İsrailin Həmas-a qarşı Qəzzada apardığı antiterror əməliyyatları başlayandan çoxlu sayda insan tələfatı, yaralı və dağıntıların olması haqda məlumatlar yayılır. Bütün müharibə, münaqişə, antiterror əməliyyatlarında olduğu kimi kütləvi insan tələfatı ilə davam edən İsrail-Həmas qarşıdurmasında da dezinformasiyalar, saxta xəbərlər, qurama epizodlar da az deyil. Ümumiyyətlə müharibə, münaqişə, qarşıdurmalar saxta məlumatların yayılması üçün münbit şəraitdir. Amma son dövrlərin təhlükəli tendensiyası və hətta sindromu olan Süni İntellekt dövründə belə saxta məlumatlar əndazəsiz şəkil alıb.
Sosial şəbəkələrdə paylaşılan fələstinli uşağın anasının cansız bədəni yanında əlini göyə qaldırmış fotosu da süni intellektlə hazırlanıb. Uşağın sağ əlində 6 barmaq olması və köynəyin üzərində isə Fələstin bayrağının səhv vurulması bunları təsdiq edir. Bunu faktyoxla texnologiyaları ilə araşdırmağa ehtiyac yoxdur, adi vizual baxışla bəlli etmək olur.
Burada narahatlıq doğuran məsələ süni intellektdən kimin yararlandığını bəlli etməyin mümkünsüzlüyüdür. Yəni, bunu Qəzzada baş verənləri gözdən salmaq üçün İsrail tərəfi edib, ya orada dəhşətləri göstərmək istəyən Fələstin tərəfdarları?