ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib. ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət Ofisi (OFAC) yanvarın 6-da açıqladığı bəyanatda bildirir ki, İranın pilotsuz uçuş aparatlarının (PUA) istehsalı və texniki təminatı, müasirləşdirilməsi ilə məşğul olan və hərbi sənayenin əsas müdafiə istehsalçılarından “Qods Aviation Industries” müəssisəsi, şirkətin 6 icraçı şəxsi və idarə heyəti üzvləri 2023-cü ilin yanvar ayından etibarən sanksiyalara məruz qalacaq.

OFAC sanksiyalaşdırma qərarını İranın həmin şirkət tərəfindən PUA-ların Rusiyanın Ukraynadakı müharibəsində dəstək məqsədilə verməsi ilə əsaslandırır. Belə ki, PUA-ların istehsalı ilə məşğul olan aerokosmik şirkət “Qods Aviation Industries” 2013-cü ildən ABŞ sanksiyaları altında olsa da, şirkət son illərdə öz hüquqi ünvanını və qeydiyyat nişanını dəyişərək “Light Airplanes Design and Manufacturing Industries” adı altında fəaliyyət göstərərək satışları davam etdirib. ABŞ Xəzinədarlığı bu fırıldağı aşkarlayaraq həmin sənaye müəssisəsinin bütün bölmələrini sanksiya siyahısına salıb. Həmçinin, “İranın ballistik raket proqramlarına nəzarət edən” Aerokosmik Sənaye Təşkilatının direktoru Nadir Xun Savaş da sanksiyalarla üzləşib. OFAC, həmçinin İranın ballistik raket proqramlarına nəzarət edən əsas təşkilatı Aerokosmik Sənaye Təşkilatını da SDN siyahısına (Xüsusi Tədqiqat altında olan Bloklanmış Şəxslər) daxil edib. Mənbə

ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət Ofisi onu da bəyan edib ki, bu, son deyil və Birləşmiş Ştatlar İranın PUA və ballistik raket proqramlarını dəstəkləyən, sövdələşmələr həyata keçirən şəxslərə və qurumlara qarşı təcili təxirəsalınmaz hərəkətləri davam etdirəcək. Vaşinqton hazırda İranın “Şahed” və “Mohajer” seriyalı PUA-ların istehsalı və təhvil verilməsində iştirak edən fiziki və hüquqi şəxslərin təyinatını yaxından izləyir və lazımi məqamlarda qərarlar qəbul ediləcəkdir. istinad
Qeyd edək ki, OFAZ 2022-ci ilin iyul, oktyabr, noyabr aylarında İrana qarşı ağır təsirli sanksiya paketləri də tətbiq edib. Həmin vaxt sanksiyalar “Hizbullah” və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Qüds qüvvələri ilə əlaqəli şəxslərə şamil olunub. Bundan əlavə, bir sıra gəmiçilik və neft şirkətləri “qara siyahı”ya salınıb. ABŞ Maliyyə Nazirliyi pilotsuz təyyarələrin hazırlanması və Rusiyaya təhvil verilməsi ilə bağlı 7 İran vətəndaşına qarşı sanksiyalar tətbiq edib. Beləliklə, son 5-6 ayda İranın hərbi-müdafiə, aviasiya, hərbi radiotexnologiyalar və aerokosmik, logistika, neft donanması və s. əsas güc sütunları sanksilaşdırılıb.

İrana qarşı sanksiyaların hansı təsiləri olacaqdır?

Birincisi, sanksiyalardan İran dövlətinin hərbi sənayesi və müdafiə büdcəsi zərər görəcək. İrandan hərbi sənaye malları alan ölkələrin sanksiyalardan ehtiyatlanması hərbi ixracın məhdudlaşmasına səbəb olacaq.
İkincisi, İranın iqtisadiyyatı 2 dəfədən çox daralaraq ciddi itkilərlə üzləşəcək. İqtisadi artım və maliyyə sistemi zəifləyəcək.

