Azərbaycan mediasında əksər saytlar Türkiyə mediasına istinadən Ərəbistan yarımadasının şərqindəki Omanın Vakan kəndində insanların gündə 3,5 saat oruc tutması ilə bağlı xəbər paylaşıblar.
Faktyoxla Lab. bu iddianın doğru olub-olmadığını xarici mediaya istinadən araşdırıb.
Öncədən qeyd edək ki, Azərbaycan mediasında Türkiyə mediasına istinadən yayılan bu xəbər yeni deyil, 2016-cı ilə aiddir.
İndi isə araşdırma barədə.
Peşəkar fotoqrafların istifadə etdiyi və dünyanın istənilən yerində qürub və Günəşin doğuşu kimi məlumatların əldə oluna biləcəyi “The Photographer's Ephemeris” adlı saytda Günəşin Vakan yoxlanılığında 20 iyun 2017-ci il tarixində səhər saat 05.24-də doğduğu, axşam saat 18.58-də qürub etdiyi görülür.
Bu məlumatı “Google Earth” ilə də yoxlamaq mümkündür. Yenə Vakanın koordinatlarını “Google Earth”ə daxil edərək araşdırdıqda günəşin 23 iyun 2017-ci il tarixində saat 05.26-da doğduğu və saat 19.00-da batdığı görülür.
Burada əsas diqqət ediləsi məqam Vakan kəndinin yerləşdiyi ərazi ilə bağlıdır.
Dəniz səviyyəsindən 2 min metr hündürlükdə və sıldırım dağlar arasında yerləşən kəndə saat 16:00 radələrində dağların kölgəsi düşməyə başlayır. Əslində günəş hələ batmayıb, amma dağların kölgəsi kəndi bürüdüyü üçün Günəş batmış kimi görünür.
Nəhayət, yuxarıdakı məlumatları ulduzları seyr edənlər, astronomlar və fotoqraflar tərəfindən istifadə edilən və ulduzlardan planetlərə qədər bir çox göy cisimlərinin müşahidə oluna biləcəyi “Stellarium” adlı proqramla yoxlamaq mümkündür. Vakan kəndinin koordinatları “Stellarium”a daxil edildikdə, Günəşin doğuş və qürub vaxtlarının qeyd olunanlarla demək olar ki, eyni olduğunu görmək olar. Səhər saat 05.21 radələrində Günəşin şərqdən doğduğu və axşam saat 18.34 radələrində batmaq üzrə olduğu aydın görünür.
Vakan kəndinin koordinatları və hündürlük dəyərləri
Günəş Vakan kəndində səhər saat 05:00 radələrində doğur, 18:30 radələrində batır.
Bu barədə Oman Turizm Nazirliyi məlumat yayıb. Omanda nəşr olunan “Times of Oman” qəzeti 7 iyun tarixli xəbərində məsələyə toxunub. Qəzetə açıqlama verən Oman Turizm Nazirliyinin iddianı təkzib edib. Omanda da yayımlanan “Gulf News” adlı xəbər saytının mövzu ilə bağlı verdiyi xəbərdə, Vakan kəndində yaşayan Səlim Əl Hadrami adlı bir kəndlinin verdiyi açıqlamada Omanın digər bölgələrində olduğu kimi sahur orucu və namazlarının qılındığı bildirilir.
Oman Dini İşlər Nazirliyinin 2017-ci il üçün hazırladığı namaz cədvəlində Vakan kəndinin bağlı olduğu Nakhal qubernatorluğu üçün müəyyən edilmiş vaxtlar da sübut mənbəyi sayıla bilər.
Oman Dini İşlər Nazirliyinin cədvəlinə əsasən, Vakanda Günəş saat 05.24-də çıxır və 19.03-də batır. Buna uyğun olaraq, Vakanda yaşayan bir insanın imsak vaxtı 03.56-dan başlayır və təxminən 15 saat oruc tutur.
Nəticə:
-Omanın Vakan kəndində insanların gündə 3,5 saat oruc tutduğu iddiası həqiqətə uyğun deyil;
-Burada mühüm məqam Vakan kəndinin yerləşdiyi ərazi ilə bağlıdır;
-Dəniz səviyyəsindən 2 min metr hündürlükdə və sıldırım dağlar arasında yerləşən kəndə saat 16:00 radələrində yalnız dağların kölgəsi düşməyə başlayır.