Sosial mediada Azərbaycanla Qambiya arasında diplomatik pasport sahibləri üçün viza rejiminin ləğvi xəbəri ilə bağlı müxtəlif fikirlər səslənir, lağ-lağı kapslar yayılır. Bu paylaşımı edənlər arasında müxalif kəsimin təmsilçiləri daha çox diqqət cəlb edirlər.

Gültəkin Hacıbəyli həmişəki kimi diqqətsizliyini və savadsızlığını nümayiş etdirib

 

Qənimət Zayidov da ironiya etməyə çalışıb. Lakin Gültəkin Hacıbəyliyə nisbətən cəld tərpənib, o, xəbəri paylaşandan 1 saat sonra dəqiqləşdirib ki, bu viza rejimi diplomatik pasportu olanlar üçündür və statusuna redaktə edib.

Müxalif jurnalist Çingiz Sultansoy Avropada yaşasa da irqçi təfəkkürünü kənara ata bilməyib və o, aşağılayıcı hekayə yazıb:

Hüquq müdafiəçisi Rüfət Səfərov ampluasına uyğun səviyyədə paylaşım edib:

Rüfət Səfərovla "Müdafiə Xətti"ndə şərik olan Zəfər Əhmədov da ondan geri qalmayıb

 

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü, "Azadlıq" qəzetin əməkdaşı Səadət Cahangir:

AXCP üzvü Ali Abdulla isə irqçi zehniyyəti ilə hadisəyə münasibət bildirib.

Faktyoxla Lab. Azərbaycan müxalifəti tərəfindən məsxərəyə qoyulan Azərbaycan-Qambiya əlaqələrini araşdırıb və ötən illər ərzində dost ölkə ilə siyasi münasibətlərimizdəki diqqətçəkən məqamları üzə çıxardıb.

Öncə qeyd olunmalıdır ki, bu il Azərbaycan Respublikası və Qambiya Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edən Azərbaycan və Qambiya regional və beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlıq edirlər.

Qambiya Respublikası Birləşmiş Millətlər Təşkilatı (BMT), Qoşulmama Hərəkatı (QH), İslam Əməkdaşlıq Təşkilatı (İƏT) çərçivəsində Azərbaycan Respublikasının ərazi bütövlüyü ilə bağlı və digər bu səpgidə olan qətnamələri birmənalı olaraq dəstəkləyib.

2008-ci ilin 14 mart tarixində BMT-nin Baş Assambleyasının 62-ci sessiyasında “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı qətnamənin qəbul olunmasına dair keçirilən səsvermədə Qambiya Respublikası ölkəmizin lehinə səs verib.

2012-2013-cü illər üzrə Azərbaycan Respublikasının BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçkilərdə Qambiya ölkəmizi dəstəkləyib.

10-15 aprel 2016-cı il tarixlərində İstanbul şəhərində keçirilmiş İƏT Zirvə Görüşünün 13-cü sessiyasının Yekun Kommünikesində “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzünə dair” İƏT Təmas Qrupunun yaradılması haqqında qərar öz əksini tapmış və Qambiya qeyd edilən təmas qrupuna daxil olan 9 könüllü ölkədən (Türkiyə, Mərakeş, Səudiyyə Ərəbistanı Krallığı, Pakistan, Malayziya, Əfqanıstan, Cibuti, Qambiya və Somali) biri olub.

Yalnız 2020-ci ilə nəzər salsaq, Qambiyanın üzvü olduğu İƏT-də keçmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı aşağıdakı bəyanatlar verilib:

- 2020-ci ilin 31 mart tarixində ölkəmizin işğal olunmuş ərazilərində keçirilən qondarma “seçkilər”lə əlaqədar İslam Əməkdaşlığı Təşkilatının “İƏT işğal olunmuş Dağlıq Qarabağda seçkilərin keçirilməsini rədd edir” (“OIC Rejects the Holding of Elections in the Occupied Nagorno-Karabakh”);

- 14 iyul 2020-ci il tarixində İslam Əməkdaşlıq Təşkilatının (İƏT)  “İƏT Baş katibliyi Ermənistanın Azərbaycanın Tovuz rayonuna hücumunu pisləyir” (“OIC General Secretariat  Condemns  Armenia’s Attack On The Tovuz Region in Azerbaijan”);

- 28 sentyabr 2020-ci il tarixində İƏT “İslam Əməkdaşlığı Təşkilatının Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasına qarşı törətdiyi təxribat və çoxsaylı hücumlarını pisləyir”;

- 14 oktyabr 2020-ci il tarixində İslam Əməkdaşlıq Təşkilatının Gəncə şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə məruz qalması ilə bağlı “İƏT Azərbaycan Respublikası ilə həmrəyliyini bir daha təsdiqləyir”;

- 21 oktyabr 2020-ci il tarixində İƏT-in “Baş Katiblik Ermənistanın Azərbaycan Respublikasına qarşı hücumlarının dərhal dayandırılmasına çağırır”.

Həmin bəyanatlarda Azərbaycan Respublikası ilə həmrəylik bir daha ifadə edilib.

