Bu ilin birinci yarısında Ermənistanda mənfi demoqrafik tarazlıq 138 min nəfər təşkil edib.  Bu yalnız hava nəqliyyatı vasitəsilə ölkəni tərk edənlərin sayıdır. Bu açıqlama ilə  politoloq Qrant Mikaelyan çıxış edib. O bildirib ki,  bu,  miqrasiyanın ciddi şəkildə artdığını göstərən olduqca ciddi rəqəmdir. Mikaelyan əlavə edib ki, həmin şəxslərin  80 mini heç vaxt Ermənistana dönməyəcək.

 

Qrant Mikaelyan 

Politoloqun fikrincə, ölkəni tərk edən vətəndaşların əsas hissəsi Rusiyaya gedib. Çünki koronavirus pandemiyası şəraitində ora getmək daha asandır. Bunun bir səbəbi də Rusiyanın ermənilər üçün nisbətən rahat ölkə olması ilə bağlıdır.

Müstəqillik qazandıqdan sonra (1991-2020) 29 il ərzində Ermənistana gələnlərin  sayı ilə miqrantların sayı arasındakı fərq mənfi  1 milyon 120 min nəfər təşkil edib. 2020-ci ildə Ermənistandan mühacirət edənlərin 90 % -i Rusiyaya gedib. Onların yalnız 50,4 %-i  bir müddət sonra  Ermənistana qayıdıb. 

Statistik məlumatlara görə, Ermənistan əhalisi 2012 -ci il istisna olmaqla hər il azalıb: 2012-ci ildə 5,5 min nəfər artım qeydə alınıb. 1992 -ci ilin əvvəlində Ermənistan əhalisi 3 milyon 633,3 min nəfər idisə, hazırda bu rəqəm  2 milyon 967,9 min  nəfər təşkil edir.

Rusiyanın “Komsomolskaya Pravda” nəşrinin əməkdaşı  Darya Aslamova Ermənistan və Qarabağdan qaçma faktları ilə rastlaşıb.    İrəvana dörd yüz nəfər üçün nəzərdə tutulmuş nəhəng Boeing-də uçduğunu və təyyarədə bir dənə də olsun bo yer olmadığını deyən  müəllif əlavə edir ki, sərnişinlərin əksəriyyəti uşaqlar, yeniyetmələr və qocalar olub: “Hamısı  ermənilər idi. Aralarında rus təkcə mən idim. Hətta sevindim. Ola bilərmi?  Ermənistanda vəziyyətin çətin olmasına baxmyaraq insanlar geri qayıdır. Məlum oldu ki, nahaq yerə sevinmişəm.  “Hamımız fərqli ölkələrin vətəndaşlarıyıq".  Bunu  Almaniyadan gələn  gənc erməni qızı deyir. Təyyarədə  Fransa, Amerika, Rusiya və Almaniya pasportu olan ermənilər uçur. Ermənilərin yayda uşaqları Ermənistandakı qohumlarının yanına göndərmək ənənəsi var. Köklərini, dillərini unutmasınlar deyə.  Burda hamımız  yaylağa gedənlərik. Ərik yemək üçün gedirik”.

Erməni sakinlər rusiyalı jurnalistə bildiriblər ki,  bu ilin ilk dörd ayında Ermənistanı 80 min nəfər tərk edib. Böyük ehtimalla geri dönməyəcəklər. Sonra yay bitəcək, bütün qohumlar dağılacaq və biz burada qalacağıq. İnsansız  ölkədə.

Proqnozlara görə, 2025 -ci ilə qədər Ermənistanda ölüm sayı  doğum sayını  ötəcək.  Bunu  demoqraf  Artak Markosyan  Azadlıq radiosunun erməni şöbəsinə verdiyi müsahibəsində bildirib.  Onun sözlərinə görə, 2010 -cu ildən bəri Ermənistanda doğum sayı  azalır.  O qeyd edib ki, bu azalma evlənmə sayının azalması ilə əlaqədardır.  Demoqraf bunu  1990-cı illərdə doğulan və hazırda evlənmə yaşında olan şəxslərin böyük əksəriyyətinin Ermənistanı tərk etməsi ilə əlqələndirib.   

