ABŞ-nin “Christian Post” nəşri növbəti dəfə Azərbaycanda dini etiqad azadlığının pozulduğu, ələlxüsus da xristian dini abidələrinin dağıdılması haqqında neqativ rəy yaradan, qərəz və böhtan xarakterli yazı dərc edib.
İddia olunur ki, Azərbaycanda xristianlara qarşı zorakılıq son bir ildə kəskin şəkildə artıb, xristian binalarının dağıdılması kimi hadisələr il ərzində üçdən yeddiyə yüksəlib. Minlərlə xristian dini əqidələrinə görə təqiblərə məruz qalaraq evlərini tərk etmək məcburiyyətində olub. Azərbaycan rəsmi olaraq dini etiqad azadlığının ciddi şəkildə pozulmasına görə xüsusi narahatlıq doğuran ölkə hesab olunur. “Xristianlara işgəncə verdiyinə görə Azərbaycanı məsuliyyətə cəlb etməyin vaxtı çatıb” deyə çağırış edilir.
Faktyoxla Lab. “Global Christian Relief”-in keçmiş prezidenti David Karrinin bu məqaləsindəki iddiaları araşdırıb.
İlk növbədə məqalə üçün seçilən fotodan başlayaq. Dağıntı fonunda dizləri üstə dua edən bir yaşlı kişinin fotosuna “Christian Post” “2020-ci ilin oktyabrında Azərbaycan tərəfinin raket hücumu nəticəsində qismən dağıdılılan Şuşadakı Qazançı kilsəsində bir nəfər ibadət edir” şərhi ilə dərc edib. Məsələdən (həqiqətdən) xəbəri olmayan sadə oxucular üçün ilk baxışda qeyri-adi heç nə yoxdur.
Bu fotonun çəkildiyi Qazançı kilsəsinin (ermənilər Kazançetsots adlandırırlar-red.) tarixi haqda araşdırmanı bir müddət əvvəl oxuculara təqdim etmişik deyə, bu mövzuya toxunamaycağıq.
Bizim məqsədimiz ermənilərin və erməni lobbisinin təsiri altında olan medianın son 5 ildə davamlı olaraq dezindormasiya kimi dövriyyədə saxladıqları Azərbaycanın Qazançı məbədini atəşə tutması və məqsədli dağıtması haqda xəbərə aydınlıq gətirməkdir.
Bu, Qazançı mədəbinin ötən əsrin ortalarında olan vəziyyətidir.
Bu foto isə 1992-ci il mayın 8-də Şuşa Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalından bir neçə gün sonra çəkilib.
Bu isə məbəddə işğaldan sonra ermənilər tərəfindən edilən dəyişikliklərdir:
Aşağıda təqdim etdiyimiz foto-skrinlərdə Şuşa şəhəri və ərazilərin 3 aprel 2020-ci ildə çəkilmiş peyk görüntüsüdür. (“Google Earth”-dan götürülüb)
Bu skrində Şuşa şəhəri də daxil olmaqla qeyd edilən tarixdə (məbədin atəşə tutulduğu gün) Ermənistan SQ işğalı altında olan ərazilər göstərilib.
Bu skrində Şuşa şəhəri göstərilib:
Bu fotolar isə məbəd atəşə tutulduqdan sonra ermənilər tərəfindən çəkilərək yayılıb. Burada fotoların üzərində yazılmış “Azərbaycan tərəfi” sözü yalnız istiqaməti göstərmək üçündür. Qeyd edək ki, həmin vaxtda Şuşadakı məbədə ən yaxın məsafə 70-80 km-dən az olmayıb.
Növbəti kadrlarda atəşin Azərbaycan tərəfindən açılmadığının sübutlarını görəcəksiniz.
Bu “dağılmış” məbədin iç görüntüsüdür:
Binanın içindən çəkilmiş bu şəkildə atəşin istiqamətinə diqqət edin:
Bunlar isə “mədəbin atəşə tutulması” səhnəsini hazırlayanların buraxdıqları texniki xətalardır:
Bu kadrların, yəni “məbədin bombalanmasını” ermənilər özləri lentə alıblar.
Qərar verməyə tələsməyin. İndi təqdim edəcəyimiz kadrları da ermənilər özləri çəkiblər:
Kadrlardan da görünür ki, Azərbaycan tərəfi məbədi deyil, onun arxasında yerləşən hərbi obyekti dəqiq nişan alıb.
Beləliklə, “Christian Post”-da dərc olunan məqalənin ilk cümləsi və əsas fotosu saxta məlumatlar əsasında hazırlandığını görürük.
1-ci iddia. “Global Christian Relief”in prezidenti D.Karri sözügedən yazıda iddia edir ki, guya Vüsal adlı gənci “İncil”i məktəbə gətirdiyi üçün döyüblər və pilləkənlərdən aşağı atıblar. Azərbaycanda xristian orta məktəb şagirdinə qarşı bu münasibət ölkədəki dini azlıqların üzləşdiyi təhlükələr barədə vəziyyəti xatırladır. “Bu hadisə xristianların getdikcə daha çox marginallaşdırıldığı, hücuma məruz qaldığı və susdurulduğu Azərbaycanda dini dözümsüzlüyün və zorakılığın daha geniş modelini əks etdirir”.
