Fransa prezidenti Makronun qaşları çatılmış, muskulları şişirdilmiş boks kisəsinə zərbə vurduğu anın solğun, ağ-qara fotosu paylaşılıb. Fransa prezidentinin şəxsi fotoqrafı Syuzi de la Muassonyerin (Soazig de la Moissonnière) instagram səhifəsində yaydığı bu foto səhifə izləyiciləri, jurnalistlər, hətta siyasi şərhçilər tərəfindən birmənalı qarşılanmadı.
Bir çoxları əsəbi halda boks kisəsini döyəcləyən Makronu Robert de Nironun “Çılğın öküz” filminin əsas personajı “Rokki Balboa”ya oxşatdığını, bəziləri onun Rusiya prezidentini yamsıladığını söyləyiblər.
Əksər istifadəçilər və mütəxəssislər fotonun qondarma olduğunu, texniki vasitələrlə hazırlandığını iddia ediblər.
Faktyoxla Lab. Makronun boks kisəsi ilə fotosunun orijinal olub-olmadığını araşdırıb.
Onun rəsmi fotoqrafı Soazig de la Moissonnière özünün "Instagram" hesabında yerləşdirilmiş fotolar vasitəsilə prezidentin ictimai və şəxsi gündəlik həyatını sənədləşdirir. Onun hazırda 219 min izləyicisi var. Makron şəxsi fotoqrafının dərc etdiyi fotoşəkilləri bəyəndiyini bildirmişdi.
Foto paylaşılandan sonra media və sosial media tənqidi yağış kimi yağıb:
Foto haqda “Daily Mail”-in yazdığı məqalənin başlığı "Makron- böyük narsist” olub.
“The Telegraph”-ın şərhçisi Daniel Cekson isə Makronu “pozaverən” adlandırıb: "Əvvəlki prezidentlər, o cümlədən "Müqavimət hərəkatı"nın qəhrəmanı Şarl de Qol heç vaxt özlərini belə lüzumsuz göstərməyiblər”.
"Makronun fotoqrafı yorulmaz boksçu kimi onun fotolarını dərc edib. Üzr istəyirəm, amma gülməkdən partladım!" - deyə fransız sahibkar Emmanuel de Villiers yazıb.
"Bu klounluq həqiqətən də əyləncəli olmağa başlayır", - fransız fəal Amin Saha deyib.
“Necə də böyük siyasi aşağılıq, necə də proqressivizmin məğlubiyyəti və siyasi kommunikasiyanın necə böyük kasadlığıdır”-deyə Fransa Parlamentinin üzvü Sandrin Russo “x” platformasında yazıb.
“Nə vaxt ki, sizin kommunikasiyalar üzrə məsləhətçiniz fotoşopla çox maraqlanır. Arnold Şvartsnegger”
“Aktyorlar olub ki, sonradan qubernator və ya prezident seçiliblər. Ronald Reyqan, Şvartsnegger. Amma onlar heç olmasa iki peşədən birinin öhdəsindən yaxşı gəliblər”- “tepsis3” adlı profil “X” platformasında yazıb.
«Ümumiyyətlə, bu elə bilir, prezidentdir. Kərgədan ovlayan çəhrayı ovçu rolu oynasaydı, daha çox inandırıcı görünərdi”– “paulineal70”-in fikridir.
«Təsəvvür etmək çətindir ki, belə biri bizə rəhbərlik edir” – “arpeggiaa” qəzəbli halda fikirlərini çatdırıb.
Fotoların real olmadığı ilə bağlı fikirlər haçalanır. Bir çoxları fotoşop və montaj proqramlarından istifadə edildiyini, bəziləri süni intellektdən istifadə olunduğunu iddia edirlər.
Misal üçün, EricMassaud “Photoshop”-a və onun yeni aləti “Stalonnenin qolları” alətinə xüsusi salam”- yazıb
«Süni İntellekt möcüzəli işlər görə bilir”– “ayckdel” ləqəbli profil bu cür düşünür.
“GonZo” adlı istifadəçi əmindir ki, «Əlbəttə ki, qollar dəyişdirilib”
Bütün bunlara rəğmən, prezidentin şəxsi fotoqrafı 19 martda paylaşdığı bu fotoya gələn tənqidlərdən sonra 20 mart tarixində paylaşımda redaktə edib və bu sözləri yazıb: "Həsəd aparanlar üzürlü saysınlar, amma fotoda əlavə dəyişikliklər edilməyib".
