ABŞ Ticarət Departamentinin Sənaye və Təhlükəsizlik Bürosu, Xəzinədarlıq Departamentinin Xarici Aktivlərə Nəzarət İdarəsi və Ədliyyə Departamenti Rusiya və Belarusla əlaqəli sanksiyalardan və ixrac nəzarətindən yayınma hallarında üçüncü ölkələrin iştirakına dair üçtərəfli nota verib. Sənəddə qeyd olunur ki, Rusiya sanksiyalarından yayınmaq üçün ən çox yayılmış taktikalardan biri üçüncü tərəfin vasitəçiliyindən və ya daşınma məntəqələrindən istifadə etməkdir ki, bu sxemdə Ermənistanın da adı yer alır. reuters

ABŞ-nin Ticarət məsələləri üzrə katibinin ixraca nəzarət üzrə köməkçisi Metyu Akselrod bildirib ki, Rusiya və Belarusa tətbiq edilmiş sanksiyalardan və ixrac nəzarətindən yayınmaq üçün üçüncü tərəflərin vasitəçiliyi ilə daşınma məntəqələrinın sırasında Çin, Ermənistan, Özbəkistan da daxil olmaqla, bir neçə ölkə dayanır. mənbə

Ermənistanın 2022-ci ildə Rusiya və Belarusla apardığı ticarət dövriyyəsinin həcmi, xüsusilə də ixracın kəskin şəkildə artması və digər məqamlar ABŞ hökumətinin notasında səsləndirilənlərin fikirləri tam təsdiq etmək üçün ipucu verir. Ermənistanın 2022-ci ildə cəmi ixracı 77 faiz artaraq 5,3 milyard dollar təşkil edib. 2021-ci ildə bu rəqəm 3 milyard təşkil etmişdi, yəni bir il ərzində 2,3 milyard artım baş verib. mənbə
Ötən il ixracın 40 faizi Rusiyanın payına düşüb, qalan 60 faizi isə digər 100 ölkənin ixrac payıdır ki, bu da 2,9 milyard dollar deməkdir. Rusiyaya ixrac dəyər ifadəsi ilə 2022-ci ildə əvvəlki illə müqayisədə 3 dəfə artaraq 841 milyon dollardan 2 milyard 411 milyon dollara yüksəlib. mənbə

Bu rəqəmləri diqqətlə təhlil etdikdə ciddi şübhələr yaranmağa başlayır. Ermənistanın 2022-ci ildə xarici bazarlara satdığı malların həcminin statistikada birdən-birə bu qədər artmasının səbəbi nədir?
İllərdir ki, Rusiya Federasiyasına il ərzində 500-600 milyon dollardan artıq mal ixrac edə bilməyən Ermənistanın ötən il fantastik dərəcədə (3 dəfə artıq) - 1,6 milyard dollar mal satması mümkündürmü?
Ermənistanın mal ixracını 3 dəfə artıra biləcək əlavə resursları, satacağı yeni məhsulları yoxdur. İxracın çəkisini artırmaq üçün yeni istehsal mənbələri, əlavə ixrac potensialları lazımdır. Ermənistanın ixracının strukturu ənənəvi olaraq kənd təsərrüfatı, mineral və alkoqollu içkilər, tütün məmulatları, yeyinti və sənaye məhsulları, mis və molibden filizlərdən ibarətdir. Bu məhsulların ixracını 3 dəfə artırmaq üçün gərək yerli istehsal ən azı 200 faiz artsın. Ermənistan Milli Statistika Komitəsinin məlumatına görə, 2022-ci ildə Ermənistanda yeyinti məhsulları da daxil olmaqla ümumilikdə sənaye istehsalı 7,9% artıb. Artım, əsasən, mədən hasilatı hesabına deyil, meyvə-tərəvəz konservlərinin istehsalı, eləcə də tikintiyə xidmət göstərən sənaye sahələri hesabına baş verib. Metal mədənlərindən hasilat isə (mis, molibden və s) 4,7% azalıb. Metallurgiya məmulatlarının və metal məmulatlarının istehsalı 15 faizdən çox artıb ki, bu da həmin məhsulun komponentlərinin idxalının artması ilə bağlıdır. mənbə

Göründüyü kimi Ermənistanın 2022-ci ildə 2021-ci ilə nisbətən əlavə olaraq xaricə ixrac edə biləcəyi məhsulların nominal dəyəri və ya xüsusi çəkisi 14-15 faizdən çox mümkün ola bilməz.