Bizim şərh: Vüsal adlı şagirdin orta məktəbə “İncil” gətirməsi və məktəblilər tərəfindən döyülməsi barədə söylənilənlər isə başdan-ayağa uydurma, heç bir əsası olmayan saxta məlumatdır. Azərbaycanın təhsil müəssisələrində, o cümlədən dini tədris müəssisələrində belə bir hadisə ümumiyyətlə olmayıb. Nə sosial mediada, nə də digər rəqəmsal media platformalarında bununla bağlı bir məlumata rast gəlinmir. Bu isə “google” axtarış sistemində Azərbaycan dilində çıxan nəticələrdir:
Həmin cümlənin rus dilində axtarışı da heç bir nəticə vermir. Erməni mediasından başqa heç bir nüfuzlu media təmsilçisi bu saxta məlumatı yaymayıb:
Birmənalı olaraq qeyd edirik ki, Azərbaycanda xristianların hücuma, milli mənsubiyyətinə görə təzyiqə məruz qalması, müxtəlif idarəetmə və fəaliyyət sahələrində ayrı-seçkiliyə yol verilməsi və dini inanclarına görə sıxışdırlması, susdurulması barədə ortaya atılan iddiaları da təsdiqedəcək heç bir fakt, hadisə, arqument yoxdur.
Azərbaycan Parlamentində, dövlət və icra hakimiyyəti orqanlarında, müxtəlif müəssisələrdə, elm, təhsil, səhiyyə, sosial, mədəniyyət, incəsənət sahələrində yüzlərlə xristian və yəhudi təmsil olunur. Bu faktları xristian icmasının tanınmış simaları, Rus Pravoslav Kilsəsinin arxiyepiskopları etiraf edirlər. Habelə ölkəmizdə dövlət və özəl sektorda, sahibkarlıq sahəsində saysız-hesabsız xristian inanclı azərbaycanlılar çalışır, məşğulluqda onların çəkisi kifayət qədər böyükdür. (mənbə)
2-ci iddia. Qarabağda xristian dini abidələri kütləvi dağıntılara məruz qalır. Sitat: “2023-cü ildə hesabatlar xristianlara və digər dini azlıqlara qarşı qorxunc zorakılıq səviyyəsini sənədləşdirdi. Məsələn, peyk çəkilişləri Azərbaycanın regionu hərbi yolla ələ keçirməsindən sonra Dağlıq Qarabağdakı erməni xristian obyektlərinin dağıdılmasını üzə çıxarıb. Kilsələrin, qəbiristanlıqların və məktəblərin qəsdən zədələnməsi və ya dağıdılması rejimin dini irsi sistematik şəkildə hədəf aldığını göstərir”.
Bizim şərh. Öncədən bildirək ki, dünyada qatı xristian təəssübkeşi və “xristianlara qarşı artan təqiblərin aparıcı səsi” kimi təqdim edilən David Karri ABŞ Konqresində qlobal dini azadlıq şəraitinin monitorinqi ilə məşğul olub, Beynəlxalq Dini Etiqad Azadlığı üzrə Birləşmiş Ştatların Komissiyasında (USCIRF) komissar kimi fəaliyyət göstərib. USCIRF hesabatlarında İslam ölkələri, o cümlədən Azərbaycan haqqında əsassız, yalan və iftira xarakterli materialları əks etdirməklə öz qərəzini nümayiş etdirib. Azərbaycana aid dini abidələrin ermənilər tərəfindən ağır vandalizm aktına məruz qalmasına göz yumaraq, təcavüzkar tərəfin guya dini təqiblərlə üzləşməsi haqqında saxtakar və riyakar rəy formalaşdırmağa çalışıb.
İslama açıq kin və nifrətini nümayiş etdirən David Karri adlı dini ekstremizm təşviqatçısının “Christian Post” nəşrində Azərbaycanı hədəfə alması, olmayan ağlasığmaz iddialar uydurması onun növbəti anti-islam xislətini bütün çılpaqlığı ilə üzə çıxarır.
“Christian Post”-un Qarabağda dini abidələrin kütləvi dağıntılara məruz qalması barədə fikirləri də açıq qərəz və həqiqətdən uzaqdır. Əksinə, Azərbaycan hökuməti 30 ildən çox erməni işğalı altında qalan torpaqlarını azad etdikdən sonra “Xristian irsimizi tanıyaq” adlı layihəyə start verməklə, xristian dininə aid olan və dövlət tərəfindən qorunan məbədlər, kilsələr və ibadətgahların təmir və bərpası işlərinə başlayıb.
1 oktyabr 2023-cü il tarixində Qarabağa səfər edən BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreevanın rəhbərliyi ilə BMT missiyası bu bölgədə, o cümlədən, ermənilərin vaxtilə kompakt yaşadığı ən böyük ərazi olan Xankəndidə mülki və ictimai infrastruktura, mədəni və dini obyektlərə heç bir ziyan dəymədiyini aktlaşdırıb və bunlar BMT rəsmi açıqlmasında öz əksini tapıb.
Qarabağa səfər edən xarici ölkələrin diplomatik korpus üzvləri erməni vəhşiliklərinin şahidi olublar.
