermənistanda bərpa olunan enerji sahəsində 25 milyon dollar sərmayə yatıraraq investisiya şirkəti yaratsa da hökumət onları ölkədən qovub. “Sanitech” şirkəti Ermənistanı beynəlxalq arbitraj məhkəməsinə verib. yerevan.today
Ermənistan hakimiyyəti beynəlxalq investisiya şirkətləri olan “Lydian International LLC”- “Amulsar Investor Venture”ni də mədənçıxarma sənayesində səhmlərini hədə-qorxu ilə əlindən alaraq ən azı 450 milyon dollar sərmayəni özünüküləşdirib. Həmçinin, İsveçrənin “Volnert Finance Limited” şirkəti “Zəngəzur mis-molibden kombinatı”nda qanuni 25 faizlik səhm portfelinin əlindən alınmasına görə, Ermənistana qarşı irimiqyaslı - 1,2 milyard dollarlıq iddia qaldırıb və iddia Dünya Bankının İnvestisiya Mübahisələrinin Həlli üzrə Beynəlxalq Mərkəzi (ICSID) tərəfindən qeydə alınıb.
Sülh İnstitutunun “Qlobal Sülh İndeksi” hesabatında digər məqamlarla da bağlı müqayisələr aparmaqla qiymətləndirmələrinin qeyri-obyektiv olmasını göstərmək mümkündür. Sözsüz ki, hesabatın qərəzlidir və reallığı əks etdirmir. Xüsusilə də Cənubi Qafqaz regionu üzrə yanaşma kökündən səhvdir, qeyri-sabit və ictimai gərginliklərin yaşandığı Ermənistan və Gürcüstanın Azərbaycandan irəlidə qərarlaşması obyektivliyi tamamilə şübhə altına salır.
Azərbaycan özünün nümunəvi təşkilatçılığı ilə ev sahibliyi etdiyi bütün beynəlxalq tədbirləri və konfransları təhlükəsiz şəraitdə başa çatdırmaqla sabitlik və təhlükəsizlik məkanı olmasını təsdiqləyib. “Eurovision” musiqi yarışması, Formula-1 yarışları, Birinci Avropa Oyunları, Avropa Futbol Çempionatının qrup və 1/4 final mərhələsinin bir oyunu, Beynəlxalq Şahmat Çempionatı, İslam Həmrəyliyi Oyunları, Bakının ev sahibliyi etdiyi saysız sammitlər, konfrans və simpoziumlar, digər beynəlxalq tədbirlərin təşkili məhz təhlükəsizlik göstəricisinə və sabitliyə görə müəyyən edilib.
2024-cü ildə COP29 Zirvə toplantısını nümunəvi iqlim tədbiri kimi keçirən və gələn il Dünya Şəhərsalma Forumuna ev sahibliyi edəcək ölkəmiz dünyada ən sabit, tolerant, qonaqpərvər kimi qəbul olunur.
Ona görə də, adıçəkilən hesabatın Azərbaycana qarşı məqsədli şəkildə aparılan kampaniyaçılığın, qərəzin növbəti nümunəsi hesab etmək olar.