Ermənistanın “Баграмян 26” adlı rusdilli “telegram” kanalı fevralın 5-də belə bir xəbər paylaşıb: “Çexiyada ölkəni Avroviziya-2023 müsabiqəsində təmsil edəcək ifaçı seçirlər”.
İlk baxışdan adi görünən, lakin böyük məqsədləri hədəfləyən həmin məlumatda sonra deyilir: “Müsabiqədə erməni kökənli “Pam Rabbit” adlı Çex müğənni iştirak edir. Pemə səs vermək üçün aşağıdakı linkə keçid edib, “indi səs ver” düyməsini basaraq, elektron poçtunuza gələn məktubda seçimi təsdiqləmək lazımdır”.
Sual oluna bilər, burada qeyri-adi nə var?! Ermənilər sadəcə öz soydaşlarını dəstəkləyirlər. Bəli, burada səsverməyə, şəffaf seçkilərin nəticələrinə təsir etməkdən başqa qəbahətli heç nə yoxdur. Məsələn, 2016-cı ildə ABŞ-də keçirilən prezident seçkilərində də Donald Trampın seçilməsində Rusiyanın “barmağı”nın olduğu deyilirdi, seçkilərə kənardan müdaxilə, “Cambridge Analytica” barədə xeyli danışılırdı. Orada da ilk baxışdan heç bir şey yox idi. Lakin sonrakı hadisələr əsas məqsədlərin nə olduğunu göstərdi.
Məsələ burasındadır ki, Çex cəmiyyəti Avroviziya mahnı müsabiqəsinə o qədər də əhəmiyyət vermir. Erməni diasporu və mediası isə bu məqamdan yararlanaraq həmyerlilərini “online səsvermə”də qalib edərək, öz siyasi məqsədlərinə çatmaq istəyirlər. Bugün qlobal erməni şəbəkəsinin hərəkətlərinə diqqət etsək, hamısı Azərbaycan Respublikasının ayrılmaz parçası olan Qarabağa bu və ya digər yollarla diqqəti cəlb etmək, dünya ictimaiyyətini saxta məlumatlarla aldatmağa yönəlib.
Son dövrlərdə baş verənlərə diqqət yetirsək, görərik ki, erməni əsilli dünya ulduzları və idmançılar bütün platformalardan istifadə edərək Azərbaycana qarşı kampaniya aparır, saxta təbliğatlarını yayırlar. Gəlin bir neçəsinə nəzər salaq:
- “Australian Open” turnirində Rusiyanı təmsil edən erməni əsilli tennisçi Karen Xaçanov oyundan sonra kameranın obyektivinə “Sona qədər inanmağa davam edin. Artsax, möhkəm ol” yazıb.
- Henrix Mxitaryan bu ilin yanvar ayında təmsil etdiyi “İnter” futbol komandasının “Youtube” kanalına müsahibə verərkən “Təmsil etdiyiniz ölkəni təsvir edin” sualını cavablandırarkən Ermənistanın xəritəsinin yanına Azərbaycanın Qarabağ bölgəsini də əlavə edib.
- Erməni əsilli müğənni Şerilin Sarkisyan (Şer) twitter hesabında Azərbaycana qarşı əsassız ittihamlar irəli sürüb. Şer içtimaiyyəti aldatmağa çalışır ki, Ermənistandakı bütün uşaq evlərinin sakinləri "Azərbaycan aqressiyasının qurbanlarının övladlarıdır" və "Azərbaycanın nefti olduğu üçün, ona söz deməyə cürət edən yoxdur".
Erməni ulduz Kim Kardaşyan sosial mediada yalan, yönləndirici məlumatlar paylaşmağı ilə tanınır. Sonuncu paylaşımı Qarabağdakı “humanitar böhran”dan haqda olub.
Halbuki blokada haqda məlumatların yalan olması elə erməni mənbələrinə istinadən tutarlı faktlarla sübut olunub. Həmin yazıların bir neçəsi ilə bu linklərdən tanış ola bilərsiniz. Mənbə1 Mənbə 2
Şübhə yoxdur ki, nəyinki Qarabağı, heç Ermənistanı heç vaxt görməyən Pem Rabbitə Azərbaycanın suveren ərazilərində yaratmaq istədikləri qondarma “Artsaxın” qondarma bayrağı ilə şəkil çəkdirib yaymağa çalışacaqlar. Plana görə Pem Çexiya səsverməsində qlobal erməni gücünün köməyi ilə birinci olur və müsabiqədə iştirak edərək erməni təxribatına dəstək verir.
Ermənilərin başqa bir planı artıq uğur qazanıb. Belə ki, İru Xeçanova adlı erməni Gürcüstanda saxta səsvermə ilə birinci yerə çıxaraq, ölkəni Avroviziya-2023 təmsil edəcək. Gürcü cəmiyyətinin də narazı qaldığı bu erməni xanım, heç şübhəsiz ki, təxribata əl ataraq Azərbaycan-Gürcüstan münasibətlərinə zərər yetirməyə çalışacaq. Onun haqqında gürcülər heç də xoşa gələn sözlər demirlər. Maraqlananlar “Gürcüstanın səsi” yarışmasının həm youtube kanalındakı, həm də facebook səhifəsindəki şərhlərə baxa bilərlər.
Yəqin ki, 2016-cı ildə ermənilər Avroviziya mahnı müsabiqəsində törətdikləri təxribat bir çoxumuzun yadındadır. O zaman qondarma “Artsaxın” bayrağını nümayiş etdirdiklərinə görə ölkə Avropa Yayım Şurası tərəfindən sanksiyaya məruz qalmışdı. Bu dəfə isə görünür, Çexiya və Gürcüstanı sanksiyaya məruz qoymaq istəyirlər.
Ümid edirik ki, həm Gürcüstan, həm Çex hökumətləri və cəmiyyətləri erməni təxribatının qarşısını müsabiqə başlamamış ala biləcəklər.