2024-cü il aprelin 16-da Gürcüstan parlamenti “xarici agent”lər haqqında qanun layihəsini birinci oxunuşda səsverməyə çıxardı. Təşəbbüs hakim "Gürcü arzusu - Demokratik Gürcüstan" partiyasına məxsusdur. Bir il əvvəl analoji təşəbbüs kütləvi etirazlara səbəb olmuş və hakimiyyəti qanun layihəsindən imtina etməyə məcbur etmişdi.

Elə aprelin 16-da da hakimiyyət müxalifətin etirazı ilə qarşılaşdı. Tbilisidə insanlar küçələrə axışdılar. Ümumiyyətlə, bu tip qanunların qəbulu əksər ölkələrdə - xüsusən də postsovet məkanında etirazla qarşılanır. Guya bunun hakimiyyətin müxalif düşüncəli insanları təqib etməsi üçün qəbul edildiyi iddia olunur.

Bəs reallıq necədir? Belə qanunlar başqa ölkələrdə, o cümlədən Qərb dövlətlərində varmı?

Faktyoxla Lab. bununla bağlı araşdırma aparıb.

“Xarici agent”- birbaşa və ya dolayısı ilə xarici dövlətin maraqları naminə siyasi və maliyyə fəaliyyəti ilə məşğul olan fiziki və ya hüquqi şəxsdir. Bir çox ölkələrin qanunları “xarici agent”lərin fəaliyyətinə məhdudiyyətlər qoyur.

ABŞ

Bu cür fəaliyyətlər Xarici Agentlərin Qeydiyyatı Aktı (FARA) ilə tənzimlənir. 1938-ci ildə Almaniyanın II Dünya Müharibəsi ərəfəsində apardığı təbliğata cavab olaraq qəbul edilib. Bir sıra dəyişikliklərdən sonra (ən əhəmiyyətlisi 1966, 1995 və 2007-ci illərdə edilib) sənəd xarici siyasi maraqların lobbiçiliyinə qarşı mübarizə alətinə çevrilib. 

Qanun xarici idarəedicilərin - xarici hökumətlərin, partiyaların, təşkilatların, şirkətlərin və ya şəxslərin maraqlarını təmsil edən və onların əmrləri, sorğuları və göstərişləri əsasında fəaliyyət göstərən qurum və fiziki şəxslərdən, o cümlədən ABŞ vətəndaşlarından ABŞ Ədliyyə Departamentində “xarici agent” kimi qeydiyyatdan keçməyi tələb edir. Qanun siyasi fəaliyyət, informasiya xidmətləri, siyasi məsləhətlər, vəsaitlərin toplanması və ya bölüşdürülməsi, hər hansı departamentlər, ABŞ hökumət rəsmiləri və ya Konqres üzvləri qarşısında xarici müştərinin maraqlarının təmsil olunması kimi sahələrə şamil edilir. Qeydiyyatdan keçərkən “agent” özü haqqında tam məlumat verməli, fəaliyyətini, mülkiyyət strukturunu təsvir etməli, xarici müştəri haqqında məlumat, ondan alınan vəsait (o cümlədən nəyə xərcləndiyi – alanlar göstərilməklə), paylanmış məlumat materiallarını təqdim etməlidir. Qanun din, təhsil, elm və incəsənət sahələrində qeyri-kommersiya fəaliyyəti ilə məşğul olan şəxslərə şamil edilmir. Xarici dövlətlərin rəsmi nümayəndələri, o cümlədən diplomatlar qanuna tabe deyillər. Qanunun pozulmasına görə cərimə və ya 5 ilədək həbs cəzası nəzərdə tutulur. Onu pozmaqda təqsirli bilinən əcnəbi deportasiya edilir.

