AXCP sədri Əli Kərimli növbəti dəfə hökuməti ittiham edən statusla çıxış edib. Ə.Kərimli yazır: “2021-ci ildə Azərbaycanın əsas ixrac məhsulu olan neftin qiyməti büdcədə nəzərdə tutulduğundan 1.5 - 2 dəfə yüksək olub,  2021-ci ilin yanvar-noyabr aylarında ölkəmizdə  işləyən əhalinin orta aylıq əməkhaqqı cəmi 2,9 faiz artıb. Eyni dövrdə acından ölən, darmadağın edilmiş, hələ də yarımblokada vəziyyətində yaşayan Ermənistanda isə orta aylıq əmək haqqı 7 faiz artıb. Eyni dövrdə Rusiyada orta aylıq əmək haqqı 9,2 faiz artıb. Orta Asiya respublikaları da bizi xeyli utandırıb. Qırğızıstanda orta aylıq əmək haqqı 9,4 faiz, Tacikistanda 11,6 faiz, Özbəkistanda 15,3 faiz artıb. Bugünlərdə “vəziyyətimiz dözülməzdir” deyərək sosial partlayışları ilə gündəm olmuş  qardaş   Qazaxıstanda isə orta aylıq əmək haqqı 16,7 faiz və ya Azərbaycanda olduğundan 6 dəfəyə yaxın çox artıbmış (mənbə şərh bölümündə). MDB-də ən kasıb ölkə olan, üstəlik də özünə küçədə, meydanda mitinq edənlərdən birini - Maya Sandunu prezident seçmiş  Moldovada da artım bizdən 4 dəfə çox 11,3 faiz olub. Ağır beynəlxalq sanksiyalar altında iqtisadiyyatı çökən Belarus belə (Lukaşenkonun Rusiyadan qopardığı milyardların hesabına) orta aylıq əmək haqqını bizdən 5 dəfə çox - 14,4 faiz artırıb.  Nəhayət, Rusiya kimi güclü dövlətlə müharibə vəziyyətində olan, ölkəsində demokratik islahatları savaşla paralel aparmaq məcburiyyətində qalmış Ukrayna isə orta aylıq əmək haqqını Azərbaycanda olduğundan düz 7 dəfə çox - 20,4 faiz artırıb”.

Faktyoxla Lab. səslənən fikirləri, iddia və ittihamların həqiqiliyini araşdırıb.

Əvvəlcə, 2021-ci ildə Azərbaycanın neft satışından nə qədər vəsait qazandığına diqqət yetirək.  
Məlum olduğu kimi neft gəlirləri Dövlət Neft Fonduna toplanılır. 2021-ci ildə Dövlət Neft Fondunun “Azəri-Çıraq-Günəşli” (AÇG) neft-qaz yataqları blokunun işlənməsi layihəsinin reallaşdırılması çərçivəsində gəlirləri 5 milyard 968,4 milyon dollar təşkil edib. Həmçinin, 884 milyon dollar “Şahdəniz” yatağı üzrə təbii qaz və kondensat satışından qazanc əldə olunub.  Xarici şirkətlərin bonus və digər ödənişləri, aktivlərin idarə edilməsindən əldə edilən gəlirlərlə birlikdə Fodnun mənfəəti  9,4 milyard dollara, yəni 15 milyard 985 milyon manata çatıb. Həmin vəsaitin 6,7 milyard dolları, yəni 11 milyard 350 milyon manat vəsait dövlət büdcəsinə transfert edilib. (Mənbə)


Beləliklə, Neft Fondu 2021-ci ildə neft və qaz satışından əldə etdiyi gəlirlərin 6,7 milyard dollarını dövlət büdcəsinə köçürdükdən və eyni zamanda digər cari xərcləri çıxıldıqdan sonra qalan təmiz mənfəəti strateji valyuta rezervlərinin artırılmasına yönəldib. Nəticədə 2021-ci ilin yanvarında aktivləri 43 milyard dollara bərabər olan Fondun ehtiyatları 2022-ci il cari il yanvarın 1-nə 45 milyard dolları ötüb. (Mənbə)


Göründüyü kimi, Azərbaycan neft-qaz satışından ötən il əldə etdiyi gəlirlər  Ə.Kərimlinin iddia etdiyi kimi 2 dəfə yox, bütün xərcləri çıxıldıqdan sonra cəmi 3,4 faiz artıb. Neft gəlirləri isə tam nəzərdə tutulduğu həcmdə büdcəyə köçürülüb, neftin bahalaşması nəticəsində qazanılmış 2 milyard dollardan artıq gəlirlər isə DNF-nin valyuta ehtiyatlarının artırılmasına yönəldilib.