Bu nöqteyi-nəzərdən Ermənistan Rusiyaya 2021-ci ildə 841 milyon dollar dəyərində mal satıbsa, 2022-ci ildə bu rəqəm 15 faiz, dəyər ifadəsi ilə 120-130 milyon dollar arta bilərdi. Hətta bu rəqəm 40-50 faiz olduğu halda belə 400 milyon dolları ötə bilməz. Ancaq mal satışının həcmi statistikada 1,6 milyard dollar yüksələrək 2,4 milyarda çatması gizli anlaşmalardan, qanunsuz iqtisadi əməkdaşlıqdan xəbər verir.  

Bəs, həmin 1,6 milyard dollar əlavə ixrac satışlarının mənbəyi nədir və haradandır?

Araşdırma zamanı bəlli olur ki, Rusiyaya ixrac edilmiş 2,4 milyard dollar məhsulun böyük hissəsi, ən azı 60 faizi başqa ölkələrdən Ermənistan üzərindən daşınmış mallardır. Həmin məhsullar gömrük və ticarət statistikasında Ermənistanın adına yazılsa da, faktiki olaraq bu malların sahibi başqa dövlətlərdir. Bu arqumentləri də Ermənistanın “statistikası” da möhkəmləndirir. Ermənistan “Statkom”unun rəqəmlərinə əsasən, 2022-ci ildə mexaniki və elektron avadanlıqların ixracı 60 milyon dollardan 695 milyon dollaradək artıb və həmin məhsulların böyük hissəsi Rusiyaya və Belarusa göndərilib.

Yuxarıda vurğuladıq ki, sənaye istehsalı ötən il 7,9 faiz artıb, belə olan halda

Ermənistanda Sovet dövründən qalma köhnə müəssisələrdə müasir elektron avadanlıqların, texnologiyaların istehsalı və ixracının 11 dəfə artması müəmmalıdır.

Bu rəqəm birbaşa ona işarə edir ki, elektron avadanlıqların satış həcminin 11 dəfə artması Ermənistan üzərindən daşınmış malların hesabına baş verib. Bunu ABŞ Ədliyyə Departamentinin bir neçə gün əvvəl Rusiyaya qaçaqmalçılıq yolu ilə daşınan elektronika texnologiyalarının Ermənistan üzərindən keçməsinə dair bəyanatı da təsdiq edir. Belə ki, ABŞ hökuməti həmin malları daşıyan transmilli şəbəkənin üzvlərini aşkara çıxarıb ki, həmin motivlər üzrə həbs olunmuş ABŞ-nin Kanzas-Siti şəhərinin iki amerikalı sakini - Siril Buyanovski və Duqlas Robertson saxta hesab-fakturalarla Ermənistan və Kipr üzərindən Rusiya Federal Təhlükəsizlik Xidməti üçün xüsusi texnologiyanın daşınmasında təqsirləndirilirlər. reuters

Bu yazını ingilis dilində bu linkdən oxuya bilərsiniz

Başqa bir fakt. Bir neçə ay əvvəl ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi Ermənistana məxsus “Taco” MMC-nin (Çinin “Sinno Electronics. Co Limited” şirkətinin İrəvandakı təchizatçısı) Rusiyaya elektronika məhsulları və radioavtomaika avadanlıqlarının tədarükünü həyata keçirdiyinə görə, sanksiya siyahısına salıb. mənbə

ABŞ hökumətinin açıqladığı bu 2 fakt onu deməyə əsas verir ki, Ermənistanın Rusiyaya satdığı elektron avadanlıqların və texnologiyaların, eləcə də digər sənaye məhsullarının kəskin artmasına dair rəqəmlərin arxasında gizli sövdələşmələr dayanır. Reallıq budur ki, başqa ölkələrə məxsus məhsul və avadanlıqlar İrəvana daşınır və Ermənistanın ixracı kimi statistikaya salınır, vasitəçi ölkə olan Ermənistanın bu qanunsuzluğuna rəsmi statistika ilə don geyindirilir. 
Ermənistanın iqtisadiyyat naziri Vaan Kerobyanın 2022-ci ilin birinci yarısında ölkəsinə Ukrayna müharibəsi ilə əlaqədar Rusiya kapitallı 300 iri şirkət və 2500-ə yaxın kiçik müəssisənin köçərək qeydiyyatdan keçməsinə dair açıqlaması da Rusiyaya elektron vasitələrin qanunsuz daşınmalarla bağlı şübhələrə iz açır. istinad