Xarici qonaqların qeydə aldıqları faktlar da təsdiq edir ki, Azərbaycan xristian erməni dini abidələrini dağıtmayıb, əksinə Azərbaycana məxsus dini ocaqlar darmadağın edilib. Vaxtilə işğalda olan ərazilərində ümumi sayı 403 olan (67-si məscid, 144-ü məbəd, 192-si isə ziyarətgah) dini abidələr Ermənistan tərəfindən dağıdılaraq yerlə-yeksan edilib. Bu ərazidəki xristian abidələri saxtalaşdırılıb, Qafqaz Albaniyasına məxsus məbədlər erməniləşdirilərək qriqoryanlaşdırılıb.
Xudavəng, Gəncəsər məbədləri, Xocavəndəki pravoslav kilsələrinin, Laçın rayonundakı Ağoğlan monastırının adları ermənilər tərəfindən dəyişdiriib, özününküləşdirilib.
Azərbaycan Alban-udi xristian dini icması 2022-ci ildə azad olunmuş ərazilərdəki alban məbədlərini ziyarət edərkən erməni vandalizm ilə üzləşdikdən sonra bəyanat yayaraq Qarabağda tarixi alban məbədlərinin böyük bir qisminin ermənilər tərəfindən qriqoryanlaşdırıldığını, eyni zamanda, arxiv materialları və sənədlərin saxtalaşdırıldığını bildiriblər.
Ermənilərin bu vəhşiliyi Qərb ölkələrinin fotomüxbirləri tərəfindən lentə alınıb, dünya ictimaiyyətinə təqdim olunub.
Həqiqəti isə gizlətmək mümkün deyil, yüzlərlə, minlərlə maddi sübut, tarixi dəlillər ortadır. Azərbaycanın Xarici İşlər Nazirliyinin hazırladığı hesabatda Ermənistanın tarixi-dini abidələrimizə qarşı törətdiyi vandalizm aktları əsaslı foto-videofaktlar, sənədlərlə təsnifləşdirilib.
Ermənilərin saxtakarlığına, guya onların vaxtilə yaşadığı ərazilərdəki tarixi abidələrin Azərbaycan tərəfindən dağıdılması barədə yalanlarına, bu iftiraların hər biri konkret faktlarla ifşa edilib. Ermənilər zəbt etdikləri Azərbaycan kəndlərini, o cümlədən Xudavəng monastrını (Kəlbəcər) tərk edərkən özləri tarixi abidələri dağıdıblar və bu vandallığı Azərbaycanın üstünə atmağa çalışıblar. (Mənbə)
Yeri gəlmişkən, 2021-ci ildə ABŞ Dövlət Departamenti özü dünyada dini etiqad azadlığı ilə bağlı açıqladığı hesabatda ermənilərin Azərbaycanın işğal dövründə törətdiyi vandalizm aktlarına yer ayırıb. Hesabatda qeyd edilir ki, Ermənistan Azərbaycan ərazilərində mədəni-tarixi abidələrini total şəkildə dağıdaraq qarət edib, mədəni irsi dəyişdirməyə çalışıb. Hesabatda qeyd olunub ki, işğaldan azad edilmiş ərazilərə səfər edən diplomatlar, vətəndaş cəmiyyəti nümayəndələri və jurnalistlərin foto-faktları və əsaslı sənədləri əsasında, ermənilərin nəzarətində olduğu dövr ərzində təxminən 400 min azərbaycanlıya məxsus çox sayda məscid, ziyarətgah, məzarlıq daxil olmaqla, yüzlərlə dini irs abidəsi qarət olunması, vandalizmə məruz qalması öz əksini tapıb.
Belə məlum olur ki, David Karrinin “Christian Post”-da qələmə aldığı məqalədə qeyd edilən məlumatlar onun özünün araşdırması və arqumentləri əsasında deyil, erməni lobbisinə yaxın “Caucasus Heritage Watch” və “Freedom House”-a, “Horizonweekly”, eləcə də “Sputnik Ermənistan”ın “dəlilləri”nə istinad edilərək hazırlanıb.
Bütün bunlar onun və təmsil etdiyi qurumların açıq-aşkar erməni lobbisinin əlində oyuncaq olmasına işarədir. Hansısa erməni maqnatına məxsus anti-Azərbaycan nəşrində böhtan xarakterli media materialının fakt və ya arqument kimi məqaləyə daxil edilməsi obyektivliyin üstündən xətt çəkir və erməni lobbisinin maraqlarına xidmət kimi dəyərləndirilir. Yaxud Ermənistanın 30 ildən çox işğal dövründə Azərbaycanın maddi və mədəni irsinə qarşı törətdiyi cinayətləri hər zaman öz hesabatlarında ört-basdır edən, mütəxəssislərdən əksəriyyəti etnik erməni olan “Caucasus Heritage Watch”-un, habelə ABŞ ermənilərinin təşviqat aləti, vitse-prezidenti etnik erməni ilə evli olan “Freedom House”-un saxta arqumentlərinə əsaslanmaq riyakarlığın nümunəsidir.
Əgər dağıdılmış erməni dini abidələri deyilərkən bu faktlar nəzərdə tutulursa, ona da cavabımız var.
1-ci Fakt. Azərbaycanlılar Xankəndi yaxınlığındakı 50 metrlik xaç abidəsini uçurublar.
