Azərbaycanın Qarabağ iqtisadi rayonunda müvəqqəti mövcud olan qondarma qurumun təşkil etdiyi “aclıq və ərzaq qıtlığı” tamaşası davam etməkdədir. Rusiyalı milyarder, Azərbaycan ərazisində müvəqqəti yaşayan  Ruben Vardanyan etnik bağlı olduğu insanlara müraciət edərək böhrandan çıxış yolu kimi yanvarın 20-dən “talon” rejiminə keçiləcəyini bildirib. Vardanyan müraciətində yaranmış vəziyyətdən danışarkən müxtəlif işbazların ərzaq və dərmanı, yanacağı gizli yollarla öz qohum və tanışlarına paylamaqda ittiham edib, “qaçaqmalçılığın” adi hala çevrildiyini deyib. Qondarma vəzifə sahibi olan milyarder Ruben ərzaq, dava-dərmanın qeyri-bərabər paylandığını, möhtəkirlərin qıtlıq və süni qiymət artımına yol verdiyini xatırlatmaqla Xankəndi və bölgələrdə lazımi həcmdə ehtiyatların olduğunu özü etiraf edib. O, belə “ağır günlərdə” bəzi imkanlı şəxsləri “ölkəni” tərk etməkdə də ittiham etməkdən çəkinməyib. “Biz bilirik ki, bəzi varlı ailələr öz əlaqələrindən istifadə edərək “tətilə” çıxıb. mənbə

Faktyoxla Lab. R.Vardanyanın həmin müraciətindən sonra Xankəndində yaşayan ermənilərin sosial şəbəkələrdə fikirlərini, rəylərini və şərhlərini araşdırıb. Bəlli olub ki, sakinlər etirazlarını ifadə etməklə əslində şəhərdə və ətraf bölgələrdə yaşanan “ərzaq və yanacaq şousunu” özləri ifşa edib, Vardanyanın çıxışına yazdıqları şərhlərdə isə onu saxtakarlıqda, cəsarətsizlik və riyakarlıqda günahlandırıblar.

Həmin şərhlərdən bəzilərini oxucuların diqqətinə çatdırırıq. 

Narina İsraelyan adlı Xankəndi sakini deyir ki, “2 litr benzin əvəzində ərzaq al-veri haradan çıxır, bu alverçiləri həbs edin, edə bilmirsinizsə, bəsdirin danışdınız, camaatı daha da əsəbləşdirirsiniz”.

Armen Ağacanyan isə qeyd edir ki, yaxın tanışlarından bir neçəsi siqareti asanlıqla əldə edirlər. Mağaza sahibləri siqareti öz adamlarına verir, digərlərindən isə gizlədilir.

Manuş Hovenesyan adlı sakin isə Xankəndində mağazalarda “qıtlığı” belə təsvir edərək Vardanyandan tələb edir: “Zəhmət olmasa, mağaza sahiblərinin tanış, qohum və s. şəxslərə mal satmasına son qoyun. Əl altından məhsul satılır, mal yoxdur deyirlər, ancaq hər gün haradansa mallar gətirilir. Mən 3 övladım üçün şəkər tozu, makaron, yağ tapa bilmirəm”.

Vahang Javadyan isə Vardanyana bildirir ki, ərzaq alverçilərinin adlarını yaxşı bilirsiniz, ancaq cəzalandırmırsınız. Ona görə bu gündəyik.

Susanna Susanna adlı istifadəçi isə deyir ki, supermarketlərdə necə edirlərsə, bəziləri ərzaq və şirniyyatla qayıdır, ancaq biz gedəndə deyirlər ki, heç nə yoxdur. Hər şey məlumdur, tanışlara paylayırlar.

Narine Beqlayan qeyd edir ki, bizi normal yaşayış və ancaq çıxış yolları maraqlandırır, müharibə yox.  

Tamara Çatryan isə kəskin etirazını belə ifadə edir: Kömək edə bilmirsinizsə, heç olmasa narahat etməyin, çıxın gedin, özümüzə şans verin.


Tiqran Petrosyan adlı erməni fəalı isə Vardanyanın yarıtmaz “rəhbərliyini” belə ifşa edir: “50 litr benzin oğurlayıb satanın adını çəkmirsiniz, biabır etməkdən qorxursunuz, dincəlməyə gedən imkanlı ailələrin qarşısın ala bilmir və adlarını elan etmirsiniz. Mən bu cür cəsarətsizliyi qəbul etmirəm. Vardanyan, bura Qarabağdır, bir az da ehtiyatlı olun. mənbə


