Beynəlxalq tədqiqatların nəticələrinə görə dünyada təkrarlanan koronavirus infeksiyası halları 1 %-dən də azdır. Bunu Azərbaycan Milli Məclisinin deputatı Nigar Arpadarai Azərbaycanda covid pasportlarının istifadəsi ilə bağlı qaydalardan danışarkən deyib.
Deputatın açıqlaması əsasında koronavirus keçirmiş bir insanın yenidən yoluxması hallarının nə qədər tez-tez baş verdiyini aydınlaşdırmağa çalışacağıq.
Əslində, Dünya Səhiyyə Təşkilatı (ÜST) Çində aşkarlanan SARS-CoV-2 koronavirus xəstəliyini rəsmi olaraq qeydə aldığı gündən - 1 dekabr 2019-cu ildən bəri dünya tibb mərkəzləri bu xəstəliyə qarşı mübarizə istiqamətində təcrübə qazanır. Dünyanın müxtəlif yerlərində yeni növ koronavirusun intensivliyi, yoluxuculuğu ilə bağlı laborator və klinik tədqiqatlar aparılır.
Bir sıra tədqiqatlar keçən il dünyada koronavirusa təkrar yoluxmasının həddindən artıq nadir olması barədə hökm sürən fikirlərin indiyə qədər təsdiq olunduğunu göstərir.
The Lancet Infectious Diseases tibbi jurnalında dərc olunan araşdırmada bildirliridi ki, Nevada əyalətindən olan 25 yaşlı bir ABŞ sakini xəstəxanadan çıxandan ay yarım sonra yenidən koronavirusa yoluxub.
Alimlərin fikrincə, həmin xəstəyə iki fərqli SARS-CoV-2 virus növü yoluxub. Bundan əlavə, tədqiqatçılar koronavirus infeksiyasının təkrar baş verdiyi daha dörd hadisəni qeyd ediblər. Bu hadisələr Belçika, Hollandiya, Honq Konq və Ekvador qeydə alınmışdı. Tədqiqat müəllifləri, yeni növ koronavirusa yenidən yoluxmanın həqiqi sayının daha çox ola biləcəyinə inanırlar, çünki bir çox hallarda xəstəliyin simptomsuz gedişi səbəbindən düzgün diaqnoz qoyulmur.
Jurnalda dərc olunan məqaləni şərh edən ABŞ-ın Yel Universitetinin immunoloqu Akiko İvasaki deyib ki, təkrar infeksiya halları nə qədər çox məlim olsa, elmi ictimaiyyət qorumanın və immunitetin nə dərəcədə effektli olub-olmadığını anlayacaq. Mütəxəssis bildirib ki, bu məlumat, hansı peyvəndin fərdi və kütləvi immunitet təmin edə biləcəyini başa düşmək üçün açar olacaq.
Həmçinin İsrailli immunoloq, Hadassah Tibb Mərkəzinin şöbə müdiri, professor Yakov Berkun elmi araşdırma və klinik praktika əsasında xəstələnən və peyvənd olunanlar arasında yenidən yoluxma ehtimalının olduğunu deyib. Onun sözlərinə görə, koronavirusla iş təcrübəsi tədqiqatçılara xəstələnmiş və peyvənd olunmuş insanlar arasında yenidən yoluxma faizinin zamanla azalmadığını, təxminən 0,01% olduğunu iddia etməyə imkan verir.
Helthline.com internet nəşrinin məlumatına görə, Böyük Britaniyada 20 mindən çox səhiyyə işçisi üzərində aparılan araşdırma zamanı koronavirusa yoluxan 6600-tibb işçisindən yalnız 44-də təkrar (1 faizdən az) yoluxma baş verdiyi aşkarlanıb.
Məqalədə bu nəticənin Nyu-Yorkda Start Silfonun rəhbərlik etdiyi araşdırmanın nəticəsi ilə uyğun olduğu qeyd edilib. Həmin tədiqiqata ABŞ hərbi dəniz qüvvələrinin 6 mindən çox hərbçisi cəlb olunub. Əvvəl xəstələnən şəxslərdən 10 %-də təkrara yoluxma qeydə alınıb. Professor Silfonun fikrincə, əvvəllər xəstələnən insanlar özlərini daha ciddi qorusa da, təkrar yoluxma halı baş verir.
Rusiya Federal İstehlakçıların Hüquqlarına və İnsan Rifahı Sahələrinə Nəzarət Xidmətinin (Rospotrebnadzor) aparıcı mütəxəssisi Mixail Lebedev bildirib ki, koronavirusa təkrar yoluxma yalnız virus genomlarında fərq olduğu təqdirdə aşkar edilə bilər. Əks təqdirdə, bu birincili infeksiyanın təkrarıdır.
Amerikalı alimlərin 1 dekabr 2019 - 13 noyabr 2020-ci il tarixləri arasında 62 tibb müəssisəsində apardıqları araşdırma zamanı isə əvvəl koronavirusa yoluxanlardan yalnız 0.7%-də təkrar infeksiya halları qeydə alınıb. İngiltərə Səhiyyə Nazirliyinin məlumatına görə, pandemiya başlayandan 30 May 2021-ci il tarixinə qədər 15 min 893 təkrar infeksiya hadisəsi qeydə alınıb. Bu isə ölkədə ümumi yoluxmanın 0.4%-nə bərabərdir.
Bununla yanaşı, mütəxəssislərin əksəriyəti koronavirus infeksiyalarının statistikasında səhvlər olduğunu nəzərə alaraq təkrar infeksiyaların sayı barədə fikir yürütməyin yanlış olduğunu deyirlər.
Beləlklə, sadalanan faktlar dünyanda təkrar infeksiya hallarının 0,1 – 1 % arasında olduğunu göstərir.
Bu qənaətə gəlirik ki, deputatın açıqlaması əsasən doğrudur.