Böyük Britaniyanın “Economist Intelligence Unit” şirkəti tərəfindən tərtib edilən “Demokratiya İndeksi 2021” hesabatı açıqlanıb. Sənəddə Azərbaycan 141-ci, qardaş Türkiyə 103-cü, Gürcüstan isə 91-ci yerdə qərarlaşıb.
Faktyoxla Lab. şirkətin hazırladığı “Demokratiya İndeksi 2021” hesabatın nə qədər ədalətli meyar və doğru faktlarla arqumentləşdirildiyini yoxlayıb.
Sözügedən şirkətin hesabatında yer alan ölkələrin sıralanmasına keçməmişdən əvvəl İndeksi hazırlayan qrupun meyar göstəricilərinə qısaca toxunaq.
“Demokratiya indeksi” təsnifatına görə, 5 kateqoriya üzrə 60-a yaxın müxtəlif göstərici nəzərə alınmaqla tərtib edilir. Burada seçkilər və plüralizm, vətəndaş azadlıqları, hökumətin fəaliyyəti, əhalinin siyasi fəallığı və siyasi mədəniyyət kimi 5 fundamental prinsip əsas götürülür.
İndeksdə ölkələr isə 4 kateqoriya üzrə təsnifləşdirilir. Tam (liberal) demokratiya - vətəndaş azadlıqlarına və əsas siyasi azadlıqlara hörmət edildiyi və bunun siyasi mədəniyyət ilə möhkəmləndirmiş dövlətlər. Natamam demokratiya – bu ölkələrdə seçkilər ədalətli və azaddır, əsas vətəndaş azadlıqlarına əməl olunur, ancaq KİV azadlığının pozulması halları müşahidə edilir. Həmin ölkələr zəif siyasi mədəniyyətə malik və əhalinin siyasətdə iştirak səviyyəsinin aşağı olmasına görə xarakterikdir.
Hibrid rejimlər adlanan 3-cü qrupa seçkilərin pozuntular şəraitində keçirilməsi, hökumətlərin siyasi opponentlərinə təzyiq göstərməsi, məhkəmələrin müstəqil olmadığı, korrupsiyanın geniş yayıldığı, KİV-ə təzyiqlərin baş verdiyi və qanunun aliliyinin şərti xarakter daşıdığı ölkələr adi olunur.
Nəhayət, avtoritar rejimlər adlanan qrupda siyasi plüralizmin ümumiyyətlə olmadığı və ya son dərəcə məhdudlaşdırıldığı, mütləq monarxiya və ya diktatura rejimlərinin hakim olduğu, vətəndaş azadlıqlarının pozulması və sui-istifadəsinin adi hala çevrildiyi, seçkilər ədalətli və azad keçirilmədiyi, KİV-in dövlətə məxsus olduğu və məhkəmələr asılı vəziyyətə düşdüyü ölkələr yerləşdirilib.
İlk növbədə, maraq doğuran başlıca məsələ iqtisadi təmayüllü bir təşkilatın siyasi hesabat hazırlamasıdır. Çox maraqlıdır, əsas hədəf xətti dünya ölkələrinin iqtisadi vəziyyəti, investisiya, azad biznes, institisional islahatlar və digər ekonometrik tədqiqatlar aparmaqdan ibarət olan “Economist Intelligence Unit” qrupu öz meyarlarından tamamilə kənara çıxaraq siyasi məzmunlu araşdrıma aparmaqda nə məqsəd güdə bilər? Axı, iqtisadi tədqiqat mərkəzləri siyasi texnologiyalarla işləməməlidir.
Cavabı sadədir, adıçəkilən qurum son illərdə daha çox, “Varieties of Democracy” (V-Dem), “Freedom House”, “CATO & Fraser”, “Bertelsmann”, “Human Rights Watch” kimi qruplarla bir çətir altında birləşərək tamamilə siyasiləşmiş təşkilata çevrilib. Bu isə həmin təşkilatın artıq qlobal siyasi maqnatların layihəsi olmasına heç bir şübhə yeri qoymur. (Mənbə)
Beləliklə, Soros Fondunun maliyyə şəbəkəsindən qidalanan ənənəvi qeyri-hökumət təşkilatları ilə bir cərgədə yer alan “Economist Intelligence Unit” faktiki olaraq ölkələri ögey və doğmalara bölüb. Maraqlıdır ki, son illərdə Türk və İslam dövlətləri, həmçinin Türkiyənin yaxın strateji müttəfiqləri, Rusiya, Ukrayna, Macarıstan, Monteneqro, Makedoniya, Serbiya, Bolqarıstan, Rımıniya kimi ölkələr də “ögey”lər sırasında yer alaraq aşağı balla dəyərləndirilir.