Göründüyü kimi ermənilər özləri etiraf edirlər ki, mağazalarda spitli içkilərdən tutmuş ət, toyuq, yumurta, yağ, çörək və un qıtlığı yoxdur. Ancaq fırıldaqçılar və möhtəkirlər qida və dərmanları öz tanıdıqları şəxslərə və ya qohumlarına ötürür, imkanı olanlar alır, kasıblar isə ala bilmir, çünki mallar baha qiymətə satılır. 
Bütün bu baş verənlərin müqabilində Vardanyanın ərzaq kuponları (“talon”) rejiminə keçməsi isə şoudan başqa bir şey deyil, yalnız və yalnız xarici auditoriya üçün hesablanıb.
Ərzaq kuponları kimlərə və hansı normada ərzaq malları verilməsini nəzərdə tutur?
Qondarma qurumun “Mənzil Məsələləri Komitəsi və Operativ Qərargahı” bildirib ki, yanvarın 20-dən sonra “talon”larla bir ay ərzində hər nəfərə əsas qida malları olan makaron, hind toyuğu, düyü, qarabaşaq, şəkər, günəbaxan yağı, kərə yağı paylanılacaq. Hər bir vətəndaşa ayda 2 dəfə “talon” veriləcək. Birinci “talon” yanvarın 20-dən fevralın 5-dək, ikinci “talon” isə fevralın 6-dan fevralın 20-dək istifadədə olacaq. Sakinlər “talon”ları icma və bələdiyyə sədrlərindən əldə edəcəklər.
Ərzaq kuponu bir nəfərə ayda 1 kq ət, 1 kq kərə və 1 litr bitki yağı, 1 kq şəkər tozu, 1 kq makaron, 1 kq düyü, qarabaşaq verilməsini nəzərdə tutur. Meyvə-tərəvəz təminatında problem olmadığından həmin məhsulların “kupon”la satılmasına ehtiyac duyulmur. Beləliklə, 4 nəfərlik ailəyə hər ərzaqdan 4 kq düşəcək ki, bu da bir ailənin normal qidalanması üçün kifayət edə biləcək qidadır. Bütün bunlar bir daha təsdiq edir ki, mağazalar hamıya catacaq qədər aylıq ərzaqla təmin olunacaq.
Bütün bunlar ortaya bir sual çıxarır, əgər Azərbaycan Laçın-Xankəndi yolundan mal keçməsinə icazə vermirsə, yanvarın 20-dən sonra mağazalara norma və “talon”la veriləcək ərzaqlar necə və haradan gətiriləcək?

Hesablayaq: Nəzərə alsaq ki, bir nəfərə ərzaq kuponu vasitəsilə ay ərzində 7-8 növ ərzağın hər birindən 1 kq verildikdə minimum 7-8 kq ərzaq payı düşür. Ermənilər iddia edir ki, bölgədə “120 min” nəfər yaşayır, sözsüz ki, bu yalandır. Lap tutaq ki, həmin sayda erməni yaşayır. Onda 120 min nəfərin hər birinə ayda 8 kq ərzaq verildikdə ümumi 960 min kq (960 ton) ərzaq düşür. Bura “talon”suz nəzərdə tutulan malları, məsələn, dava-dərman, qeyri-ərzaq və s. məhsulları da əlavə edəndə bir ayda təxminən 1400-1500 tonluq rəqəm alınır. Yəni, bir günə 50 ton mal-məhsul! Həmin malları yükgötürmə qabiliyyəti 5-6 ton olan ortahəcmli yük maşını ilə daşıdıqda bir gündə 10 ədəd “Kamaz” və ya “Ural” maşınından istifadə deməkdir. Biz burada tikinti, sənaye malları daşıyan Rusiya sülhməramlılarının maşınlarını, yaxud sərnişin, təcili yardım və digər avtomobilləri də nəzərdə tutmuruq. Demək yanvarın 20-dən sonra hər gün Qarabağ iqtisadi rayonunun ermənilərin yaşadığı ərazilərə Laçın-Xankəndi yolundan təkcə ərzaq və gündəlik əsas tələbat mallarını daşımaq üçün 10 ədəd yük maşını keçməlidir. Bu faktın özü də “blokada”, “humanitar fəlakət” kimi cəfəngiyyatları ifşa edir. 

Bütün bunlara rəğmən, yenə də Xankəndi sakinləri Vardanyan idarəçiliyindən narazıdırlar və hazırkı yaranmış qeyri-müəyyən vəziyyətə görə onu ittiham edirlər. Onlar Vardanyan profilində yazdığı şərhlərdə vəziyyətin pisləşməsi səbəbindən imkanlı şəxslərin gecələr Rusiya sülhməramlılarının köməyilə “gizli yollarla” Xankəndindən İrəvana qaçdığını açıq-aşkar bildirirlər.

Harut Mnasakanyan deyir ki, Vardanyan, öz ailənin mənzillərini, biznes gəlirlərini götür insanlara ver, bunu etməsəniz, yoxsa burada qalan kasıblar da rusa rüşvət verib qaçacaqlar.

Suzanna Beqlaryan adlı erməni qadın isə qeyd edir ki, məzuniyyət adı ilə varlı şəxslər qaçırlar.

Ruzanna Sahakyan adlı qadın isə deyir ki, görəsən əhalinin 90%-i bu vədlərə nə vaxta qədər inanıb dözəcək. “Biz, xoş sözlər haqqında deyil, dolanışıq haqqında düşünürük. Əlac getməkdir”.



Sözsüz ki, həmin şərhlər Vardanyana da tanışdır, ona görə də, vəziyyətdən qorxuya düşərək əhalinin köçünün qarşısını almaq üçün banklara nağd pul verməyi məhdudlaşdırıb, eləcə də plastik kartlardan pul çıxarışlarına limit qoyub. Yanvarın 11-dən etibarən Xankəndi və ətraf yaşayış məskənlərində bankomat və POS-terminallardan nağd pulun çıxarılması limiti gündəlik 50.000 dram ( 125 dollar) müəyyən edilib. Məqsəd əhalinin bankomatlardan nağd vəsaitləri çıxarmasının və ərazini tərk etməsinin qarşısını almaqdır.

 

Beləliklə Azərbaycanın Qarabağ iqtisadi rayonunda Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə vəziyyət göz önündədir. Reallıq budur ki, imkanlı erməni ailələri Rus sülhməramlılarının köməyi ilə “alternativ yollarla” Qarabağdan qaçırlar. Bu, Ruben Vardanyan şousunun ilkin effektinin hələ başlanğıcıdır.

P.S. Yazıda qeyd olunan bütün məlumatlar mənbələrə istinadən hazırlanıb, heç bir əlavə edilmədən dərc olunub. Sadəcə bəlli səbəblərdən o mənbələri açıq yazmırıq. Bu barədə istənilən informasiya almaq istəyən şəxslər bizim telegram kanalımızın şərh bölümünə yaza bilərlər.