İsveçrənin “Wolnert Finance Limited” (“Wolnert”) şirkəti beynəlxalq iqtisad qanunvericiliyi çərçivəsində Ermənistan dövlətinə qarşı 1,2 milyard dollar təzminat iddiası qaldırıb. Şirkətin yaydığı məlumatda bildirilir ki, Ermənistan hökuməti şirkətin Zəngəzur Mis-Molibden Kompleksində (ZMMK) sərmayədar kimi hüquqlarını pozub, sərmayə proqramının qarşısını siyasi kampaniya və təhdidlərlə alıb, nəticədə dövlət şirkətin kombinatdakı səhm payını ələ keçirib. mənbə
“Wolnert”in Ermənistan Respublikasına qarşı 3 iyun 2024-cü il tarixində qaldırdığı arbitraj iddiası iyunun 21-də Dünya Bankının İnvestisiya Mübahisələrinin Həlli üzrə Beynəlxalq Mərkəzinin (ICSID) baş katibi tərəfindən qeydə alınıb. İddia barədə Ermənistan Baş nazirinin Ofisinə, Xarici İşlər Nazirliyinə, Maliyyə Nazirliyinə və Beynəlxalq Hüquq Məsələləri üzrə Nümayəndəliyinə məlumat təqdim edilib. istinad
İsveçrə şirkətinin iddiasına görə, İrəvanın atdığı addım Ermənistan Respublikası Hökuməti və Kipr Respublikası Hökuməti arasında 1998-ci ildə İnvestisiyaların Təşviqi və Mühafizəsi haqqında Sazişdən irəli gələn öhdəliklər ciddi şəkildə pozulub. Həmin sazişdə qeyd edilir ki, Ermənistan hökuməti sərmayəçilərin öz sərmayələrinə ədalətli və qərəzsiz münasibəti təmin edəcək və ayrı-seçkiliyə yol verməyəcək, investisiyaların saxlanmasına, istifadəsinə, idarə edilməsinə və ya özgəninkiləşdirilməsinə müdaxilə etməyəcək. mənbə
Ancaq Kiprdə qeydiyyatdan keçniş “Wolnert”ə qarşı bu sazişin tələbi kobud şəkildə pozulub və səhmdarın fəaliyyəti tamamilə dayandırılıb. Nəticədə “Volnert” 1,2 milyard dollar itki ilə üzləşib.
Beynəlxalq arbitraj prosesinə ICSID-nin yüksək ixtisaslı hüquqşünaslar qrupu yüksək səviyyəli məsləhətçilər, ekspertlər cəlb olunub. Ekspertlərin qiymətləndirməsinə görə, itkilərin məbləği daha da arta bilər. mənbə
“Wolnert Finance Limited”in üzləşdiyi qanunsuzluqlardan öncə ZMMK-nın qısa tarixinə və özəlləşdirməyə açılmasına, sonradan baş verənlərə nəzər salaq.
Zəngəzur Mis-Molibden Kombinatı Qafan şəhərindən 30 kilometr qərbdə Qacaran şəhərinə yaxın ərazidə yerləşir. Bu kombinat Ermənistanda ən böyük mədən şirkəti hesab edilir və dünyanın 10 ən böyük molibden istehsalçısından biridir. 1952-ci ildə inşa olunan zavodda kütləvi istehsala start verilib, illik hasilat bir neçə il əvvələ qədər 25 milyon ton olub, hazırda isə 20 milyon tona düşüb.
Müəssisə 20 il əvvəl özəlləşməyə açıq elan edilib və 2004-2018-ci illər ərzində hakimiyyətə yaxın bir neçə səhmdarın əlinə keçib. Xarici investorların özəlləşdirməyə cəlb edilməsi sayəsində ZMMK-nın ən böyük səhmdarı Almaniyanın “Chronimet Holding” MMC olub. Almanlar ZPMK-nın digər səhmdarı olan “Təmiz Dəmir Zavodu”nun 15 faizlik səhmlərini də aldıqdan sonra kombinatda 75 %-lik səhm portfelinə sahib olublar. 1980-ci ildə Almaniyanın Karlsrue şəhərində təsis edilmiş “Chronimet Holding”in rəhbəri Gunter Pilarski Almaniyanın “Karlsrue” futbol klubunun vitse-prezidenti, həmçinin, Almaniyanın Baden-Vürtemberq bölgəsində Ermənistanın fəxri konsulu olub.