İlk nəticə: Siyasi partiya rəhbəri iqtisadçı, alim-professor, riyaziyyatçı olmaya bilər, amma iqtisadi göstəriciləri, rəqəmləri, araşdırmaları olduğu kimi, dəqiq auditoriyasına çatdırmaq üçün qeyd edilən ixtisas sahiblərindən olmağa ehtiyac yoxdur. Yetər ki, auditoriyanı aldatmayasan, yalan danışmayasan.  

Kərimlinin MDB ölkələrində yüksək əməkhaqqı artımları barədə fikirlərinə diqqət kəsilək
. Ə.Kərimlinin MDB ölkələrində əməkhaqqı artımı ilə bağlı istinad etdiyi statistika ADR hərəkatının rəhbəri Q.İbadoğlunun ötən həftə öz feysbuk hesabında yerləşdirdiyi MDB Statistika Komitəsinin məlumatlarından götürülüb. Yəni, AXCP sədri bu cür “iqtisadi hesablamaları” öz düşüncəsi əsasında deyil, partiyada olan iqtisadçıların, ələxsus da Qubad İbadoğlunun və digərlərinin statuslarındakı rəqəmlər və məlumatlar əsasında qurur.

Bu statusunda Ə. Kərimlinin xüsusi olaraq təqdim etdiyi Belarus haqda informasiya yalnışdır. Çünki Belarusun rəsmi dövlət statistikasında qeyd edilir ki, yanvar-noyabr aylarında orta aylıq əməkhaqqı 4,6 fazi artıb. Elə isə Kərimlinin 14,4 faizlik artım statistikası haradan götürülüb, necə icad edilib, müəmmalıdır. 

Məlumat üçün deyək ki, digər respublikalarda da qeyd edilən artım templəri müşahidə edilməyib. MDB Statistika Komitəsinin dərc etdiyi həmin cədvəldə kifayət qədər saxtakarlıqlar mövcuddur. Əsl səbəbi isə bu linkdə göstərmişik.

Dediklərimizi faktlarla sübut edirik:

  • Ukraynada orta aylıq əməkhaqqı 2021-ci ilin noyabrında 14,2 min qrivna (504 dollar) olub. Minimim əməkhaqqı isə 2022-ci il yanvarın 1-dən 6700 qrivna, yəni 236 dollar təşkil edib. ( Mənbə)
  • Belarus Respublikasında isə orta aylıq əməkhaqqının nominal dəyəri 1476,3 belarus rublu, yəni 596,4 dollar təşkil edib. (Mənbə) Belarus Respublikasında minimum əməkhaqqının dəyəri isə 2022-ci il yanvarın 1-dən 457 belarus rublu, yəni 182 dollar təşkil edib. (Mənbə)
  • Moldovada orta aylıq əməkhaqqı 8860 leu, yəni 492 dollar, minimum əməkhaqqı 2935 leu, yəni 163 dollardır. (Mənbə)

Biz, Faktyoxla Lab. olaraq MDB Statistika Komitəsinin məlumatlarına istinad edərək yalan məlumat yayan Qubad İbadoğlunun yalanlarını ifşa etmişdik. (Bax Qubad İbadoğlu MDB Statistika Komitəsinin açıqlamalarına niyə istinad etsin ki? ). Buna baxmayaraq Əli Kərimli də eyni xətti tutaraq yalan yaymaqda israrlı olduğunu nümayiş etdirir. Təkcə, Ermənistan iqtisadiyyatı ilə bağlı yazdığı bir cümlə ilə buna aydınlıq gətirmək olar.  Əli Kərimli bu ölkədəki sosial iqtisadi vəziyyəti tam bilmədən, yalnız və yalnız tənqid xatirinə danışmaq üçün davamlı olaraq Ermənistan iqtisadiyyatının “inkişafı” haqqında sitatlar gətirir. Bu da onlardan biridir: “Eyni dövrdə acından ölən, darmadağın edilmiş, hələ də yarımblokada vəziyyətində yaşayan Ermənistanda isə orta aylıq əmək haqqı 7 faiz artıb”.

