Milli Şura üzvü Gültəkin Hacıbəyli Azərbaycanda pensiya və sosial xarakterli ödəmələrdən bank komissiyasının (faiz) tutulmasına dair iddia ilə çıxış edib. Sitat: “Dağılan Avropanın daxilində bütün bank köçürmələri komissiyasız həyata keçirilir. İstəyir müxtəlif banklarda olan hesablarının birindən digərinə, istəyir başqa şəxslərin hesablarına, Avropanın başqa ölkələrinə pul köçür. Azərbaycanda isə Beynəlxalq Bank 200 manat alimentdən 3 manat, Kapitalbank 300 manat pensiyadan 5 manat pul tutur”.

Faktyoxla Lab. siyasətçi xanımın iddialarını araşdırıb.

Əvvəlcə, G.Hacıbəylinin Azərbaycan banklarının - “KapitalBank” və "Azərbaycan Beynəlxalq Bankı"nın pensiyalardan komissiya haqqı, yəni fazi tutması ilə bağlı ittihamının əsaslı olub-olmadığını aydınlaşdıraq.  
Məlumdur ki, ölkədə pensiya və digər sosial ödənişlərin verilməsi üçün Beynəlxalq Bank və “Kapital Bank” emitent (əlaqələndirici) bank kimi seçilib. Bunun da səbəbi hər iki bankın respublikanın bütün rayon və şəhərləqində, qəsəbələrdə tələb olunan ATM və bankomat şəbəkələri infrastrukturu yarada bilməsidir. 2015-ci ildən etibarən hər iki Bankın kartları ilə bankomatlardan əməkhaqqı, pensiya, müavinət və s. sosial pulları nağd şəkildə çıxaran vətəndaşlardan heç bir halda pul, yəni  komissya haqqı tutulmur. Ümumiyyətlə, Mərkəzi Bankın 7 il əvvəl təmin etdiyi banklararası şəbəkə infrastrukturunun qurulmasından sonra pensiyaçılar üçün plastik kartını digər bankın bankomatlarında komissiya ödəmədən istifadə etmək imkanı yaradılıb. (mənbə)

Beləliklə, neçə illərdir ki, ölkədə sosial təyinatlı (əməkhaqqı, pensiya, təqaüd, müavinət, sosial yardım və s. ödənişlər) pul ödəmələrinə görə, bank xərcləri və digər xidmət haqlarını dövlət öz üzərinə götürüb. Bu o deməkdir ki, vətəndaşlara pensiya və ya digər sosial ödəmələrə görə, xidmət haqqı təyinedici və icraçı orqan, yəni Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondu ilə Beynəlxalq Bank, “Kapital bank” və yaxud “Azərpoçt” arasında müəyyən edilir. Bu xidmət haqqı ilə bağlı xərcləri dövlət adından Sosial Müdafiə Fondu ödəyir.  Belə ki:

  • Pensiyaların plastik kartlar Dövlət Sosial Müdafiə Fondunun büdcəsi vəsaiti hesabına hazırlanaraq pulsuz paylanır.
  • Kartdan istifadəyə görə pensiyaçılardan heç bir haqq tutulmur.
  • Pensiyaların daha rahat şəkildə (bankomat 24 saat işlədiyi üçün günün istənilən saatında) almaq mümkündür.
  • Plastik pensiya kartları “VİSA Elektron” beynəlxalq ödəniş şəbəkəsinə qoşulduğu üçün hər hansı bir məqsədlə xaricdə olarkən də pensiyalar alınması həyata keçirilə bilər. (mənbə)

Göründüyü kimi pensiyaların verilməsində emitent banklardan olan “Kapital Bank” plastik kartlarından pul çıxarılması zamanı faiz tutuması qeyri-mümkündür. Ona görə də, bu prosesdə iştirajk edən agent Bankları faiz tutulmasında ittiham etmək yolverilməzdir, Banka böhtan atmaq ən azı məsuliyyət yaradan haldır.

