“Koronavirusa yoluxan insanda erkən qocalma prosesi başlaya bilər”. Bu iddia ilə Ria Novosti Agentliyinə müsahibəsində tanınmış rusiyalı nevropatoloq Erkin Şamsiyev çıxış edib. Mütəxəssis əlavə edib ki, koronavirus yalnız ağciyər trombozuna səbəb olmur, həm də vaxtından əvvəl qocalma kimi arzuolunmaz prosesləri oyadır, fobiya və qorxulara səbəb olur. Şamsiyev bildirib ki, koronavirus səbəbindən ağciyərlərin zədələnməsi nəticəsində orqanizmdə qaz mübadiləsi pozulur, nəticədə beyinə oksigen çadırılmasında problemlər yaranır. Bu səbəbdən də koronavirusa yoluxan insanlar ensefalopatiyadan şikayət edirlər. O xatırladıb ki, COVİD-19 diaqnozu ilə xəstəxanalara daxil olan şəxslərin tez-tez baş ağrısı, başgicəllənmə, nəfəs darlığından şikayət etməsi də müəyyən mənada qeyd edilən problemlə əlaqəlidir.
Erkin Şamsiyev
Koronavirusun erkən qocalmaya səbəb olması ehtimalı ilə bağlı ötən ildən araşdırmalar aparılır. Artıq bəzi nəticələr var. London İmperial Kollecinin bir qrup əməkdaşı Adam Hempşir adlı alimin rəhbərliyi ilə 84 mindən çox koronaviruslu xəstə üzərində tədqiqat aparıb. Tədqiqatın nəticəsi olaraq alimlər bu qənaətə gəliblər ki, koronavirus beyin və sinir sistemi ilə bağlı xəstəliklərə səbəb ola bilər. Alimlər deyiblər ki, Covid-19-dan sağalan insanlarda qızdırma və öskürək kimi bəlli simptomlar aradan qalxsa da virusun səbəb olduğiu beyin və sinir sistemi problemləri uzun müddət davam edir.
Adam Hempşir
Qeyd edək ki, tədqiqata cəlb olunan koronaviruslu xəstələr 20-70 yaşlarında olub. Virusun insanın şüuruna təsirini öyrənmək üçün həmin şəxslərə yaddaş bacarığını yoxlayan testlər verilib. Testlərdə sözləri xatırlama tipli sullar olub. Sual-cavabın nəticələrində koronavirusa yoluxan, xüsusilə bu xəstəliyi ağır keçirən şəxslərdə ciddi şəkildə yaddaş pozğunluğu, zehni geriləmə qeydə alınıb.
London İmperial Kollecinin alimləri nəticə olaraq koronavirusa yoluxan bəzi şəxslərin beyinlərində 10 illik yaşlanmaya bərabər zehni geriləmə müşahidə edildiyini bildiriblər.
Araşadırmanın bu nəticəsi ilə bağlı fərqli fikirlər var. Məsələn, Şotlandiyanın Edinburq Universitetinin, həmçinin London Universitet Kollecinin alimləri bildiriblər ki, tədqiqata cəlb olunan şəxslərdə koronavirusdan əvvəl beyin, sinir sistemi problemlərinin olub-olmadığı məlum deyil. Bu səbəbdən də virusun beyin və sinir sisteminə vurduğu zərərin xəstəlikdən sonra da davam etməsinə dair fikir şübhəlidir. Bununla belə alimlər, bütün hallarda koronavirsun beyin və sisnir sisteminə mənfi təsiri barədə yekdil fikir bildirirlər.
Bir sıra tədqiqatların nəticəsi olaraq mütəxəssislər koronavirusdan sağalan insanlarda müşahidə oluna biləcək probelmlərin siyahısını hazırlayıblar.
Qəfil və şiddətli baş ağrısı
Ürəkbulanma, qusma
Danışma çətinliyi, başgicəllənmə
Görmə və hərəkət pozğunluqları
Üzdə keyimə
Danışıq və qavrayış problemləri
Davranış dəyişikliyi
Koordinasiya pozğunluğu
Qısa müddətli yaddaş problemi
Şüurun pozulması
Həkimlər bildiriblər ki, koronavirusdan sağalan şəxslər özlərində bu simptomlardan birini hiss etsələr mütləq xəstəxanaya müraciət etməlidirlər.
Çində koronaviruslu xəstələr üzərində aparılan tədqiqat da xəstəlikdən sonra nevroloji problemlər yarandığını ortaya çıxarıb. Tədqiqata cəlb olunan 214 nəfərdən 36-da bu problemlərə rast gəlinib. Xüsusilə xəstəliyi ağır keçirən şəxslərdə zehni geriləmə, həmçinin baş ağrısı, başgicəllənmə, koordinasiya pozğunluğu, kəskin insult və epilepsiya kimi problemlər müşahidə edilib.
ABŞ-da 236 mindən çox koronaviruslu xəstə üzərində aparılan 6 aylıq araşdırma bənzər nəticələr verib. Belə ki, koronavirusdan sağalan hər 3 nəfərdən birinə nevroloji və ya psixiatrik xəstəlik diaqnozu qoyulub. Tədqiqatla bağlı Lancet tibbi jurnalında dərc olunan məqalədə bildirlib ki, virusun nevroloji, psixiatrik xəstəliklərə, depressiyaya səbəb olduğu birmanlı şəkildə təsdiqlənməsə də 14 xəstəlik arasında ən çox qoyulan diaqnoz məhz bu xəstəliklərlə bağlı olub.
Röyters agentliyi xəbər verir ki, ABŞ-da eyni tədqiqat qrupunun ötən il keçirdiyi 3 aylıq tədqiqat zamanı COVID-19-dan sağalan şəxslərdən 20% -də psixiatrik xəstəliklər müşahidə olunub.
Saymon Uesseli
Amerikada aparılan tədqiqatın nəticələrini qiymətləndirən London Kral Kollecinin psixatriya şöbəsinin müdiri Saymon Uesseli, həmçinin MQ Mental Health təşkilatıbnın icraçı direktoru Lea Milligan COVID-19-un psixi sağlamlığa təsirlərinin ağır ola biləcəyini bildiriblər.
Sadalananlar göstərir ki, koronavirus bütün hallarda beyin və sinir sistemi problemləri yaradır. Amma bu problemlərin keçici olub-olmadığı ilə bağlı dəqiqləşmiş fikir yoxdur.
Bu qənaətə gəlib ki, rusiyalı mütəxəssisin “koronavirusa yoluxan insanda erkən qocalma başlaya” bilər açıqlaması əsasən doğrudur.