Axı, Ermənistanda hansı istehsal və xidmət sahələri vardır ki, orada çalışan muzdlu işçilərin orta aylıq əməkhaqqı da 7-8 faiz artsın? Orta aylıq əməkhaqqı konkret olaraq iqtisadiyyada fəal istehsal, emal, xidmət və ticarətlə məşğul olan insanların aylıq gəlirlərinin məcmusudur. Yəni əməkhaqı real iqtisadi resursa, əlavə dəyərin artımına əsaslanır. Bu ölkədə yaşayan insanların dolanışığı əsas etibarilə Rusiya, ABŞ, Fransa, Kanada, Avstraliya və sair ölkələrdən göndərilən yardım və ianaələr, xeyriyyə fondlarının pulları hesabına təmin edilirsə, hansı inkişafdan, artımdan, rəqabətdən danışmaq olar? Xaricdən göndərilən pul, yaxud, beynəlxalq təşkilatlardan və kredit donorlarından borc alaraq vətəndaşların maaşlarını ödəmək əməkhaqqı artımıdırmı? Ölkədəki mis, molibden və bir neçə işlək vəziyyətdə olan sənaye müəssisələri tamamilə Rusiyanın səmdarlarına məxsusdur. Son 2 ildə isə Rusiya bura sərmayə qoya bilmirlər, sənaye sektoru faktiki olaraq yerində sayır.

Ermənistanın iqtisadçı və müxtəlif statistik analitika qurumlarının ekspertləri qeyd edirlər ki, ötən il hökumət büdcə xərclərini maliyyələşdirmək üçün xaricdən borc alıb və nəticədə dövlət borcunun məbləği artaraq 2021-ci ilin sonunda 4 trilyon 275 milyard dram (8,9 milyard dollar) və ya ÜDM-in 63,5%-nə qədər artıb. (armeniasputnik.am)


Əgər ermənilərin iqtisadi artım resursları vardırsa, niyə borc alırlar, elə öz işçilərinin “iqtisadi fəallığı” hesabına maliyyə təminatını həll etmirlər? Çünki, bu yoxdur, ianə və kreditlərlə insanlara pul verirlər. Xaricdən alınmış borcla maaş vermək orta aylıq əməkhaqqı artımı hesab oluna bilərmi?
Məlumat üçün deyək ki, Beynəlxalq Valyuta Fondu xarici borcun 50 faizi ötməsini fəlakətli durum hesab edir. Ermənistan iqtisadiyyatını inkişaf etmiş, qabaqcıl hesab edənlərin diqqətinə çatdıraq ki, təriflədikləri iqtisadiyyatın sahibləri qırmızı xətti çoxdan keçiblər.
Yeri gəlmişkən, ötən ilin Ermənistanda inflyasiya da antirekord qıraraq 9,6 faizə yüksəlib və əhalinin gəlirlərini 2 dəfədən çox üstələyib. (Mənbə)


Ötən yazıda minimum və orta aylıq əməkhaqqı əmək və yaşayış standartları baxımında vətəndaşın istehlak xərclərini müəyyən edilməsi, orta aylıq əməkhaqqı məbləğinin insanların yaşayış standartlarını, istehlak xərclərini tam ödəyə bilməməsi haqda ətraflı şərh vermişik deyə bu mövzuya toxunmuruq.

