Sosial medianın Türkiyə seqmentində polis formasında olan bir nəfərin Azərbaycandakı məscidlərdən birində yeniyetmələri dini ayinləri yerinə yetirməyə qoymaması, oradan uzaqlaşdırması haqda video paylaşılıb. Bəzi sosial media hesabları bu videonu paylaşaraq bunu belə şərh ediblər: "Azərbaycanda polis yaşı 15-dən az olan uşaqları məscidlərdən uzaqlaşdırır. 15 yaşından kiçik uşaqların məscidə getməsi qadağan edildi”.
Faktyoxla Lab. bu videonun həqiqətən də Azərbaycanda çəkilib çəkilmədiyini araşdırıb.
Əvvəlcə onu qeyd edək ki, bu videonun Azərbaycanda çəkilmədiyini vizual müşahidə ilə də müəyyən etmək olur. Belə ki,
1) Azyaşlı ilə söhbət edən polisin uniforması bu şəxsin Azərbaycan polisinə aid olmadığını təsdiqləyir.
2) Namaz qılmağa gələn şəxslərin sifət cizgiləri və antropoloji quruluşları da videonun Azərbaycanda deyil, Mərkəzi Asiya ölkələrindən birində çəkildiyinə işarədir.
Virtual araşdırma ilə isə bu faktları aşkar edirik:
Videonun üzərində “as_sahwa” və “daily islamist” adlı teleqram kanallarının loqoları görünür:
“As_Sahwa” adlı teleqram kanalının paylaşdığı videoların arxivindən sözügedən videonu tapırıq. Məlum olur ki, hadisə söylənildiyi kimi Azərbaycanda deyil, Özbəkistanın Fərqanə vilayətindəki Akarık adlı məsciddə baş verib.
Teleqram kanalındakı paylaşımda videonun üzərində yazılanlar arqumentimizi təsdiqləyir: "Özbəkistan hakimiyyəti uşaqları məsciddən qovdu: Şərqi Türküstan ssenarisi təkrarlanır? Fərqanə şəhərində, Akarık məscidində səlahiyyətlilər əvvəlcə uşaqların məscidə daxil olmasının qarşısını alıblar, indi isə onları tamamilə qovmağa başlayıblar. Daxili işlər orqanlarının əməkdaşları mömin gənclərin Ramazan ayında namaz qılmasının qarşısını düz qapının ağzında alırlar”.
“Daily islamist” adlı media orqanının “X” hesabında yayılan video da dediklərimizin həqiqət olduğu təsdiqlənir.
Videonun üzərində isə belə yazılıb: "Özbəkistan iqtidarı gənclərin məscidə daxil olmasının qarşısını almaqda davam edir. Fərqanə şəhərindəki məsciddə polis "qadağa"ya baxmayaraq təravih namazına gələn 18 yaşı tamam olmayan gəncləri məsciddən uzaqlaşdırıb."
Hər iki səhifədə hadisənin Özbəkistanın Fərqanə vilayətində baş verdiyi qeyd olunub. Yəni bu hadisənin Azərbaycanla heç bir əlaqəsi yoxdur...
Beləliklə, oxucular paylaşılan videonun çox sadə üsulla aşkarlandığının, mürəkkəb faktyoxla alətlərindən istifadə edilmədiyinin şahidi olurlar. O səbəbdən, sadə yolla aşkar edilən videoya vaxt ayırmağımızda məqsədimiz bu videonun Özbəkistanda çəkildiyi halda Azərbaycanla əlaqələndirən saxtakarların kimliyini müəyyənləşdirməkdir.
Müşahidə nəticəsində videonun əsasən “facebook”-un Türkiyə seqmentində “Nasrallah Kudüs”, “Muhammed Ruhullah” adlı real olmayan şəxslər və onlara bağlı saxta profillər tərəfindən yayıldığı bəlli olub.
Hər iki hesabın əksər vaxtlarda Azərbaycanla bağlı saxta xəbərlər yaydıqları diqqəti cəlb edir.
Bu hesabların və onlara bağlı olduğu ehtimal edilən profillərin nə paylaşıdqları və paylaşımların məzmun tərtibi haqda əlavə şərh vermədən bir neçə misal göstəririk:
"Nesrullah Kudis"in "qətliam və etnik təmizləmə" ifadəsi Azərbaycanlı oxucular üçün tanış mövzudur:
Türkiyə vətəndaşının qonşu ölkə üçün dua etməsində qəribə heç nə yoxdur, lakin həm də düşündürücüdür:
Həmin videonu Azərbaycanla bağlı aşağılayıcı sözlərlə paylaşan bu profilin son 5 saat ərzində 2 belə paylaşım etməsi diqqətdən qaçmır:
"Səadət" Partiyasının təmsilçisinin paylaşımlarının əsas mövzusu:
Bu isə Azərbaycana qarşı aparılan haqsız təbliğatın acı nəticəsidir:
Nəticə:
- Sosial mediada polisin uşaqları məsciddən çıxarıması ilə bağlı videonun Azərbaycanda çəkilməsi yönündəki iddialar tamamilə əsassızdır,
- Bu video, Özbəkistanın Fərqanə vilayətində yerləşən Akarıq məscidində çəkilib
- Bu videonun Azərbaycanda çəkilməsi ilə bağlı sosial mediada informasiya yayanlar ölkəmizə qərəzlə yanaşan və müəyyən mərkəzlərdən idarə olunan şəxslərdir. Məqsadləri isə Azərbaycan haqqında Türkiyədə imanlı şəxslər arasında saxta və mənfi imic yaratmaqdır.