ZPMK-nın digər səhmlərinə 12,5 %-lik payla “Zəngəzur Mining”in rəhbəri Maksim Akopyan, qalan 12,5 faizə isə “Moon Metals” MMC-nin ortaq rəhbərləri Armen-Suren Antikyan cütlüyü sahib olub. Armen Antikyan mədəniyyət məsələləri üzrə keçmiş müşavir, “Yerevan Mall”ın direktor müavini və Serj Sarkisyanın kürəkəni, həm də Ermənistanın Müqəddəs Taxt-Tacdakı keçmiş səfiri Mikael Minasyanın ən yaxın çevrəsinə aid şəxslərdən sayılır. istinad
2018-ci ildə Ermənistanda baş verən “inqilab” nəticəsində Sarkisyanın hakimiyyəti itirməsindən sonra yeni rəhbər Paşinyanın gəlişi ilə ZPMK-da səhmdar dəyişiklikləri baş verib. Nikolun təzyiqləri ilə üzləşən Antikyan və Atsikyan öz bizneslərini satmağa məcbur olublar. Beləliklə, onlar 12,5 faizlik səhmlərini İsveçrə şirkəti “Walnort Finance Limited”ə təklif ediblər.
2013-cü ildə təsis edilmiş “Wolnert”in həmin dövrdə sahibi İsveçrə vətəndaşı Jan-Jak Buffet olub. O, həm də Kiprin paytaxtı Nikosiyada qeydiyyatda olan “Triendotto Investments Limited” şirkətinin də sahibidir. Bu şirkət isə Ukrayna şəhər nəqliyyatında elektron bilet satışı biznesini idarə edib, sonradan fəaliyyətini dayandırıb. Kipr Dövlət Şirkətlər Reyestrinə görə, Jan-Jak Buffetin “Triendotto Investments Limited”də ortaqları Karen və Armen Vanetsyanlardır. Onlar Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Artur Vanetsyanın əmisi oğulanlarıdılar. Buffetin “Wolnert Finance Limited” şirkətinin ZPMK-də səhmdar olmağa da Vanetsyanlar məsləhət biliblər.
Kombinatın keçmiş səhmdarlarından olan Armen Vanetsyan Paşinyan hökuməti üçün “qara siyahı”ya salınmış arzuolunmaz şəxs elan edildiyindən “Triendotto Investments Limited” şirkətindəki səhmlərini də Buffetə satır. 2018-ci il iyulun 20-də İqtisadi Rəqabətin Müdafiəsi üzrə Dövlət Komissiyası (İQKDK) Kiprdə qeydiyyatdan keçmiş “Wolnert Finance Limited” şirkətinin səhmdarlar şurasına daxil olması barədə qərar qəbul edir. mənbə
Bəs isveçrəli investorun Zəngəzur Mis-Molibden Kombinatından uzaqlaşdırılmasında “siyasi motiv” nə ola bilər?
Yuxarıda vurğuladığımız kimi hər şey Serj Sarkisyan hökumətinin Paşinyan kabineti ilə əvəz olunmasından sonra başlayıb. Sarkisyanın rəhbərliyi dövründə ZPMK-nın səhmdarları onun çevrəsinə yaxın olan sərmayəçilər siyasi şantayla bir-bir şirkətdən uzaqlaşdırılıblar. “Walnort Finance Limited” şirkəti kombinatda özünə güclü partnyor axtarır və Rusiyanın keçmiş səhiyyə və sosial inkişaf naziri, eks-prezident Dmitri Medvedevin müşaviri, Rusiya Federasiyasının Ukraynadakı keçmiş səfiri Mixail Zurabov ortaq olur.