Hesabat sənədində müxtəlif təsnifatlar üzrə sıralanmış ölkələrin “tam, natamam, hibrid və avtoritar” meyarlar üzrə necə qiymətləndirilməsinə, hesabat müəlliflərinin müqayisə düsturunu hansı kriteriyalara əsaslanmasına diqqət edək.
Narkomaniya, HİV, AİDS, kütləvi yoxsulluq və səfalətin hökm sürdüyü Afrika, Latın Amerikasının bəzi ölkələrində demokratiya, seçki mədəniyyəti, söz azadlığı, media institutlarının olması qeyd edilən şirkətin 2021-ci il tapıntısıdır. Narkoticarət və silah qaçaqmalçılığının ənənəyə çevdrildiyi və daimi qanlı toqquşmaların baş verdiyi Kolumbiyada vətəndaşların hüquq azadlığından danışmaq və bu ölkənin “Natamam demokratiya” qrupunda yer alması, ədalətli və azad seçkilərin keçirildiyi ünvan kimi təqdim edilməsi demoktratiya adına utancdır.
2018-ci il seçkilərində Prezident İvan Dukenin narkobiznes dəstəsinin liderləri, Kolumbiyanın ən varlı (korrupsiya, silah, narkotika biznesi və s.) Gerlein və Çar ailələrinin çirkli pulları hesabına kütləvi şəkildə səsləri ələ aldığını ABŞ başda olmaqla bütün “demokratiya” qoruyucuları da yaxşı bilir, axı bu qanunsuzluqları Ali Məhkəmə də təsdiqləyib və neçə nəfər həbs edilib. Azad bazar demokratiyası adı altında dövlət sistemi və iqtisadiyyatı əsasən qanundankənar klanlara rəhbərlik edən Gerlein və Çar ailəsi hətta qadın və uşaq alverində. ən ağır cinayətlərdə ittiham olunsa da, hakimiyyətə gətirdikləri oyuncaq prezidentlərin himayəsi ilə bütün sektorlarda ağalıq edirlər. (Mənbə)
Dünya siyasi tablosunda Kolumbiyanın demokratik ölkə statusunda 59-cu yerdə qərarlaşması, Polşa kimi ənənəsi olan ölkə ilə yan-yana dayanması demokratiya adına məzhəkə deyilmi?
Seçki saxtakarlığının və səs oğurluğunun ənənəyə çevrildiyi Zambiyanın orta demokratik ölkə qrupunda yerləşdirilməsi, hesabatda 80-ci yerdə qərar tutması da başqa bir izaholunmaz fenomendir. Hələ də ibtidai icma dövründəki Broken Hill düşüncəsindən uzağa getməyən Zambiya cəmiyyətinin siyasi savadı barədə gerçək mənzərəni BMT İnkişaf Fondu, Dünya Bankı və digər nüfuzlu beynəlxalq təşkilatların nümayəndələrinin fikirlərindən də görmək olar.
İqtisadiyyatı klassik əkinçilikdən, siyasi-ictimai həyatı ötən əsrin 60-cı illərindən uzağa getməyən Zambiyanın əhalinin 70%-dən çoxu yoxsulluq həddində yaşayır, aclıq və ərzaq təhlükəsizliyi görünməmiş səviyyəyə çatıb. İnsanlar ən elementar insan hüquqlarından məhrumdur. Aclıq, qida və qida çatışmazlığı nəticəsində Zambiyanın 5 yaşına çatmamış uşaqların 48%-i inkişafdan geri qalır, 25%-i çəkidən azdır, 6%-i ağır qidalanmadan əziyyət çəkir. Zambiya 174 ölkə arasında 163-cü yerdədir və son üç onillikdə 11 milyard ABŞ dollarından çox borc xidmət haqqı ödəməsinə baxmayaraq, 7 milyard ABŞ dolları borc ehtiyatı ilə Yüksək Borclu Kasıb Ölkələrdən (HIPC) biridir. (Mənbə)
Zambiyanın inkişafı üçün qardaş Türkiyə 10 ildir ki, maliyyə yardımları göstərir. İctimai-sosial həyatında dönüş yaratmaq istəyir, belə bir ölkə Türkiyədən 23 pillə irəlidə yer alır. Bu, açıq şəkildə “demokratiya” sözünü ələ salmaq deməkdir.