Məlumat üçün bildirək ki, bu məsələ ilk dəfə BMT-nin Beynəlxalq Ədalət Məhkəməsində Ermənistanın Azərbaycana qarşı qaldırdığı iddialarla bağlı dinləmələrdə səsləndirilib. Ermənistanı təmsil edən Linos-Aleksandr Sitsilianos bildirib ki, beynəlxalq konvensiya mədəni irsi qoruyur, lakin buna baxmayaraq, Azərbaycan Xankəndi yaxınlığında ucaldılmış erməni xristian xaçını uçurub.
Biz bu mövzunu araşdırarkən bəlli olur ki, doğrudan da 2017-ci ilin may ayında Xankəndi yaxınlığındakı Şuşa rayonunun Daşkənd (ermənilər Daşuşen adlandırırlar-red.) kəndindəki təpələrdən birində 50 metr hündürlüyündə “dəmir xaç” quraşdırıblar. Ermənilər Qarabağda həlak olmuş erməni terrorçuların şərəfinə ucaldıldığı deyilən bu “dəmir qurğuya” Avropanın ən hündür 2-ci “xaç abidəsi” adı verərək təbliğat aparıblar.
Məlum olur ki, Ermənistanın BMT-nin Beynəlxalq Ədalət Məhkəməsində qaldırdığı "Xankəndi yaxınlığında ucaldılmış erməni xristian “xaçının” sökülməsi" iddiası spekulyasiya faktıdır. "Xaç" formasında olan dəmir qurğu abidə deyil, Azərbaycan ərazisində qanunsuz fəaliyyət göstərən "Karabakh Telecom"-un ötürücü antenası imiş.
2-ci fakt. Söhbət Laçındakı “Müqəddəs Yüksəliş kilsəsi”nin sökülməsindən gedirsə, müəllif burada da qərəzli olduğunu və informasiya manipulyasiyasına yol verdiyini açıq-aşkar göstərir.
Məlumat üçün bildirək ki, Ermənistan Silahlı Qüvvələri Azərbaycanın qədim şəhəri olan Şuşa şəhərinin işğalından 10 gün sonra 18 may 1992-ci il tarixində Laçın rayonunu işğal edib, dinc insanları qətlə yetirib və etnik təmizləmə aparıb.1998-ci ildə ermənilər Laçın şəhər sakini, öz evindən qovulmuş Qubad İbrahimova məxsus evi sökərək, qeyd edilən kilsəni tikiblər. Foto-skrinlərdə 1988-ci ildə Azərbaycanın yerli hakimiyyət oqranları tərəfindən Qubad İbrahimova verilmiş sənədlərin surəti və ermənilərin tikinti aparmasını təsdiqləyən fotolar verilib:
Bu, Qubad İbrahimova verilmiş sənədlərin surətidir:
Bu isə həmin ərazidə inşası gözlənilən kilsənin yerinin fotosudur:
Bu da inşa olunan kilsənin fotosudur:
Faktlardan da göründüyü kimi, Laçında tikilən kilsənin 26 illik tarixi var və bu kilsə öz yurdundan qovulmuş bir şəxsin mülkiyyət hüququnun pozulması və daşınmaz əmlakının yerində təyinatından asılı olmayaraq qanunsuz şəkildə inşaatın aparılmasıdır.
3-cü iddia. Məqalədə 2024-cü ilin may ayında ABŞ-nin Beynəlxalq Dini Azadlıqlar üzrə Komissiyasının (USCIRF) Azərbaycanı “xüsusi narahatlıq yaradan ölkələr” sırasına daxil edildiyi bildirilir. Bundan əlavə, Komissiyanın Azərbaycanla bağlı yaydığı qərəz dolu hesabatından müəyyən sitatlar gətirilir.
Bizim şərh. Doğrudan da, ABŞ Dövlət Departamenti adıçəkilən hesabatında Azərbaycanı dini azadlıqların ciddi pozuntusuna yol verən ölkələrin (Xüsusi nəzarət olunan) xüsusi siyahısına daxil edib. Hesabat, ümumi olaraq “Azərbaycanda dinə dövlət nəzarəti” kimi təqdim olunur və “dini etiqad azadlığına hörmət və insan hüquqları”, “dini etiqad azadlığına dair qanunvericilikdə məhdudiyyətlər”, “Dağlıq Qarabağda dini yerlərə baxış”, “şiə müsəlmanlarına qarşı təzyiqlər” kimi bölmələr üzrə təsnifatlandırılıb.
Lakin burada ciddi bir məqam var idi ki, onu xatırlamağı lazım bilirik. Hesabatın Azərbaycana aid hissəsi ABŞ Beynəlxalq Dini Azadlıq Komissiyasının İctimaiyyətlə və Konqreslə Əlaqələr üzrə rəhbəri, Livanın Los Ancelesdəki və San-Fransiskodakı konsulluğunun əməkdaşı Daniella Saroyan Aşbaxyan tərəfindən hazırlanıbmış.
Livan əsilli erməni olan xanım Aşbaxyan Azərbaycana qarşı daim düşmən mövqe sərgiləyən Amerika ermənilərinin milli assambleyasının (AAA) rəhbər şəxslərindən biri olub. Cənubi Kaliforniya Universitetində diplomatiya üzrə tədqiqatlar ixtisasına yiyələnmiş D.Aşbaxyan Avropa və fransız hüququ üzrə də ixtisaslaşıb.
