Professor Cəmil Həsənli sosial şəbəkə hesabında (statusu azadliq.info dərc edib) 2021-ci ilin 7 ayı üçün iqtisadi göstəricilər haqda yazı dərc edib.
Həmin yazıdan sitat: “Deməli bu ilin 7 ayı ərzində ölkəyə ərzaq idaxalı 1 milyardı ötüb. Yəni Azərbaycanın idxal ərzaqdan asılılığı daha 14 faiz artıb. Bəs İlham Əliyev deyirdi ki, bu il k/t-da 12 faiz inkişaf olub. Əgər 12 faiz inkişaf olubsa ərzaq idxalından asılılıq niyə 14 faiz artıb?”
Faktyoxla Lab. Cəmil Həsənlinin açıqladığı rəqəmlərlə bağlı araşdırma aparıb.
Araşdırma nəticəsində müəyyən olunub ki, Cəmil Həsənli, 2021-ci ilin 7 ayı ərzində ölkəyə idxal olunan malların həcmi haqda məlumatları 4-5 dəfə artıq göstərib. Ticarət dövriyyəsindən məlumatlı olan hər kəs bilir ki, əmtəə dövriyyəsi artıqca həm ixrac, həm də idxal artır. 2020-ci ildə pandemiya ilə əlaqədar qlobal iqtisadiyyat nisbətən kiçildi, bütün ölkələrin ixrac və idxalı kəskin azaldı, təbii ki, bu tendensiya dünya iqtisadiyyatının ayrılmaz tərkib hissəsi olan Azərbaycanın da əmtəə dövriyyəsinə təsir etməli idi. Ötən ilin 7 ayında ticarət dövriyyəsinin həcmi 15 milyard dollar olmuşdu, onun 9,1 milyardı ixrac, 5,9 milyardı isə idxal idi. Bununla belə 3,2 milyard dollardan çox xarici ticarət saldosu yaranmışdı.
İndi isə 2021-ci ilin 7 ayının ticarət statistikasına baxaq. 2021-ci ildə qlobal bazarlarda açılmalar beynəlxalq ticarətə, o cümlədən Azərbaycanın ticarət əməliyyatlarına hərarət gətirdi. Ötən 7 ayda əmtəə dövriyyəsinin həcmi 17,7 milyard dollara çatdı. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,7 milyard dollar çox dövriyyə deməkdir. Diqqət edək, ixrac 11,4 milyard dollar təşkil edib, artım 2,3 milyard dollardır. Tək neft-qaz deyil, qeyri-neft ixracı da əhəmiyyətli dərəcədə artıb. İdxal isə 6,2 milyard dollar, yəni cəmi 300 milyon dollar artıb. Həmin 300 milyon dollarlıq idxal isə əsas etibarilə ərzaq deyil, avtomobillər, tikinti, sənaye, məişət malları hesabına baş verib.
Beləliklə, birbaşa ixracın hesabına xarici ticarət saldomuz 3,2 milyarddan 5 milyard dollara çatıb.
Statistikaya diqqət yetirsək, ixracın idxalı üstələdiyinin şahidi olarıq. Belə olan halda, Cəmil Həsənlinin idxal həcmini 1 milyard dollar artıq göstərməsi heç bir fakt və arqumentlə təsdiqlənmir, heç bir iqtisasi əsası yoxdur.
Digər məsələ, tarixçi alimin Prezidentin adından “kənd təsərrüfatında 12 faiz artım olub” ifadəsinin səsləndirməsidir.
Faktyoxla Lab. bu barədə araşdırma aparıb və müəyyən olunub ki, dövlət başçısı belə bir söz işlətməyib. Prezident Daşkəsən rayonuna səfəri zamanı AZTV-yə müsahibəsində ölkə iqtisadiyyatının inkişaf mənzərəsini dəyərləndirərkən kənd təsərrüfatında əldə edilmiş 5,6 faizlik artım barədə fikir söyləyib.
Bu da tamamilə realdır, 2021-ci ilin əvvəllərindən etibarən iqtisadi azalma iqtisadi artımla əvəz olunmaqdadır və aqrar sahəyə dövlətin dəstək tədbirlərinin, xüsusilə də subsidiyaların və güzəştli kreditlərin coğrafiyasının artırılması, regionda vətəndaşların əkinə və heyvandarlığa indi daha çox maraq göstərməsi kənd təsərrüfatında əlavə dəyərin həcmini də yüksəldir. (mənbə)
Nəticələrdən görünür ki, “12% artım” hələ qeydə alınmayıb və C. Həsənli dövlət başçısının adından yalan məlumat yayır.
Cəmil Həsənlinin yazısından növbəti sitat: “Ötən illə müqayisədə taxıl idxalı da artmaqda davam edir. Bu ilin 5 ayında Azərbaycan xaricdən 99 milyon 808 min dollar dəyərində 392 min 213 ton buğda idxal edib. Dövlət Gömrük Komitəsinin aylıq hesabatına baxsaq görərik ki, idxal olunan buğdanın dəyəri 33,7%, həcmi isə 14,7% artıb. Bu da Sizin üçün ağıllı kənd”
Faktyoxla Lab. bu məqama da aydınlıq gətirir:
Qeyd edilən göstəricilərlə bağlı 7 aylıq statistikaya baxdıqda bəlli olur ki, C. Həsənlinin Azərbaycanın buğda tədarükü və taxılın idxalı məsələsində məlumatları qarışdırır. Yenə rəqəmlərə istinad edək.
Bu ilin yanvar-iyul aylarında Azərbaycan xaricdən 408 min ton buğda idxal edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 25,7 min ton, yaxud 5,9 % azdır.
“14 faiz” rəqəminin haradan götürüldüyü bəlli deyil.
Qeyd edək ki, hazırda taxıl biçini başa çatmayıb, bu il ölkədə daha çox (9 %) buğda istehsal ediləcəyi gözlənilir, nəticədə idxal bir qədər də azalacaq. İşğaldan azad edilmiş ərazilərdə də buğda toplanır və bu da idxalın azalmasına əhəmiyyətli təsir edəcək. Yeri gəlmişkən, 1988-ci ildə ölkədə taxıl istehsalının 15 faizi Qarabağın payına düşürdü, bu, nə az, nə çox 450 min ton deməkdir. Bir neçə ildən sonra Qarabağın da taxılı daxil olmaqla Azərbaycan ərzaq buğdasına olan tələbatın mütləq böyük hissəsini təmin edəcək. (“İşğaldan azad olunan ərazilərimizdə kənd təsərrüfatı sahəsinin bərpası istiqamətləri və istehsal göstəricilərinin proqnozlaşdırılması”)
Nəticə: Cəmil Həsənlinin 7 aylıq iqtisadi göstəricilər haqda yazdığı məqaləyə saxta rəqəmlər əlavə olunmaqla, faktlarla manipulyasiya edilib.
Faktyoxla Lab.