Yaxud, Türkiyənin neçə illərdir ki, köməyini əsirgəmədiyi Qanada yoxsulluq və aclıq insanların adi social hüquqlardan istifadə etməsinin qarşısını alır. Beynəlxalq Valyuta Fondunun (BVF) hesabatından görmək mümkündür ki, Qanada təhsil, səhiyyə, social xidmətlərin çox bərbad vəziyyətdə olması insan hüquqlarının ağırlığına sirayət edir. Ölkə vətəndaşlarının kütləvi savadsızlığı ictimai proseslərdə iştirakçılıq səviyyəsinin ən aşağı səviyyədə olmasını göstərir. Siyasi institutlar, media azadlığı, pluralizm üçün imkanlar çox məhduddur. (Mənbə)
“Demokratiya” hesabatının müəllifləri nədənsə 2 il əvvəl Qanada keçirilmiş president seçkilərində baş verən qanlı toqquşmalar da yaddan çıxmayıb. Seçki saxtakarlığına qarşı keçirilən etiraz aksiyalarında polisin amansız davranışı, 5-dən çox etirazçının qətlə yetirilməsi və bir neçə ay davam edən polis zorakılığı, bölgələrdə insanlara amansız divan tutulması dünya mediasının səhifələrini bəzəyib. (Mənbə)
Bütün bu siyasi kataklizmlərin, qarmaqarışığın, basqının fonunda Qana “Demokratiya İndeksi 2021” sənədində 57-ci yerdə qərarlaşıb, Macarıstan, Rumınya, Polşa, Çexiya ilə bir qrup dairəsinə aid edilib.
Son 2 ildə silahlı çevrilişlərin adi siyasi vərdişə çevrilmiş, minlərlə insanın qətlinə səbəb olan hakimiyyət dəyişikliklərinin bütün “demokratik güclərin” gözü qarşısında baş verdiyi Afrikanın əksər ölkələrində isə hərbi xuntaların idarəçiliyi daha da dərinləşib. Burkina Faso, Çad, Qvineya, Sudan və Malidə hökumətlərin başında əyləşmiş hərbi xunta demokratiya adında bütün təsisatları darmadağın edib, ölkədə məhkəmə hökmü olmadan terrorçu zabitlərin əmri ilə dərhal ölüm hökmü icra edilir. Burkino- Faso və Malidə cihadçı-qiyamçılar seçkiləri birbaşa hərbi şuraya təslim edib. (Mənbə)
Belə göstəriciləri olan ölkə belə “Economist Intelligence Unit” hesabatında Azərbaycandan 30 pillə yuxarıda yer alıb. Ən dəhşətlisi isə budur ki, bir müddət əvvəl hərbi qiyamla Prezident Roş Mark Kaboreni hakimiyyətdən devirərək qanlı hərbi avtoritarizmi möhkəmləndirən Burkino-Faso demokratiya sıralamasında 180 ölkə arasında 111-ci yerə çıxarılıb. Eynilə də, internetin bağlanmasının, müxalifətin susdurulmasının adi hala çevrildiyi Cad, Mali, Qvineya və Sudan kimi hərbi qiyamçıların hökm etdiyi, demokratiyanın iflasa uğramasına “töhfə” verdiyi ölkələrin “Demokratiya İndeksi 2021” hesabatında Azərbaycan, Gürcüstan, Türkiyə, Ukrayna kimi normal demokratik təsisatların genişləndiyi sivil dövlətlərlə eyni qrupda təsnifləşdirilməsi saxtakarlığın və total ədalətsizliyin nümunəsidir.
