Böyük Britaniyanın 45 gün baş naziri Liz Trass oktyabrın 20-də istefa verdikdən sonra bu vəzifəyə Mühafizəkarlar Partiyasının üzvü Rişi Sunak seçildi. 

Bundan sonra isə bir çox xəbər qaynaqlarında Sunakın Böyük Britaniyanın etnik azlıqlardan seçilən ilk baş nazir olduğu haqda məlumatlar tirajlandı. Doğrudanmı Sunak Böyük Britaniyanın etnik azlıqlarda olan ilk baş naziridir?

Faktyoxla Lab. bunu teyyite istinadən araşdırıb.

“Google”da “UK ethnic minority prime minister” (Britaniyanın etnik azlıqdan olan baş naziri) kəlmələri ilə axtarış verdikdə, “Telegraph” və “The Guardian” kimi xəbər qurumlarının Rişi Sunakla bağlı məlumatları çıxır.

“The Telegraph” yazır: “Sunak Britaniyanın ağdərili olmayan ilk maliyyə naziri deyil və o, bizim etnik azlıqdan olan ilk baş nazirimiz də deyil. Bu titul 150 il əvvəl baş nazir olmuş yəhudi əsilli Benjamin Disraeliyə məxsusdur”.

Bristol Universitetinin sosiologiya professoru Tariq Modudun Sunakın etnik azlıqdan olan ilk baş nazir olması ilə bağlı açıqlamasına yer verən “The Guardian” bu məlumata 26 oktyabr tarixində düzəliş edib: “Britaniyanın etnik azlıqdan gələn ilk baş naziri yəhudi əsilli deputat Tori Benjamin Disraeli idi”.

Britaniya tarixində yeganə yəhudi əsilli baş nazir olan Benjamin Disraeli 1868-ci və 1874-1880-ci illərdə vəzifədə olub. (mənbə) 1880-ci illərdə ümumi əhalisi təxminən 35 milyon olan İngiltərədə 60.000 yəhudi yaşadığı təxmin edilirdi. (mənbə) Yəni bu dövrdə yəhudilər də etnik azlıq idi. İtalyan əsilli yəhudi olan Disraeli atasının sinaqoqla bağlı problemləri səbəbindən 1817-ci ildə digər qardaşları ilə birlikdə xristianlığı qəbul edib.

Yeri gəlmişkən: Ortaq mədəniyyətə, tarixə, adət-ənənələrə və dilə malik olan icmalara etnik qruplar deyilir. Birdən çox etnik qrupdan ibarət olan cəmiyyətlərdə nisbəti əlli faizdən az olan etnik qruplara etnik azlıqlar deyilir. Məsələn, Britaniyada hindular, pakistanlılar, qaradərililər, yəhudilər və çinlilər əhalinin əksəriyyətini təşkil edən ağdərili britaniyalılardan sayca az olduqları üçün etnik azlıq qrupu hesab edilir (mənbə).

Rişi Sunakın baş nazir olması ilə bağlı bəzi məlumatlar “İngiltərə hökumətinin başına ingilis olmayan şəxs gəlib” iddiası ilə də paylaşılır.

Sunakın anasının ailəsi Hindistanın Pəncab əyalətindən, o zaman Britaniya koloniyaları olan Tanzaniyaya, atasının ailəsi isə Keniyaya köçüb. Sunakın valideynlərinin hər ikisi bu ölkələrdə doğulublar və 1960-cı illərdə ailələri Britaniyaya köçdükdən sonra tanış olub evləniblər (mənbə). Rişi Sunak da İngiltərədə anadan olub, yəni o, hind əsilli ingilisdir.

Həmçinin, Sunak Britaniyanın ilk ağdərili olmayan və ilk hind əsilli baş naziridir (mənbə).

Nəticə:

Sunak İngiltərədə anadan olub, yəni o, hind əsilli bir ingilisdir.

Rişi Sunak Britaniyanın ağdərili olmayan ilk baş naziridir.

Britaniyanın etnik azlıqdan olan ilk baş naziri yəhudi əsilli Benjamin Disraeli olub.