O, Amerika ermənilərinin Assambleyasının (AAA) kommunikasiya üzrə rəhbəri təyin edildikdən sonra “erməni soyqırımı”nın təşviqində, çap və rəqəmsal kommunikasiyaların idarə olunmasında xüsusi səylər göstərib, Azərbaycan və Türkiyəyə qarşı düşmənçiliyi və nifrəti təbliğ edən “armenia360” veb-saytının açılmasında bilavasitə əsas rol oynayıb, beynəlxalq ictimai institut və fondlarla əlaqəni gücləndirərək saxta erməni tarixinin təşviqatını yayıb.
O, Vaşinqtondakı Müqəddəs Məryəm Erməni Apostol Kilsəsinin fəalıdır və erməni dini abidələrinin təəssübkeşi kimi beynəlxalq paltformalarda çıxış edir. Ona görə də, onun Qarabağdakı erməni “dini irsinin dağıdılması” kimi həssas mövzuya və ABŞ-nin dini hesabatının Azərbaycan bölməsini hazırlamasına cəlb edilməsi də təəccüblüdür. Bu cür türkəfob bir şəxsiAzərbaycanla bağlı obyektiv materiallar toplaması şübhə doğurmaya bilmir.
Onun ABŞ Dövlət Departamentində və Konqresdə Azərbaycan və Türkiyənin əleyhinə fəaliyyət göstərən senatorlar, o cümlədən, qondarma erməni soyqırımı qətnaməsinin müəllifləri olan Frank Pallone, Quis Biliraks, Ted Cruz, Bob Menendez, Cessika Speyer, Adam Şiff, Katarine Klark və digərləri ilə sıx əlaqələri anti-Azərbaycan mövqeyini ifadə etməyə kifayət edir.
Ümumiyyətlə, Aşbaxyanın Azərbaycan qarşı daim qisasçılıq və düşmənçilik ovqatını sübut edəcək yüzlərlə faktlar vardır ki, onları sadalamağa ehtiyac duymuruq.
Məsələ ondadır ki, ABŞ hökumətinin belə bir ciddi dövlət sənədini D.Aşbaxyan kimi qərəzli və maraqlı tərəf olan şəxsə həvalə edilməsi açıq-aşkar qanunsuzluq idi. Bunu “Foreign Influence laws”-ın rəyi də təsdiqləyirdi. Onların rəyinə görə, başqa ölkədə çalışan bir şəxsin ABŞ Dövlət Departamentində işləyərək bu dövlətin xarici siyasətinin müəyyənləşməsində iştirakı birbaşa qanun pozuntusudur.
Görünür elə bu səbəbdən D.Aşbaxyanın adı komissiyanın əməkdaşları siyahısından çıxarılıb.
Qeyd edək ki, David Karrinin də Komissiyanın komissarı kimi fəaliyyəti elə Azərbaycana qarşı hazırlanan bədnam hesabatdan sonra yekunlaşıb.
4-cü iddia. Məqalədə 2024‒2025-ci illərdə xristianlara qarşı təzyiqlərin artdığı, xristian abidələrinin söküldüyü, xristianların öz evlərini tərk etmək məcburiyyətində qaldığı qeyd olunur. Bundan başqa şiə müsəlmanlara və “Yehova şahidləri” icmasına qarşı təqiblər olduğu iddia edilir.
Bizim şərh. Görünür müəllif 2023-cü ildə erməni lobbisinin yaydığı saxta xəbərlərin təsir dairəsindən çıxa bilməyib və hələ də elə düşünür ki, ermənilərin Azərbaycanın Qarabağ iqtisadi rayonunu könüllü şəkildə tərk etməsi hələ də davam edir və bu könüllü tərketməni “etnik təmizləmə” manipulyasiyası ilə təqdim etmək mümkündür. Birmənalı olaraq qeyd edirik ki, son iki ildə nəinki xristian, eləcə də digər konfessiyaların nümayəndələri, etnik qrup təmsilçiləri Azərbaycanı kütləvi şəkildə tərk etməyiblər. Müəllif ümumi olaraq yeddi faktın baş verdiyini desə də, konkret bir sənəd, sübut gətirmədən məsuliyyətsiz fikirlər səsləndirir.
Əvvəlcə şiə-müsəlmanlarla və “Yehova şahidləri” ilə bağlı faktlara aydınlıq gətirək, sonra dövlətin digər dini konfessiyalara olan münasibətinə toxunarıq.
Müəllifin məqsədli şəkildə təfriqə salmaq istədiyi mövzu şiə-müsəlmanlara qarşı təqiblərin olmasıdır. Əminliklə bildiririk ki, David Karrinin toxunduğu bu mövzu ABŞ-nin Dini Komissiyasının hesabatından götürülüb. Həmin hesabatda Müsəlman Birliyi Hərəkatının üzvlərinə qarşı təqib və həbs qərarları barədə qeyd yer almışdı. Hesabatda adları hallandırılan şəxslərin həbsinin dinlə, vicdan azadlığı ilə heç bir əlaqəsi yoxdur, həmin şəxslər qonşu dövlətlərdən birinə casusluqda və terrora cəhddə ittiham olunaraq əsaslı dəlillər əsasında məhkəmə qərarı əsasında həbs olunublar.