Bu ilin ilk yarısında  Ermənistanın on bölgəsində  ölənlərin sayı  doğulanlardan 447 nəfər  çox olub.  Keçən il ölüm sayı  üç bölgədə doğum sayını ötmüşdüsə,  bu il altı belə bölgə var - Lori, Şirak, Tavuş, Sünik, Vayots Dzor və Qeqarkunik. Sonuncu vilayətdə  vəziyyət daha  acınacaqlıdır.

Ekspertlər xəbərdarlıq edir ki, Ermənistan əhalinin yeni kütləvi mühacirəti ərəfəsindədir və karantin məhdudiyyətləri götürüldükdən və hava səyahətləri bərpa olunduqdan sonra bu proseslər daha da güclənəcək.  Ermənistanın Vatikandakı keçmiş səfiri Mikael Minasyan öz Facebook səhifəsində yazıb ki, 2021-ci ildə ölkədən son dağıdıcı miqrasiya başlayacaq.

İqtisadi problemlərlə yanaşı, Ermənistandan əhalinin köçünün səbəblərindən ən başlıcası Qarabağ münaqişəsi olub.  Bu barədə deputat Naira Zohrabyan “Vestnik Kavkaz" nəşrinə hələ 2018-ci ildə  verdiyi  müsahibəsində deyib.

“Ermənistanda əhalinin azalması  prosesi bir faktdır” deyən Zohrabyan bildirib ki,  Qarabağ münaqişəsi də vətəndaşları Ermənistandan başqa ölkələrə getməyə sövq edir. Zohrabyan  münaqişənin davam etməsinin miqrasiyaya çox böyük təsir göstərdiyini bildirib.   O qeyd edib ki,  bütün bu amillər  fonunda Ermənistan hökumətinin 2040-cı ildə  əhalinin sayını  4 milyon nəfərə çatdırmaq planı mümkünsüz görünür.  

Ermənistanda əhalinin sayının azalması  2020-ci ilin sentyabrında  qadınlardan ibarət hərbi dəstələrin yaranması ilə nəticələnib. Oktyabrın 30-da Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Artsrun Ovannisyan Qarabağa göndərmək üçün  nəzərdə tutulan qadınların təlim keçdiklərini  öz feysbuk səhifəsində nümayiş etdirib.  

Hətta Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan da döyüş hazırlığı keçmək istədiyini deyib.  Onunun bu çağırışına  digər qadınlar da qoşularaq  təlimə gediblər. Ötən il noyabrın 6 -da Anna Akopyan  feysbuk səhifəsində  “10 günlük təlimdən sonra dəstəmiz döyüş tapşırıqlarını yerinə yetirməyə hazırdır. Dəstəmizə Böyük Ermənistan kraliçasının adını verdik - Erato” qeydini paylaşıb.   

Ermənistandakı durumu şərh edən  Azərbaycanlı politoloq Fərhad Məmmədovun fikrincə,  Ermənistanın əsas problemlərindən biri ordunun komplektləşdirilməsidir.  Çünki ölkədə kişilərin sayı azalır, onlar isə  bir neçə cəbhəni  tutmalıdırlar.  “Bu mənada konüllü dəstələrin təşkili,  Paşinyanın həyat yoldaşının hərbi oyunları - bütün bunlar Ermənistan rəhbərliyinin bir tərəfdən orduda ruh yüksəkliyi yaratmaq istədiyini, digər tərəfdən də daxili auditoriyaya oynadığını göstərir. Statistikaya görə, Ermənistanda əhalinin sayı azalır,  həmçinin bu proses  mənfi ssenari üzrə  gedir”  deyə  ekspert sözlərinə əıvaə edib.

Sadalananlar  Ermənistanda əhalinin azalması  probleminin  nəinki  mövcud olduğunu,  hətta özünü kəskin şəkildə göstərdiyini deməyə əsas verir. 

Bu qənaətə gəlirik ki,  erməni mütəxəssislərin Ermənistanda  əhalinin azalması il bağlı açıqlamaları əsaslıdır.