Son günlər ənənəvi və sosial mediada “Microsoft Azərbaycan”ın ölkəmizdəki ofisini bağlaması ilə bağlı məlumatlar yayılmaqdadır. Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzün dünyanın nüfuzlu informasiya texnologiyaları nəhənglərindən olan “Microsoft”un Azərbaycandakı ofisini bağlamağa hazırlaşdığı barədə açıqlamasından sonra mediada bu tipli məlumatlar genişlənib. Qeyd edək ki, O.Gündüz bildirib ki, artıq ofisin rəhbəri, əksər işçiləri fəaliyyətini dayandırıblar. Sitat: “Daha doğrusu, işdən azad olunublar, bizim uzun illər bu sektorda tanıdığımız dostlarımız artıq “Microsoft Azerbaijan”da çalışmırlar. Görünür, “Microsoft” bu əməkdaşlara digər ölkələrdəki ofislərdə iş də təklif etməyiblər”. mənbə
Faktyoxla Lab. məlumatın həqiqətə nə qədər uyğun olub-olmadığını araşdırıb.
Öncə “Microsoft-Azərbaycan” şirkətinin mövqeyinə diqqət edək. Şirkət rəsmi şəkildə yayılan iddiaların əsasının olmadığını bəyan edib. “Microsoft-Azərbaycan”ın Azərbaycandakı nümayəndəliyinin baş meneceri Qaçay Mirzəyev bildirib ki, fəaliyyəti dayandırılmasından söhbət gedə bilməz. Şirkətin 10-a yaxın əməkdaş ixtisar edilib, o cümlədən və bəzi əməkdaşlar ayrılıb. Bunun da səbəbi şirkətin Rusiya və Ukrayna seqmentləri üzrə icra edilən layihələrinin dayandırılmasıdır. Sözsüz ki, həmin layihələrdə çalışan işçilərin ixtisarı da labüddür. mənbə
Ölkəmizdə rabitə və İKT sahəsi üzrə dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı olan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) də “Microsoft”un Azərbaycanı tərk etmədiyini bildirib. Nazirliyin açıqlamasında qeyd edilir ki, şirkətlə əməkdaşlıq əvvəlki qaydada davam etdirilir. Hazırda şirkət tərəfdaşları vasitəsi ilə Azərbaycanın dövlət qurumları və özəl şirkətləri ilə əməkdaşlıq normal axardadır. mənbə
“Microsoft” Korporasiyasının Bakıda ofisində bir neçə işçisini ixtisar etməsinə gəlincə, şirkət işçilərinin sayını artırıb-azaltmaqda sərbəstdir və bu onun daxili siyasətində hər zaman yer alır. Şirkət hər il müxtəlif ölkələrdə müxtəlif proqramlarla bağlı işçilərini ixtisar edir. Məsələn, bir neçə il əvvəl korporasiya təkcə “Nokia” ilə əməkdaşlıq proqramını dayandırmaqla Finlandiyadakı nümayəndəliyində 1100 işçini ixtisar edib. Şimali Avropa ölkəsində 2300-ə qədər işçini ixtisara salıb. Ümumilikdə əvvəlki illərdə qlobal bazar üzrə 18 mindən artıq işçinin fəaliyyətinə xitam verib. mənbə
Ona görə də Osman Gündüz çılğınlıqla ifadə etdiyi “tanıdığımız dostlarımız artıq “Microsoft Azerbaijan”da çalışmırlar və onlara digər ölkələrdəki ofislərdə iş də təklif etməyiblər” narahatlığına görə, Azərbaycan hökumətinə deyil, Korporasiyaya öz qınağını bildirməldiir. Çünki onları Azərbaycan dövləti işə götürməyib və və işdən də çıxarmayıb, bu haqda həmin dost işçilərlə müqavilə bağlayan Korporasiya fikirləşməlidir.
O.Gündüz faciə ritorikasında dediyi “Microsoft”un Azərbaycandan gedişi ağlasığmazdır” gəlincə. Sitat: “Bu şirkət təkcə 11 hərfli sözdən ibarət bir qurum deyil, qlobal dünyanın İT mühitinə təsir edən və onu yönləndirən, dünyada innovasiyaları inkişaf etdirən, necə deyərlər, dünyanın düzəninə təsir edən bir qlobal infrastrukturdur. Onun Azərbaycandan çəkilməsi sadəcə ağlasığmazdır”.
