Hazırda 14 dənizaşırı ərazini müstəmləkəsi kimi idarə edən, həmçinin dünyanın müxtəlif qitələrində yerləşən keçmiş müstəmləkələrinin daxili işlərinə qarışan Fransa beynəlxalq təşkilatların və müstəqillik uğrunda mübarizə aparan xalqların uzun illərdir tələblərinə baxmayaraq, neokolonializm siyasətini davam etdirir.
Misal üçün, artıq neçə illərdir ki, Mayot adasının sahibi olan Qəmər Adaları İttifaqı Fransanın müstəmləkə hakimiyyəti altındadır və bir çox ölkələr, o cümlədən, Qoşulamama Hərəkatı İttifaqın Mayot adası üzərində suverenliyini dəstəkləyən bəyanat verib. Fransanın nəzarətində olan 190 min nəfər əhaliyə malik bu adanın suverenliyini Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən tanınıb. Fransa isə beynəlxalq hüquqa hörmət qoymayaraq müstəmləkəçilik siyasətindən əl çəkmir, Mayot Adasının suverenlyini saya salmır, irtica siyasətini davam etdirir.
Yeni Kaledoniya nikelinə görə Fransa 2 milyard dollar qazanır
Yaxud, Fransa Sakit okeanda yerləşən Yeni Kaledoniyanı da özünün xüsusi inzibati-ərazisi hesab edir. 1946-cı ildə Yeni Kaledoniya Fransanın xaricdəki ərazisi “statusu” qazansa da, yerli sakinlər olan maleneziyalılar və kanak xalqı neçə illərdir ki, müstəqillik əldə etmək üçün azadlıq və haqq davası aparır. Paris rejimi 1987-ci ildən indiyədək Yeni Kaledoniyanın müstəqilliyi ilə bağlı keçirilən bütün referendumların qarşısını xüsusi qəddarlıq və zor tətbiq etməklə alıb. Çünki, bu bölgə Fransanın gözündə xalqların yaşadıqları torpaq, ölkə yox, təbii ehtiyatlarla zəngin mədən kimi görünür. Yeni Kaledoniyanın iqtisadiyyatının əsasını dəmir filizləri və “yaşıl qızıl” adlandırılan nikel ehtiyatları təşkil edir və bu bölgə dünya üzrə nikel ehtiyatlarının təxminən 10 faizini özündə cəmləyib. Qiymətləndirmələrə əsasən adada təxminən 7,1 milyon ton nikel var. İllik istehsal təxminən 100-107 min ton təşkil edir və bu rəqəmlərlə ada-dövlət nikel istehsalına görə dünyada beşinci yerdə dayanır.
Qeyd edək ki, London Metal Birjasında nikelin qiyməti hazırda 21-22 min dollar civarındadır. Bu o deməkdir ki, il ərzində 100 min tondan çox nikel satan fransızlar bu metaldan ildə ən azı 2 milyard dollar qazanırlar. Onlar yerli biznesin inkişafına qanunlarla sədd çəkib, investisya qanunlarını özlərinin mənafeyinə uyğunlaşdırıblar. Arxipelaqın iqtisadiyyatının əsas ağırlıq mərkəzi və dayanıqlı sütunu olan nikel sənayesi tamamilə Fransa konqlomeratlarının inhisarındadır. Bu sənaye zonası 3 böyük şirkət - “Koniambo Nickel SAS” (KNS), “Prony Resources New Caledonia” (PRNC) və “Societe Le Nickel” (SLN) tərəfindən ələ keçirilib.
Bu ölkənin nikel ehtiyatları Fransanın qeyd edilən “Üçlük” konqlo-monopolizmi tərəfindən Avropa və dünya bazarlarına çıxarılır. Hazırda “yaşıl qızıl”ın əsas alıcıları Yaponiya, Almaniya, Fransa və digər dövlətlərin iri sənaye və avtomobil şirkətləridir. Dünyada elektrik avtomobillərinin akkumulyatorları, günəş panelləri, polad və digər gündəlik əşyaların istehsalı üçün lazım olan kritik metal hazırda dünya ehtiyatlarının 20-30 faizini təmin edir.
Fransanın son illərdəki itkiləri
Fransanın müstəmləkə siyasətindən və iqtisadi ekspansiyasından əziyyət çəkən Afrika bölgəsi üçün vəziyyət həqiqətən də kritik həddə çatıb. Məhz bunun nəticəsidir ki, son illərdə bu qitə siyasi-hərbi gərginliklərin müşahidə edildiyi əsas qaynar bölgələrdən birinə çevrilib. Bu ölkələr Parisin təsir dairəsindən və yeni müstəmləkəçilik siyasətinin ağır şərtlərindən çıxmaq üçün bri-birinin ardınca baş verən qopma və xilasolma zənzirvari prosesinə qoşulublar.
