Bir neçə gün öncə haqqin.az saytının telegram səhifəsində sensassiyalı məlumat- səmada “qara üzük” formalı halqanın görüntülərini əks etdirən video yayılıb. Məlumatda qeyd olunurdu ki, “qara üzük” bir neçə ölkədə, o cümlədən Vyetnam, Pakistan, İngiltərə, Kanada, Çin səmasında görünüb.

Kiçicik bir araşdırma nəticəsində izlədik ki, bununla bağlı sosial şəbəkələrdə, ənənvi mediada müxtəlif versiyalara rast gəlinir. Böyük həyacan və qorxu ilə bu “şeytan halqasının” yadplanetlilərin işi olduğunu iddia edənlər də, “5G qülləsi” üzərində qrafen buludu kimi qəbul edənlər də var. Çinin Çonçjou şəhərinin sakinləri də “qara üzüyü” əvvəlcə yadplanetlilərin “işğalı” hesab ediblər və buna hazırlıq görməyə başlayıblar. 

Belə “qara üzük” müxtəlif illərdə dünyanın müxtəlif yerlərində görünüb. 2018-ci ildə Rusiyada Krasnoyarsk üzərində, 2015-ci ildə Qazaxıstanın Şortandı kəndində, 2020-ci ildə Pakistan üzərində, 2017-ci ildə İngiltərənin Yorkşir əyalətində “qara üzük” insanları təşvişə salıb.

Qeyri-adi bir hadisə, bəzən əlamət kimi təsvir edilir və hətta bildirilir ki, qara halqalar Yerin Nibiru planetinə yaxınlaşmasının sübutudur. Hazırda COVID-19 pandemiyası və 5G şəbəkələri ilə bağlı sui-qəsd nəzəriyyələri populyarlıq zirvəsində olduğu üçün, istifadəçilər qara həlqə görünüşünü onlarla əlaqələndirirlər.

Faktyoxla Lab. bu fenomen haqda araşdırma aparıb.

Böyük Britaniya sakinlərini heyrətləndirən və qorxudan sirli “qara üzük”lə bağlı rusiyalı kosmonavt, Dövlət Dumasının müdafiə komitəsinin üzvü Roman Romanenko ağlabatan versiya səsləndirib

“Bu qara halqalar, müəyyən hava şəraitlərində növbə ilə mühərriklərin məcburi rejimini işə salan reaktiv qırıcı tərəfindən buraxıla bilər”.

“Atmosferdəki müxtəlif sıxlıqlara görə - haradasa rütubət daha yüksəkdir, haradasa daha azdır - belə turbulentliklər baş verir, sonra isə havada, təxminən 20 dəqiqə qalır. Təbiidir, sadəcə yanacaq çəni tam dolu olan döyüş təyyarəsi müəyyən hava şəraitində müəyyən səviyyədə məcburi dönüş həyata da keçirə bilər”, - deyə deputat əlavə edib. Bununla belə, Romanenkonun sözlərinə görə, kosmonavtlar yerdənkənar sivilizasiyaların mövcudluğuna şübhə etmirlər: “Biz kosmonavtlar bunu hiss etdik, amma heç bir şəkildə onları görmədik. Deyəsən, hər şey yaxınlıqda idi, stansiyada müxtəlif tıqqıltı olurdu”.

Sosial şəbəkələrin bəzi seqmentlərində isə qara halqanın 5G siqnalını ötürən qüllə üzərində qrafen buludu olduğunu iddia edənlər də var. Hətta daha da irəli gedib onun kütləvi qırğın silahı olduğunu deyənlərə də  rast gəlmək olar. Amma araşdırmalar göstərir ki, bu iddiaların da heç bir əsası yoxdur.

Ancaq səmadakı bu “sirli üzüklər”in adi tüstü olması və partlayış nəticəsində meydana çıxması hələ 2008-ci ildə “Burning Man” festivalında çəkilmiş video ilə sübuta yetirilib. Kadrlardan görünür ki, bir şəxs əldəqayırma həlqəni qliserinlə sürtür, sonra isə ona od vurur və buraxır. Nəticədə səmaya sıx qara tüstü həlqəsi qalxır ki, o, yerdən uzaqlaşdıqca, daha da aydın forma alır, sonra isə dağılır.

Bəzən böyük atəşfəşanlıq zamanı səmaya xeyli partlayıcı maddələr buraxılanda da qara tüstü halqaları əmələ gəlir. Məsələn, 2015-ci ildə Argentinada belə hadisə olub. Buenos-Ayresdə baş tutan şoudan sonra şəhər sakinləri səmada bir neçə dəqiqə üfüqdə asılı qalan və sonra dağılan qəribə halqaya diqqət yetiriblər.

 2018-ci ildə Çikaqo səmasında qara halqanın görünməsinə isə transformatorun partlaması səbəb olub.

Nəticə: Səmada görünən “qara üzük” qrafen buludları deyil və 5G şəbəkələri, yadplanetlilərlə heç bir əlaqəsi yoxdur. Əslində belə halqalar partlayış və ya təbii amillərin təsiri nəticəsində əmələ gələn adi qara tüstüdür.