İsveçrədə yaşayan “Ayna-Zerkalo” qəzetinin keçmiş əməkdaşı Rauf Mirqədirov öz facebook səhifəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dağıdıcı zəlzələdən zərər çəkən ailələrə dövlət tərəfindən 10 min lirə (təxminən 532 dollar) yardım veriləcəyi ilə bağlı qərarını şübhə altına alan rəy bildirib. Mirqədirovun qənaətinə görə, Türkiyə hökumətinin guya bu vəsaitləri verməyə resursları yoxdur və reallıqdan uzaqdır.
Mövzudan yayınmadan gələk əsas mətləbə, təbii fəlakətdən zərər çəkmiş vətəndaşların sosial təminatı, onların əmlakının və gəlir gətirən əsas vəsaitlərinin, mağaza, müəssisə və digər infrastrukturların bərpası ilə bağlı çoxşaxəli, olduqca çətin tədbirlərin Türkiyə hökumətinin gücünün çatıb-çatmayacağı barədə ittihamlar nə dərəcədə doğru ola bilər?
Əvvəlcə, Cənab Ərdoğanın bəyan etdiyi 10 min TL barədə. Sözügedən vəsait zəlzələdən zərər çəkmiş ailələrə veriləcək. Belə ki, Hatay, Diyarbəkir, Adana, Osmaniye, Şanlıurfa, Adıyaman, Qaziantep, Malatya və Kilisdə evini-əmlakını itirmiş hər bir ailənin ilkin sosial ehtiyaclarının ödənilməsi üçün bu yardımlar göstəriləcək. Yəni, ilkin keçid ayı üçün verilən birdəfəlik yardımdır. mənbə
Hesablamalara əsasən, zəlzələ bölgəsində evləri tamailə dağılmış, zədələnmiş və yarasız hesab edilən təxliyyə sayı təxminən 1 milyon nəfərə yaxın insan hazırda zəruri ev şəraitindən məhrum olub. Bu hər 4 nəfərdən hesablandıqda 250 min ailə deməkdir. 250 min ailəyə 10 min TL kompensasiya ödənilərsə bu, Türkiyənin pul vahidi ilə 2,5 milyard TL, ABŞ dolları ilə 132 milyon dollar, yəni Türkiyənin ümumi büdcə xərclərinin 0,05 % deməkdir. 2023-cü il üzrə Türkiyə Respublikasının büdcə xərcləri 4 trilyon 470 milyard TL (240 milyard dollar) , büdcə gəlirləri isə 3 trilyon 810 milyard TL-dir. mənbə
Türkiyə Prezidenti bəyan edib ki, zərəçəkmişlər üçün nəzərdə tutulan vəsaitlər Xəzinə Nazirliyi tərəfindən ayrılıb və maliyyələşdirmə yaxın günlərdə təmin olunacaq. mənbə
Göründüyü kimi Türkiyənin zəlzələdən zərərçəkənlərə 10 min TL yardım etməsi üçün heç bir sıxıntısı yoxdur. Nəzərə alaq ki, Mirqədirovun söylədiyi kimi Türkiyə dövləti zəlzələdən zərər çəkənlərin ailələrinə 10 min deyil, 100 min Tl yardım edəcək. Bu barədə R.T. Ərdoğan özü açıqlama verib. Açıqlamada deyilir: “Zəlzələdə həyatını itirənlərin yaxınlarına təcili ehtiyacları üçün 100 min lirə nağd pul veririk. Qarşıdakı günlərdə də yaranacaq ehtiyaclara uyğun olaraq vətəndaşlarımıza əlavə dəstək göstərəcəyik”
Bundan başqa, bir neçə istiqamət üzrə maddi dəstək və yardım proqramının icrasına start verilib. Prezident Rəcəb Tayyib Ərdoğanın tapşırığına əsasən, zəlzələdən zərər çəkmiş insanların evinin tikintisi, infrastrukturların bərpası, insanların öz evlərinə köçdüyü dövrə qədər bütün sosial xərcləri, bölgədə çalışan və iş yeri qapanmış 400 mindən çox insanın əməkhaqları dövlət tərəfindən ödəniləcək. İlk növbədə, yararsız hala düşən hər evə 15 min lirə köçürmə yardımı və 5 min lirə və 2 min lirə kirayə yardımı veriləcək. Ailələrini zəlzələ zonasından kənar şəhərlərə aparan vətəndaşlara maşın və yanacaq xərclərini dövlət qarşılayır.