Qeyd etdik ki, şirkət Azərbaycandan getməyib, əgər belə bir qərar qəbul etmək niyyəti varsa, bu “ağlasığmaz və təsəvvürolunmaz” addıma görə, yenə də məsuliyyəti Azərbaycan hökuməti deyil, “Microsoft”un özü daşımalıdır. Çünki bu şirkətin ölkəmizdəki fəaliyyətini məhdudlaşdıran, perspektiv proqarmalarına mane olan heç bir inzibati-iqtisadi amil yoxdur. Korporasiyanın genişmiqyaslı fəaliyyəti üçün azad meydan yaradılıb, stimullaşdırıcı münbit rəqabəti təmin edilib. Ən əsası isə budur ki, hansısa İT şirkətinin nümayəndəliyinin fəaliyyətinin dayandırılması onun Azərbaycandakı layihələrinin dondurulması anlamını ifadə etmir. Rəqəmsal şirkətlərin bir qismi öz proqramlarını kənardan da idarə edə bilər, yaxud yaxın tərəfdaşlarının vasitəsilə işləmək iqtidarındadır.
Əgər “Microsoft” Azərbaycandakı ofisini bağlasa belə, onun ölkəmizdəki 180-dən artıq partnyoru vasitəsilə eyni çərçivədə İT platforması xidmətlərini göstərə bilər. Yaxud, qlobal tərəfdaşlarından olan “Cisco Systems”, “Intel”, “IBM”, “Oracle Korporasiyası və digərləri Azərbaycan bazarında eyni xidmətləri bacarıqla yerinə yetirəcək. “Microsoft”un birbaşa rəsmi tərəfdaşı olan “AzerTelecom”isə hazırda beynəlxalq telekommunikasiya şəbəkəsinin ən nəhəng rəqəmsal şirkətlərindən birinə çevrilib və çoxçeşidli İT xidmətlərini, məhsul və qabaqcıl həlləri, (“Azure” “Microsoft 365”, “Microsoft Windows”, “Microsoft Teams”, “Office 365” və s.) ən son İT alətlərini, proqram təminatlarını təqdim etməyə qadirdir. mənbə Yəni, Osman Gündüzün təşvişlə “Microsoft” getsə, fəlakətlə üzləşəcəyik kimi panikalarının əsası yoxdur. İT və proqram təminatları fazasında heç bir boşluq yaranası deyil.
O. Gündüzün bu qlobal Korporasiyanın Azərbaycanın nəhəng infrastruktur layihələrinə cəlb edilməməsi və Azərbaycan hökuməti ilə oturuşmuş iş birliyi qura bilməməsi barədə iddiaları həqiqəti əks etdirmir, ictimaiyyəti çaşdırmağa çalışır.
Birincisi, “Microsoft” korporasiyası indiyə qədər Azərbaycanın kifayət qədər iri layihələrə, zəruri İKT infrastrukturlara qoşulub, 10 mindən artıq layihə icra edib. Təhsil sistemində bütün innovativ layihələrin həllində bu Korporasiya ilk yerdə dayanır. İndiyə qədər Təhsil Nazirliyi ilə 100-dən çox layihə icra olunub. Təhsil sektoruna illik dövlət xərclərinin 4 milyard manatdan artıq olmasını nəzərə alsaq, “Microsoft”un Azərbaycanda ən nəhəng sektorda təmsil olunmasını görmək olar. mənbə1 mənbə2 mənbə3
Azərbaycanın rəqəmsal dövlət idarəetməsinin onurğa sütunu olan “Elektron hökumət” portalının və Milli Sertifikat Xidmətləri Mərkəzinin operatoru olan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi ilə “Microsoft”un Azərbaycan nümayəndəliyi arasında əməkdaşlıq Korporasiyaya birbaşa dövlət aparatında etimad göstərildiyini təsdiq edir. Korporasiya özəl sktorda da xüsusi təmsilçilik payına malikdir. Məsələn, Azərbaycanın ən iri özəl şirkətlərindən olan “Gilan Holding” lə korporativ müqavilə icra edib. Şirkət bir neçə dəfə Azərbaycan Beynəlxalq Telekommunikasiya sərgisinin baş sponsoru olub. Bu da yüksək partnyorluğun ifadəsidir. Bu cür proqramların sayı o qədər çoxdur ki, saymaqla bitmir.