Aliment məsələsinə gəlincə, aliment sosial kart deyil, adi istehlak məqəsdli pul köçürməsidir. Ailə Məcəlləsinə əsasən, aliment nikahı pozulmuş və uşaqlarından ayrı yaşayan valideynlər, atalar və ya analar uşaqlarını saxlamaq üçün müəyyən məbləğdə ödənilən puldur. Beləliklə, aliment nə “Əmək pensiyaları haqqında”, nə də ki, “Sosial müavinətlər haqqında” qanunlarla tənzimlənmədiyindən sosial ödəniş hesab olunmur və buna görə də aliment kartları Sosial Müdafiə Fondunun təminat verdiyi plastik kartlara aid deyil. Digər debet kartlar kimi adi istehlak xarakterli plastik kartlardır. Necə ki, vətəndaşlar bir-birinə pul köçürür, hansısa borc ödəyir və nağdlaşdıran zaman faiz tutulur, aliment də bu tipli ödənişlərdən hesab olunur və komissiya tutulması normaldır.

 
O ki qaldı, alimentin Beynəlxaql Bank vasitəsilə verilməsinə, burada seçim vətəndaşın özündən asılıdır. Vətəndaş aliment kartı üçün bank seçməkdə azaddır, heç kim onu məcbur etmir ki, məhz Beynəlxalq Bankın kartını al. Belə bir məcburiyyət yoxdur, Gültəkin xanım istəsə aliment üçün bankı dəyişə bilər, istəsə hətta “Melli İran Bankı”nın Baki filialının kartını da seçə bilər.
Bir məqam da var, aliment alan şəxs 3-4 manatını itirmək istəmirsə, kart almadan da, yəni birbaşa canlı təmasla da pulunu götürə bilər. Qanunda da müəyyən edilib ki, aliment verən valideyn hər ay uşağı ilə görüşməlidir. Demək alimenti bu zaman birbaşa da vermək mümkündür. Necə ki, əksər valideynlər məhz bu cür ödəyir.

İndi isə Gültəkin Hacıbəylinin Avropa ölkələrində bütün bank köçürmələrinin komissiyasız həyata keçirilməsi barədə fikirlərinə aydınlıq gətirək. Siyasəti özünə peşə seçmiş xanım deyir ki, Avropada müxtəlif banklarda olan hesablarının birindən digərinə, yaxud başqa şəxslərin hesablarına, Avropanın başqa ölkələrinə pul köçürmələrindən komissiya haqqı tutulmur.
Birincisi, bank köçürmələri, vətəndaşların və yaxud hüquqi şəxslərin, eləcə də biznes subyektlərinin bank hesablarından digərinin hesabına pul köçürməsi qeyri-nağd əməliyyatlar hesab olunur. Bu cür köçürmələrə görə, Azərbaycan banklarlının da heç biri komissiya haqqı tutumur. Əgər belə bir fakt varsa, təqdim etsin. Ümumiyyətlə, nağdsız əməliyyatlar, hesabdan-hesaba pul köçürmələri komissiyasız aparılır.
İkincisi, nağd əməiyyatlardan, yəni bank hesablarından başqasının hesabına köçürülmüş pulun ATM və Bankomatlardan nağd şəkildə plastik kartlar vasitəsilə çıxarılması, yəni nağdlaşdırılmasından bütün dünya ölkələrində bank faizu tutulur.  Təkrar qeyd edirik ki, sosial kartlar istisnadır.
Gültəkin Hacıbəylinin xüsusi istinad ünvanı olan Avropa ölkələrində bütün banklar  nağdlaşdırmadan komissiya haqqı tutaraq vətəndaşın vəsaitindən çıxır. Çünki bütün ölkələrdə kommersiya banklarının gəlir əldəetmə üsullarından biri plastik kartlardan nağdlaşdırma zamanı komissiyaların (faiz) tutulmasıdır. Çünki bankların da öz xərcləri vardır ki onların gəlirləri ilə qarşılayır. Bankların kreditdlərdən sonra ən çox gəlir əldə etdiyi paket məhz komissiyalardır.
Avropa Birliyinin Bankomatlarda nağd pul çıxarma komissiyaları ilə bağlı direktivləri vardır. ATM-dən pul çıxarma haqları üzv dövlətlər arasında müəyyən dərəcədə dəyişir. İtaliya və Bolqarıstanda sabit komissiyalar var, Xorvatiya və Maltada banklar əməliyyat məbləğinin faizi kimi komissiya tutur. İsveç bankları digər bankların bankomatlarından nağd pul çıxarmaq üçün illik sabit komissiya alır. (mənbə)

