Ermənistan “Milli Təhlükəsizlik Xidmətinin Ehtiyatda olan Zabitlər Birliyi” Təşkilatı Rusiya Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş üzrə Komitəsinin sədri Leonid Kalaşnikova “türk tərəfdarı” damğası vurmağa çalışıb.
Birliyin bununla bağlı yaydığı açıqlamada iddia olunur ki, ermənilər Rusiya ilə Türkiyə arasında gedən 13 müharibədə həmişə rus əsgərinin müttəfiqi olub. Açıqlamada qeyd edilib ki, Rusiyanın regionda peyda olması bu ölkənin geosiyasi maraqlarından irəli gəlib. Rusiyanın ermənilərin xilası naminə regiona gəlməsi mifdir.
Xatırladaq ki, bu günlərdə Leonid Kalaşnikov Svobodnaya Pressa nəşrinə verdiyi müsahibədə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Ermənistana “kömək”dən imtina etməsi ilə bağlı meydana çıxan açıqlamaları şərh edib. O bildirib ki, delmitasiya müharibə deyil, danışıqlar mövzusudur. “KTMT-ni prosesə qoşaraq Bakı ilə yeni inkişaf etməyə başlayan münasibətləri tamamilə məhv etməyin mənası nədir?! Bu kimi məsələləri hərbi güclə, üstəlik Rusiyanı cəlb etməklə həll etmək - tamamilə cəfəngiyatdır, KTMT bunun üçün yaradılmayıb!" - deyə Kalaşnikov sözlərinə əlavə edib.
İlk olaraq məşhur rusiyalı jurnalist Mixail Leontyevin ermənilərlə bağlı səsləndirdiyi fikri yada salaq. O deyib ki, Ermənistan Rusiyanın dəstəyi sayəsində mövcud olub, onsuz Ermənistan ola bilməzdi.
Bu mənada doğrudan da ermənilərin ruslar qarşısında borcu həddindən artıq çoxdur. Tarixdən məlumdur ki, ermənilərin Cənubi Qafqaza kütləvi köçü 1828-ci ildə Rusiya ilə İran arasında imzalanan “Türkmənçay”, 1829-cu ildə isə Rusiya ilə Osmanlı İmperiyası arasında bağlanan “Ədirnə” müqavilələrinin şərtlərinə əsasən başlayıb. Rus etnoqraf N.Şavrov 1911-ci ildə nəşr etdirdiyi əsərində qeyd edib ki bu gün Zaqafqaziyada yaşayan 1 milyon 300 min erməninin 1 milyonundan çoxu bu regionun köklü sakinləri deyil, onlar burada bizim tərəfimizdən məskunlaşdırılıb.
Doğrudan da, regional müharibələr dövründə ermənilər rus qoşunlarına əvəzsiz xidmətlər göstəriblər. Xüsusilə bu, rus-fars (1804-1813, 1826-1828), rus-türk (1806-1812, 1828-1829) müharibələri dövründə özünü büruzə verib. Fars və türk dillərində səlis danışan ermənilər Rusiya komandanlığı üçün qoşunların yeri və sayı barədə məlumat toplayıb, onların mühasirədən çıxmasına kömək ediblər.
Tarixçilərin qeydlərinə görə, ermənilərin Rusiya ordusu üçün bu xidməti könüllü və səmimi olmayıb. Rusiyalı general, hərbi tarixçi Vasili Pottonun Qafqaz müharibələri ilə bağlı əsərində müasir erməni müəlliflərinin iddiasının əksinə olaraq soydaşlarının müxtəlif yollarla bu işdən yayındığını qeyd edib. Pottonun yazdığı kimi, hətta iş o həddə çatıb ki, Qafqazdakı rus qoşunlarının komandanı P.Sisianov Rusiya dövləti qarşısında götürdükləri öhdəliklərin yerinə yetirilməsi üçün ermənilərə müraciət etməli olub: “Siz, Qarabağ erməniləri, məğər alver və sənətlə məşğul olan digər ermənilər kimi arvadsifət oldunuz? Öünüzə gəlin".
Potto əlavə edib ki, bütün çağırışlar əbəs idi. Yalnız xoş bir təsadüf nəticəsində, Elizavetpoldan olan erməninin oğlu polkovnik Karyaginin yanında idi və o bələdçi və casus kimi fəaliyyət göstərməyə razılıq verib.
