Son illərdə ali məktəblərə buraxılış və qəbul imtahanlarında abituriyentlərə verilən test tapşırıqları ilə bağlı narazılıqların artmasını müşahidə edirik. Abituriyentlər test sualları və tapşırıqlarının daha çox Dövlət İmtahan Mərkəzinin və onunla əməkdaşlıq edən müxtəlif hazırlıq kurslarının dərc etdiyi vəsaitlər əsasında tərtib edildiyini, orta məktəbdə tədris edilən dərs vəsaitlərinin isə arxa plana keçirildiyindən narazıdırlar.
Belə halların praktiki olaraq DİM-in dərslik siyasətinə müdaxilə etməsində görmək mümkündür. Məsələn, Dövlət İmtahan Mərkəzi bu günlərdə 2023-cü ildə ali məktəblərə III ixtisas qrupu üzrə ədəbiyyat fənnindən imtahan verəcək abituriyentlərə müraciət edərək bildirib ki, həmin fənn üzrə qəbul proqramına daxil edilmiş C.Məmmədquluzadənin “Anamın kitabı”, C.Cabbarlının “Oqtay Eloğlu”, İ.Əfəndiyevin “Xurşidbanu Natəvan”, S.Vurğunun “Vaqif” əsərlərinin və “Koroğlu” eposundan “Həmzənin Qıratı qaçırması” qolunun dərslikdə verilməyən hissələrindən də test tapşırıqları tərtib olunacaq. mənbə
Yəni, bu o deməkdir ki, şagirdlər 11-ci sinif ədəbiyyat dərsliklərdəki müxtəlif hissələrlə verilmiş həmin əsərləri bütöv şəkildə əldə edərək oxumalıdır. Buraxılış imtahanlarına 3-4 ay qalmış belə bir tapşırıq verilməsi nəyə əsaslanır və nə qədər doğrudur? Faktyoxla Lab. bu yöndə araşdırma aparıb.
Əvvəlcə, tövsiyyə olunan əsərlərin siyahısına diqqət edək. C.Məmmədquluzadənin “Anamın kitabı” başadüşüləndir, ideya-məzmun baxımdan hər bir şagirdin bu əsəri bütöb oxuması tövsiyə olunandır. Ancaq İlyas Əfəndiyevin 65 səhifəlik pyesini, 96 səhifəlik “Oqtay Eloğlu”nu, 88 səhifə həcmində “Vaqif” dramını, yaxud digər 50-60 səhifəlik pyesi, ələlxüsus da “Koroğlu” dastanında “Həmzənin Qıratı qaçırması” qolunu bütöv şəkildə şagirdlərə yükləmək bu qədərmi vacibdir?
Hüseyn Cavid, M.Ə.Sabir, İsmayıl Şıxlı, Əhməd Cavad kimi korifeylərin milli vətənpərvərlik, tarixilik, azərbaycançılıq və türkçülük ideologiyasının təbliğ edən əvəzolunmaz əsərlərinin üstündən keçmək, M. Şəhriyarın “Türkün dili” şeirini 8-lik sriftlə 4-5 bənd təqdim etməklə nə əldə edilir? “Koroğlu” dastanında “Həmzənin Qıratı qaçırması” qolunun sətirbə-sətir şagirdə mənimsədilməsi indiki şəraitdə, yəni şagirdlərin ağır dərs yükü ilə gərgin vəziyyətə salındığı halda əlavə yük deməkdir. Ən əsası isə budur ki, həmin qolun əsas məzmunu barədə dərslikdə lazımi bilgi verilib. mənbə
Həmin qolu tam oxumağın test tapşırığı ilə nə bağlılığı var? Mahmud paşanın qızı Dona xatunun pəncərənin önündə durub Həmzənin gün işığında bərq vuran keçəlinə tamaşa etməsinin əsərin ideya-bədii xəttinə və məzmununa nə aiddiyyatı var? Yaxud, paşanın məclisində oturanların şərab içmə və keflənmə epizodunu şagirdin bilib-bilməsinin nə mənası var? Məgər testə bu cür bəsit epizodlardanmı suallar düşür ki?
Əhməd Cavadın milli kimliyimizi, Azərbaycan türklüyünün ideologiyasını, Vətənpərvərliyini əks etdirən ciddi əsərləri var. “Haqq bağıran səs”, “Çırpınırdı Qara dəniz”, “Ey əsgər”, “Qalx”, “Şəhidlərə”, “Mən kiməm”, “Marş”, “Türk ordusuna” və s. möhtəşəm əsərlərini arxa plana keçirib, “Səsli qız” əsərinin verilməsi hansı ideya-bədii məzmun keyfiyyətləri, ədəbi-bədii və millilik baxımından düzgündür?