Zurabov və isveçrəli sənaye oliqarxı arasında əlaqələri də Vanetsyan qurur. Zurabov və Vanetsyan Rusiyada yaxın biznes tərəfdaşıdırlar, onların birgə günəbaxan yağlarının istehsalı ilə məşğul olan “Exoil Group” şirkəti vardır. Beləliklə, 2020-ci ildə ZPMK-nin 12,5 faiz səhm paketinə Zurabov da ortaq olur. mənbə
N.Paşinyanın S.Sarkisyanın komandasında yer almış kadrlarla ədavəti, xüsusilə də Milli Təhlükəsizlik Xidmətinin keçmiş şefi Artur Vanetsyanla düşmənçiliyi Zurabovun səhmdar kimi fəaliyyətinə də mənfi təsir edir. Nikol A.Venetsyanın yaxın dostu Zurabovu səhmdarlar sırasında görmək istəmir və ona müxtəlif yollarla təxribat planı hazırlayır. O, hiyləgərlik edərək rusiyalı məşhur oliqarx Roman Trotsenkonu Zəngəzur Mis-Molibden Kombinatının Sərmayədarlar Şurasına dəvət edib. Məqsəd biznes qarşıdurmalarında “mehriban düşmənlər” olan Trotsenko ilə Zurabovu İrəvanda toqquşdurmaq olub. Bu məqsədlə Romanın ZMMK-da pay alması üçün münbit şərait təmin edilir, eləcə də süni şəkildə onunla Zurabov arasında biznes mübahisələri və məhkəmə çəkişmələri yaradılır. mənbə
Paşinyan bu müddətdə boş dayanmayaraq, almaniyalı səhmdarı da uzaqlaşdırmaq üçün planlar qurub. O, 2018-ci il noyabrın 20-də ZPMK-nın ən böyük səhmdarı olan “Chronimet Holding”in rəhbəri Günter Pilarskini qəbul edərəkən Mis Molibdenin Kombinatında çalışan 4 minə yaxın işçinin siyasi oyunlara cəlb edildiyinə eyham vuraraq deyib ki, “müxtəlif əməliyyat məlumatları var və hamısı yoxlanılır”. Beəliklə almaniyalı investora da təhdidlər edilib. mənbə
2021-ci ildə kombinatda məqsədli şəkildə qarşıdurma yaradılır və səhmdarlar arasında mübahisələr qızışdırılır. 2021-ci ilin iyununda Ermənistanda parlament seçkiləri kampaniyası ərəfəsində baş nazir Nikol Paşinyan “səhmdarların boşboğazlığı və pozuculuğu”ndan gileylənərək bildirir ki, ZPMK-nın səhmlərinin yenidən bölüşdürülməsinə çalışacaq. Paşinyan ZPMK-nin işçiləri ilə görüşdə açıq şəkildə deyir ki, biz Kombinatdakı səhmdarların paylarını əlindən alacağıq. Bunun özü iqtisadi qanunları, özəlləşdirmə proqramını pozmaq idi və xarici investorların qovulmasına hazırlığın anonsu idi.
Ermənistan hökuməti birbaşa baş nazirin göstərişi ilə bütün qanunları tapdalayır, invesorların hüquqlarının qorunması, xarici investisyalar, haqsız rəqabət və digər qanunların tamamilə heçə sayaraq əsl “reket üsül-idarəsi” ilə özbaşınalığı həyata keçirir. Sentyabr ayında kombinatdakı səhmdarları uzaqlaşdırır, “Chronimet Holding” ZPMK-dakı 75 faizlik səhm payını tam satmağa məcbur edilir, 2022-ci ildən etibarən Kombinatın səhmdarlar şurası ilə bağlı hesabatlarda və reyestr məlumatlarında şirkətin adına rast gəlinmir.
2021-ci il sentyabrın 30-da 75 faizlik səhm portfeli rusiyalı milyarder Roman Trotsenkoya aid olan “Sənaye Şirkəti” və “Urbanevent Plus”a satılır. Ermənistan Rəqabətin Mühafizəsi Komissiyası “Sənaye Şirkəti”nə ZPMK səhmlərini satmağa icazə verir.