Yalnız xatırladırıq ki, 2021-ci ildə Azərbaycanın sosial-iqtisadi inkişaf göstəriciləri əksər regiona ölkələrinə nisbətən daha ümidverici olub. Dünyanın ən böyük beyin mərkəzlərindən olan “İrs Fondu” tərəfindən hazırlanan “İqtisadi Azadlıq İndeksi 2021” hesabatında ölkəmiz 6 pillə irəliləyərək 178 ölkə arasında 38-ci yerə, regional reytinqdə – Avropa regionu üzrə əvvəlki hesabat ili ilə müqayisədə 1 pillə irəliləyərək 45 ölkə arasında 23-cü yerə yüksəlib. Dünya İqtisadi Forumu tərəfindən 2019-cu ildə nəşr edilən “Qlobal Rəqabətlilik İndeksi”ndə Azərbaycan 11 pillə irəliləyərək 141 ölkə arasında 58-ci mövqedə qərarlaşıb. “Qlobal İnnovasiya İndeksi” hesabatında əvvəlki hesabat ili ilə müqayisədə Azərbaycan ümumi reytinq sıralamasında 2 pillə irəliləyərək 132 ölkə arasında 80-ci olub. Həmin hesabatda Azərbaycan müxtəlif gəlir səviyyələrində innovasiya performansına görə “Yuxarı orta gəlir qrupu”na (upper middle-income group economies) aid edilib. (Mənbə)

Cəbhə sədrinin Azərbaycanda 2015-ci ildə baş vermiş devalvasiya barədə şərhinə diqqət edək. Sitat: “İlham Əliyev etiraf etdi ki, yalnız bir səhvi - manatın kursunu süni şəkildə yüksək saxlamaq istəyi 2015-ci ildə dövlətin 10 milyard dollar itirməsinə səbəb olub. O etiraf etməsə də, biz şahidik ki, hakimiyyətin daha bir səhvi də bu ölkəyə 8 milyard dollara başa gəlmişdi. Söhbət  heç kimə lazım olmayan Avropa Oyunlarını Azərbaycanda xüsusi təmtəraqla keçirməkdən gedir”

Bu iddia haqda da fikirlərimizi bölüşək. Devalvasiya hakimiyyətin səhvi idi?

Azərbaycanda 2015-ci ildə baş vermiş devalvasiyanın səbəbləri məlumdur, bununla bağlı yüzlərlə elmi-iqtisadi analitik məqalə və tədqiqat materialları var. Manatın məzənnəsinin zəifləməsi, qlobal təzyiqlər və s. barədə təkcə yerli iqtisadçıların deyil, dünyanın nüfuzli maliyyə institutlarının, Dünya Bankı, Beynəlxaql Valyuta Fondu, Avropa Bankı və digər aparıcı iqtisadi təşkilatların həmin illərdəki təhlillərinə və proqnozlarına baxmaqla tam qənaət əldə etmək mümkündür. Onlardan biri - Beynəlxalq Valyuta Fondunun (BVF) 2015-ci ildə dərc etdiyi qlobal iqtisadi vəziyyətlə bağlı hesabatı gerçəkləri aydın edir. Həmin hesabatda qeyd edilir ki, Azərbaycanın əsas ticarət tərəfdaşı olan 15 ölkə üzrə 0,64%, o cümlədən MDB üzrə 2.7% ressesiya ilə üzləşmişdi. Dünyada Ümumi Daxili Məhsulunun (nominal ÜDM) 2009-cu ildən etibarən ilk dəfə olaraq azalacağı proqnozlaşdırılmışdı. Yəni, ÜDM-in azalması nominal ifadədə təxminən 5% azalaraq 73.5 trilyon dolları təşkil etdi. (Mənbə)



