Tarixçi Cəmil Həsənli Britaniyalı jurnalisti Oliver Bullouya istinad edərək status yazıb. Statusda bildirir ki, Azərbaycanda hər il Ümumi Daxili Məhsulun (ÜDM) 15%-i həcmində vəsait ölkədən kənara - İngiltərəyə köçürülüb. Sitat: “Bullough deyir ki, Britaniya parlamentinə və ingilis hökumətinə bu barədə məlumat verildi, amma bu korrupsiyaya qarşı heç bir əməli tədbir görməmək qərarına gəldilər. Çünki oğurluq pulların Londona gəlməsində maraqlı idilər və belə hesab etdilər ki, bu oğurluq pulların qarşısının alınması Londonun rəqabət qabiliyyətinə mənfi təsir göstərər. Ümumi Daxili Məhsulunun 15%-i bilirsiniz nə qədər edir? ÜDM 75 milyard dollar olanda (2014-cü ildə) onun 15%-i 11 milyard 250 milyon dollar, 50 milyard dollar olanda (2021-ci il) 7,5 milyard dolar edir. Hesabınızı götürün ki, söhbət hələ yalnız Britaniyadan, Londondan gedir”.

 

Qeyd edək ki, ADR Hərəkatının rəhbəri Qubad İbadoğlu da həmin mövzuda fikirlərini bölüşərək Həsənli kimi ittihamlar səsləndirib. 
Faktyoxla Lab. hər iki siyasətçinin iddialarını araşdırıb.

İlk növbədə, O. Bullounun 15 faizi həcmində vəsaitlərin ölkədən çıxarılması barədə iddialarının əsaslı olub-olmamasına diqqət edək. Azərbaycanda ÜDM-in həcmi 90 milyard manatdan bir az çoxdur. Misal üçün, 2021-ci ildə ÜDM 92,8 milyard manat təşkil edib. ÜDM-in 15 faizi təxminən 14 milyard manat, ABŞ dolları ilə 8,4 milyard dollar deməkdir. Bu həcmdə vəsaiti nağd və ya köçürmə yolu ilə ölkədən gizli çıxarmağın nə demək olduğunu anlamaq çətin deyil, yəni bu 15%-lik "daşıma" sözdə rahat deyilsə də, faktiki və hüquqi ümumiyyətlə mümkün deyil.

Azərbaycanda Britaniyanın hansısa dövlət qurumu 8,4 milyard dolların bu ölkəyə Azərbaycandan daşınmasına dair hansısa sənəd, bəyannamə olduğunu bildiribmi? Yaxud, bu həcmdə vəsaitin İngilətərəyə daxil olması barədə bu ölkənin müvafiq orqanlarının derektivləri, balans hesabatları və sair sənədləri varsa, niyə beynəlxalq maliyyə nəzarəti orqanlarına, anti-korrupsiya təşkilatlarına açıqlanmayıb?

Hər iki şəxs iddia edir ki, Britaniya hökuməti Azərbaycana məxsus vəsaitlərin Londona daşınmasında maraqlı olub, çünki bunun qarşısının alınması Londonun rəqabət qabiliyyətinə mənfi təsir göstərə bilərdi. İllik ÜDM-i 2,8 trilyon dollardan artıq olan, illik investisiyaları 800 milyard dolları ötən Böyük Britaniya Azərbaycanın 7-8 milyard dollar pulunamı möhtac qalıb? Hansı ehtiyatlılıqdan, hansı rəqabətdən danışır bunlar? Əgər Azərbaycandan bu ölkəyə 7 milyard dollar daxil olsa belə, iqtisadi mühitə, rəqabətliliyə heç 1 faiz təsir edəcək səviyyədə deyil. Belə olan halda ingilis hökuməti dövlətin rəqabət qabiliyyətini 7-8 milyard satardımı?


Azərbaycan Çirkli Pulların Yuyulmasına qarşı beynəlxalq Konvensiyaya, FATF sisteminə qoşulub. Ölkəmizdə “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sisteminin milli risk qiymətləndirilməsi daim nəzarətdə saxlanılır və bu məqsədilə yaradılmış Koordinasiya Şurası beynəlxalq  təşkilatlara hesabat verir. (Mənbə)
Əgər belə bir iqtisadi cinayət halı olsaydı, FATF missiyası buna  laqeyd qalardımı?