İrəvana köçmüş “miqrant şirkətlərin” bir hissəsinə erməni əsilli milyarder, rusiyalı oliqarx Ruben Vardanyanın patronajlıq etməsi sirr deyil, onun Ermənistandakı biznesinə müxtəlif startaplar və texnoloji platformalar da daxildir. Vardanyan ötən il Rusiya vətəndaşlığından imtina edərək qeyri-qanuni yollarla Azərbaycanın Xankəndi şəhərinə köçməsindən sonra Rusiya sülhməramlılarının köməyilə İrəvana intensiv gediş-gəlişləri də məlumdur. Bu səfərlərin arxasında isə Ermənistana köçmüş Rusiya kapitallı İT şirkətlərinin işini “nizamlamaq” olub. Həmin şirkətlərin içərisində Rusiya hərbi-sənaye kompleksi üçün sifarişlər icra edən kiçik müəssisələrin mövcudluğu barədə ABŞ-nin müvafiq orqanlarının bəyanatlarında rast gəlirik. Konkret olaraq Ermənistanın “Milur Electronics” MMC və “Taco MMC”-nin Rusiya şirkəti olan “Radioavtomatika”ya mikroçiplər, elektron və telekommunikasiya avadanlıqlarının satışını həyata keçirməsinə dair ABŞ Xəzindarlıq Agentliyinin notası vardır. Agentlik ötən ilin sonlarında isə həmin şirkətləri, eləcə də Vardanyanı ABŞ Nümayəndələr Palatasının “Putin Hesabatlılığı Aktı” layihəsinə əsasən sanksiya siyahısına salıb. istinad


İndi də Avropa İttıfaqının sanksiyalara nəzarət  üzrə nümayəndəsi David O'Sullivanın “Financial Times”a açıqlamasına da diqqət edək. Aİ nümayəndəsi bildirir ki, Rusiya ilə qonşuluqdakı ölkələrin ticarətində böyük artımların qeydə alınması sanksiyalar siyahısındakı malların bu ölkəyə “arxa qapıdan” daxil olması barədə şübhə və suallar yaradır. Sitat: “Biz Avropa İttifaqı ölkələrindən Rusiyaya ticarət axınlarında kütləvi şəkildə azalması halında Rusiyaya yaxın olan ölkələrlə ticarət əməliyyatlarında kəskin sıçrayışlar müşahidə edirik”.
O'Sullivan öz fikirlərini əsaslandırmaq üçün Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) cədvəlini təqdim edir ki, burada Ermənistan və Qırğızıstanın Rusiya ilə daha aktiv və yüksək ticarət sifarişləri yerinə yetirildiyini görə bilərik. istinad


AYİB-in infoqrafikasından görünür ki, Aİ, ABŞ və Böyük Britaniyanın Rusiyaya ixracı 2022-ci ildə (may-iyul ayları üzrə statistikaya əsasən) 2017-2019-cu illərin orta göstəriciləri ilə müqayisədə yarıdan çox azalıb, ancaq Ermənistan və Qırğızıstanın Rusiya ilə ticarətinin 80 faizdən çox artması hesabına aradakı “boşluq” doldurulub. Bu infoqrafika tam şəkildə ABŞ-nin Rusiyaya qanunsuz olaraq daşınan mallarda Ermənistanın iştirakçı ölkə olmasına dair bəyanatı ilə üst-üstə düşür.
Rusiyanın baş naziri Mixail Mişustinin fikirləri də yuxarıdakı arqumentləri təsdiqləmək üçün əlavə əsaslar verir. Mişustinin sitatı: “Biz erməni tərəfdaşlarımızla birlikdə, xüsusilə Rusiya Federasiyasına qarşı qeyri-qanuni sanksiyalar qarşısında ticari-iqtisadi əməkdaşlığımızı qorumaq üçün operativ qərarlar qəbul edirik”. mənbə
Operativ qərarlar” mesajının arxasında sanksiyadan yayınmaq üçün müxtəlif ticarət sxemlərinin dayanmasına heç bir tərəddüd qalmır. ABŞ dövlətinin notasında yer alan digər ölkə - Belarusla Ermənistanın şübhə doğuran ixrac statistikası da qaranlıq mətləblərə işıq salır. 2022-ci ildə Ermənistanın Belarusla da ticarət əməliyyatlarının həcmində kəskin artım baş verib, mal mübadiləsi 2 dəfəyə yaxın yüksəlib. istinad
Analoji dövrdə Rusiya ilə Belarus arasında da mali mübadiləsi rekord səviyyəyə  yüksələrək tarixdə ilk dəfə 50 milyard dollara çatıb. Beləliklə, son bir ildə Ermənistan- Rusiya-Belarus ücbucağı üzrə ticari dövriyyələrin artım statistikası Qərbin qeyri-qanuni hesab etdiyi tranzitlər hesabına yüksəldiyi barədə iddiaların həqiqiliyinə şübhə yeri qoymur.

Bəs, Ermənistan üzərindən daşınan mallar hansı tranzitlə və hansı ölkələrdən gətirilə bilər?