Nəticədə, rus qoşunları əvvəlcə Qarabağ xanlığının qurucusu Pənahəli xan tərəfindən 1751-ci ildə tikilən Şahbulaq qalasını işğal edib, daha sonra mühasirədən çıxaraq Sisiyanovun rəhbərlik etdiyi ordunun əsas hissələri ilə birləşib. Erməni casusa isə gizir rütbəsi, qızıl medal verilib, ona 200 rübl məbləğində ömürlük pensiya təyin edilib.
Rus tarixçi P.Kovalevski Qafqazın fəthinə həsr olunmuş əsərində, yerli ermənilərin Cənubi Qafqazın ən alınmaz qalası olan İrəvan xanlığının ələ keçirməsinə imkan verən xain əməllərini belə təsvir edb: "1827-ci ildə ermənilər verdikləri sözə əməl etdilər. Ermənistanın Baş yepiskopu Nerses General Tuçkov Şiraka girəndə dərhal yüz atlı ilə onlara qoşuldu. Ermənilər bizim inanılmış müttəfiq, casus və köməkçilərimiz olub. Onlar düşmənin hər hərəkəti barədə ruslara məlumat veriblər, bələdçi rolunu oynayıblar, meydanda onlarla birlikdə hərəkət ediblər".
Ermənilərin işbirliyi Çar Rusiyası tərəfindən yüksək qiymətləndirilib. Fars şahına, Osmanlı Sultanına xəyanət edən ermənilər xeyli pul, orden, rütbələrlə yanaşı Ruslar tərəfindən Cənubi Qafqaz torpaqlarına köçürülməklə mükfatlandırılıblar. Onlara yerli müsəlman əhalinin hesabına geniş ərazilər verilib, xəzinədən əhəmiyyətli məbləğdə ssuda ayrılıb, vergidən azad ediliblər.
Ancaq tarixdən o da məlumdur ki, ermənilər istədiklərini əldə edəndən sonra, yeni havadarları - ruslar üçün problemlər yaratmağa başlayıblar. Ermənilərin Cənubi Qafqaza köçürülməsi çərçivəsində onların Azərbaycanın İrəvan xanlığı ərazisində də kütləvi məskunlaşması aparılıb. İrəvan quberniyasına ümumilikdə 3674 erməni ailəsi və ya 21639 nəfər yerləşdirilib. Onlar Rusiya imperatorunun təsdiqlədiyi qəydalara əsasən 6 il vergidən azad ediliblər.
Güzəşt müddəti bitdikdə erməni köçkünlər vilayətin digər sakinləri ilə bərabər əsasda vergi ödəməkdən imtina ediblər. Yerli hakimiyyət orqanları altı il əvvəl götürdükləri öhdəlikləri yerinə yetirməkdən imtina edən Türkiyə ermənilərinin sərt müqaviməti ilə qarşılaşıb.
Gürcüstanın baş qubernatoru baron Q.Rozen 10 fevral 1838-ci il tarixdə hərbi nazir A. Çernışevə Ermənistan vilayətinin rəisi V. Bebutovun məruzəsinə istinad edərək məktubla məlumat verib. Üstəlik, ermənilər Göyçə mahalında yaşayan müsəlmanları onlara qoşularaq vergi ödəməməyə təhrik ediblər.
7 dekabr 1903-cü ildə Asxabad konvoyunun rəisi polkovnik-leytenant D.D. Kiselyov Baş qərargahın inspektoruna ermənilər haqda belə məruzə edib: "Hərbi işləri bəyənməmək, hökumət əleyhinə təbliğat son illərdə bu əhali qrupu arasında geniş yayılıb və bu, ermənilərin etibarlı hərbi element ola bilməyəcəyinin göstəricisidir".
"Düşmənlərimizə gizli şəkildə silah satmaq və ya qaçarkən onları aparmaq, adları çəkilən korpusun qoşunlarında xidmət edən aşağı rütbəli ermənilər üçün adi bir şeydir”.
Göründüyü kimi, ermənilər heç vaxt Rusiyanın etibarlı müttəfiqi olmayıb, əksinə onun gücündən yalnız öz problemlərini həll etmək üçün yararlanıb. Bu, 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərində özünü daha çox biruzə verib.
Tarixi sənədlərdən belə aydın olur ki, həmin dövrdə imperiya ərazisində məskunlaşmış ermənilər Rusiya dövlətçiliyi üçün təhlükəyə çevrilib.