2022-ci ildə 50 faizdən çox dəyər itirən İran milli valyutası olan “tümən”in ABŞ dollar üzrə valyuta mübadiləsi 37 min 50 tümənə dəyişdirilir. Halbuki 2022-ci ilin yanvarında bu rəqəm 26,5 min tümən idi. Ümumilikdə, İranın pul vahidi 2003-cü ildən indiyədək 90% dəyər itirib. Beynəlxalq Valyuta Fondunun proqnozuna görə, 2023-cü ildə İranda iqtisadi artım 2 faiz, inflyasiya 40 % təşkil edəcək. İqtisadi artımın 2022-ci illə müqayisədə 2,3 faiz-bənd aşağı düşməsi mili gəlirlərin ən azı 40 milyard dollar azalmasına səbəb olur. mənbə

İranın tanınmış iqtisadçısı Vahid Şaqaqi Şəhri bildirib ki, Tehran rejimi öz məntiqsiz siyasətindən əl çəkməsə və Qərbin tələbləri ilə razılaşmasa sanksiyaların yeni dalğası 2023-cü ildə ölkəni ağır duruma salacaq, iqtisadi artım sıfıra düşəcək, inflyasiya 50 faizdən çox olacaq. istinad

İrana qarşı sanksiyalar ən yaxın ticarət partyorlarına, o cümlədən Ermənistana da müxtəlif təsirlərini göstərəcək.

İranın xarici ticarət tərəfdaşları sırasında əsas yerlərdən birini tutan Ermənistan da zərər görəcək. 2022-ci ildə İranın ən böyük ticari artım saldosu məhz Ermənistanla yaranıb. 2022-ci ilin on ayında Ermənistanla İran arasında ticarət dövriyyəsi 45,3% artaraq 565,6 milyon dollara çatıb. Bu, 2021-ci illə müqayisədə 390 milyon dollardan çoxdur. Ticari əməliyyatlarda sənaye, energetika, yanacaq, bank, maliyyə xüsusi yer tutub. Ermənistana böyük pul transfertlərinin bir qismi məhz İrandan yönəlib və bu ölkənin ÜDM-nin artımı üçün stimul yaradıb. istinad

İranda iqtisadi daralma sözsüz ki, Ermənistan iqtisadiyatının 2023-cü ildə iqtisadi artım tempinin də aşağı düşməsi ilə müşahidə olunacaq. Bunu artıq Avrasiya İnkişaf Bankı da elan edib. Bankın ötən il dekabrın sonlarında təqdim etdiyi 2023-cü ilə dair beynəlxalq iqtisadi icmalda qeyd edilir ki, Rusiya və İranda iqtisadi geriləmələr ilk növbədə Ermənistana təsir edəcək. Ermənistan iqtisadiyyatı 2022-ci ildə həmin ölkələrin böyük maliyyə axını hesabına genişlənib. 2023-cü ildə həmin bölgələrdən Ermənistana pul axınları və sərmayə transfertləri səngidiyindən ÜDM hazırkı 7%-dən 4 faizə düşəcək. Yəni, iqtisadiyyat 2 dəfəyə yaxın azalacaq. istinad

Həmçinin, beynəlxalq “Fitch Ratings” agentliyi də Ermənistan iqtisadiyyatının artımı ilə bağlı proqnozunu kəskin aşağı salıb. Agentlik hesab edir ki, Ermənistanın Rusiya ilə ticarət əlaqələri, pul köçürmələrində və digər maliyyə transferlərində böyük artım ÜDM-in böyüməsinə təkan verib. Ancaq regiondakı geosiyasi risklərin artması, xüsusilə də Ukraynadakı münaqişə ilə bağlı sanksiya və məhdudiyyətlər Rusiya və İranda iqtisadi çöküşü sürətləndirməklə, bu ölkələrlə sıx bağlı ticarət ələqələri olan dövlətlərin də iqtisadiyyatına, maliyyə sektoruna öz mənfi təsirlərini göstərəcəkdir. Bu təsirlər hər iki ölkədən əhəmiyyətli maliyyə köçürmələri cəlb etmiş Ermənistanın iqtisadi artımını sarsıdacaq, ÜDM gözlənilən 7-8 % artımdan 2023-cü ildə 4,2%-ə düşəcəkdir. Yüksək valyuta borcu ümumi dövlət borcunun 64,7%-ni təşkil etməklə, ortamüddətli perspektivdə əsas risk olaraq qalacaq. Mənbə