Fransanın birinci xanımı Brigitte Makron noyabr ayında “Paris Match”-a müsahibəsində demişdir ki, Fransa prezidenti həftədə iki dəfə boks məşqləri edir. Onun təhlükəsizliyin əməkdaşları ilə “sparinqə” çıxdığı deyilir. Makron həmçinin 2022-ci ilin aprelində Parisin şimal qəsəbələrində keçirilən seçki prosesi zamanı həvəskar boksçuya gücünü “göstərib”.
Bu açıqlamalara baxmayaraq bir çox istifadəçilər komik memlər hazırlayaraq Makronun bu hərəkətini ələ salıblar.
Fotonun faktyoxlasına gəldikdə isə internetdə bununla bağlı yetərli müqayisə fotoları yayılıb. Misal üçün, Fransa prezidentinin 2023-cü ilin avqust ayında istirahət zamanı çəkdirdiyi foto daha çox diqqət cəlb edib. Fotodan da görünür ki, həvəskar boksçu-prezidentin təqdim olunan qədər muskulları yoxdur.
Bu görüntüdə Makronun qolları daha aydın və yaxından çəkildiyi üçün müqayisə aparmaq daha asandır.
Bundan başqa fakeimigedetector.com saytında adi test yoxlanışına alqoritmlər “kompyuterdə hazırlanmışdır” cavabını verib.
Vinsent Flibustierin qənaətinə görə, fotoşəkil süni intellekt tərəfindən hazırlanıb.
Bundan başqa qolları ilə bərabər saçın formasındakı dəyişikliklər də mütəxəssislərin diqqətindən qaçmayıb.
Məşhur “Forensic” foto-yoxlama platformasında aparılan araşdırmada da foto üzərində ciddi dəyişikliklərin edildiyi görünür.
Faktyoxla Lab. olaraq saxta məlumatları ifşa edən "InVID" və "WeVerify" alətlər panelindən istifadə edərək fotonun üzərində hər hansı dəyişiklik aparılıb-aparılmadığını aydın etməyə çalışdıq. Fotonu qeyd edilən alətlər panelinə yüklədikdə ilk diqqəti cəlb edən “Ghosts alqoritmi” oldu.
Foto-analizdə yazılıb: “Bir neçə fərqli keyfiyyətdə təsviri yenidən sıxmağa və onların hər birini orijinaldan çıxarmağa əsaslanır. Yaranan fərqli şəkillər, ehtimal ki, başqa bir JPEG təsvirindən yaranan qabarıq bölgələri vurğulamaq üçün sonradan işlənir. Daha sonra maraqlı tapıntıları ehtiva edən şəkillər (yəni, yerli uyğunsuzluqlar olanlar) seçilir. Qara fonda vahid ağ, açıq yaşıl və ya mavi sahələr, xüsusən də kənarlara deyil, bütün sahələrə uyğundursa, müdaxilə ehtimalı var”
İkinci analiz alqoritmi isə “İkili kvantlama”dır. Foto haqda analizdə yazılıb: “JPEG şəklinə yad obyekt daxil edildikdə ikiqat kvantlama uyğunsuzluğu baş verir. Bu halda, dəyişdirilmiş sahə işıqlı görünməlidir (miqyasa baxın), qalan hissəsi isə qaranlıq qalacaq”.
Yekunda, foto ilə bağlı araşdırma apardığımız zaman rastımıza çıxan bir tviti təqdim edirik. Morad El Hattab adlı əlcəzair əsilli Fransa vətəndaşı yazır: @FranceTV-də “Interieur_Gouv” canlı yayımı zamanı 1 saat 20 dəqiqə ərzində 2 874 345 səsin yoxa çıxdığının (silindiyi, itdiyi) görünüb. KİV-in və siyasətçilərin bu heyratamiz sükutu kimi təəccübləndirir ki? Məgər bu seçkilər açıq-aşkar dələduzluq deyildi? Fransa-demokratiya?
Nəticə:
- Fransa Prezidentinin boks kisəsi ilə çəkdirdiyi fotolar orijinal deyil;
- "Forensic", saxta məlumatları ifşa etmək üçün hazırlanmış "InVID" və "WeVerify" alətlər paneli vasitəsilə sübut olunur ki, fotoşəkil üzərində texniki vasitələrlə dəyişikliklər edilib;
- Makronun 7-8 ay öncə çəkdirdiyi fotolardakı görünüşü boks məşqi zamanı çəkilən fotolardan kəskin fərqlənir