2021-ci ilin oktyabr ayında Paşinyan Roman Trotsenkonu qəbul edərək ona müəssisədə “sağlamlaşdırma tədbirləri” aparmağı tövsiyə edir. istinad
ZMMK Trotsenkoya o şərtlə verilir ki, səhmlərin 25 faizi hakimiyyətin özündə saxlanılacaq. Roman Trotsenko kombinatda mütləq səhmdar olduqdan sonra Mixail Zurabovu asanlıqla sıradan çıxarır. Nəticədə “Walnort Finance Limited” şirkətinin ortağının səhmləri dövlət adı altında Paşinyana yaxın şəxslərin əlinə keçir.
Aradan bir müddət keçdikdən sonra Paşinyan R.Trotsenkonu da ZMMK-dan kənara çəkilməyə razılaşdırır. Buna səbəb kimi Amerika Birləşmiş Ştatlarının 2023-cü ildə “AEON” korporasiyası da daxil olmaqla Trotsenkolara məxsus şirkətlərə qarşı sanksiya tətbiq etməsi göstərilir, İrəvan Qərbin sanksiyalarından ehtiyat edərək Mis-Molibden Kombinatının reyestrindən dərhal Trotsenkoların adını da çıxarır. mənbə
Paşinyan hökuməti yeni bir hiyləgərlik edərək Roman Trotsenkoya yaxın başqa investoru - “GeoPromining” şirkətlər qrupunun prezidenti Roman Xudoliyi səhmdarlar şurasına gətirir. Faktiki olaraq müəssisə “GeoPromining”in inhisarına keçir. 2023-cü ilin noyabrında mediaya verdiyi açıqlamalarda artıq Zəngəzur Mis-Molibden Kombinatının idarəçiliyində əsas söz sahibinin “GeoPromining” olduğu da öz həqiqi təsdiqini tapır. Roman Xudoliyin vurğuladığı kimi zavod ortaq mülkiyyətçilər kimi Ermənistan hökuməti ilə onlara məxsusdur. mənbə
Bu ambisiyalı açıqlama tam təsdiq edir ki, “GeoPromining” öz strateji hədəfləri yolunda başqa investorları özünə yaxın buraxmaq niyyətində deyil. Ona görə də, müəssisədə Ermənistan hökumətinin müəyyən payı olamasına baxmayaraq, Avropalı investorların bu alyansda yer almasını rus investorlar müəyyən edir.
“GeoPromining” şirkəti öz növbəsində, aldığı payın 25%-ni Ermənistan hökumətinə bağışlayıb.
Beləliklə, Zəngəzur Mis-Molibden Kombinantında 12.5 faizlik səhm portfelinin səhmdarı olan “Walnort Finance Limited” siyasi hakimiyyətin çirkin siyasi oyunlarının, ələxsus da keçmiş MTX rəisinin Paşinyanla düşmənçiliyinin qurbanına çevrilir. Paşinyan etiraf edir ki, Artur Vanetsyan son 4-5 ildə dinc dayanmayaraq ona qarşı müqavimət hərəkatının arxasında dayananlardan biri olduğundan onunla haqq-hesabı ağır olacaq. Paşinyan hazırda hakimiyyətə qarşı təşkilatlanmış “Vətən uğrunda Tavuş” hərəkatının arxasında dayanan 3 nəfərdən birinin də Vanetsanyan olduğunu bildirib. MTN-in sabiq şefinin isə keçmiş prezident Serjin kürəkəni ilə birgə hərəkət etdiyi bildirilir. mənbə
Vanetsyan isə Paşinyanın bütün iddilarını “nağıl” adlandıraraq onun öz maddi mənafeyi görə hər cür təxribata əl atdığını, ZMMK-nın səhmdarlarının dəyişdirilməsini bilavasitə baş nazirin təzyiqi altında baş verdiyini bildirib.