Fevralın ayının ikinci yarısından başlayaraq ticarət, xidmət, turizm və s. sahələrdə çalışan insanlara və sahibkarlara Türkiyə Xəzinədarlığı maliyyə dəstəyi göstərəcək. Türkiyə Kredit Zəmanət Fondu bölgənin məşğulluq, istehsal, ticarət və ixracat imkanlarını öz əvvəlki durumuna gətirmək üçün bütün maliyyə dəstəklərini üzərinə götürüb. İş adamlarının banklara olan kredit borcları təxirə salınıb, eyni zamanda onlara əlavə uzunmüddətli kreditlər veriləcək. mənbə
Evlərin və infrastrukturların bərpa və inşası işləri də bütün zəruri tədbirlər görülməkdədir. 369 min binadakı 1 milyon 850 min ev və iş yerinin qeydiyyatı müvafiq dövlət qurumu tərəfindən rəsmiləşdirilib və onların hər birinin xərclərini dövlət qarşılayacaq. Dövlət mart ayında 30 min binanın tikintisinə başlayacaq. Bir il içərisində evlərini itirmiş əmlak sahiblərini evlər təmin etmək nəzərdə tutulur. mənbə
Bölgədə kənd təsərrüfatı ilə məşğul olan fermer və sahibkarlara maliyyə yardımı veriləcək, dizel, gübrə, heyvandarlıq və əkinlə bağlı bütün zəruri ehtiyacları qarşılanacaq. Aqrar dəstək çərçivəsində dövlət ümumi məbləği 2,8 milyard TL olan dizel və gübrə subsidiyaları verəcək. İl ərzində fermerlərə heyvandarlıq təsərrüfatına dəstək üçün 530 milyon TL ödəniləcək. 10 vilayətdə 185 min müəssisəyə yem və qida tədarükü üçün 1,5 milyard TL dəstəyi veriləcək, heyvan saxlayan təsərrüfatlara 2 milyon baş baş heyvan üçün hər heyvan başına 500 TL ödəniləcək. mənbə
Göründüyü kimi Türkiyə hökuməti zəlzələdən zəzər çəkmiş bütün insanların məsrəflərinin qarşılamaq, onlara sosial dəstək vermək, iş və fəaliyyətlərini bərpa etmək, iqtisadi infrastrukturları yenidən qurmaq, bölgənin iqtisadi resurslarının hərəkətliliyini öz axarına salmaq, 10 vilayətin hər birindəki bütün evləri ən müasir tələblərə uyğun yenidən inşa etmək üçün nəhəng strateji Proqram hazırlayıb və icrasına başlayıb.
“Əsrin fəlakəti” hesab edilən bu zəlzələnin nəticələrinin aradan qaldırılmasına dünya miqyasında “Əsrin kampaniyası” başlayıb. Bütün dövlətlər, xarici fondlar, iri şirkətlər, idman klubları, biznes qrupları bir araya gəlib hər gün Türkiyəyə ianələr edir. Müxtəlif tədbir və marafonlar, yarışlar, layihələr icra olunur ki, əldə olunan vəsaitlər qardaş ölkəyə göndərilir. Türkiyənin yaxın dostları birbaşa maliyyə yardımlarını əsirgəmir. Təkcə, Qətər hökuməti təxminən 1.56 milyard dollar yardım edəcək. Dünya Bankı yaxın günlərdə 1,7 milyard dollar yardımı çatdıracaq. Ümumdünya Səhiyyə Təşkilatı, BMT, NATO, Avropa İttifaqı, digər beynəlxalq təşkilatlar Türkiyəyə maliyyə köməyi üçün səfərbər olub. Digər kredit instututları maliyyə yardımı təkliflərini təqdim edib. mənbə
Ümumilikdə, Türkiyəyə 100-ə yaxın ölkə maddi yardım kampaniyasında qoşulub və bu proses davam edəcək. Nəticədə, həmin yardımlar hesabına ən zəruri sosial ehtiyacları və infrastrukturları bərpa etmək, ərazidə inşaat işlərinə başlamaq tam mümkün olacaqdır.
Göründüyü kimi Türkiyənin bu çətin və ağır sınaqdan da çıxması üçün zəruri maliyyə resursları, iqtisadi gücü var. İqtisadiyyatdan məlumatsız, daha çox siyasi məsələlərlə bağlı şərh yazan R.Mirqədirovun belə mövzularda fikir bildirməsi yekunda belə mənzərə yaradır.
Qardaş ölkənin bu həssas və faciəli günlərində Türkiyə hökumətini ittiham etməyə və dövlətin güvənini etibardan salmağa çalışan bu cür yanaşmalar fürsətçiliyin, qərəzin və çirkin siyasi oyunların alətinə çevrilən insanlara məxsus ola bilər. Əslində Mirqədirovun dəhşətli zəlzələ faciəsindən AKP iqtidarına qarşı qara piar aparması təəccüblü deyil, Avropada radikal qüvvələrin müqəddəs kitabımız “Qurani-Kərim”in yandırılması, Ərdoğana qarşı etik normalara sığmayan iftiraların yayılması mühitində aldığı neqativ informasiyalar buna rəvac verir.