 “Xarici agent”lərin ABŞ-dəkı fəaliyyəti də ABŞ Məcəlləsinin 18-ci maddəsinin 45-ci fəsil, 951-ci bəndi ilə məhdudlaşdırılır. Ona görə, ABŞ-da xarici hökumətlərin nəzarəti altında fəaliyyət göstərən şəxslər bu barədə ABŞ Baş Prokuroruna məlumat verməlidirlər (qayda diplomatlara şamil edilmir). Qanunu pozanları cərimə (miqdar göstərilmir) və ya 10 ilədək həbs gözləyir. Hər iki cəza tətbiq oluna bilər. 2024-cü ilin aprelinə olan məlumata görə, ABŞ Ədliyyə Departamenti 518 “xarici agent”i siyahıya alıb.

Avstraliya

2018-ci ildən Avstraliyada "Xarici Təsir Şəffaflığı Çərçivə Aktı" var. Bu Akta əsasən, “xarici agentlər” - ölkədə xarici rəhbərlərin nəzarəti altında işləyən şəxslər dövlət reyestrində qeydiyyatdan keçməli və fəaliyyətləri haqqında hesabat təqdim etməlidirlər. Qanun, ölkədə xarici təsirin xarakteri və miqyası haqqında məlumat əldə etmək üçün nəzərdə tutulub.

O, parlamentdə və mediada lobbiçilik fəaliyyətini, maliyyə resurslarının təminatını əhatə edir. Qeydiyyat olmadan fəaliyyət göstərmək, şəffaflıq öhdəliklərinə əməl etməmək, yalan və ya çaşdırıcı məlumat vermək cərimə və ya 5 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılan cinayətdir. Hazırda reyestrdə 128 şirkət və fiziki şəxs qeydiyyatdan keçib.

Böyük Britaniya

20 dekabr 2023-cü il tarixində Böyük Britaniyada həmin ilin iyulunda qəbul edilmiş yenilənmiş Milli Təhlükəsizlik Aktı qüvvəyə minib.

O, hüquq-mühafizə orqanlarına xarici güclər adından Böyük Britaniya və onun maraqlarına qarşı fəaliyyət göstərən şəxslərə, o cümlədən kibercasusluq vasitəsilə qeyri-qanuni yolla əldə edilmiş məlumatları yaymaqla xarici gücə kömək edən şəxslərə qarşı tədbir görməyə kömək etmək üçün gücləndirilmiş səlahiyyətlər təqdim edir. Qanun, həmçinin “Xarici Təsirlərin Qeydiyyatı Sxemi”ni yaradır ki, bu da siyasi təsir göstərən xarici güc və ya təşkilat adından fəaliyyət göstərən hər kəsdən öz təfərrüatlarını ictimai reyestrə daxil etməyi tələb edir (2024-cü ildə qüvvəyə minməsi gözlənilir). Törətdiyi cinayətdən asılı olaraq, şəxs 2 ildən 7 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

 Çin

Çində 2017-ci ilin yanvarından xarici QHT-lərin fəaliyyətini tənzimləyən qanun var. 

Buna əsasən, xarici QHT-lərə Çində kommersiya, siyasi və ya dini fəaliyyətləri maliyyələşdirməyə və ya iştirak etməyə icazə verilmir. Onlar müntəzəm yoxlamalar aparmalı, gəlir və məxaric hesabatlarını dərc etməli və Çin İctimai Təhlükəsizlik Nazirliyində məcburi qeydiyyatdan keçməlidirlər. Agentliyin hüquq-mühafizə orqanlarına xarici QHT-lərin ofislərində axtarış aparmağa və möhürləməyə, işçiləri sorğu-sual etməyə və qeydləri yoxlamağa icazə vermək səlahiyyəti var. Çin qurumlarına milli təhlükəsizliyə təhdid hesab edilən QHT ilə əməkdaşlıq etməmək tapşırılıb. Qeyri-qanuni fəaliyyətlə məşğul olan QHT-lərin Çində fəaliyyət göstərməsi qadağandır.

 Fransa

2024-cü il martın 27-də Milli Assambleya (Fransa parlamentinin aşağı palatası) xarici müdaxilənin qarşısını almaq üçün qanun layihəsini təsdiqləyib.

