Ötən həftədən başlayan və bəzi yerlərdə hələ də davam edən qaz qoxusu narahatlığa səbəb olub. Sosial şəbəkələrdə də müzakirələr yaradan məsələ ilə bağlı müxtəlif iddialar var. Əsas iddialardan biri gələn qoxunun təbii qaz qoxusu olduğu ilə bağlıdır. “Havada qaz qoxusu var” deyə qarşımıza çıxan paylaşımlardan görünür ki, hər kəs qoxunun səbəbini qaz xətlərində axtarır. Məsələn, belə müzakirələrdən birini “Əli və Nino” kitab evinin qurucusu və sahibi Nigar Köçərli açıb. Onun paylaşımına baxaq: “Bu nə iyidir belə? Evdə de, işdə də qaz iyi var”.
Müzakirələrə qoşulanlar arasında “Bu gün biz də səhər qaz iyinə oyanmışıq, elə bildik evdə qaz açıq qalıb”, “Bəli. Bu gün tezdən hiss etdim. Çox adam fərqində deyil. Nəfəs ala bilmirəm”, “Nərimanovda mən də hiss etdim”, “Nizami və ya Xətai rayonu ərazisində yaşayırsızsa Neft Emalı zavodundan gəlir bu iy” yazanlar var.
“Гурбан Гусейнов” adlı istifadəçi yazır: “Gəlin sizləri başa salım əziz tələbələr.
Evlərə verilən Metan qazı iysiz və rəngsiz olduğuna görə ona xüsusi maddə ( etilmerkaptan) qatılır. Başqa adı odrant, yani qaz qoxusu hiss olunsun deyə odranizə olunur. Həmən bu maddə qış aylarında çox vurulur ki , evdə sızma qazı hiss edəsiz! Təxminən qışda hər 1000 kub metrə 12 qram vurulur daha nə bilməsəz kimyadan soruşun”.
Elçin Qurbanov adlı istifadəçi belə bir iyi həmişə hiss edildiyini iddia edir: “Külək olmayanda Bakıda demək olar həmişə belədir, birinci dəfə deyil. Mazut, neft, qaz iyi qarışıb bir birinə dünən axşamdan, pəncərə açmaq olmur. Yəqin “smoq”dur, çünki 2 gündür tam sakitlikdir, külək olanda gün ərzində yığılan o zəhəri gecə dağıdır, olmayanda Bakı bax belə “iylənir”.
Faktyoxla Lab. araşdırıb ki, Nərimanov, Yasamal, Xətai rayonlarında, “Azadlıq prospekti”ndə hiss edilən bu iyin qazla, qaza vurulan maddəylə bir bağlılığı varmı?
“Azəriqaz” mütəxəssisləri nə deyir? Bu qoxunun səbəbini onlar necə izah edir? Havadakı qaz qoxusunda bu qurumun hər hansı rolu varmı?
“Bizim mütəxəssislər nə deyəcək axı” deyən qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev əlavə edib ki, onlar öz qaz xətlərinə məsuldurlar: “Bizim boru xətlərindən qaz sızmaları olmur ki, havadan da dəm qazının, ümumiyyətlə, qaz iyi gəlsin. Ola bilsin ki, bizə aidiyyatı olmayan boru kəmərlərində sızmalar ola bilər, ümumilikdə “Azəriqaz” sızmalarla bağlı ciddi profilaktik tədbirlər görür. Ölkədə qüvvədə olan qanunvericiliyə və normativ texniki qaydalara əsasən yeraltı və yerüstü qaz kəmərlərinə təyin olunmuş dövrlərdə texniki baxış keçirilir. Hər rübdə bir dəfədən az olmayaraq yerüstü qaz kəmərlərinə baxış keçirilir. İstismar müddətindən asılı olaraq, ayda bir dəfədən az olmayaraq, rübdə bir dəfədən az olmayaraq yeraltı qaz kəmərlərinə xüsusi qaz analizatorları vasitəsi ilə texniki baxış keçirilir. Qaz sızmaları aşkar olunarsa, dərhal həmin sızmanın aradan qaldırılması təmin edilir. Sorğunuza cavab olaraq bildiririk ki, bu kimi hallar “Azəriqaz” İB-nin balansında olan qaz kəmərlərində şəhərdə böyük qaz qoxusuna səbəb olacaq sızmalar texniki cəhətdən qeyri-mümkündür. Lokal hadisələr ola bilər ki, bu cür hallarda da qaz qoxusunun bu qədər böyük ərazidə yayılması texniki cəhətdən mümkün deyil. “Azəriqaz”a da bu tipli şikayətlər daxil olmayıb. Gündəlik yoxlamalar nəticəsində də görürük ki, “Azəriqaz”ın balansında olan qaz kəmərlərində genişmiqyaslı sızma faktı qeydə alınmayıb”.
E.Vəliyev əlavə edib: “Azəriqaz”ın qaz xətlərindən vətəndaşları, abonentləri narahat edən qaz qoxularının gəlməsi nümunəsi yoxdur.