Nigeriya və Qana, Qambiyada son iyirmi il ərzində hakimiyyət orta əsrlər üsul-idarəsi ilə, hökmdarların yaxın qohumları vasitəsilə idarə edilir. Yaxud, Keniya və Malavidə qəbilə başçılarının hökmran olduğu siyasi sistemlər üstünlük təşkil edir.
Misirdə general Sisinin qanla hakimiyyətə gəlişi, Zimbabvedə despotların yeniləri ilə əvəz olunması avtoritar meyillərin hələ də dominant olmasına işarədir. Yaxud Ruanda və Uqandada müxalifət xadimləri müntəzəm olaraq saxta ittihamlarla həbs edilir, Nigeriya və Esvatinidə isə social şəbəkə qadağaları və internetin kəsilməsi ənənəyə çevrilib. (Mənbə) Yaxud da ailə üzvlərinin keçidi ilə müntəzəm idarə olunduğu və “sülalə demokratiyası”nın davam etdiyi Qabon və Mavritaniyada hansı demokratikləşmədən söhbət gedə bilər?
“Economist Intelligence Unit” hansı kriteriyalara əsaslanaraq bu ölkələri Azərbaycan və Türkiyədən irəlidə sıralayıb? 47 milyon əhalisinin təxminən 35 milyon nəfərinin təhsil ala bilmədiyi, 40 ildən artıqdır ki, avtoritar idarəçiliyin, kəskin iqtisadi tənəzzülün davam etdiyi, adi elemntar social və ictimai instututların formalaşmadığı Keniyada demokratik idarəçilik doğrudanmı Azərbaycandan irəlidədir? Zarafatdır bu? Kütləvi yoxsulluq və işsizlik bu ölkədə hər il 50 min insanın müxtəlif ərazilərə miqrasiyasına səbəb olur, dözülməz hökumət avtoritarizmi nəticəsində 10 minlərlə insan öz torpaqlarından zorla qovulur, ayrı-seçkilik dərinləşir, köhnə qəbilə münasibətləri üstünlük təşkil edir və s. (Mənbə)
Siyasi partiyaların ümumiyyətlə olmadığı, siyasi təsisatların patriarxal qəbilə qaydaları ilə nizamlandığı və natural təsərrüfatların hələ də hökmran olduğu və korrupsiyanın tayfa başılarının ənənəyə çevridiyi Keniyanın 94-cü yerə layiq görülməsi 100 illik demokratik respublika ənənəsi olan Türkiyə və Azərbaycana qarşı haqsızlığın ən bariz təzahürüdür. Seçki Məcəlləsi olmayan Keniya Azərbaycandan daha demokratikdirsə, onda hələ də ibtidai icma quruluşunu qoruyub saxlamış tayfaları da azad və demokratik cəmiyyət sahibləri kimi təqdim etmək, məsələni birdəfəlik həll etmiş olardı.
Yuxarıdakı eyni mənzərə demokratiya sıralamasında 93-cü yerə “oturdulmuş” Tanzaniyada da xarakterik haldır. 52 milyon əhalinin 85 faizi yazıb oxumağı bilməyən, 45 milyon nəfərin rabitə və kommunal xidmətlərdən tamamilə uzaq olan “kəndlərdə” cəmləşmiş Tanzaniyada məhkəmələri el ağsaqqalı qurur və idarə edir.
“Economist Intelligence Unit” hesabatında istinad etdiyi meyarlardan biri kimi müstəqil məhkəmə instutu dedikdə bunu nəzərdə turursa, sadəcə “əhsən” demək olar. Tanzaniyada əhalinin 90 faizinin TV və KİV vasitələrindən məhrumdur, mobil telefonu olan insanlar isə media dedikdə “Tik-Tok”dan başqa bir şey anlaya bilmir. Vətəndaş cəmiyyəti subyektlərinin kommunikasiya və adi rabitə xidmətlərindən məhrum olan meşə plantasiyalarında fəaliyyət göstərən Tanzaniya cəmiyyətində siyasi partiya rəhbəri tayfa ağsaqqalı hesab edilir, qadınların ümumiyyətlə siyasi proseslər barədə bilikləri sıfır səviyyəsindədir. Bu ölkədə seçkilər 6-cı əsrdəki mənzərəni xatırladır, təşviqat kampaniyası palma ağacları ilə örtülmüş komalarda aparılır. Bunu vətəndaş cəmiyyəi instutlarının öz araşdırma-hesabatları da təsdiqləyir. (Mənbə)
Bu cür ağır siyasi-iqtisadi-sosial böhran yaşayan, insanların hələ də qul kimi satıldığı Tanzaniya vətəndaş azadlığı və hüquqlarının vəziyyətinə görə, Azərbaycandan 48 pillə irəlidə olan ölkə kimi təqdim edilir. Əgər hesabat müəllifləri KİV-lə bağlı alt-indeks üzrə Tanzaniyanı aşağı-orta qrupda görürlərsə, burada əlavə hər hansı şərh yersizdir.