Senatda səsvermə may ayına təyin edilib. Təsdiqlənəcəyi təqdirdə qanunun 2024-cü ilin sonuna qədər qüvvəyə minməsi planlaşdırılır. Qanun layihəsinə görə, Fransa “xarici agent”lərin reyestrinə malik olmalıdır. Sənəd “lobbiçilik, rabitə və ya pul toplama fəaliyyəti” ilə məşğul olan əcnəbilərin qeydiyyatdan keçməsini tələb edir. Məlumatı (şəxsiyyəti, fəaliyyəti, əlaqələri haqqında) təhvil verməkdən imtina edən şəxsləri 3 il həbs və 45 min avro cərimə gözləyir.

İsrail

2016-cı ilin iyul ayında "QHT-lərin Maliyyələşdirilməsində Şəffaflıq Qanunu" qəbul edilib.

Belə ki, əgər təşkilat maliyyə vəsaitinin yarıdan çoxunu xarici mənbələrdən alırsa, o zaman müvafiq sənədlərdə xarici sponsorlarını göstərməyə borcludur. Əgər söhbət belə QHT-lərdən gedirsə, bunu media nəşrlərində də qeyd etmək lazımdır. Bu qanunun pozulması halında 29,2 min şekel (təxminən 8,4 min dollar) məbləğində cərimə nəzərdə tutulur. 2018-ci ildə İsraildə 27 QHT xarici agent kimi qeydiyyatdan keçib.

 Rusiya

“Xarici agent” anlayışı Rusiya Federasiyasında siyasi fəaliyyətlə məşğul olan və xarici mənbələrdən maliyyələşən QHT-lərə münasibətdə 2012-ci ildə qanunvericiliyə daxil edilmişdir. Müvafiq qanun layihəsini İrina Yarovanın rəhbərlik etdiyi deputatlar qrupu hazırlayıb (Vahid Rusiya fraksiyası; sonradan təşəbbüskarların tərkibi bir neçə dəfə genişləndirilib).

20 iyul 2012-ci ildə Rusiya Prezidenti Vladimir Putin “Xarici agent funksiyalarını yerinə yetirən qeyri-kommersiya təşkilatlarının fəaliyyətinin tənzimlənməsi ilə bağlı Rusiya Federasiyasının bəzi qanunvericilik aktlarına dəyişikliklər edilməsi haqqında” federal qanunu imzaladı (sənəd 20 noyabr 2012-ci ildə, rəsmi dərcindən 120 gün sonra qüvvəyə minib). Sənəddə deyilir ki, Rusiya QHT-si (siyasi partiya istisna olmaqla) digər dövlətlərdən, beynəlxalq və xarici təşkilatlardan, xarici vətəndaşlardan pul və ya əmlak alırsa və eyni zamanda bu işdə iştirak edirsə, “xarici agent” kimi tanınır. Qanun QHT-“xarici agent”lərin işini qadağan etmir, lakin onlardan Rusiya Federasiyasının Ədliyyə Nazirliyi tərəfindən aparılan xüsusi reyestrdə qeydiyyatdan keçmələrini tələb edir. Ədliyyə Nazirliyi “xarici agent” statusuna malik olan təşkilatlarda plandankənar yoxlamalar aparmaq, habelə belə QHT-ləri məcburi qeydiyyata almaq hüququna malikdir. 2015-ci ildə qeyri-kommersiya təşkilatlarının xarici agentlərin reyestrindən çıxarılması qaydası haqqında qanun qəbul edilib. Sənəddə müəyyən edilib ki, xarici agent-QHT bir ildən artıq müddət ərzində xarici mənbələrdən maliyyələşdirmə olmadıqda, habelə üç il ərzində siyasi fəaliyyətlə məşğul olmadıqda reyestrdən çıxarıla bilər.