Cəmil Həsənlinin və Qubad İbadoğlunun böyük rəğbətlə istinad etdikləri Oliver Bullou personası da maraqlıdır.

Mütəxəssislər Britaniyalı jurnalist Oliver Bullounu mübaliğəsiz neoimperialist siyasi oliqarxiyanın muzdlu naşiri adlandırırlar. Onun tərcümeyi-halı, yetişdiyi mühit və faydalandığı maliyyə qaynaqları, keçdiyi “master klass” nöqtələri onun kifayət qədər ziddiyətli şəxs olmasına şübhə yaratmır. Onun xarici kəşfiyyatın oyunçusu olması söykəndiyi təşkilatların təmayülü  inkar etmir. O.Bullou ötən illərdə nəşr etdirdiyi “Moneyland” silsiləsindən olan kitabları ilə tanınıb. Əsasən, post-sovet ölkələri haqqında “araşdırmalar”da Qərbə “düşmən” bu ölkələrin pul-maliyyə-bank “fırıldaqları” əsas tədqiqat mövzusu kimi qabardılır. Amma və lakin süjet və kompozisiyanın arxasında hansı siyasi qüvvələrin dayanması ilə bütün sirləri ortaya çıxır.

 
Cənab Bullonun 2-3 il əvvəl nəşr etdirdiyi səs-küy yaradan “MoneyLand”. Niyə oğrular və fırıldaqçılar dünyanı idarə edir və onu necə dəyişdirmək olar” adlı kitabındakı motivlərə diqqət yetirməklə sifarişlərin haradan gəldiyini aydınlaşdırmağa çalışaq. Kitabın böyük bir hissəsi Ukrayna və Rusiyanın iqtisadi-siyasi burjaziyası haqqındadır. Müəllif iri sənayeçi biznesmenləri, metallurgiya oliqarxlarını və eks-prezidenti Viktor Yanukoviçə yaxın elitar biznes-sənaye icmasını gözdən salmağa, ləkələməyə  çalışır və nəşrin siyasi təbliğatın bir hissəsi kimi Rusiya-Ukrayna münasibətlərinin kəskinləşməsinə xidmət etdiyi şübhə doğurmur.
Oliver Bullo “dərin qatlara” gedərək ukraynalı milyarderlər Rinat Axmetov və Dmitri Firtaşı qatı cinayətkarlıqda ittiham edir və Ukraynanın dövlət institutlarını sarsıdan oliqarxlar kimi səciyyələndirir. Halbuki həmin şəxslər Bullounun pul kralı olan milyarder Uilyam Bill Brauderin ən yaxın maliyyə ortaqları olub. Brauder barədə məsələyə bir qədər sonra aydınlıq gətirəcəyik. (Mənbə)

Q. Bullounun Cəmil Həsənlinin və Qubad İbadoğlunun stolüstü kitabına çevrilmiş “Butler to the World” adlı yeni nəşri də əvvəlki layihənin davamı hesab edilə bilər.

Bir müddət əvvəl, Rusiya-Ukrayna münasibətlərinin ən gərgin fazaya daxil olduğu vaxtda tələm-tələsik nəşr edilən bu kitabda  yenə də post-sovet ölklərinin müxtəlif  ictimai-siyasi və biznes dairələri hədəf seçilib. Yenə də ağırlıq mərkəzi Ukrayna və Rusiyanın ictimai elitasıdır. Bu, bir daha O.Bullouna “fakt” və sifarişin haradan gəldiyi, Rusiya-Ukrayna müharibəsini başladanların və idarə edən qlobal maraqlı güclərin məhz “MoneyLand” layihəsinin arxasında dayanan eyni şəbəkə olmasını isbatlayır.