Azərbaycan və Türkiyə ilə Ermənistanın sərhəd qapıları bağlı olduğundan bu coğrafiyadan mal tranzitləri mümkün deyil. Türkiyədən İrəvana həftədə bir dəfə icra olunan təyyarə uçuşları da tranizt məqsədləri daşımır. Gürcüstanın Qərbin sanksiyalarını dəstəklədiyi və Rusiya ilə xoş olmayan münasibətlər fonunda öz sərhədindən və hava məkanından gizli daşınmalara icazə verməsi də inandırıcı deyil.


Qalır İran versiyası. Bu xətt, üzərində dayana biləcəyimiz və Avropa ölkələrinin özləri tərəfindən də etiraf olunan qanunsuz daşınma yoludur. Bunu təsdiqləyən bir neçə arqumentlər var ki, indi də onların üzərində dayanaq.

Son bir ildə İranla Ermənistanın ticarət dövriyyəsi 41 %-dən çox artıb ki, onların strukturunda hərbi-sənaye tipli mallar da üstünlük təşkil edir. mənbə
Həmin malların təkcə, Ermənistanın hərbi ehtiyacları üçün deyil, həm də Rusiyaya nəqli istisna deyil. İran və Ermənistan arasında 2022-ci ildə əldə olunmuş razılığa əsasən, İrəvana PUA-ların tədarükü nəzərdə tutulmuşdu. Bunu “Forbes” nəşri də təsdiqləmişdi. Çox güman ki, həmin PUA-ların müəyyən partiyası vasitəçi tərəf kimi Ermənistandan Rusiyaya daşınıb. forbes
İran PUA-larının Rusiya hərbi-sənaye kompleksini çatdırılmasını Xarici Aktivlərə Nəzarət İdarəsi də təsdiqləyib və İranın hərbi müəssisələri sanksiyalar siyahısına daxil edib. istinad


Son aylarda həm Tehrandan İrəvana və İrəvandan Rusiyaya, eləcə də əks istiqamətlərdə təyyarə daşınmalarının sayı bir neçə də artıb. Onların sırasında “Iran Air”in törəmə şirkəti olan “Iran Air Cargo”nun konket olaraq Ermənistanla birgə sanksiayaları pozması təsdiqlənib. Belə ki, “Iran Air Cargo” ötən il 21-29 avqust tarixlərində və sentyabrın 4-5-də İrəvanın “Zvartnots İnternational” mülki hava limanından Moskvaya aramsız uçuşlar həyata keçirib. Gürcüstanın İqtisadiyyat Nazirliyi də “Iran Air Cargo” şirkətinə məxsus təyyarələrin İrəvandan Gürcüstanın hava məkanını keçərək Moskvaya ucduğunu təsdiqləyib. mənbə
Bu embarqoları pozduğuna görə, “Iran Air Cargo”, “Safiran Airport Services” və onların ana şirkəti olan “Iran Air” ABŞ sanksiyalarına məruz qalıb. Ancaq, nədənsə Ermənistanın “Zvartnots İnternational” limanı sanksiyalardan kənarda qalıb. mənbə

İran və Ermənistan təyyarə daşınmalarında yüklərin təyinatını gizlətmək üçün başqa bir fırıldağa əl atıb, turizm aviakompaniyalarından istifadə edib. İranın “Mahan Air” özəl daşıyıcı şirkəti Ermənistandakı hava nəqliyyatı və turizm üzrə ixtisaslaşmış “Flight Travel MMC” şirkətinin vasitəsi ilə müxtəlif regionlardan Rusiyaya “turist uçuşları” təşkil edib ki, təyyarədə 40-50 turistdən daha çox malların daşınması həyata keçirilib.
Tehran şəhərində yerləşən “Mahan Air” Uzaq və Yaxın Şərq, Mərkəzi Asiya və Avropaya beynəlxalq uçuşlar həyata keçirir və ucuş coğrafiyası çox genişdir. mənbə 2018-ci ildə yaradılmış “Flight Travel Mmc” isə “Mahan Air” İrəvandakı törəməsi kimi 2022-ci ildə aktiv daşınma sifarişlərini yerinə yetirməklə məşğul olub. mənbə Hər iki aviakompaniya mülki uçuşlar adı altında müxtəlif şübhəli malları daşıdığına görə, 2022-ci ildə ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin sanksiya siyahısına salınıb. mənbə

Bu faktın özü də İrandan İrəvan vasitəsilə Rusiyaya sanksiyalaşdırılmış malların daşımasını sübut edir.

Yekun olaraq sadaladığımız fakt və arqumentlərdən gəldiyimiz nəticə budur ki, Ermənistan həqiqətən də, İran və digər regionlardan Rusiya və Belarusa daşınan sanksiyalaşdırılmış malların tranzitində əsas vasitəçi və ya daşınma məntəqəsidir.