2017-ci il noyabrın 25-də ABŞ Ədliyyə Departamentinin Rusiya televiziya şirkətinin törəmə şirkəti olan “RT America”dan ABŞ-da “xarici agent” kimi qeydiyyatdan keçməsini tələb etdikdən qısa müddət sonra Rusiya xarici media haqqında qanun qəbul etdi. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, qanunun qəbulu Amerika tərəfinin hərəkətlərinə “güzgü reaksiyası” olub.

Qanunla müəyyən edilib ki, Rusiyada “xarici agent” funksiyalarını yerinə yetirən kütləvi informasiya vasitələri xaricdə qeydiyyatdan keçmiş hüquqi şəxslər və ya hüquqi şəxs yaratmadan çap, audiovizual və digər materialları yayan və xarici mənbələrdən maliyyələşən xarici strukturlardır. 2019-cu il fevralın 1-dən etibarən “xarici agent” mediası məlumatı yalnız onların təsis etdikləri, həm də “xarici agent” funksiyalarını yerinə yetirən Rusiya hüquqi şəxsləri vasitəsilə yaymağa borcludur.

2 dekabr 2019-cu il tarixində Rusiya Federasiyasının qanunvericiliyinə ilk dəfə olaraq fiziki və hüquqi şəxslərə “xarici agent” statusunun verilməsi imkanını müəyyənləşdirən dəyişikliklər edildi: əgər onlar “xarici agent”lərdən məlumat yayırlarsa və ya onların yaradılmasında iştirak edirlərsə, agent mediadırsa və bu və ya digər formada xaricdən maliyyələşirsə.

30 dekabr 2020-ci il tarixində edilən dəyişikliyə əsasən, siyasi fəaliyyətlə məşğul olan və bunun üçün xaricdən maliyyə alan dövlət qeydiyyatından keçməmiş ictimai birliklər (QHT) və ayrı-ayrı şəxslər “xarici agent” kimi tanınmağa başlayıb.

Ukrayna

2014-cü ilin yanvarında Ukraynada “xarici təsirlə bağlı” düzəlişlər qəbul edildi. İlk dəfə olaraq, “xarici agent” funksiyalarını yerinə yetirən ictimai birlik anlayışı bu dövlətin qanunvericiliyinə daxil edildi. Belə bir anlayışa daxil olan təşkilatlar dövlət qeydiyyatından keçməlidirlər ki, bu da onların xarici agent funksiyasını yerinə yetirdiyini göstərir.

Ancaq Ukraynada heç kim “xarici agent” statusu almayıb. Viktor Yanukoviçin təşəbbüsü ilə qəbul edilən qanunlar fəallar və hüquq müdafiəçiləri arasında kəskin narazılıq yaradıb və iki həftə sonra ləğv edilib.

Macarıstan

2017-ci ilin iyununda Macarıstan parlamenti xaricdən ildə ən azı 24 min avro məbləğində maliyyə alan QHT-lər üzərində nəzarəti sərtləşdirən qanun qəbul edib.

Qanuna əsasən, bu QHT-lər "xarici maliyyə vəsaiti alan təşkilatlar" kimi qeydiyyata alınmalı, bütün tədbirlərdə və nəşrlərdə bu faktı göstərməli, fəaliyyətləri barədə ətraflı illik hesabatlar təqdim etməlidirlər. Əgər bu tələblər yerinə yetirilməzsə, təşkilatlar bağlana bilər.

Macarıstanda xarici maliyyələşdirilən 152 QHT-lər qeydiyyatdan keçsə də, bir çox təşkilatlar bu qanuna məhəl qoymurlar (ölkədə 56 mindən çox QHT var).