Məsələn, Oliver Bullonun “materiallar toplamaq “ üçün gününü davamlı keçirdiyi isti ünvanlardan biri Böyük Britaniya Beynəlxalq Münasibətlər Kral İnstitutunun “Chatham House” təşkilatıdır.1926-cı ildə yaradılan və qlobalistlərin “Dəyirmi Stolçular” kimi çağırdığı “Chatam House” dünyadakı qlobal problemlər, böhran və konfliktlərlə bağlı siyasi hesabatlar hazırlayır. Böyük Britaniyanın Exeter Universitetinin məzunları ilə sıx işləyən təşkilatın müxtəlif lobbilərlə, hətta separatçı qüvvələrlə də bağları istisna deyil. Məhz erməni lobbisinin maliyyə dəstəyi ilə bu təşkilat vaxtilə Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma separatçı rejimlə əlaqələrdə olub, qondarma DQR-in o vaxtkı rəhbəri Bako Saakyanı öz qərargahında qəbul edib. (Mənbə)


Həmçinin, “Chatam House”un analitikləri vaxtaşırı olaraq Qarabağ münaqişəsi barədə yazılar dərc etmiş və Ermənistanın işğalçılıq əməllərinə, regional təhlükəsizliyinə təhdidlərinə susqunluq nümayiş etdirmiş, açıq tərəf tutmuş və 2016-cı ilin aprel döyüşlərində Azərbaycanın düşmənə vurduğunu ağır həmlələri az qala zorakılıq kimi təqdim etmişdir.  (Mənbə)

Bu təşkilat erməni lobbisinin təsiri altında dəfələrlə Türkiyəni qondarma erməni soyqırımında ittiham edən hesabatlar da dərc edib, hətta hakim Ədalət və İnkişaf Partiyasını Ermənistanla sərhədləri açmamaqda və regionda guya ermənilərə qarşı təhdidedici siyasət yürütməkdə günahlandırıb. (Mənbə)
Bu konteksdə “Chatam House” təşkilatının ən yaxın yazarı olan Oliver Bullounun erməni diasporasının maliyyə qaynaqlarından asılı vəziyyətə düşdüyündən Azərbaycanla bağlı obyektiv araşdırma aparamasını gözləmək sadəlöhvlük olardı.
Oliver Bullounun istinad etdiyi və xüsusilə daim ünsiyyətdə olduğu milyarderlərdən biri yuxarıda adını vurğuladığımız Britaniyanın “Hermitage Capital” İnvestisiya Fondunun (Hermitage Capital Management) rəhbəri Uilyam Bill Brauderdir. O, qlobal səviyyədə maliyyə maxinatoru, maliyyə və investisiya bazarlarında spekulyasiyalarla dünya səviyyəli iri holdinqlərin səhmlərini ələ keçirən qaranlıq biznesmen kimi tanınır. Bu şəxs Rusiyanın nəhəng maliyyə piramidaları ilə təxminən 11 il əməkdaşlıq edərkən fırıldaqçı kimi məşhurlaşıb, bir çox rus şirkətlərin səhmlərini dələduzluqla ələ keçirib. (Mənbə)


Brauder təkcə Rusiyanın qaz nəhəngi “Qazprom”un səhmlərini qanunsuz yolla öz adına keçirməklə şirkətə ən azı 100 milyon dollar ziyan vurub. O,  Rusiya  hökuməti tərəfindən qanunsuz sahibkarlıq, vergiləri ödəməməkdə ittiham edilərək qiyabi olaraq 9 illik həbs cəzasına məhkum edilib. Rusiya Daxili İşlər Nazirliyi onu cinayətkar iqtisadi qruplaşmanın təşkilində ittiham edərək həbsi üçün “İnterpola” müraciət edib. Bu kimi faktlar Brauderin beynəlxalq “pulyuma” şəbəkəsinin üzvü olmasını təsdiq edir. (Mənbə)

Beynəlxalq maliyyə fırıldaqçısı hesab edilən B.Brauder öz əməllərinə bəraət qazandırmaq məqsədilə iqtisadi publisistika ilə məşğul olmağa, memuarlar yazmağa başlayıb və  son illərdə müxtəlif ölkələr barəsində “korrupsiya araşdırmaçı”sı kimi təqdim olunub. Onun Oliver Bullou ilə yolları da məhz bu nöqtədə birləşib, müxtəlif ölkələrin nüfuzlu şəxslərini hədəfə alan bu tipli “konspektlərini” Bullouya ötürüb. Hər iki şəxs sanki bir-birlərinə “pas ötürür”, təqdim edilən materialları acgözlüklə bir yerdə mənimsəyirlər. Avropada və ABŞ-da təşkil edilən müxtəlif beynəlxalq seminar və tədbirlərdə B.Brauder və O. Bullou yan-yana yer alır. Onların beynəlxalq konfranslarda hazırladıqları hesabatları da birgə əməyin məhsuludur. (Mənbə)


