ADR Hərəkatının sədri Qubad İbadoğlu işğaldan azad edilmiş rayonların inzibati bölgüsü və məskunlaşmada səhvlərə yol verilməsi, icra olunan layihələrə büdcədən ayrılmış vəsaitlərin qeyri-şəffaf xərclənməsi barədə ittihamlarla çıxış edib. Bildirir ki, Qayıdış planına görə, Qarabağın işğaldan azad olunmuş ərazilərində salınacaq yaşayış məntəqələrinin sayı 936-dan 316-dək endiriləcək. Sitat:“Ən çox azalma Qubadlıda olacaq - əvvəlki 91 yaşayış məntəqəsindən 24-cü saxlanılacaq. Bu göstərici Cəbrayılda 89-dan 25-ə, Zəngilanda 71-dən 22-ə, Füzulidə 76-dan 27-ə, Ağdamda 115-dən 48-ə, Kəlbəcərdə 145-dən 63-ə, Laçında 124-dən 45-ə planlaşdırılıb”.
Faktyoxla Lab. bu iddianı araşdırıb.
Əvvəla, azad edilmiş ərazilərdə neçə kəndin salınacağı, hansıların birləşdiriləcəyi və yaşayış məntəqələrinin sayının 936-dan 316-dək endiriləcəyi barədə hökumətin konkretləşmiş qəti qərarı yoxdur. Çünki bu ərazidəki rayonların Baş planları və inzibati xəritəsi tam başa çatdırılmadan belə bir rəqəmlər söyləmək mümkün deyil. Həmin ərazilərdə kənd və qəsəbələrin inzibati bölgüsünün xəritələşdirilməsi, layihələndirmə və aparılan inşaat işləri xüsusi Plan və Konsepsiya əsasında həyata keçirilir. Həmin Plana əsasən hər bir rayonun yaşayış məntəqələrinin yeri və layihəsi təsdiq olunur. Bu işləri isə dövlət başçısının imzaladığı müvafiq sərəncama əsasən, işğaldan azad edilmiş ərazilərə aid məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahı nəzarət edir. mənbə
Qərargahın nəzdində yaradılmış idarələrarası mərkəz, mərkəzin nəzdindəki 16 işçi qrupu həmin bölgənin inzibati-coğrafi kadastr, baş plan, layihə və tikinti məsələlərini müəyyən edir. Ümumilikdə, İşçi qruplarında 55 dövlət qurumunun nümayəndəsi iştirak edir. Ötən müddətdə Əlaqələndirmə Qərargahı bu ərazilərin məskunlaşma xəritəsi ilə bağlı dərindən təhlil və monitorinqlər apararaq Strateji Fəaliyyət Planı hazırlayıb. Həmin Plan əsasında bütün aidiyyəti qurumlarla razılaşdırılmaqla şəhərlərin yerləşdirilməsi və planlaşdırılması ilə bağlı tədbirlər müəyyənləşdirilib.
Bu xəttə əsasən, azad edilmiş ərazilərdəki rayon və şəhərlərin Baş planı hazırlanıb və hər bir rayon üzrə qəsəbə və kəndlərin yerləşdiyi ərazi hüdudları müəyyən edilir. Həmçinin, Nazirlər Kabineti 2022-ci ilin avqust ayında müvafiq qərarı ilə “İşğaldan azad edilmiş ərazilərin Ümumi planı”nı təsdiq edib. Həmin sənəd kənd və qəsəbələrin salınması üçün hüquqi istinadlardan biridir və məskunlaşmanın müasir xəritəsini müəyyən edir. istinad
Bundan başqa, “İşğaldan azad olunmuş ərazilərdə şəhərsalma məsələləri haqqında” Prezidentin fərmanına əsasən, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsi yaradılıb. İdarə Ağdam, Cəbrayıl, Füzuli, Kəlbəcər, Qubadlı, Laçın, Şuşa, Xocalı, Xocavənd və Zəngilan rayonlarının inzibati ərazilərində tikinti, memarlıq və şəhərsalma işlərini həyata keçirməkdədir. mənbə
“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın Tədbirlər Planına əsasən, 2022‒2024-cü illərdə 7 şəhərin baş planının və mərkəz hissəsinin müfəssəl planı hazır olacaq. mənbə
Beləliklə, azad edilmiş ərazilərdə kənd və qəsəbələrin, şəhərlərin salınması vahid dövlət konsepsiyası ilə həyata keçirilir və rayonların Baş planı tam təsdiq edilmədən hansı rayonda neçə kənd, yaşayış məntəqəsi salınacağını indidən qəti şəkildə söyləmək düzgün deyil.