Qazaxıstan

Kimsə düşünə bilər ki, Qazaxıstan səhvən bu siyahıya daxil edilib. Ölkədə “xarici agent”lər haqqında qanun yoxdur. Lakin 2023-cü ilin sentyabrında Qazaxıstan Respublikası Maliyyə Nazirliyinin Dövlət Gəlirləri Komitəsi 2022-ci ilin birinci yarısının nəticələri əsasında tərtib edilmiş "Xarici dövlətlərdən, beynəlxalq və xarici təşkilatlardan, əcnəbilərdən və fərdlərdən pul və ya əmlak alan şəxslərin qeydiyyatı"nı dərc edib. Bu siyahıya Qazaxıstanda tanınmış insan haqları təşkilatları, ölkədaxili ətraf mühit və ictimai qurumlar, hüquq büroları, bəzi populyar nəşrlər və ayrı-ayrı jurnalistlərlə yanaşı 240 fiziki şəxs və təşkilat daxil edilib

Məsələn, “Qazaxıstan İnsan Hüquqları üzrə Beynəlxalq Büro”, “Adil Soz” Beynəlxalq Söz Azadlığını Müdafiə Fondu, “Qazaxıstan Ticarət Birlikləri Federasiyası”, Rusiyanın "Qazprombank"ı; Yapon şirkətləri “Mitsubishi” və “Mitsui”, Macarıstanın “Gedeon Rixter” təşkilatı, Amerikanın “Baker McKenzie”, “Norveç Helsinki Komitəsi”, “İnternews” Şəbəkəsi, “Freedom House” kimi böyük beynəlxalq təşkilatları siyahıda görmək olar.

Qazaxıstan Respublikasının Maliyyə Nazirliyinin tabeliyində olan Dövlət Gəlirləri Komitəsi açıqlama verib ki, siyahı 2023-cü il martın 23-də "Xarici dövlətlərdən, beynəlxalq və xarici təşkilatlardan alınmış pul vəsaitlərinin və ya digər əmlakın alınmasına və xərclənməsinə görə pul vəsaitlərinin və ya digər əmlakın dövlət reyestrinin hazırlanması qaydaları"na edilmiş dəyişikliklərə uyğun tərtib olunub.

Qırğızıstan

14 mart 2024-cü ildə Qırğızıstan parlamenti Rusiya qanunvericiliyinin "xarici agentlər haqqında" analoqu hesab edilən "Xarici nümayəndələr haqqında" qanunu üçüncü oxunuşda təsdiq etdi. Sənəddə nəzərdə tutulan dəyişikliklərə əsasən, xarici mənbələrdən vəsait alan və siyasi fəaliyyətlərdə iştirak edən qeyri-hökumət təşkilatları xarici ölkələrin nümayəndələrinin reyestrinə daxil edilməlidir. Parlamentin saytında qeyd olunur ki, qanun layihəsi qeyri-hökumət təşkilatlarının fəaliyyətinin açıqlığı və kütləviliyinin təmin edilməsi məqsədilə hazırlanıb.

Sənədə əsasən, səlahiyyətli orqan qeyri-dövlət təşkilatlarından onların inzibati sənədlərini tələb etmək hüququna malikdir. QHT-lərdən maliyyə-təsərrüfat fəaliyyəti haqda sənəd tələb edən orqanlar dövlət statistika komitəsi, vergi orqanları, digər dövlət nəzarət orqanları, habelə kredit və digər maliyyə qurumlarıdır. Qanuna görə, bu orqanların nümayəndələrinin qeyri-hökumət təşkilatının keçirdiyi tədbirlərdə iştirak etmək hüquqna malikdir. Bundan başqa nəzarət orqanlarında QHT-lərin fəaliyyətinin yerinə yetirilməsi, o cümlədən vəsaitlərin xərclənməsi üzrə auditlər aparmaq səlahiyyətləri də yaranıb.

Gürcüstan

İndi isə Gürcüstanda qəbul edilməsi gözlənilən və etirazlara səbəb olan qanun və onun Qərb ölkələrindəki qanunlardan nə ilə fərqləndiyinə diqqət ayıraq.

Artıq bir ildən çoxdur ki, “Gürcü arzusu” təşəbbüskarı olduğu “xarici agentlər” haqqında qanun layihəsini “Amerika hüququ”, qanunun əleyhdarları isə “Rusiya hüququ” adlandırır. Bununla belə, bu məsələ ilə bağlı hədsiz ritorikaya baxmayaraq, ictimaiyyətə bu ittihamların real mənzərəsini göstərən faktiki və ya hüquqi təhlillər çox az verilir.