2023-cü ilin iyulunda sonunda Niger hərbçiləri prezident Məhəmməd Bazumu hakimiyyətdən uzaqlaşdıraraq səlahiyyəti “Vətənin Qurtuluşu” Milli Şurasına ötürməsi nəticəsində Fransaya qızıl və uran ixracı dayandırıldı ki, bu da istilaçı dövlətdə vəziyyəti böhrana daşıdı. Qeyd edək ki, Niger dünyanın yeddinci ən böyük uran istehsalçısıdır və Afrikada Namibiyadan sonra ikinci yerdə dayanır. Niger qlobal uran istehsalının təqribən 5 faizini, Fransanın isə tələbatının 15-17 faizni təmin edirdi. Uran ixracının dayandırılması Fransanın energetika sektoruna çox ciddi təsirlər göstərməkdədir, çünki ölkədəki elektrik enerjisinin təxminən 75 faizi atom elektrik stansiyaları tərəfindən təmin edilir. Bu mənada Niger Fransa üçün dövlətdən çox nüvə yanacağı üçün xammal tədarükü mənbəyidir.
Həmin ilin sentyabrında Burkina-Fasoda da dövlət çevrilişinin baş verməsi və Parisin siyasi nüfuzunun aradan qalxmağa başlaması, ardınca qonşu Mali əyalətində də eyni ssenarinin yaşanması Fransaya qarşı mübarizə ruhunu artırdı. Parisin təsirindən çıxmaq istəyən növbəti Afrika ölkəsi Seneqalda da ant-Fransa hərəkatı baş qaldırdı. Seneqalda fəallar müxalifət lideri Ousmane Sonkonun saxlanmasına etiraz olaraq küçələrə çıxaraq Fransa bayrağını yandırıblar.
Ümumiyyətlə, Parisin istismarçılığına qarşı Burkina-Faso, Mavritaniya, Mali, Qvineya-Bisau, Mavritaniya,Toqo və digər ölkələrdə narazılıq və etiraz dövrü başlayıb. Kamerun, Kot-d'İvuar və Konqoda media və ictimai diskurslarda Paris açıq tənqid atəşinə tutulmaqdadır.
Fransa hakimiyyəti bütün bunlara baxmayaraq, öz hərbi qüvvələrinin xaricdəki mövcudluğu məsələsini yenidən nəzərdən keçirərək müstəmləkələri öz təsir orbitində saxlamağa çalışır. Bunun üçün bölgədə süni terrorçu xofu yaradır. Məsələn, 2 mindən 5 minə qədər olan kontingent terrorizmlə mübarizə adı altında yerli silahlı qüvvələrin təlimi, humanitar layihələrin həyata keçirilməsi məqsədilə qitəyə yeridilib. Ancaq nəticə uğursuz oldu. Xüsusilə də Makron rejiminin Mali, Çad, Burkina Faso, Mavritaniya və Nigerdə apardığı antiterror əməliyyatı əks-təsir effekti yaratdı və “Darxan” əməliyyatında iştirak edən 5 min nəfərlik kontingent qitəni tərk etmək məcburiyyətində qaldı.
Vəziyyətin ürəkaçan olmadığını dərk edən Makron hökuməti siyasi hiyləgərlik edərək müasir istismar üsullarına əl atmağa məcbur olub. 2023-cü ilin fevral ayında Fransa prezidenti Emmanuel Makron hər şeyi dəyişməyə və keçmiş müstəmləkələrlə münasibətləri yaxşılaşdırmağa çalışacaqları vədi verib. Afrika turnesi zamanı o, Şarl de Qollun dövründə formalaşdırılmış və qitədəki keçmiş koloniyalar üzərində Parisin qeyri-rəsmi qəyyumluğunu nəzərdə tutan Fransız Afrikası (“Franceafrique”) dövrünün başa çatdırmaq vaxtının yetişdiyini söyləyib.
Əslində bu açıqlama siyasi riyakarlıq nümunəsi və dünya ictimaiyyətini aldatmaq cəhdidir. Emmanuel Makron Fransanın ənənəvi neokolonializm siyasətini davam etdirərək Afrika ölkələrinə kənardan nəzarət və hərbi mövcudluğu möhkəmləndirməklə yanaşı, terror təhdidləri və fransız biznesinin maraqlarının lobbiçiliyini gücləndirib.
Moskva Dövlət Universitetinin Asiya və Afrika Ölkələri İnstitutunun aparıcı elmi işçisi Nikolay Şerbakov hesab edir ki, Fransanın Qərbi Afrikada mövcudluğu və təsirinin aradan qalxması çox vaxt çəkəcək. Fransa keçmiş müstəmləkələrinin əksəriyyəti ilə münasibətlərini ciddi cəhdlərlə qorumağa çalışır.
