Təyyarə qəzasında həlak olan stüardessa, Milli Qəhrəman Hökumə Əliyevanın ailəsinin dələduzluq hadisəsi ilə qarşılaşdığı, onun atası Cəlil Alıyevə məxsus "Kapital Bank” kartından ümumilikdə 80 507 manat pul çəkildiyi haqda məlumat cəmiyyətdə böyük rezonans doğurdu.
Əslində, kartdan pul çəkilməsi ilk hadisə deyildi, ancaq Azəraycanda böyük məbləğdə pul çəkilməsi ilə bağlı az rast gəlinən hadisələrdəndir.
Bank iddia edir: bilmirik vətəndaşın özüdür, ya dələduz
İnformasiya texnologiyaları üzrə mütəxəssis Elvin Abbasovun fikrincə, ən çox müştərisi olan banklar bu cür problemlərlə daha çox üzləşir. “Kapital Bank” da Azərbaycanda ən çox müştərisi olan banklardan biridir: “Azərbaycanda bugünədək heç bir bankın sistemindən pul oğurlanmayıb. Hadisələr dələduzluq müstəvisində, sadəcə vətəndaşı manipulyasiya edərək onun məlumatlarını ələ keçirmək və elektron bank hesabına daxil olmaqla həyata keçirilir”.
Mütəxəssisin fikrincə, burada əsas məsələ vətəndaşların üzərinə düşür: “Bir çox halda görürük ki, vətədaş öz məlumatlarını, OTP kodunu, bank kartı, şəxsi məlumatlarını qarşı tərəfə öz istəyi ilə ötürür. Bu halda da bank iddia edir ki, bilmirik vətəndaşın özüdür və ya dələduzdur, ona görə də konkret bir məhdudiyyət qoymaq mümkünsüzdür. İlk növbədə vətəndaşlar düzgün maariflənməlidirlər".
OTP (One-Time Password) kodu, bir dəfə istifadə üçün nəzərdə tutulmuş təhlükəsizlik şifrəsidir. Bu kod, istifadəçinin şəxsiyyətini təsdiqləmək üçün sistem tərəfindən avtomatik olaraq yaradılır və məhdud bir müddət ərzində etibarlı olur. OTP kodları, istifadəçilərin kimlik doğrulamasını təmin etmək və sistemin təhlükəsizliyini artırmaq üçün geniş istifadə olunur.
Dələduzluq sadəcə vətəndaşın öz məlumatlarını ötürməsi ilə də məhdudlaşmır
Jurnalist İltifat Hacıxanoğlu Sultanov bir paylaşımında yazıb: "Dostlar, əgər “X”bankın kartlarında pulunuz varsa, çıxarın. Dünən mənim kartımdan “Y” Bankın bir kartına özümün də xəbərim olmadan bütün vəsait köçürülüb. “X” Bankın qaynar xəttinə zəng edirəm, mənə deyir ki, polisə müraciət elə. Polis əgər buna nəzarət edəcəksə, onda “X” Bankın təhlükəsizliyinə cavabdeh olanlar niyə ayda o qədər pul alırlar? İşsiz vaxtımda bu lap pis oldu”.
İ.Hacıxanoğlunun başqa bir paylaşımın şərh bölümündə belə bir mükaliməyə rast gəlirik. “Dünən “X” Bankın kartımdan 60 manat oğurlanıb" – yazan Murad Ugur adlı istifadəçi yazdığı şərhdə faktın kütləvi olduğuna işarə edərək qeyd edib: “Çox adamdan oğurlanıb, bankdan işdən cıxanların işidir fikrimcə".
Beləliklə, yeni bir versiya ortaya çıxır. “Bank”dan işdən çıxanlar amili nə qədər realdır? Onlar kimdir və neçə nəfərdir?
Əməkdaşların dələduzluq hallarında iştirakı sorğusuna cavab
“Kapital Bank”ın İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Arzu Əliyeva Faktyoxla Lab.-a bildirib ki, bankımızda müştəri məlumatlarının məxfiliyini təmin etmək üçün İT təhlükəsizlik departamenti tərəfindən tətbiq edilən ciddi qaydalar və prosedurlar mövcuddur. Bu qaydalar sözügedən iddianın mümkünlüyünə icazə vermir. Bununla yanaşı, əməkdaşlarımız müştəri məlumatlarının məxfiliyini qorumaqla bağlı xüsusi təlimatlar alır və onların fəaliyyəti xüsusi nəzarət mexanizmi ilə təqib olunur. Qeyd etməliyik ki, hüquq mühafizə orqanları tərəfindən “Kapital Bank” müştəriləri ilə bağlı bugünədək baş verən dələduzluq hallarının araşdırılması zamanı heç bir hadisədə bankımızın əməkdaşlarının iştirakına rast gəlinməyib.
Banklar da prosedur qaydalarında dəyişiklik etməlidirlər
Elvin Abbasov vurğulayıb ki, banklar heç bir halda vətəndaşın, yəni öz müştərisinin məlumatlarını istəmir: "Dəfələrlə bu barədə çağırışlar etdiyimiz halda insanlar yenə də qarşı tərəfə məlumatlarını verir. Burada əsas məsələ vətəndaşların maariflənməsidir. Təbii ki, bankların da üzərində bir məsuliyyət var. Banklar öz vətəndaşlarını daha yaxşı şərait yaratmaq üçün əlavə tədbirlər görməlidir. Başadüşləndir ki, banklar bizneslərini sadələşdirmək və daha əlçatan olmaq üçün müştərilərə daha sadə və rahat interfeys vermək məqsədilə tətbiqlərində rahatlıq yaradırlar. Amma bu yaradılan rahatlıq eyni zamanda dələduzların da köməyinə gəlir. Bu səbəbdən banklar da prosedur qaydalarında dəyişiklik etməlidirlər".
Bəzən bankdan polisə müraciət etmək tövsiyə olunsa da, son aylarda baş verən hadisələrdə pulun qaytarılması da təsdiqini tapıb.
Kibercinayətkarlıq hadisələri fonunda Hökumə Əliyevanın ailəsinə ayrılan sığorta və kompensasiya məbləğinin də oğurlanması ilə insanlarda banklara olan etimad azalır.
Vətəndaşlar kartındakı pulunu itirir, banklar isə etibarını. Qazanan isə, əlbəttə ki, dələduzlardır.