Son günlər sosial mediada “ərəblər Laçın rayonuna da gedib çıxdılar” məzmunlu paylaşımlara rast gəlinir. Milli Şuranın üzvü Tofiq Yaqublu bu mərasimin ərəblərin təşəbbüsü olduğunu və onların Laçına axın etməsi kimi yozmağa çalışıb, iqtisadçı Qubad İbadoğlu "qarabağlılar yurduna qayıtmamış ərəblər Laçında quş ovuna çıxıblar" formilirovkası ilə şərh edib. Əli Kərimlinin “Azadlıq” qəzetinin facebook səhifəsi isə “Laçında ərəblərə yaxşı şərait yaradılıb” başlığı ilə paylaşım edib.  

Faktyoxla Lab. bu məsələyə aydınlıq gətirməyə çalışıb. Həqiqətənmi "ərəblər" Laçında ov ovlamağa, quş quşlamağa gəliblər?

Həmin hadisə ilə bağlı silsilə rəsmi məlumatlar, foto, video-təqdimatlar mövcuddur və “ərəblərin” şahin quşlarını hansı məqsədlərlə Laçına apardıqlarını araşdırdıq. Hərçənd araşdırmağa da ehtiyac yoxdur, sadəcə müvafiq məlumatları bir az diqqətlə oxumaq yetərlidir.

Məlumatlarda deyilir: mayın 28-də Laçın şəhərinə qayıdan əhali ilə görüşən Prezidenti İlham Əliyev bu rayonda bir sıra obyektlərin, o cümlədən Laçın şəhərində çoxmənzilli yaşayış binasının təməlini qoyduqdan sonra bölgə üçün xüsusi əlamətdar hadisə sayılan bir mərasimi də həyata keçirib. Söhbət Laçın rayonunda “Şərqi Qafqaz turları” və şahin quşlarının təbiətə, müxtəlif növ balıqların Həkəri çayına buraxılmasından gedir. Belə ki, həmin gün ölkəmizdə icra olunan reintroduksiya layihələri çərçivəsində “Şərqi Qafqaz turları”nın və şahin quşlarının təbiətə, su ekosisteminin bərpası istiqamətində isə 32 mindən artıq çəki, qızılbalıq və qızılxallı forelin Həkəri çayına buraxılması mərasimi keçirilib. istinad

Layihə barədə təqdimatı dövlət başçısına ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev çatdırıb və bildirib ki, "Şərqi Qafqaz turları" ölkəmizdə Böyük Qafqazın Cənub və Şərq yamaclarında daha geniş yayılıb. Əsasən dəniz səviyyəsindən 1000-3000 metr hündürlükdə yaşayan bu heyvanların sayı ölkəmizdə 7-8 min başdır. Şərqi Qafqaz turlarının fəallığı mövsümdən və yem bazasından asılı olaraq dəyişir. Vaxtilə bu heyvanlar Kiçik Qafqaz dağlarında yaşasalar da, sonradan həmin ərazidə nəsli tükənib.

 
Həmçinin, qeyd olunub ki, adı “Qırmızı kitab”a düşən şahin quşları Qətərdən Azərbaycana gətirilib. Bundan əvvəl də 200-dək şahin quşu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Qətər Dövlətinin Proqramı çərçivəsində ölkəmizin bioloji müxtəlifliyinin inkişafına dəstək məqsədilə Xızı, Siyəzən və Şabran rayonları ərazisində vəhşi təbiətə buraxılıb. istinad

Yəni, bu proses ilk deyil və canlı təbiətin nəslikəsilmiş heyvan cinsləri ilə zənginləşdirilməsinə xidmət edir. Laçından aprel ayında Ekologiya və Təbii Sərvətlər Nazirliyi Qətər Dövlətinin Azərbaycandakı səfirliyi ilə birgə 50 ədəd şahin quşunu Siyəzən və Şabran rayonları ərazisində vəhşi təbiətə buraxılışını həyata keçirib. mənbə


Yəni, şahin quşlarının Laçının təbiətinə buraxılması həm xeyirxah və ekoloji missiyanın davamı, həm də Laçın rayonunun təbiətinin xüsusi özəlliyi ilə bağlıdır. Şahin quşlarının Laçının təbiətinə buraxılmasının səbəbi də erməni vandalizminin məhv etdiyi təbiətin canlandırılmasıdır. Köçəri quş hesab edilməyən şahinlərə planetimizin bəzi bölgələrində rast gəlinsə də (Şimali Amerika Şimali və Orta Asiya) nadir və sayının az olmasına görə bir çox ölkələr bu quşların digər ölkələrə reintroduksiyasına icazə vermir. Bu baxımdan nəsli kəsilməkdə olan bu canlıları Azərbaycan təbiətinə gətirilməsində tərəddüdsüz razılıq verdikləri üçün “ərəblərə” minnətdarlıq olunmalıdır.  

Bəlkə də T.Yaqublu və Q. İbadoğlu elə hesab edir ki, şahin quşları sağsağan və ya digər köçəri quşlar kimi dünyanın hər yerində yaşayır və hətta Skandinaviya yarımadasında, Atlantik okeanında, yaxud da Sibirdə, Şimal qütbündə nəsil artırır və bu quşları ərəblərdən yox, skandinaviyalılardan da almaq mümkün idi. Ancaq gerçəklik budur ki, yenidən qurulan Qarabağa bir dollarını qıymayan Avropa ölkələrindən fərqli olaraq, Qətər hökuməti indiyədək 200-dək şahin quşunu  Azərbaycana bəxş etməklə kifayətlənməyərək, Laçının, Zəngilanın bioloji müxtəlifliyinin zənginləşməsinə də töhfə verərərk əsl insanlıq nümunəsi göstərirlər.
Onu da yaddan çıxarmaq lazım deyil ki, “ərəblər” həm də azad edilmiş ərazilərdə xüsusi fəallıq nümayiş etdirərək investisiya layihələri həyata keçirməkdə də maraqlıdırlar. Qətər iş adamları azad edilmiş ərazilərdə “yaşıl enerji”, turizm və digər layihələrə maraq göstərirlər. Nəzərə alsaq ki, Laçın biomüxtəlifliyinə və bərpa olunan enerji mənbələrinə görə, ən zəngin bölgələrdəndir, bu baxımdan onların Laçında iş qurmaq, layihələr icra etmək istəkləri də alqışlanmalıdır. Çünki həmin investisiyalar bölgənin daha sürətlə inkişafına, böyük turizm infrastrukturlarının yaradılmasına böyük töhfələr verəcəkdir. istinad

Nəticə: 
İbadoğlu və Yaqublu üçün Laçın ov keyfini çıxarmaq yeri sayıla bilər. Ancaq ərəblər və digər xarici sərmayəçilər üçün məram və məqsəd azad edilmiş ərazilərdə icra olunan layihələrdə Azərbaycana kömək etmək, sərmayə qoymaq, bu bölgəni daha tez ayağa qaldırmaqdır.