Fransanın tabeliyində 18 regionu, mülkiyyətində isə 5 dənizarxası kollektivi, 1 dənizarxası (Sahel) ərazi, 1 xüsusi kollektiv (Yeni Kaledoniya) vardır. Dənizarxası ərazilər, kollektivlər Fransanın tərkib hissəsi (Fransız Polineziyası, Sen-Bartelemi, Sen-Marten, Yeni Kaledoniya və s.) kimi qalır.
Fransanın ada dövlətlərinə vurduğu ağır yaraları təbii ki, sağaltmaq mümkün deyil, ancaq heç olmasa neo-kolonial istismarçılığın zərərlərini qismən də olsa ödəmək üçün beynəlxalq hüquq və praktikadan qaynaqlanan təzminatı icra etmək mümkündür. Bunu bir çox fransız siyasi, ictimai fikir sahibləri də dəfələrlə irəli sürüb. Məsələn, 2017-ci ildə Fransa Milli Assambleyasının üzvü Cecilye Duflo təzminatın hüquqi prosedurlarını başlatmaq üçün ilkin layihə sənədi hazırlayaraq Assambleyanın müzakirəsinə təqdim etmişdi. Parlamentari Parisin əsrlər boyu həyata keçirdiyi qul ticarəti və müstəmləkə əsarətinə görə, borcunu ödəməyi təklif edirdi. Qanun layihəsində vurğulanırdı ki, Fransa öz müstəmləkələrinin istismarına və qul ticarətinə görə məsuliyyəti çoxdan qəbul edib, lakin günahları etiraf etməklə iş bitmir, zərərin qiymətləndirilməsi və kompensasiya təminatı həllini tapmalıdır. “Siz bu haqsızlığa göz yuma bilməzsiniz, bütün faktlar insanlığa qarşı cinayətin baş verdiyini təsdiqləyir. Ona görə, təzminat ödənilməlidir, bundan qaçmaq cinayət əməlini və xarakterini inkar etmək demək olardı” deyə bildirən C.Duflo bunun üçün hökuməti və parlament üzvlərini 2001-ci ildə qəbul edilmiş “Tobira Qanunu”na istinad edərək ədalətli qərar vermələrini tələb edib.
Qeyd edək ki, Tobira Qanunu köləliyi və qul ticarətini insanlığa qarşı cinayət hesab edir. Fransa 2001-ci ildə köləlik qurbanlarının xatirəsini yad edib və keçmişin səhvlərini etiraf etməyə məcbur olub, ancaq beynəlxalq praktikadan irəli gələn hüquqi aktlardan boyun qaçırır. Paris qarşısında çox açıq hüqiqi istinad açarı vardır, söhbət Amerika banklarının ötən illərdə kompensasiya sxemlərindən gedir. 1831-1865-ci illərdə ən azı 13 min qulun satın alınması və ticarətinə görə, ABŞ-ın nəhəng maliyyə maqnatları olan “JP Morgan Chase”, “Bank of America”, “Lehman Brothers” bu utancverici faktları qəbul edərək afro-amerikan tələbələrə təqaüd ödəməklə hüquqi öhdəliklərinə start verib. Təkcə “JP Morgan” Luiziana ştatında afro-amerikalı tələbələrə 2005-ci ildə ilk tranş üzrə 5 milyon dollar ödəyib.
Afrikada isə Fransanın gizli işğalı altında olan 29 ölkə hələ də cinayətlərə görə təzminat tələbi ilə Beynəlxalq Ədalət Məhkəməsi qarşısında tələbnamələrini təqdim edərək torpaqlarından talan edilmiş sərvətlərinin geri qaytarılacağını gözləyir. Ancaq Fransa tarixinin bu qara ləkələrini hər vəchlə gizlətməyə çalışır və təzminatdan müxtəlif yollarla yayınır.
Parisin milli istiqlaliyyətini, normal insani həyat standartlarını, rifah və sağlamlıqlarını məhv etdiyi, kütləvi yoxsulluq və savadsızlıqla cəmiyyət həyatından təcrid etdiyi ölkələrə bu cür amansız davranışlara görə, təzminat ödəməsinin mümkün olub-olmayacağı hələ də sual altındadır. Gerçəklik isə bundan ibarətdir ki, Fransa Afrika və ada dövlətlərindən 200 ildən çoxdur ki, qazandığı yüz milyardlarla dollar sayəsində öz inkişafını qoruyub saxlamağa, Avropada öz nüfuzunu davam etdirməyə çalışır. Amma proses sona yaxınlaşmaq üzrədir. Fransua Mitteranın vaxtilə etiraf etdiyi kimi “Afrika olmasa, 21-ci əsrdə Fransa da olmayacaq” fikri reallaşmaq üzrədir.