Nağdlaşdırma zamanı kommersiya bankları müxtəlif faizlər hesablayır. Orta rəqəm təxminən 100 ekvivalent pul vahidinə, yəni 100 dollar, yaxud avroya 3-3,5 faiz komissiya haqqı təşkil edir. Məsələn, Böyük Britaniyada, bankomatdan 250 funt-sterlinq çıxartdıqda 15 funt-sterlinq tutulur. Bu, o deməkdir ki, hər 100 funta 6 faiz hesablanır. Bundan başqa, bu ölkədə iaşə və ticarət obyektləri, mağaza və restoranlarda pul ödənişləri zamanı kartlardan hər 50 funt-sterlinqə 1,38 funt rüsum hesablanır. Alış-veriş zamanı şoppinq mərkəzləri 1,50 funt sterlinq çıxır. (mənbə)

Bundan başqa, ansısa xarici qonaq Avropada öz ölkəsinin pul vahidini avroya konvertasiya etdikdə 1- 3% civarında xidmət haqqı tutulur. Ümumilikdə, Avropa ölkələrində kartlardan pulun nağdlaşdırılması və valyutanın konvertasiyası üzrə komissiya dərəcələri 1,75%-dən 3,5%-ə qədər dəyişir. 

Ümumiyyətlə, "beynəlxalq bank təcrübəsi" onu təsdiq edir ki, bütün dünya ölkələrində banklar gəlirlərinin təxminən dördə birini nağdlaşdırma zamanı komissiya haqlarından əldə edir ki, bu da normal haldır. Sosial kartlardan başqa, digər plastik kartlar üzrə nağd əməliyatlar (nağdsız əməliyyatlardan heç bir halda faiz tutulmur) istehlak xarakteri daşıdığından sözsüz ki, beynəlxalq praktikada olduğu kimi Azərbaycanda da eyni tətbiqlər həyata keçirilir. Yəni, kommersiya banklarının müəyyən etdiyi fazilər üzrə komisiya haqları tutulur. Ölkəmizdə ümumi bank bazarı üzrə komissiya dərəcələri 1-3 faiz civarındadır ki, bu da Avropadakı komissiya haqlarından aşağıdır.

Beləliklə, Gültəkin Hacıbəylinin

  • ⭕ “Avropanın daxilində bütün bank köçürmələri komissiyasız həyata keçirilir” iddiası tamamilə yalandır.
  • ⭕ “Azərbaycanda Beynəlxalq Bankı 200 manat alimentdən 3 manat pul tutur” iddiası tamamilə səhvdir. Çünki aliment, sosial kart deyil, adi istehlak məqəsdli pul köçürməsidir. Bu məsələ “Əmək pensiyaları haqqında”, nə də ki, “Sosial müavinətlər haqqında” qanunlarla tənzimlənmədiyindən sosial ödəniş hesab olunmur və buna görə də aliment kartları Sosial Müdafiə Fondunun təminat verdiyi plastik kartlara adi deyil.
  • ⭕ “Kapitalbank” 300 manat pensiyadan 5 manat pul tutur”iddiası isə tamamilə yalandır. Pensiyaların verilməsində emitent banklardan olan “Kapital Bank” plastik kartlarından pul çıxarılması zamanı faiz tutuması qeyri-mümkündür. Buna şübhəsi olan varsa, “Kapital Bank”ın 24 saat onlayn rejimdə işləyən “196 Sorgu Mərkəzi”nə, Beynəlxalq Bankının 937 nömrəli Çağrı Mərkəzinə müraciət edərək G.Hacıbəylinin “5 manatlıq komissiya” yalanını asanlıqla ifşa edə bilər.
  • ⭕ G.Hacıbəyli bu məsələdə həm savadsızlığını biruzə verir, həm də yalan danışır.