Bütün bu faktlar onu göstərir ki, dünya miqyaslı korrupsioner-maliyyə fırıldaqçısı Brauderin yaxın dostu və məsləkdaşı O. Bullou eyni mərkəzdən sifarişlər almaqla bəlli ölkələri qaralama kampaniyasının və təxribatların “piar ruporu”dur. İstisnasız olaraq vurğulamaq lazımdır ki, Oliver Bullou qlobalistlərə aid olan pul şəbəkəsi ətrafında dolanmağı bacaran əsl peşəkardır.

Oliver cənabları feyk-dosyelərin hazırlandığı bütün mətbəxlərdən qidalanmaqda çox zirəkdir. Onun Corc Sorosun və digər maraqlı neoimperialist qüvvələrin təsirində olan Beynəlxalq Araşdırmaçı Jurnalistlər Konsorsiumunun ( İCİJ - International Consortium of Investigative Journalists) “Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyaya Qarşı Jurnalistika Layihəsi” (OCCRP) üzvləri ilə əməkdaşlığı da sirr deyil. Onun hansısa bir yazısı dərc olunursa, dərhal İCİJ öz resurslarında yerləşdirir. 

C.Həsənlinin və Q.İbadoğlunun dərin ehtiram bəslədiyi İCİJ və OCCRP layihəsinə Ermənistan Araşdırmaçı Jurnalistlər Təşkilatı da daxildir və təşkilatın rəhbəri Edik Baqdasaryanın anti-Azərbaycan fəaliyyəti, Azərbaycan hökuməti haqqında silsilə böhtan və iftira kampaniyalarında əsas rol alması məlumdur. İCİJ-in rəsmi səhifəsində Baqdasaryan həmişə səxavətlə ön planda yer alır.  (Mənbə)


Baqdasaryanın Qarabağda, Xocalıda azərbaycanlılara qarşı amansız qətllər törətmiş beynəlxalq terrorçu Monte Melkonyanın yaxın dostu olması da gizli deyil. Erməni diasporunun Melkonyanla bağlı təşkil etdiyi bütün aksiyalarda  və marafonlarda Edik Baqdasaryan əsas təşkilatçılardan biri olub, illərdir ki, bu terrorçunun dünyada “qəhrəman obrazını” nümayiş etdirir. (Mənbə)


E. Baqdasaryanın Xankəndindəki terorrçu qrupalaşma liderləri  və daşnaklarla, Qərbdəki erməni lobbisinin yaxın ətrafı, o cümlədən Soros Fondu və s. qaranlıqlı qurumlarla sıx işbirliyi təkzibolunmaz faktlardır. Qatil Melkonyanın yaxın dostu olan Baqsaryanın və Qərbdəki bir çox həmkarlarının Azərbaycanla bağlı mövqeyi necə olmalıdır?
Yeri gəlmişkən, “beynəlxalq anti-korrupsiya  şəbəkəyə qoşulanlar sırasında “Avropa sabitlik təşəbbüsü” (YEİS) təşkilatının rəhbəri Cerald Knausu da xatırlatmaqda fayda var. Soros Fondunun idarə heyətinin üzvü olan Knaus dəfələrlə heç bir sübut olmadan Azərbaycanı  korrupsiyada ittiham edib.        

Bu kimi faktları, arqumentləri davam etdirmək olar, lakin əsil gerçəkliyi təsvir edən bu təkzibolunmaz dəlillər dolğun təsəvvür yaratdığından əlavə şərhə ehtiyac qalmır. Həqiqət isə budur ki, İCİJ və OCCRP "parnikində" yetişmiş bu araşdırmaçılar və yaxın ətrafından, o cümlədən erməni lobbisinin və beynəlxalq şəbəkənin təsiri altında olan Oliver Bullounun Azərbaycanla bağlı mövqeyi heç vaxt ədalətli və dürüst ola bilməz.

Cəmil Həsənlinin və Qubad İbadoğlunun belə bir mənbəyə istinad etməsi və arqumentsiz, əsassız iftirasını tirajlamaları da nə əsl tarixçiyə, nə də iqtisadçıya yaraşan yanaşma deyil.