22 yaşlı Məhsa Əmini hicab qaydalarına tabe olmadığı üçün Tehranda Əxlaq Polisi tərəfindən həbs edilib, az sonra, 2022-ci il sentyabrın 16-da təcridxanada vəfat edib. Hadisə şahidləri Əmininin həbs olunduqdan sonra aparıldığı avtomobildə zorakılığa məruz qaldığını desələr də, polisin nümayəndələri zorakılıq iddialarını qəbul etmir və onun, hicabın vacib olduğunu anladan "təhsil mərkəzinə" aparıldıqdan sonra özünü pis hiss etdiyini  bildirirlər.   

Sosial şəbəkələrdə isə Əmininin həbs olunmazdan əvvəlki son görüntüləri olduğu iddia edilən videolar paylaşılır. 

Faktyoxla Lab. bu iddianı araşdırıb.

Videonun sonunda görünən “Məsih Əlinecat” adını axtarış sistemlərində araşdırdığımız zaman iranlı jurnalist və fəalın bu videonu öz hesabından paylaşdığını görə bilərik. Məsih Əlinecat videonu paylaşarkən bunun Məhsa Əmininin son anları olduğunu deməyib. Yeddi ayrı klipdən ibarət olan bu görüntülərin hamısının İranda qadınlara qarşı zorakılığı göstərən müxtəlif hadisələrdən ibarət olduğunu söyləyə bilərik. Əlinecat bu videonu paylaşmaqda əsas hədəfi İrandakı vəziyyəti tam çılpaqlığı ilə göstərmək olub.

1-ci klip - 2022

Videoların demək olar ki, hamısına axtarış metodu ilə daxil olmaq olar. Onların bir çoxu Məsih Əlinecatın “İnstaqram” hesabında da paylaşılıb. 1 iyun 2022-ci ildə bu şəkilləri paylaşarkən Əlinecat yazıb:
“Əxlaq Polisi qadını narahat edəndə biz dayanmamalıyıq. Polis Kirmanşahın tarixi Tak-i Bostan bölgəsində bir vətəndaşı həbs etməyə cəhd etsə də, qadın müqavimət göstərib. Bu günlərdə Xalq mədəniyyəti naziri qadınlara dizdən yuxarı və düyməsiz palto geyinməyi qadağan edib”. 

İyun ayında çəkilmiş bu görüntülərə müxtəlif saytlarındansosial mediadan daxil olmaq mümkündür.

2-ci klip – 2019  

Vizual axtarış üsulu ilə məlumat əldə edə bildiyimiz ikinci hadisə Tehran şəhəri hüdudlarında yerləşən Rey bölgəsində baş verib. Məlumata görə, hicabsız olan qadın Əxlaq Polisi tərəfindən saxlanılıb. Kişi polislər ondan qadın polis gələnə qədər gözləməyi tələb etdikdə, aralarında əlbəyaxa dava düşüb. Klipin sonrakı hissələrində polisin qadını üzü üstə yerə yıxaraq sərt şəkildə zorakılıq tətbiq etdiyi görünür.

3-cü klip – 2018

Güllü parçadan don geyinən qadının məruz qaldığı zorakılığı əks etdirən videoya Məsih Əlinecatın sosial media hesablarından, “YouTube”-dan və CNN kimi xəbər saytlarından daxil olmaq mümkündür. 2018-ci ilin aprel ayında baş verən hadisədə Əxlaq Polisi hicab taxmadığı üçün qadını həbs etməyə cəhd göstərir.

4-cü klip -2022

Bu klip 2022-ci ilin may ayına aiddir. Əlinecatın  hesabında və İran xəbər saytlarında zorla maşına mindirilən qadının videosuna rast gələ bilərik. Ancaq may ayında baş verən hadisədə qadını həbs etmək istəyənlər əxlaq yox, nizami polisin əməkdaşlarıdır. Sonradan polisin yaydığı açıqlamada deyilirdi