Birinci Rus İnqilabı ərəfəsində Qafqazdakı kilsə və prixodlarda silah-sursat anbarları, qanunsuz mətbəələr aşkarlandı. Çar hakimiyyəti Qafqazdakı qeyri-mütəşəkkil iğtişaşların xaricdən idarə olunduğunu və bunun əsasən ermənilərin Daşnaksutyun təşkilatı vasitəsilə həyata keçirildiyini dərk etdi.
1903-cü ilin oktyabrında Qnçak partiyasının üzvü çarın canişini Qriqori Sergeyeviç Qolitsını ağır yaraladı və o, çox keçmədən aldığı yaralardan həyatını itirdi. Həmin vaxt yayılan söz-söhbətlərə görə, terrorçular knyazın başını kəsib, Tiflisdəki İrəvan meydanında ifşa etməyi planlaşdırıblar. Məsələ burasındadır ki, hələ 1897-ci ildə Qolitsın çarın diqqətini təhlükəli bir tendensiyaya - ermənilərin Tiflisdə və Bakıda bütün hakimiyyəti ələ keçirmək niyətlərinə cəlb edibmiş.
Qolitsının məktubundan: “Ermənilər özlərindən çox razıdırlar. Onların kilsəsi yerli əhalini inqilaba təhrik edir". Bundan sonra knyaz erməni kilsələrinin əmlakına sekvestr tətbiq edib və onların şəhər seçkilərində iştirakdan tamamilə kənarlaşdırılmasına dair fərman verib.
Ermənistanın Rusiya ilə yalançı ittifaqı indiki zamanda da özünün biruzə verir.
Yaxın tarxdə, 2015-ci ildə Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Rusiyanı səs hüququndan məhrum edən bir qərarla bağlı səsvermə zamanı Ermənistan nümayəndə heyəti bitərəf qaldı və əleyhinə səs vermədi. Ermənistanın hakim Respublika Partiyasının (RPA) parlament fraksiyasının rəhbəri Vaqram Baqdasaryan Azadlıq radiosunun erməni şöbəsinə müsahibəsində bunu “İrəvan Qərblə Rusiya arasında münasibətlərin daha da kəskinləşməsini istəmir” kimi şərh etmişdi.
Həmin vaxt Rusiya nümayəndə heyəti əsas səlahiyyətlərdən - Məclisin bəzi rəhbər orqanlarında səs vermək və iştirak hüququndan məhrum edildi. Rusiya nümayəndə heyətinin bu hüququdan məhrum edilməsinə 160 nümayəndə səs verdi, 42 nəfər əleyhinə, Ermənistan da daxil olmaqla 11 millət vəkili bitərəf qaldı. Xatırladaq ki, Azərbaycan nümayəndə heyəti Rusiyanı səsvermə hüququndan məhrum edən qətnamənin əleyhinə səs verib.
2019-cu ildə Avropa Şurası Parlament Assambleyası dövlətlərin milli nümayəndə heyətlərinin səs çoxluğu ilə Rusiyanı Assambleyaya qaytardı və səlahiyyətlərini təsdiqlədi. Bir çoxları Rusiya Federasiyasının Məclisə qayıdışı ilə bağlı ilk səsvermədə Rusiyanın strateji müttəfiqi olan Ermənistanın yekdilliklə səs verməməsinə diqqət çəkdi. Üstəlik, Ermənistan nümayəndə heyətinin səsi ətrafında bir qalmaqal yarandı.
Deputat Ohanes İgityan ümumiyytlə səsvermədə iştirak etməmişdi. Bununla bağlı heç bir izahat da verilmədi. Hakim partiyanın başqa bir nümayəndəsi və AŞPA-dakı Ermənistan nümayəndə heyətinin rəhbəri Ruben Rubinyan qəraraın əleyhinə səs verdi, sonra bunun texniki səhv səbəbindən baş verdiyini, əslində qəraran lehinə səs verdiyini bildirdi.
Beləliklə, sadalananlar göstərir ki, ermənilər həqiqətən Rusiyaya borcludurular, llk növbədə bu günkü Ermənistan dövlətinıə görə, ikincisi Ermənistan heç vaxt Rusiyanın həqiqi müttəfiqləri olmayıb, əksinə, onların təsirindən öz xeyirlərinə istifadə ediblər.
Bu qənaətə gəlirik ki, Ermənistan “Milli Təhlükəsizlik Xidmətinin Ehtiyatda olan Zabitlər Birliyi” Təşkilatının açıqlaması əsassızdır.