Bütün bunlarla bərabər, azad edilmiş ərazilərdə məskunlaşma və şəhərsalma standartları, yaşayış məntəqələrinin inzibati ünvanları ötən əsrin 40-50-ci illərindəki pərakəndə və xaotik plandan tamamilə fərqli, dünya ölkələrinin müasir ərazi məskunlaşma və müasir inkişaf etmiş ölkələrin şəhərsalma modellərinə əsaslanır. Müasir məskunlaşma modeli, şəhərsalma ideyası elədir ki, “mən 60 il əvvəlki yerimdə, mütləq öz babamın yurdumda yaşamalıyam” düşüncəsini qəbul etmir, kolxoz və sovxoz düşüncəsi dövrü bitib. Son 30 ildə Azərbaycanın bütün şəhər, qəsəbə və kəndlərinin siması köklü şəkildə dəyişib, yeni məskunlaşma konsepsiyası bütün yaşayış və iş imkanlarının, xidmət çeşidlərinin, sosial və iqtisadi resursların vahid mərkəzdə cəmləşdiyi, bir ünvandan idarə olunduğu “smart” texnologiyalara əsaslanır.
Gəlin ötən əsrin 80-ci illərini göz önünə gətirək, 20, 30 evdən ibarət əksər kəndlərdə kommunal infrastrukturlar, yol, səhiyyə, təhsil, sosial xidmətlər yox idi, əsasən iri kəndlərdə bu imkanlar var idi. Həmin ərazinin sakinlərinin neçə km yol qət edərək bu xidmətlərə əli çatırdı, işləmək üçün rayon və qəsəbələrə üz tuturdular. Yeni məskunlaşma proqramında isə bütün bu xidmətlər və imkanlar sakinlərin ayağına gətirilir, bir ünvanda cəmləşir. Ortada Cocuq Mərcanlı kimi çox mükəmməl bir təcrübə var. Burada yaşayış, xidmət və iş infrastrukturları vahid məkanda birləşdirilib. Məhz buna görə də, işğaldan öncə bir-birindən çox aralı məsafədə və dağınıq (pərakəndə) şəkildə yerləşmiş kiçik kəndlərin birləşdirilməsi məqbul sayılır, istehsal, emal, xidmət, biznes, ailə və fermer təsərrüfatları kənd və qəsəbələrin yaxınlığında yerləşdirilir. Nəticədə bütün xidmətlər bir məkandan vahid şəkildə cəmləşir və bununla da idaretmə və xidmətin keyfiyyəti, əlçatanlıq artacaq.
Azad edilmiş rayonlarda Prezidentinin xüsusi nümayəndəliyinin yaradılması və xüsusi nümayəndələrin təyin edilməsi də məhz bu meyarlara söykənir. Beləliklə, iqtisadi rayonların idarəetmə formasının dəyişməsi rayonlardakı iqtisadi-inzibati təsnifata da dəyişikliyi labüd edir. Məsələn, Ağdamda əhalinin 70%-i çoxmərtəbəli binalarda yaşayacaq. Şəhərin əhalisi 100 min nəfər nəzərdə tutulub. Əhalinin yalnız 30 faizi fərdi evlərdə yaşayacaq. Nəticədə 71 kəndi birləşdirilərək yerində 33 kənd olacaq. Ancaq sonrakı mərhələlərdə məskunlaşma və rayonun iqtisadi imkanlarına və idaretmə meyarlarına uyğun olaraq yeni digər kəndlərin inşası da davam etdiriləcək.
İndi isə məsələnin hüquqi tərəfinə gələk, yəni bu ərazilərdə inzibati vahidlərin dəyişdirilməsi və yaşayış məntəqələrinin birləşdirilməsinin qanunvericliyin tələblərinə uyğub olub-olmamasına diqqət edək.
“Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, ölkənin və əhalinin sosial-mədəni və məişət ehtiyaclarının ödənilməsi məqsədilə şəhər, qəsəbə və kənddən ibarət olan ərazi vahidlərinə müəyyən dəyişikliklərin edilməsi mümkündür. Bu, dövlət hakimiyyəti orqanlarının təklif və razılığı əsasında müəyyənləşə bilər.
Azad edilmiş ərazilərlə bağlı yaradılmış Əlaqələndirmə Qərargahında bütün dövlət hakimiyyəti orqanları təmsil olunub, məskunlaşmaya dair tədbirləri, o cümlədən şəhərlərin Baş Planının hazırlanması bu qurumlar birgə rəy əsasında müəyyən edir. Beləliklə, istinad etdiyimiz Qanun və digər hüquqi-normativ sənədlər Qarabağ və Şərqi-Zəngəzurda ərazi vahidlərinin birləşdirilməsi, inzibati ərazilərin yerinin dəyişdirilməsi ilə bağlı hökumətin qərar vermək səlahiyyətlərinə hüquqi əsaslar verir.
Nəticə:
- ♦ Azad edilmiş ərazilərdə neçə kəndin salınacağı, hansıların birləşdiriləcəyi və yaşayış məntəqələrinin sayının 936-dan 316-dək endiriləcəyi barədə hökumətin konkretləşmiş qəti qərarı yoxdur.
- ♦ İşğal vaxtı bir dənə də salamat kəndin qalmadığı dövrdə susan, bir daha doğulub böyüdüyü kəndə qayıdacağını ağlına və dilinə gətirə bilməyən İbadoğlu indi Füzulidə və ətraflarda misligörünməmiş şəhərsalma planına irad bildirməsi və əsassız məlumatlar yayması spekulyasiya və riyakarlıqdır.