Sosial şəbəkələrdə və bəzi media orqanlarında belə xəbər tirajlanır ki, Niderlandda cinayət törədilmədiyi, məhbus olmadığı üçün həbsxanalar bağlanır.
Doğrudanmı Niderlandda cinayət törədən yoxdur, ona görə də həbsxanalar bağlanır? Faktyoxla Lab. bu məlumatı xarici mediaya istinadən araşdırıb.
İlkin araşdırma nəticəsində bəlli olur ki, Niderlandla bağlı bu tip xəbərlər ilk dəfə deyil ki, yayılır. 2006-cı ildən başlayaraq media qurumlarında və sosial şəbəkələrdə bu məsələ bir neçə dəfə gündəmə gətirilib və müzakirə mövzusuna çevrilib.
2016-2017-cı illərdə də Niderland həbsxanaları ilə bağlı xəbərlər daha çox yazılıb.
Əslində, Niderlandın həbsxanaların sayını azaltmaq strategiyası hökumətin bu müəssisələrə ayrılan xərcləri azaltmaq qərarına əsaslanır.
Baxmayaraq ki, həqiqətən də Təhlükəsizlik və Ədliyyə Nazirliyinin proqnozlarına görə, ölkədə həbsxana kameralarına ehtiyac azalır (mənbə). Statistikaya görə, hələ 2013-cü ildə həbsxana kameralarının üçdə biri boş olub. Amma bu həm də cinayətin azalması (Niderlandın Statistika Departamentinin hesabatına əsasən, 2005-ci illə müqayisədə 2015-ci ildə saxlanılanların sayı 20 faiz azalıb) və hakimlərin cinayətlərə görə daha qısa cəzalar təyin etməyə başlaması ilə bağlıdır (mənbə).
Medianın yazdığına görə, 2005-ci ildə məhbusların sayı 50 650, 2016-cı ildə isə 35 250 nəfər olub. Bəli, məhbusların sayının azaldığı faktdır. Bunun isə yuxarıda sadaladıqlarımızdan əlavə, daha bir neçə səbəbi var.
Birincisi, Niderlandda cinayət nisbətinin özü azalıb. Bu, aşağı yoxsulluq səviyyəsi, yüksək rifah standartları və əhalinin qocalması ilə əlaqələndirilir.
İkincisi, Niderland cinayətkarlara həbsdən çox reabilitasiya tətbiq etməyə üstünlük verir. Ona görə də getdikcə həbs cəzaları daha yumşaq alternativlərlə: cərimələr və ya ictimai işlərlə əvəz olunur. Üstəlik, Niderlandda digər ölkələrə nisbətdə, cinayətkarlar daha az hallarda təkrar cəza çəkirlər. Buna görə də hələ 2013-cü ildə Niderland hökuməti həbsxanaların və bütövlükdə bütün penitensiar sistemin saxlanması üçün büdcəni əhəmiyyətli dərəcədə, təxminən 1 milyard avro azaldıb. 2013-cü ildən 2018-ci ilə qədər ölkədə 26 həbsxana boşaldılıb və sonradan bağlanıb. Digərlərində isə məhbus sayı azdır. Lakin qeyd olunan xərclərin azaldılması strategiyasına təkcə həbsxanaların bağlanması deyil, həm də onların birləşdirilməsi, həmçinin müxtəlif təhlükəsizlik sistemləri və kamera ölçüləri ilə yenilərinin tikilməsi daxildir (mənbə).
Beləliklə, bundan sonra ikinəfərlik kameraları olan həbsxanalar tikiləcək. İkinəfərlik kameraların sayı yaxın beş ildə iki dəfə artaraq 1400-dən 2800-ə çatacaq. Eyni zamanda, ümumilikdə, kameraların sayı 13% azalacaq (12595-dən 10917-yə). Məhkəmə psixoloqu Hommo Folkerts deyir ki, Niderlandda cinayətin qarşısının alınması üzərində işləyirlər - söhbət sosial problemlərdən və psixi pozğunluqlardan gedir: “Söhbət təkcə depressiyadan əziyyət çəkən insanlardan deyil, həm də psixotik pozğunluğu, autizmi, ciddi asılılığı, maliyyə problemləri, yaxşı ev və ya ailə əlaqələrinin olmaması, zəiflik və digər çətinliklərdən gedir”.
Müqayisə üçün qeyd etmək lazımdır ki, məsələn, Finlandiyada məhkumlarla bağlı göstəricilər Niderlanddan yaxşıdır. Amma nədənsə, sosial şəbəkələrdə və mediada mütəmadi olaraq Niderland gündəmə gətirilir. Onu da qeyd edək ki, Niderlandda məhbuslarının əksəriyyəti mülki cinayətlərə görə (38,2%), 31,7% zorakılıq və seksual cinayətlərə görə, 18% isə narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum edilib. Saxlanılanların 36%-dən çoxu yerlilər, 62%-i birinci nəsil mühacirlərdir. Rəsmi qurumların 2022-ci il üçün açıqladığı statistik göstəricilərə də diqqət edək: Niderlandda hər 100.000 nəfərə 54 məhbus düşür. Məhkumların sayında dəyişiklik - 3,6% azalma olub. Orta həbs müddəti (ayla) - 5.1. (Orta həbs müddəti artıb).
2015-ci ildə həbs müddəti orta hesabla 2.9 ay təşkil edib. Həbsxana sıxlığı - 88%. Həbsxana sıxlığında dəyişiklik - 13,9% artıb. 30 sentyabr 2017-ci il tarixinə sıxlıq 72,6% təşkil edib. 1 sentyabr 2016-cı il tarixinə məhkumların cəza müddətinə görə bölgüsü aşağıdakı kimi olmuşdur: 1 aydan az: 488, 1 aydan 3 aya qədər: 466, 3 aydan 6 aya qədər: 352, 6 aydan 1 ilə qədər: 546, 1 ildən 3 ilədək: 1241, 3 ildən 5 ilə qədər: 476, 5 ildən 10 ilə qədər: 572, 10 ildən 20 ilə qədər: 419, 20 il və yuxarı: 46, ömürlük cəzalar: 31.
Nəticə: Niderlandda həbsxanalar və cinayətlərlə bağlı durum sosial şəbəkələrdə tirajlananlarla üstü-üstə düşmür. Bəli, həqiqətdir ki, məhbus sayı azalır, lakin ölkədə heç bir cinayətkarın qalmadığı iddiası, yumşaq desək, çox böyük mübaliğədir. Bu da Niderlandda cinayətin olmaması haqqında mifin yaranmasına gətirib çıxardır.