Hesabatın başqa bir sürpriz ölkəsi Haiti də Azərbaycandan 22 pillə “irəliləyib”. Kriminal rejimlərin bir-birini tez-tez əvəzlədiyi Haitidə neçə illərdir ki, hökm sürən qeyri-sabitlik və dəstə zorakılığı, insan qətlləri Haiti xalqına humanitar dəstək göstərən beynəlxalq təşkilatları da yorub. Davamlı olaraq baş verən vətəndaş iğtişaşlarını zor tətbiq etməklə, qan tökməklə yatırdan silahlı xunta heç bir seçki keçirmədən 2019-cu ilin oktyabrından bu yana bütün təsisatları yalnız təyinetmə ilə həll edir. Prezident Moise mandatı 2020-ci ildə başa çatmış qanunverici orqanın yenidən seçilməsini ümumiyyətlə ləğv etmiş, parlament seçkilərini təxirə salınmış, seçki qanununu olmayan bu ölkə 119-cu yerdə qərar tutub. Zorakılıq, qanunsuzluq və qeyri-sabitlik Haitinin 1986-cı ildən bəri həyat tərzinə çevrilib. Birləşmiş Millətlər Təşkilatının hər il hesabatlarında yüzlərlə qəsdən adam öldürmə, adam oğurluğu və cinsi zorakılıq hadisəsi barədə məlumatlar yer alır. Hakimiyətin əlində saxladığı siyasətçilər və quldur dəstələri arasında cinayət ortaqlığı sübut olunub. Ölkədə cəzasızlıq mühiti hökm sürür, bu günə kimi təqsirləndirilən cinayətkarlara qarşı cinayət işi başlanmayıb. Ölkədə rəsmən kriminal rejim hökm sürür. (Mənbə) Lakin qeyd edilən siyahını tərtib edənlər düşünürlər ki, Haiti “demokratiya indeksi”ndə son bir ildə “islahatlar apararaq irəliləyib”.
Sorosun siyasi ruporuna çevrilmiş bu təşkilat hesabata son 2 ildə pandemiya ilə bağlı kütləvi etirazların geniş yayıldığı Avropa ölkələrinin insanlara qarşı amansız davranışlar barədə bircə cümlə də daxil etməyib. Axı, Avropa Birliyində ötən il on minlərlə insanın öz hüquqlarının müdafiəsinə qalxdıqları üçün rezin güllələrə tuş gəlməsi, gözyaşardıcı qazlardan istifadə olunması, su şırnaqları ilə zorakılıqlara məruz qalmasını Avropa KİV-lərinin özü dayanmadan yayımlayıb. (Mənbə)
Göründüyü kimi, “Economist Intelligence Unit” şirkətinin “Demokratiya İndeksi 2021” hesabatı obyektivlikdən uzaq olmaqla bərabər, başdan-ayağa saxtakarlığa əsaslanır. Siyahı sanki ABŞ Prezidenti Jo Baydenin ötən ilin dekabr ayında təşkil etdiyi gülünc doğuran “Demokratiya sammiti”nin dəvətnaməsinə uyğun tərtib edilib. Avropadakı bu zorakılıqları görməmək, qəzet-jurnal çap olunmayan, KİV-lərin və sosial medianın nə olduğunu anlamayan, internet nədir, hələ də normal anlaşılmayan cəngəllik ölkələrinin Azərbaycandan irəlidə sıralanması ən azından dünyada demokratiyaya, insan haqları, media və ictimai fikir adına ləkədir. Hesabat qərəzli hazırlanıb, saxta məlumatlara istinad edilib.