Azərbaycan sosial media istifadəçilərinin lağ-lağı mövzusuna çevirdikləri "iki ölkə arasında diplomatik pasport sahibləri üçün viza tələbinin aradan qaldırılması barədə saziş" 4 may 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Qambiya Respublikasına işgüzar səfəri çərçivəsində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) 15-ci İslam Sammitində iştirakı zamanı imzalanıb. Qambiyada keçirilən Banjul Sammitinin yekunlarına dair qəbul olunmuş Kommunikedə ölkəmizin bütün ərazilərində öz suverenliyini bərpa etməsinin məmnunluqla qarşılandığı qeyd olunub, dəyişməz olaraq Azərbaycanın ərazi bütövlüyünə, habelə Azərbaycan və Ermənistan arasında bir-birinin ərazi bütövlüyü və suverenliyinin qarşılıqlı tanınması əsasında normallaşma prosesinə dəstək ifadə olunub, bu istiqamətdə Ermənistana öhdəliklərinin yerinə yetirilməsinə dair çağırış edilib.

Xüsusi olaraq qeyd etməliyik ki, Kommunikedə İƏT-in “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü üzrə Kontakt Qrupu”nun adının “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzünün nəticələrinin aradan qaldırılması üzrə Kontakt Qrup”a dəyişdirildiyi əksini tapıb, Ermənistan bir daha İslam irs nümunələrinin dağıdılmasına görə qınanılıb. Keçmiş münaqişə dövründə indiki Ermənistan ərazilərindən qovulmuş azərbaycanlıların taleyinin narahatlıq doğurduğu, bu istiqamətdə onların ləyaqətli qayıdışına dəstək ifadə olunub.

2026-cı ildə İslam Əməkdaşlıq Təşkilatının 16-cı İslam Sammitinin Azərbaycanda keçirilməsini təsdiqləyən Kommunikedə, həmçinin bu istiqamətdə Bakıda təşkil olunacaq Sammitin həyata keçirilməsində əməkdaşlığa çağırış olunub.

Təəssüf hissi ilə qeyd olunmalıdır ki, yuxarıda adları çəkilən (və çəkilməyən) müxalifətçilər Qambiyanın Azərbaycana 30 ildə göstərdiyi dəstəyin bir faizini də göstərməyən Qərbin ikili standartları və qərəzli mövqeyinə ötən illər ərzində göz yumub və ya susublar. Əvəzində Qambiya, Cibuti kimi ölkələrlə bağlı atılan adi işləri, gələcək üçün hesablanmış addımları şişirdib, məsxərəyə qoyur, Azərbaycanın dövlət maraqlarından başqa bütün başqa maraqları təmsil edir və ictimai rəyi çaşdırırlar.  

Halbuki əhlisinin 90 faizindən çoxu müsəlman olan Qambiya və Cibuti kimi ölkələrin fəaliyyətlərini və Azərbaycana olan xoş münasibətlərini illər boyu müşahidə etmişik. Belə əlaqələrə görə məsxərə edənlər anlamırlar ki, hər bir dövlətin böyük dövlətlər kimi beynəlxalq tribunalarda bir səs hüququ var və post-münaqişə dövründə də bu dövlətlərin İƏT və digər beynəlxalq təşkilatlar çərçivəsində ölkəmizə verəcəyi dəstək zəruridir.

Nəticə:

• Xarici işlər naziri Ceyhun Bayramov Qambiyaya işgüzar səfəri çərçivəsində Qambiya Respublikasının xarici işlər, beynəlxalq əməkdaşlıq və xaricdəki qambiyalılar naziri Mamadu Tanqara ilə görüş zamanı iki ölkə arasında yalnız diplomatik pasport sahibləri üçün viza tələbinin aradan qaldırılması barədə saziş imzalanıb;

• Müstəqillik qazanandan sonra Azərbaycan Respublikası 68 ölkə ilə bu cür saziş imzalayıb və ikitərəfli əlaqələrdə bu normal hal hesab edilir. Sayca 69-cu ölkə olan Qambiyaya qarşı belə reaksiyanın verilməsi anlaşılan deyil;

• Qambiya Respublikası 10-15 aprel 2016-cı il tarixlərində İstanbul şəhərində keçirilmiş İƏT Zirvə Görüşünün 13-cü sessiyasının Yekun Kommünikesində “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzünə dair” İƏT Təmas Qrupunun yaradılması haqqında qərara daxil olan 9 könüllü ölkədən (Türkiyə, Mərakeş, Səudiyyə Ərəbistanı Krallığı, Pakistan, Malayziya, Əfqanıstan, Cibuti, Qambiya və Somali) biri olub;

• 4-5 may 2024-cü il tarixlərində keçirilən Banjul Sammitində (Qambiya) qəbul olunan Kommunikedə İƏT-in “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü üzrə Kontakt Qrupu”nun adının “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzünün nəticələrinin aradan qaldırılması üzrə Kontakt Qrup”a dəyişdirildiyi əksini tapıb;

• Qambiya Respublikası Birləşmiş Millətlər Təşkilatı (BMT), Qoşulmama Hərəkatı (QH), İslam Əməkdaşlıq Təşkilatı (İƏT) çərçivəsində Azərbaycan Respublikasının ərazi bütövlüyü ilə bağlı və digər bu səpgidə olan qətnamələri birmənalı olaraq dəstəkləyib.