“Tehran polis rəisinin xüsusi göstərişi ilə nəzarət-buraxılış məntəqəsinə polis əməkdaşları yerləşdirilib. Maşında olanlar şübhəli hərəkətlər etdikdə onlardan dayanmaları istənilib. Lakin bu şəxslər polisin göstərişinə məhəl qoymayaraq hadisə yerindən qaçmağa cəhd ediblər. Avtomobildə olan iki qadın tutularaq polis idarəsinə aparılarkən məmurlara müqavimət göstərərək belə bir hadisəyə səbəb olublar. Müsadirə edilən avtomobilin içərisində aparılan araşdırma zamanı miqdarda çətənə ələ keçirilib və bununla bağlı qanuni əməliyyat başlanıb. Sözügedən şəxslərin həbs üsulu isə polis təlimlərinə ziddir. Bununla bağlı da araşdırma aparılır, əsasnamə və qaydalara uyğun olaraq hüquqi prosedurlar tətbiq edilir”.

5-ci klip -2019

 2019-cu ildə Tehranda bir parkda qeydə alınan görüntülərdə Əxlaq Polisi tərəfindən “əxlaqi qaydalara əməl etmədikləri” və hicablarını açdıqları iddiası ilə həbs edilən gənclər görünür.

Polisdən verilən məlumata görə, vətəndaşlar həmin gənclərdən şikayət ediblər. Polis onlara xəbərdarlıq etməyə gələrkən, gənclər polisə hücum ediblər. Daha sonra üçü kişi, ikisi qadın olmaqla, ümumilikdə beş gənc həbs edilib.

Əlinecatın sözlərinə görə isə həmin gənclər parkda su üstündə dava saldıqları üçün onlardan şikayət edilib.

6-cı klip - 2021

2021-ci ilin oktyabrında bir qadının Əxlaq Polisinin avtomobilinə sürükləndiyini göstərən video Məsih Əlinecat tərəfindən gündəmə gətirilib.

Tehran polis rəisi qadının “aqressiv hərəkət və təhqir etdiyinə” görə həbs edildiyini desə də, Əlinecat polisin əxlaq qaydalarına əməl etməyən qadınlara qarşı daim başqa bəhanələr uydurduğunu bildirib.

 

7-ci klip – 2022

İnternet qaynaqlarında axtarış verərkən “Qızının tutulmaması üçün Əxlaq Polisinin avtomobilinin qarşısına çıxan ananın qışqırtıları” başlıqlı videoya “YouTube”-da baxmaq olar. Video 2022-ci ilin iyul ayına aiddir.

Məlumata görə, həmin hadisədə qadın, qızının xəstə olduğunu bildirərək aparılmamasını istəyib, lakin Əxlaq Polisi onu dinləməyib. Əlacsız qalan qadın avtomobilin qarşısını kəsməli olub. Hadisə geniş rezonans doğurduğu üçün polis əməkdaşlarına intizam cəzası verilib.

İranda Əxlaq Polisi

Şəriət qanunlarına əsaslanan konstitusiya ilə idarə olunan İran İslam Respublikasının hüquq-mühafizə qüvvələrinə daxil olan İrşad Polisi və ya Əxlaq Polisinin vəzifəsi insanların islami qaydalara uyğun geyinmələrini və davranışlarını təmin etmədir. Səudiyyə Ərəbistanı, Sudan, Malayziya kimi ölkələrdə fərqli adlarla fəaliyyət göstərən bu asayiş keşikçilərinin sərt müdaxilələri ictimaiyyət tərəfindən birmənalı qarşılanmır.

İranın bir çox şəhərlərində Məhsa Əmininin ölümündən sonra etirazlar davam edir. Təhlükəsizlik qüvvələrinin nümayişlərə müdaxiləsi nəticəsində indiyədək 5 nəfər həyatını itirib.

Nəticə: Video bir neçə klip birləşdirərək yaradılıb, burada söhbət bir qadından getmir. Videonu ilk dəfə paylaşan iranlı jurnalist və fəal Məsih Alinecat bu videonun Məhsa Əmininin son görüntüləri olduğunu bildirməyib. Əlinecatın videonu paylaşmaqda məqsədi İranda qadınların acınacaqlı vəziyyətini göstərməkdir. Videodakı kliplər 2018, 2019, 2020, 2021 və 2022-ci illərə aiddir.

P.S. Material teyyit.org saytına istinadən hazırlanıb