Hətta səthi araşdırma göstərir ki, Gürcüstan qanunvericiliyi Amerika qanunvericiliyindən əsaslı şəkildə fərqlənir, o, Rusiyaya daha yaxındır və ən azı bir mühüm aspektdə, hətta Rusiya qanunvericiliyindən daha sərtdir.  

“Xarici agentlər” haqqında Gürcüstan qanununun tərəfdarları – “Gürcü Arzusu”nun liderləri Gürcüstandakı xarici agentlərin mənbəyi kimi gürcü qeyri-hökumət təşkilatlarına yönəldilmiş Amerika və Avropa maliyyəsini görürlər. “Gürcü Arzusu” siyasətçiləri davamlı olaraq “ikinci cəbhə” və “inqilabın” ABŞ və Avropa İttifaqı tərəfindən maliyyələşdirilməsi barədə danışırlar. Bir sözlə, “Gürcü arzusu” ABŞ və Avropa İttifaqını ABŞ-ın 1938-ci ildə nasist Almaniyasını yerləşdirdiyi kateqoriyaya salıb. Və bu, ABŞ və Aİ-nin təxminən 30 ildir Gürcüstana milyardlarla dollar və avro yardım göstərməsi və “Gürcü arzusu”nun Aİ-yə daxil olmaq istədiyini bəyan etməsi və ABŞ-ı tərəfdaş adlandırması fonunda baş verir. “Gürcü arzusu” “xarici agentlər” qanununu dəstəkləyərkən, gürcülərin böyük əksəriyyətinin Gürcüstanın əsas düşməni hesab etdiyi və Gürcüstan siyasətinə təsir göstərməyə çalışan ölkənin adını heç vaxt çəkmir. 

Kim xarici agent deyil?

FARA-ya görə, aşağıdakı şəxslər və təşkilatlar xarici agent hesab edilmir:

• Humanitar yardım təşkilatları

Aşağıdakı fəaliyyətləri həyata keçirən şəxslər və təşkilatlar:

• dini

• maarifləndirici

• akademik

• elm

• incəsənət

• siyasətləri xarici hökumət tərəfindən idarə olunmayan xarici media

• ABŞ müttəfiqləri

• məhkəmə proseslərində müştəriləri təmsil edən vəkillər

Gürcüstan qanunvericiliyi heç bir şəxsi və ya fəaliyyəti məsuliyyətdən azad etmir. Müvafiq olaraq, Gürcüstan qanunvericiliyinə görə, ABŞ-dan fərqli olaraq, aşağıdakılar “xarici agent” hesab olunur:

• ABŞ, Avropa İttifaqı, Yaponiya və bir çox digər ölkələrdən maliyyə alan gürcü təşkilatları;

• Humanitar yardım təşkilatları;

• Xarici maliyyə alan Gürcüstanın elmi, akademik və incəsənət təşkilatları. Həmçinin xaricdən maliyyə alan gürcü dini təşkilatları;

• Siyasətləri xarici hökumət tərəfindən idarə olunmasa belə, xaricdən maliyyə alan media;

• Gürcüstanda məhkəmə və inzibati proseslərdə müştəriləri təmsil edən xaricdən maliyyələşən qeyri-sahibkar təşkilatlar.

Nəticə:

Dünyadakı “xarici agent”lər və ya xarici nümayəndələr haqqında qanunların iki ortaq cəhəti var.

Birincisi, tətbiqin seçiciliyidir. Bu sənədlərin mövcud olduğu ölkələrin hökumətləri “milli zərurət” yarananda öz normalarını xatırlayırlar.

İkincisi, belə bir qanunun heç bir versiyası 100% effektivliyə nail olmayıb.

Nəhayət, Qərb ölkələri özlərində anoloji halları və müəyyən çərçivələri ehtiva edən qanun qüvvədə olduğu halda digər dövlətlərdə belə bir qanunun qəbul olunmasına etiraz edirlər.