Bir faktı xüsusi vurğulayaq ki, Paşinyanla birləşərək “Walnort Finance Limited”i ölkədən qovan və hazırda 75 faizlik səhm portfelini idarə edən “GeoPromining” şirkəti İsveçrəli investorla yanaşı, Azərbaycana da ağır iqtisadi zərərlər vurub. Bu şirkət uzun illər Qarabağ və Şərqi-Zəngəzurda Azərbaycanın qızıl və mis yataqlarını da istismar edərək xaricə ixrac etməklə böyük sərvət qazanıb. mənbə
ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) bir neçə ay əvvəl Ermənistanın işğalı zamanı Azərbaycanın Kəlbəcər rayonunda qeyri-qanuni qızıl hasilatı əməliyyatlarında iştirakına görə “GeoProMining” şirkətinə qarşı sanksiyalar tətbiq edib. “GeoProMining” Ermənistan ərazisindəki mədənlərdə fəaliyyət üçün icazə almasına baxmayaraq, Kəlbəcərin böyük bir filiz sənayesini istismar edərək milyonlarla vəsait qazanıblar. Şirkətin isveçrəli sahibkar və zərgər Vartan Sirmakeslə birgə mənimsəmədə iştirakı da istisna deyil. mənbə
Maraqlıdır ki, ABŞ-ın sanksiya siyahısına salınmış “GeoProMining” hələ də Paşinyan hökuməti ilə ortaq səhmdar kimi ZMMK-da iddialı investor kimi gələcək strateji planlarını həyata keçirməyə hazırlaşır.
“Walnort Finance Limited” şirkətinin timsalında baş verənlər onu təsdiq edir ki, Ermənistanda siyasi hakimiyyət və məmur oliqarxiyası birbaşa azad biznesə qarşı ən çirkin vasitələrdən istifadə edərək onların səhm, əmlak və vəsaitlərini mənimsəyir, investorlara iftira ataraq onları şərləməklə, şantajla hədələməklə ölkədən uzaqlaşdırır.
Bu fakt Ermənistan hakimiyyətini beynəlxalq investorlara qarşı ilk səlib yürüşü deyil, indiyə qədər “Sanitech International Group”,“Lydian International LLC”- “Amulsar Investor Venture” holdinqi tərəfindən erməni hökumətinə qarşı Beynəlxalq Arbitraj Məhkəməsində qaldırılmış iddialar da təsdiqləyir ki, Ermənistan xarici sərmayəçilər üçün ən təhlükəli ölkədir.
2021-ci il martın 29-da “Sanitech International Group”un İrəvana qarşı investisiya iddiası qaldırması Ermənistanda xarici sərmayəçilərin artıq bezərək beynəlxalq arbitraja müraciətinin ilk rəsmi nümunəsi oldu. Livanda qeydə alınmış Kanada əsilli şirkət məişət tullantılarının emalı və bərpa olunan enerji istehsalı müəssisəsi yaratmaq üçün təxminən 40 milyon dollar sərmayə yatırır, ancaq hakimiyyət “Sanitech International Group”a qarşı siyasi motivlərlə təhdidlər edərək müflisləşməsinə və ölkəni tərk etməsinə nail olur. Nəticədə “Ermənistan Respublikası Hökuməti və Livan Respublikası Hökuməti arasında investisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında” Sazişin 9-cu maddəsinin, “Kanada-Ermənistan İnvestisiyaların Mühafizəsi Sazişi”nin 13-cü Maddəsi və “Beynəlxalq İnvestisiyalar haqqında” Konvensiyanın 36-cı maddəsinin tələbləri kobud şəkildə pozulur və şirkət beynəlxalq məhkəməyə müraciət edir. istinad