Və yaxud həmin hesabatda adları hallandırılan şəxslərin, konkret olaraq Ağəli Yəhyayev, Əhsən Nuruzadə və digərlərinin həbsində din, vicdan azadlığı ilə heç bir əlaqəsi yoxdur, həmin şəxslər konkret olaraq müxtəlif motivlər, o cümlədən narkotika satışı üzrə ittiham olunaraq əsaslı dəlillər əsasında məhkəmə qərarı əsasında həbs olunublar.
Yehova şahidlərinə” gəlincə, ötən il yayılan hesabatda Azərbaycan müvafiq cərəyanlarda təmsil olunan şəxslərin etiqad azadlığına və dini inanclarına görə hərbi xidmətdən imtina etməsinə izn verməməkdə ittiham edilirdi. Ələlxüsus da “Yehova Şahidləri” təriqətinin üzvlərinin hərbi xidmətdən imtinaya görə cəzalandırılmasını irad bildirir. Bununla bağlı Azərbaycan hökuməti bir neçə dəfə konkret açıqlama verib. Azərbaycan qanunvericiliyində etiqad və inancına görə, hərbi xidmətdən möhlət hüququnun verilməsi nəzərdə tutulmayıb. Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsinin I hissəsinə əsasən, Vətəni müdafiə hər bir vətəndaşın borcudur. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 3.1 və 3.2 maddələrinə əsasən, 18 yaşına çatmış və sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı hər bir kişi cinsli vətəndaşı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və ya Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə bu Qanunla müəyyən edilmiş qaydada müddətli həqiqi hərbi xidmət keçməlidir.
Möhlət hüququ yalnız fiziki sağlamlığında və əqli-psixoloji durumunda qüsurları olan çağırışçılara şamil olunur ki, bunu da həkim-ekspert komissiyası müəyyən edir. “Dini etiqad azadlığı haqqında” Qanunun 4-cü maddəsinə əsasən, dini mənsubiyyətindən asılı olmayaraq şəxslərin hüquq bərabərliyi vardır və öz dini əqidəsinə görə heç kəs qanunla müəyyən edilmiş vəzifələrin icrasından imtina edə və ya boyun qaçıra bilməz.
Son illərdə Azərbaycanda digər dini konfesisiyalarla bağlı dövlətin gördüyü işlərə nəzər sala bilərik.
1) Xristianların məşğulluqda ayrı-seçkilik, sosial təcridlə üzləşməsi barədə deyilənlər də iftiradır. Azərbaycanın bütün bölgələrində, habelə paytaxt Bakıda yaşayan xristianlar azərbaycanlılarla eyni hüquq və bərabər şəraitdə çalışır, əmək və məşğulluq imkanları qorunur. “Məşğulluq haqqında” Qanunun 8.0.4-cü maddəsinə əsasən, dövlətin məşğulluq sahəsində əsas vəzifələrindən biri kimi irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənsubiyyətindən asılı olmayaraq bütün şəxslərə əmək və məşğulluğu sərbəst seçmək hüququnun həyata keçirilməsində bərabər imkanların təmin edilməsi nəzərdə tutulub.
Dövlət başçısının 2018-ci il 30 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2019–2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası”nda (Əmək bazarında mövcud vəziyyət və inkişaf meyliləri) irqindən, etnik mənsubiyyətindən, dinindən və dilindən asılı olmayaraq işsizlərin, işə düzəlməkdə çətinlik çəkən şəxslərin sosial müdafiəsinin gücləndirilməsi, əmək bazarına inteqrasiya olunması, aktiv məşğulluq tədbirlərinə cəlb olunması istiqamətində tədbirlər öz əksini tapıb.
2) Yerli protestant icmalarının nəzdində Xristianlığın əsaslarını öyrədən, “İncil”i tədris edən müxtəlif istiqamətli dini tədris ocaqları da (“Alfa” kursları, “Şənbə və Bazar günü məktəbləri”, “Bibliya Kolleci”, “Ruhani xidmət” və “Həmd məktəbləri”) fəaliyyət göstərir. Misal üçün, “Yehovanın şahidləri” təriqətinin Qaradağ və Yasamal rayonu ərazisində iki ibadət evi mövcuddur. Bu dini icma tərəfindən mütəmadi olaraq regional yığıncaqların keçirilməsi üçün lazımi şərait yaradılmış və hüquq mühafizə orqanları onların təhlükəsizliyini təmin edir.
Yəhudilər öz milli-dini bayramlarını maneəsiz qeyd edir, yəhudi uşaqları da bərabərhüquqlu Azərbaycan vətəndaşları kimi təhsil alırlar. (Azərbaycan Respublikası Hökumətinin Avropa Şurasının “Milli azlıqların müdafiəsi haqqında Çərçivə Konvensiyası” üzrə Beşinci Dövri Məruzəsi. səh. 26-27).
3) Əhalisinin böyük əksəriyyəti İslam dininə etiqad edən Azərbaycanda bütün başqa dinlərə olduğu kimi, Xristian dininə və İudaizmə , digər təriqətlərə də böyük hörmətlə yanaşılır, kilsə, monastr, məbəd, sinaqoq və digər dini abidələr dövlət tərəfindən təmir edilir.