Qaz qoxusu: səbəbi mətbuatda illərdir araşdırılır
Maraqlıdır ki, bu qoxu məsələsi mütəmadi olaraq sosial şəbəkələrdə müzakirə olunub, ardınca mətbuata daşınıb, səbəbi araşdırılıb, qoxuya səbəb olacaq ehtimallarla bağlı mütəxəssislərin rəyi soruşulub. 2014-cü ildə sadəcə qoxu yox, qoxunun səbəb olduğu təşvişlə bağlı jurnalist yanaşması ilə qarşılaşırıq. ““Odor” sözü latıncada “iy, qoxu” deməkdir. Odorantın özü isə kimyəvi birləşmədir. Bu maddənin yüksək dozalarının hamısı zəhərlidir, az dozalarının orqanizmə ziyanı yoxdur. Bunu qaza ona görə vururlar ki, qaz sızmasının yeri bilinsin, yaxud da qaz harasa dolubsa, adam odorantın iyindən anlasın ki, burda kibrit çəkmək, alışqanla siqaret yandırmaq, hətta işıq açarını çaqqıldatmaq olmaz. Dünən bu barədə öz rəyini yazan bir nəfər qeyd edir ki, onların evinin yanındakı qazpaylayıcı məntəqənin yanında təsadüfən yerə bir damcı odorant düşübmüş, düz bir ay ordan qalmış turp iyi gəlib, üstəlik, yaxınlıqdakı adamlarda işləmə-qusma halları müşahidə olunub”.
2018-ci ildə mətbuatda Azərbaycan Ekoloji Proqnozlar Bürosunun prezidenti, ekoloq Telman Zeynalovun fikirlərinə rast gəlirik. O, havadan gələn kəskin qaz qoxusunu atmosfer havasında qaz qarışıqlarının norma həddindən yüksək olması ilə əlaqələndirir. Ekoloq bildirir ki, atmosfer havasında olan qaz qarışıqları sanitar norma həddini keçdiyindən, bəzi ərazilərdə pis qoxu hiss olunur. T. Zeynalov qaz qoxusunun norma həddini keçməsinin insan orqanizmi üçün təhlükəli olduğunu da bildirir. Onun sözlərinə görə, atmosferdə qaz qarışıqlarının sanitar norma həddini keçməsi bəzi xəstələrin səhhətində təhlükə yarada bilər. Hətta ekoloq qəribə qoxu hiss edən paytaxt sakinlərinə tibbi maskalardan istifadə etməyi məsləhət görür.
Mediada məsələyə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mütəxəssislərinin də münasibəti aydın ifadə olunub: “Bakının bəzi rayonlarında xoşagəlməz qoxu ilə bağlı keçirilən monitorinqlər zamanı atmosfer havasından nümunələr götürülərək analizlər aparılıb. ETSN-in mətbuat xidmətinin son məlumatına görə, 4 may tarixində Bakı şəhərində qaz qarışıqlarının səpələnməsi üçün əlverişsiz olan hava şəraiti müşahidə edilib. Qoxu əsasən Xətai, Səbayıl, Nizami rayonlarının ərazilərində hiss olunub. Monitorinqin nəticələrinə görə havada qaz qarışıqları orta hesabla normadan çox qeydə alınıb və pis qoxu ilə müşayiət edilib”.
Bu məsələyə sosial mediada da ekspert rəyləri verilib. Məsələn, 2020-ci ilin sentyabrında bir statusda yazılıb: “Təbii qaz qoxusuzdur. Bu hal sızma olduqda insanlar üçün həyati təhlükəyə səbəb ola bilər. Bu səbəbdən təbii qazın tərkibinə müxtəlif qoxu verən maddələr vurulur. Bu maddələr TNT və TBM-dir. Açılışı “Tetra-Hidro-Teofen” (THT) və “Tetra-Butil Merkoptan”-dir (TBM). Bu qoxu verən maddələrdən başqa təhlükəli ola biləcək digər maddələrə üçün də başqa qoxulu əlavələr olur. Məsələn, sıxışdırılmış maye qaz üçün də belə əlavələr (LPG) qatılır və bu qoxu soğan, bişmiş kələm qoxusuna bənzəyir. Mənbə: Gas-Dortmund, Gazmer/, Coursehero/”
2023-cü ilin dekabrında açıqlanan bir məlumatı diqqətinizə çatdıraq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, atmosfer havasının keyfiyyətinin monitorinqi gündəlik olaraq Bakı şəhərinin Səbail, Xətai, Nizami, Nərimanov rayonları və Sumqayıt, Gəncə şəhərləri ərazisində hava keyfiyyəti üzrə fasiləsiz fəaliyyət göstərən avtomatik stansiyalar vasitəsilə həyata keçirilir. Stansiyalardan əldə edilən məlumatların təhlilinə əsasən gün ərzində Bakı şəhəri üzrə hava keyfiyyət göstəricilərindən dispers toz hissəcikləri 1.6, dəm qazı 1.3, azot-4 oksid 1.1, Sumqayıt şəhərində dispers toz hissəcikləri 1.3 dəfə normadan yüksək müəyyən edilib.