İkincisi, Azərbaycan hökuməti “Microsoft” Korporasiyasına ilə dövlət başçısı səviyyəsində xüsusi diqqət və önəm verib, layihələrinin daha da genişləndirilməsi üçün iqtisadi, intitisional dəstəyi davam etdirib, yeni imkanlar yaradacağını bəyan edib. Prezident İlham Əliyev dəfələrlə “Microsoft” şirkətin rəhbərliyi ilə görüşərək faydalı əməkdaşlığı müzakirə edib. İki il əvvəl “Microsoft” şirkətinin vitse-prezidenti Filip Roq, Mərkəzi və Şərqi Avropa bölgəsinin korporativ əlaqələr və hüquqi məsələlər üzrə rəhbəri Nanna-Luize Linde və “Microsoft” şirkətinin nümayəndələri arasında keçirilən videokonfransda Azərbaycanda rəqəmsal texnologiyalara, süni intellekt üzrə strategiyanın hazırlanması və icrasına “Microsoft”un köməyi, eyni zamanda, ABŞ-ın məşhur Silikon vadisinə əsaslanan "Abşeron Vadisi"ni yaradılmasında Korporasiyanın dəstəyi müzakirə olunub. mənbə
Yəni, O. Gündüzun iddiasının əksinə olaraq, Azərbaycan hökuməti bu qlobal quruma hədsiz dərəcədə böyük iş imkanları yaradıb.
O.Gündüzün “Microsoft” şirkətinin Qarabağda aparılan yenidənqurma işlərinə cəlb olunmaması, “yaşıl enerji” layihələrində iştirak etməməsinə gəlincə, birincisi, azad edilmiş ərazilərdə rabitə infrastrukturları hələ yeni qurulur, bu prosesdən sonra bütün rəqəmsal şirkətlər burada çalışa bilər. İkincisi, Azərbaycan hökuməti bütün xarici investorları bu bölgəyə dəvət edib, şəxsən Azərbaycan Prezident özü dəfələrlə çıxışında xarici şirkətləri “yaşıl enerji” layihələrində fəal olmağa çağırıb, bu dəvət “Microsoft”a da aiddir. Prezidentin bu çağırışına Yaponiyanın “TEPSCO” şirkəti qoşulub və artıq “Yaşıl Enerji Zonası” Konsepsiya sənədini Hökumətə təqdim edib. Yəni, “Microsoft” Korporasiyası üçün Azərbaycanın bütün ərazilərində qapılar açıqdır, istəsə Kəlbəcərdə, Laçında Data Mərkəzi də qura bilər, KiberMərkəz də.
Nəticə:
-
Osman Gündüzün emosionallıqla yaydığı “Microsoft”Azərbaycanda gedir" xəbəri yalandır. “Microsoft-Azərbaycan” şirkətinin təmsilçiləri bu xəbəri təkzib ediblər
-
Osman Gündüzün dostlarının işinin itirilməsi haqda faciəvi ritorikasına gəlincə isə “Microsoft-Azərbaycan”ın Azərbaycandakı nümayəndəliyinin baş meneceri Qaçay Mirzəyev bildirib ki, şirkətin 10-a yaxın əməkdaşı ixtisar edilib, o cümlədən və bəzi əməkdaşlar ayrılıb. Bunun da səbəbi şirkətin Rusiya və Ukrayna seqmentləri üzrə icra edilən layihələrinin dayandırılmasıdır.
-
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) də “Microsoft”un Azərbaycanı tərk etmədiyini bildirib. Nazirliyin açıqlamasında qeyd edilir ki, şirkətlə əməkdaşlıq əvvəlki qaydada davam etdirilir.
-
O. Gündüzün bu qlobal Korporasiyanın Azərbaycanın nəhəng infrastruktur layihələrinə cəlb edilməməsi və Azərbaycan hökuməti ilə oturuşmuş iş birliyi qura bilməməsi barədə iddiaları həqiqəti əks etdirmir, ictimaiyyəti çaşdırmağa çalışır.