Xristianlığa aid “Mixail-Arxangel” pravoslav kilsəsi dövlət tərəfindən restavrasiya olunub. 2001-ci il mayın 25-də Moskva və Ümumrusiya Patriarxı II Aleksiy Mixail-Arxangel kilsəsinə baş çəkərək burada dua mərasimini həyata keçirib. Müqəddəs Mürdaşıyan Zənənlər Kafedralı və ya “Jen Mironosits” pravoslav kafedral kilsəsi də dövlət tərəfindən mühafizə olunur. Bakı və Azərbaycan Yeparxiyasının mərkəzi olan kilsədə pravoslav məzhəbinə etiqad edən dindarların ehtiyacları ödənilir. 1990-cı ildə qanlı Yanvar hadisələri zamanı kilsənin dam örtüyünə iki mərmi düşən kilsədə bərpa işləri aparılıb, Moskvanın və bütün Rusiyanın Patriarxı II Aleksinin Azərbaycana səfəri zamanı 27 may 2001-ci il tarixdə bu məbədi müqəddəs elan edib.
“Bakirə Məryəmin Məsum Hamiləliyi” şərəfinə kilsə də xristianların müqəddəs məkanı kimi hər bir ziyarətçiyə açıqdır. Bu kilsədə pravoslav ədəbiyyatı ilə zəngin kitabxana, uşaqlar üçün bazar günü məktəbi, həmçinin xeyrat yeməkxanası fəaliyyət göstərir.
Eləcə də “Müqəddəs möcüzəvi Nikolay” kilsəsi, Gürcü pravoslav kilsələri, Müqəddəs Georgi kilsəsi, Müqəddəs Nino kilsəsi, “Müqəddəs Üçlük” kilsəsi və ya “Müqəddəs Sameba” kilsəsi, “Müqəddəs Mixeyil kilsəsi”,
Alban Udi kilsələri, Müqəddəs Yelisey adına “Cotari” Kilsəsi, “Müqəddəs Məryəm Ana” Alban kiləsi, Müqəddəs Yelisey adına “Kala” (Böyük) Kilsəsi,
Katolik kilsəsi, “Şəfaətçi İsa Məsih” kiçik katolik kilsəsi, Lüteran kilsəsi, digər dini ocaqlar Azərbaycan dövlətinin dinlərə olan ehtiramını əks etdirir.
Azərbaycan hökuməti davamlı olaraq həmin kilsə və dini abidələri əsaslı təmir edir, büdcədən dini icmalara pul ayırır, onların ehtiyacları üçün zəruri dəstəyini göstərir.
2003-cü il martın 24-də Bakıda Rus Pravoslav Kilsəsinin yenidən tikilmiş baş kafedral kilsəsinin açılışı və birbaşa Ulu öndər Heydər Əliyevin iştirakı xristian ibadətgahlarına olan böyük ehtiramın nümunəsidir.
Yaxud, “Xilaskar" kilsəsi kimi tanınan Bakıdakı alman lüteran kilsəsinin Prezident İlham Əliyevin 15 mart 2010-cu il tarixli Sərəncamı əsasında 1 milyon manat vəsait hesabına əsaslı təmiri, dövlət başçısının həmin ilin dekabrında kilsə binasının açılışında iştirakı qədim xristian dini-tarixi memarlığının qorunmasına xüsusi qayğısını nümayiş etdirir.
Gəncədəki Aleksandr Nevski Rus Pravoslav kilsəsinin 2017-ci ildə dövlət tərəfindən təmir edilməsi, davamlı olaraq dövlətin bu dini abidəyə diqqət ayırması, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Gəncədə Aleksandr Nevski adına Rus Pravoslav kilsəsində olmaları xristian dininə olan yüksək hörmətin nümunəsidir.
4) Azərbaycan təkcə ölkə ərazisində deyil, eləcə də xarici ölkələrdəki dini abidələrə qarşı hər zaman sayğı və diqqətini nümayiş etdirib. Misal üçün, Heydər Əliyev Fondu “Tolerantlığın ünvanı - Azərbaycan” layihəsi çərçivəsində Azərbaycanın sərhədlərindən kənarda dini-tarixi abidələrin bərpasını həyata keçirib. XIV əsrdə salınmış vitraj şüşələrinin üzərində Müqəddəs Məryəm və İsa Peyğəmbərin həyatına aid lövhələr əks olunmuş Strasburq Kafedral Kilsəsinin vitrajlarının bərpası, X-XII əsrlərdə Fransanın Orn, Kurjust, Revayon və Mal yaşayış qəsəbələrində yeddi kilsənin bərpasına maliyyə yardımı, İkinci Dünya müharibəsi illərində dağıdılmış və yandırılmış Berlin Qəsrinin bərpası ilə əlaqədar başlanan ianə kompaniyasına Heydər Əliyev Fondunun töhfəsi, Romanın Kapitolini Muzeyinin "Filosoflar zalı"nın təmir edilməsi, 2012-ci ildə Heydər Əliyev Fondu tərəfindən Parisin Luvr Muzeyində İslam incəsənətinə həsr olunmuş yeni zalların yaradılması, elə həmin il Heydər Əliyev Fondu ilə Müqəddəs Taxt-Tac arasında "Roma katakombalarının bərpasına dair ikitərəfli saziş"in imzalanmasını və Müqəddəs “Marçellinio” və “Pietro” katakombalarının bərpa edilməsini və digər onlarla faktı misal göstərə bilərik.