Beləliklə, həm qlobal tənəzzül, həm də ABŞ dollarının əksər ölkələrin valyutalarına qarşı məzənnəsinin 28-86% möhkəmlənməsi bir sıra ölkələrin milli valyutasının kəskin dəyər itirməsi ilə nəticələndi. Xüsusilə də, ABŞ-ın Federal Rezerv Sisteminin yumşaq pul siyasətindən tədrici nəticəsində dünya miqyasında dolların bahalaşması 40-dan çox ölkənin xarici valyuta daxilolmalarının azalmasına gətirib çıxardı. 2015-ci ilin təkcə ilk yarısında mərkəzi bankların valyuta ehtiyatları 121 mlrd. ABŞ dolları azaldı. Tədiyyə balansının böyük bir hissəsi neft ixracı hesabına formalaşan Azərbaycanın son 11 ilin rekordu olan ucuz neft satışı nəticəsində (neftin dünya bazar qiyməti 140 dollardan 27 dollara qədər ucuzlaşdı) 2015-ci ilin 11 ayında ixracı 48.7% azaldığı halda, idxalı demək olar ki, dəyişmədi. Xarici ticarət balansının profisiti 5 dəfədən çox azalaraq 12,5 milyard dollardan 2,4 milyarda düşdü. Azərbaycanın yaxın ticarət tərəfdaşlarından olan Rusiya və Qazaxıstan öz valyutalarını 2,4 dəfə ucuzlaşdırdı. Bütün bu proseslər valyuta daxilolmalarının digər mənbələrinin kəskin azalmasına səbəb oldu. Həmçinin, bu proseslər yerli istehsalçılara böyük təhlükə yaranmışdı, faktiki olaraq onlar istehsal etdikləri məhsulları daxili və xarici bazarlarda sata bilmirdilər. Azərbaycan hökuməti belə bir qaşılmaz vəziyyətdə həm yerli milli istehsalın mənafeyini nəzərə almaq, həm də milli valyuta ehtiyatlarının kəskin şəkildə azalmasının qarşısını almaq məqsədilə manatın dollar qarşısında olan məzənnəsinin ucuzlaşdırılmasına qərar verdi. Dövlət 2015‐ci ildə iki dəfə manatın ucuzlaşdırılmasını həyata keçirdi. (Mənbə)


İndi statusda qeyd olunanlara əsaslansaq belə çıxır ki, dünya iqtisadiyyatında 2015-ci ildə 73.5 trilyon dollar ÜDM-in azalması, aparıcı ölklərin mərkəzi banklarının valyuta ehtiyatlarının 121 mlrd dollar itkiyə məruz qalması, neftin 4 dəfə ucuzlaşması və 40-dan çox ölkənin valyutasının devalvasiyaya uğraması Azərbaycan hakimiyyətinin səhvi idi? Yaxud, ABŞ-ın Federal Rezerv Sisteminin yumşaq pul siyasətindən tədricinin günahkarı da Azərbaycan iqtidadarı olub?

Bu məqamda Ə.Kərimli və onun kimi düşünənlərə xatırladaq ki, Azərbaycan hakimiyyəti öz maliyyə imkanlarını bərpa etdikdən dərhal sonra devalvasiayadan zərər görmüş bütün vətəndaşların zərərlərini ödədi. Prezident İlham Әliyevin fevralın 28‐də imzaladığı Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Fərmanına əsasən, 950 min insanın devalvasiyadan itirdiyi itkilər kompensasiya edildi. Fiziki şəxslərin dollarla 2015‐ci il fevralın 21‐də və həmin ilin dekabrın 21‐də götürdüyü 10 min dollar və 17 min manatadək olan məbləğə kreditlər dövlət büdcəsinin hesabına ödənildi. 


Nəhayət, Ə. Kərimlinin tez-tez təkrarladığı və kütləni inandırmağa çalışdığı Birinci Avropa Oyunlarının keçirilməsinə 8 milyard dollar (yəni 13,6 milyard manat) xərclənməsi (Kərimli “itiribdir” yazır-red.) faktına da aydınlıq gətirək.

Avropa Oyunlarının keçirilməsi ilə bağlı dövlət büdcəsindən ayrılmış vəsaitlərin həcmi hər kəsə açıqdır. “Büdcənin icrası haqqında” Qanuna əsasən, 2014-cü və 2015-ci illərdə bu tədbirin keçirilməsi üçün nəzərdə tutulmuş vəsaitlərin hər bir xərc maddəsi öz əksini tapıb. Həmin sənəddə 13,6 milyard manat xərc ifadəsinə rast gəlirsinizmi? Diqqət edək:
“2014-cü il dövlət büdcəsi haqqında” Qanununun 2.11.2.2 maddəsində bu məqsədlər üçün 1 milyard manat vəsait nəzərdə tutulubdur. 