Eyni aqibəti “Amulsar Investor Venture” MMC də yaşayıb. Şirkətin törəmə müəssisəsi “Lydian International LTD” Serj Sarkisyanın hakimiyyəti dövründə “Lidian Armenian LTD”nin səhmlərinin 100 faizini satın alaraq “Vayots Dzor” (Dərələyəz) bölgəsinin Amulsar şəhərinin qızıl tərkibli kvarsit mədənində faydalı qazıntıların çıxarılması sahəsində işə başlayaraq bir neçə yüz milyon dollar sərmayə qoyur. Ancaq 2018-ci ildən sonra ağlasığmaz siyasi şantajlara məruz qalır. Paşinyan hakimiyyətə gəldikdən sonra Amulsarda sənaye zonasına özünün yaxın çevrəsinin köməyilə kvarsit mədəninə gedən yolları “ekoloji fəallar” tərəfindən bağlatdırır və xarici investoru faktiki blokadaya alır, işləməyə qoymur. Ermənistan hökuməti 2020-ci ildə bu müəssisədə ləğvetmə prosesi başladaraq “Amulsar Investor Venture” MMC-nin səhmlərinə özü sahib olur. Şirkət Dünya Bankının İnvestisiya Mübahisələrinin Həlli Beynəlxalq Mərkəzinə (ICSID) iddia ilə müraciət edib. istinad
Göründüyü kimi Paşinyan hökuməti beynəlxalq maliyyə institutları, xarici biznes icması ilə görüşlərdə riyakarlıq edərək Ermənistanda əlverişli sərmayə iqliminin yaradılmasını vəd edir, Avropa və ABŞ biznes icması yanında sərmayələrə açıq ölkə imitasiyası yaradır, xarici investorları aldadaraq ölkəyə gətirdikdən sonra isə sərmayələrini əlindən alaraq zorakılıqla fəaliyyətlərinə son verir.
Bu, həm də Ermənistanda rəqabət mühitinin, xarici investorlara yaradılan şəraitin çılpaq mənzərəsidir. Bu təkzibolunmaz faktlar “Freedom House”, “Heritage Foundation”, Beynəlxalq Şəffaflıq Təşkilatı və digər qurumların öz hesabatlarında iqtisadi azadlıq, biznes mühiti, xarici sərmayə iqlimi, investorların hüquqlarının qorunması və s. indikatorlar üzrə Ermənistanın adına yazdığı yüksək reytinqlərin də başdan-ayağa saxta və rüsvayçılıq nümunəsi olmasına da dəlalət edir.
Yekun olaraq:
Azərbaycan “Walnort Finance Limited”in beynəlxalq Arbitraj Məhkəməsində iddialarını gücləndirə biləcək çoxsaylı faktları təqdim etməklə Ermənistanın əsil cinayətkar və oğru simasını ifşa edə bilər.
1. “Wolnert”in səhmlərini ələ keçirən hazırkı səhmdar - “GeoPromining” şirkəti həm də vaxtilə Azərbaycanın ərazilərdinə qanunsuz filizçıxarma ilə məşğul olub.
2. ZMMK ilə bağlı cinayət tədqiqatı Ermənistanın digər beynəlxalq cinayətlərinə də cığır açmış olar. Prosesin tədqiqi zamanı digər cinayətkarlar da məhkəməyə cəlb oluna bilərlər. Belə ki, “GeoPromining”in ortağı isveşrəli milyarder, çirkli pulların yuyulması, qaranlıq biznes əlaqələrinə görə tanınan “Vallex Group”un maliyyə investoru Vartan Sirmakes və şəriki “Base Metals”ın rəhbəri Valeriy Mejlumyan da birbaşa iştirakçı olub. “Vallex” şirkətlər qrupu uzun illər Azərbaycanın həm də Zəngilan və Ağdərə rayonlarında qızıl və mis yataqlarını qanunsuz istismar edib.
3. İsveçrə şirkəti 1,2 milyard dollar itkiyə məruz qalıbsa, Azərbaycanın itkiləri daha böyükdür. Yəni iqtisadi cinayətin digər təfərrüatları əlavə hüquqi presedentləri də ortaya çıxarmış olur. Bu halda Ermənistana qarşı beynəlxalq iddia 1,2 milyard deyil, 10 milyard dolları da ötə bilər.