Notr-Dam kilsəsinin təmiri ilə əlaqədar maliyyə vəsaiti ayırıb.
2024-cü ilin sentyabrında Vatikan şəhəri dövləti üzrə qubernatorluğu ilə Heydər Əliyev Fondu arasında Müqəddəs Pavel Bazilikasında (Basilica of Saint Paul Outside the Walls) bərpa işlərinə dair müqavilə imzalanıb. Vatikanın ən böyük abidələrindən biri olan və 1980-ci ildən UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilən Müqəddəs Pavel Bazilikasının təmirinə xüsusi dəstək Heydər Əliyev Fondunun bəşəri əhəmiyyət daşıyan tarixi abidələrin bərpasına verdiyi davamlı töhfələrdən biridir.
5) Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə hər il Azərbaycanda dini konfessiyaların fəaliyyətini dəstəkləmək, habelə dinlərarası həmrəyliyin daha da inkişaf etdirmək məqsədilə dövlət büdcəsindən dini qurumlara, o cümlədən, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasına, Bakı şəhəri Dağ yəhudiləri dini icmasına, Avropa yəhudilərinin Bakı dini icmasına, Sefarad yəhudilərinin Bakı dini icmasına, Katolik Kilsəsinin Apostol Prefekturası dini qurumuna, Alban-Udi xristian dini icmasına əhəmiyyətli məbləğlərdə maliyyə vəsaitləri ayrılır. Həmin maliyyənin bir hissəsi xristian icmalarının dini etiqadlarını daha rahat həyata keçirməsi üçün müvafiq ləvazimat və vəsaitlərin alınmasına yönəlir ki, bu da Azərbaycan dövlətinin başqa dinlərə olan yüksək etimadını nümayiş etidirir.
6) Azərbaycanda bütün dinin nümayəndələrinə qarşı ən yüksək səviyyədə xüsusi hörmət və mehriban münasibətin göstərilməsi dünyanın dini liderləri, Roma Papası tərəfindən dəfələrlə bəyan edilib. 2016-cı ildə Azərbaycana səfər edən Papa Fransisk davamçılarının dünyada sayca az olan Katolik Kilsəsinin Azərbaycanda fəaliyyətini sevinc hissi ilə bölüşüb, kilsənin hüquqi şəxs kimi tanınmasını Azərbaycanda katolik icmasının həyatındakı sabitlik nümunəsi kimi dəyərləndirib.
Dünyada xoş ənənəyə çevrilən Dini Liderlərin Bakı sammitlərində iştirak edən dünya və ənənəvi dinlərin liderləri, nüfuzlu dini mərkəzlərin başçıları-patriarxlar, Vatikan və Əl-Əzhər rəsmiləri, müxtəlif qitələri, konfessiyaları və dünya miqyasında tanınmış görkəmli din və ictimaiyyət xadimləri Azərbaycanın bütün din nümayəndələrinin qardaşlıq mühitində yaşamalarını alqışlayıblar. 2024-cü il noyabrın 5-6-da keçirilən növbəti tədbirdə - Dünya dini liderlərinin III Sammitində xristian, yəhudi din xadimləri Azərbaycanı ən təhlükəsiz və sabit, dini və bəşəri dəyərlərə hörmət, mərhəmət edən ölkə kimi səciyyələndiriblər.
7) Bu yaxınlarda ölkəmizə səfər etmiş Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerin nümayəndə heyətinin üzvü, Xristian Demokratlar İttifaqından (CDU) olan siyasətçi Armin Laşet X sosial şəbəkəsindəki paylaşımında qeyd edib ki, Azərbaycanda əsil dini dostluq və qardaşlıq mühiti mövcuddur, yəhudilər, xristianlar və müsəlmanlar arasında birgə həyat əsl nümunədir.
Belə mövqe və rəylərin sayı yüzlərlədir. Azərbaycanda dinlər arasında qarşılıqlı etimad mühitinin möhkəmlənməsinin nəticəsidir ki, bərabər fəaliyyət göstərən dini icmaların sayı artır. Hazırda ölkəmizdə 16 kilsə, 7 sinaqoq, 23 xristian dua evi, 1 bəhai, 1 krişna ibadətgahı mövcuddur. Qeydiyyatdan keçmiş dini qurumların sayı 1003-ə çatıb ki, onların 957-si İslam, 27-si Xristian, 8-i Yəhudi, 2-si Bəhai, 1-i isə Krişna Şüuru dini icmaları tərəfindən təsis olunub.
Bu tarixi fakt və dəlillər bir daha çoxmillətli, çoxkonfessiyalı Azərbaycanın tarixi-mədəni irsin, milli-mənəvi dəyərlərin qorunması, o cümlədən xristian dini ibadət yerlərinin və maddi-mədəniyyət abidələrinin bərpası, mühafizəsində niyyət və məramını əks etdirir.
Bütün bunların müqabilində Azərbaycan dövlətini xristian dini abidələrinə qarşı zorakılıqda ittiham etmək “Christian Post”un sifariş əsasında dini ayrı-seçkilik yaratmaq və dinlərrası təfriqə, nifaq salmaq niyyətlərini nümayiş etdirir.