İranın hərbi sənayesinə sanksiyalar Ermənistanın bu ölkədən PUA almasını əngəlləyəcək. Xatırladaq ki, İran və Ermənistan arasında 2022-ci ildə əldə olunmuş razılığa əsasən, İrəvana PUA-ların tədarükü nəzərdə tutulur.“Forbes” nəşri yazır ki, İranın PUA-larını almaq istəyən ölkələrdən biri kimi Ermənistanın Tehranla danışıqları intensivləşib. istinad

Ermənistan mediası da təsdiqləyir ki, Tehranla İrəvan arasında hərbi ticarət sövdələşmə uzaq və ortamənzilli raketlər, PUA-lar və digər silahları əhatə edə bilər. Nüfuzlu “Defense News” nəşri isə qeyd edir ki, İran PUA-larının alınması Ermənistan kütləvi şəkildə silah tədarükü məqsədini daşıyır. Məşhur “New Lines Institute”nin strategiya və innovasiyalar üzrə direktoru Nikolas Heras bildirib ki, İran son illərdə hərbi məhsullarının satışına xüsusi yer verməkdədir və xüsusilə də öz PUA-ları üçün güclü bazar yaratmaqdadır. Ermənistan bu bazarda əsas yerlərdən birini təşkil edir. istinad

İran hərbiçisi, general-mayor Yəhya Rəhim Səfəvi də deyilənləri təsdiq edərək bildirib ki, ölkəsindən PUA almaq istəyən ölkələr sırasında Ermənistan ilk yerlərdə dayanır.  istinad

Göründüyü kimi İranın Ermənistana raket və PUA satmaq planları dövlət rəsmiləri səviyyəsində etiraf edilməkdədir. Həmin paket və pilotsuz uçuş aparatlarının sənaye sistemləri və avia-sənaye kompleksləri İranın Müdafiə və Silahlı Qüvvələrin Logistika Nazirliyinə (MODAFL), İran İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) aiddir və həmin aviasiya və hava hücumundan müdafiə sistemləri və avadanlıqları, həmçinin reaktiv raket sistemləri birbaşa ABŞ sanksiyaları altındadır. Birləşmiş Ştatların 2023-cü ildəki sanksiyalarından sonra həmin hərbi-sənaye bölmələri tamamilə ABŞ-ın “SDN siyahısı”nda yer alır. Bu o deməkdir ki, İran Ermənistanla PUA və raketlərin tədarükünə dair razılaşma sövdələşməsini gerçəkləşdirdiyi təqdirdə, Ermənistan OFAC-ın “qara siyahısına” düşəcək.

Ermənistan artıq bir dəfə bu siyahıya düşüb. 2022-ci ilin sentyabrın 30-da ABŞ Rusiya ordusuna dəstək verdiyi üçün Belarus, Ermənistan və Çindən olan şirkətlərə sanksiya tətbiq edib. Ermənistana məxsus “Taco LLC”  şirkəti Rusiyanın “Radioavtomatika” kompaniyası və Çinin “Sinno Electronics Co. Limited” şirətləri ilə birgə sxem əsasında Rusiyanın hərbi və yaxud müdafiə sənayesi bazasına dəstək verib. Rusiyanın “Radioavtomatika”  şirkəti Ukrayna müharibəsində avia-radio-texnologiyalar üzrə müdafiə sənayesinin aparıcı üzvü kimi yer aldığından sanksiyaya məruz qaldığı halda erməni şirkəti onunla əməkdaşlıq edib və buna görə ABŞ tərəfindən cəzalandırlıb.
mənbə

Beləliklə, İrana qarşı sanksiya paketinin kəskinləşdiyi dövrdə Ernənistanın bu ölkədən PUA və digər silahlar alması onun özünn də sanksiyalaşdırılımış ölkələr sırasına daxil edilməsinə səbəb ola bilər.