Eyni zamanda, Bakı şəhərində I Avropa Oyunlarının keçirilməsi üçün idman infrastrukturlarının yaradılması, hazırlıq və digər təşkilati işlər üçün 2015-ci ilin dövlət büdcəsindən 1 milyard 336 milyon manat ayrılıb.


Ümumilikdə, 2014-cü və 2015-ci illərdə Birinci Avropa Oyunlarının keçirilməsi üçün zəruri idman infrastrukturlarının və maddi-texniki bazanın yaradılmasına dövlət büdcəsindən 2,3 milyard manat vəsaiti xərclənib ki, bütün bu xərclərin hər birinin hansı istiqaməti əhatə etdiyi konkret xərc maddələrində öz əksini tapıb.
Həmin investisiya xərcləri hesabına Bakı Olimpiya Stadionun inşasına 280 milyon manat, Avropa Oyunları Parkının tikintisi (Su polosu, çimərlik voleybolu, çimərlik futbolu, 3x3 basketbol meydançaları) 150 milyon manat, Bakıda Su İdman sarayının layihələndirilməsi və tikintisinə 190 milyon manat, Stend atıcılığı üzrə kompleksin sökülərək yenidən qurulmasına 70 milyon, Gimnastika Kompleksinin tikintisinə 79,739 milyon manat, Mingəçevirdə Kanoe idman yarışları üçün “Kür” Olimpiya İdman Tədris Mərkəzinə 9,5 milyon manat, Heydər Əliyev adına İdman-konsert kompleksinin yenidən əsaslı təmirinə 36,7 milyon manat, Əl Oyunları Sarayının əsaslı təmirinə 27 milyon manat və s. Həmçinin, büdcə vəsaitləri hesabına Tofiq Bəhramov adına stadionda, Bakı Kristal zalında müxtəlif idman növlərinin təşkili üçün müvəqqəti qurğuların qurulması və digər infrastrukturların yaradılmasına 200 milyon manata yaxın vəsait xərclənib.
Həmin idman infrastrukturları isə təkcə Avropa Oyunları üçün nəzərdə tutulmayıb, neçə illərdir ki, ən mötəbər idman yarışları məhz 2015-ci ildə istismara verilmiş idman kompleksləri hesabına təmin edilir. Unutmaq lazım deyil ki, Birinci Avropa Oyunlarından sonra Azərbaycanda turizm və xidmət sektorunda böyük canlanma baş verdi, 2016-2017-ci illərdə ölkəmizə gələn turistlərin sayı rekord həddə - 3 milyon nəfərə çatdı.
Göründüyü kimi Birinci Avropa Oyunlarına Azərbaycanın sərf etdiyi xərclərin ümumi həcmi 2,3 milyard manat təşkil edib. Həmin dövrdə isə Azərbaycan manatının dollara nisbətdə kursu 0,78 AZN idi. Yəni dollar ekvivalenti ilə nəzərə aldıqda bu tədbirə 1,8 milyard dollar xərclənib.

Nəticə: Qeyd edildi ki, Ə.Kərimli yazdığı statusların əksəriyyətini cəbhəçi iqtisadçılardan, ya da iqtisadçı ekspertlərdən götürür. Yəni, AXCP sədri bu cür “iqtisadi hesablamaları” öz düşüncəsi əsasında deyil, partiyada olan iqtisadçıların, ələxsus da Qubad İbadoğlunun və digərlərinin statuslarındakı rəqəmlər və məlumatlar əsasında qurur. Əli Kərimli isə bu məlumatları dəqiqləşdirmək, araşdırmaq gücündə deyil. Amma hər nə olursa olsun, yazılan mütləq araşdırılmalı, bir neçə dəfə yoxlanmalıdır. O, heç bir istinad göstərmədən həmin məlumatları özününki kimi təqdim edir. Bu isə aşıq-aşkar sosial media plagiatlığıdır. Başqasına məxsus “intellektual məhsulu” mənimsəmək isə təkcə saxtakarlıq deyil, həm də oğurluqdur. Yalan məlumatı yaymaq ya doğru məlumatı, fərq etmir, nəticə eynidir.