Həmin dərslikdə digər pyes və əsərlərin də tam mətninin hesablayanda ən azı 1000 səhifəlik ədəbiyyat yaranır. Bu, təkcə, bir fənn üzrədir. mənbə
Bir şagirdin universitetə hazırlaşmaq üçün 5 fəndən, hər fənnin isə 5-11-ci sinif dərsliklərini nəzərə aldıqda 30-35 kitab tələb olunur. DİM-in hər fənn üzrə 600-700 səhifəlik vəsaitlərini ( bir DİM vəsaiti 2 orta məktəb dərsliyinə bərabərdir) də bura əlavə etsək, 45-50 kitab oxumaq lazımdır. Hər kitabı orta hesabla 400 səhifə nəzərə aldıqda 20 min səhifə edir. Bir şagird mətni və tapşırğı mənimsəmək şərtilə ən yaxşı halda gün ərzində 30 səhifə oxuya bilər. Bu halda ona, 667 gün, yəni 2 il lazımdır. Təkcə bir dəfə oxumaq üçün. Məlumdur ki, istənilən şagird mətni ən azı 3-4 dəfə təkrarlayır ki, materialı normal başa düşsün, mənimsəsin. Bu isə 7-8 il vaxt deməkdir.
Hər kəs bilir ki, test sulları Təhsil Nazirliyinin dərslikləri əsasında deyil, DİM-in vəsaitləri əsasında hazırlanır. Ancaq, həmin dərs vəsaitləri olduqca mürəkkəb, ağır dildə tərtib edilir. DİM-in hazırladığı “Tarix” vəsaitlərində tarixi hadisələr, proseslər, xronologiya o qədər mürəkkəb və dolaşıq verilir ki, şagird yox, heç onu hazırlayan fəlsəfə doktorları bu xronologiyanı unudur. Məsələn, Makedoniyalı İskəndərin fəthləri zamanı hansı çayın kənarında və saat neçədə yatması, havanın soyuq və ya isti olması, İskəndərin hansı yeməyi yeməsi, hansı yeməkdən xoşunun gəlməməsi, hansı rəngdə ayaqqabı geyinməsi, bir döyüşdə səhrada neçə dövrə vurması, sərkərdələrinin bir-bir adlarının qeyd edilməsi şagirdə nəyə lazımdır?
Başqa bir misal. DİM-in nəşrində Çar Rusiyasında təhkimçilik hüququnun ləğvi, Zemstvo islahatları barədə hədsiz ağır və yorucu dildə mətnlər yerləşdirilib. Eləcə də digər tarixi hadisələr haqqında lüzümsuz epizodların sayı kifayət qədər çoxdur. (Mənbə, DİM. “Tarix” test toplusu 1-ci Hissə. 2021-ci il).
Bu cür nöqsanları DİM-in digər fənnlər üzrə test toplularında da görmək olar. Məsələ ondadır ki, DİM özünü nümunəvi göstərərək test sualları hazırlayan şəxslərə müraciət edərək bildirir ki, test tapşırıqlarının mövzusu qəbul proqramı və dərsliklər çərçivəsindən kənara çıxmamalıdır. Test tapşırıqları orta ümumtəhsil məktəblərində tədris olunan təhsil proqramında yer alan və müvafiq fənnin təlim nəticələrində əks olunan bilik və bacarıqların yoxlanılmasına xidmət etməlidir. mənbə
Dərsliklərdəki digər nöqsanlardan biri şriflətinin ölçüsünün hədsiz kiçik olmasıdır. Elə mətn var ki, 8-8,5-lik şriflə verilir, hətta bəzən 7-lik şriftdən istifadə olunur, normal sağlam görmə qabiliyyəti olanlar hərfləri höccələyə-höccələyə oxuyur. Dərslik şrifti ən azı 10-luq olmalıdır ki, şagirdlər normal oxuya bilsin.
Diqqət edin, 11-ci sinif “Azərbaycan tarixi” dərsliyidir, dərsliyin mətnləri kiçik şriftlərə verildiyindən oxumaq çox çətindir. 10-cu səhifədə Qacarlar dövlətinin xəritəsi verilib və xəritənin aşağı hissəsində Azərbaycan xanlıqlarının coğrafi sərhədləri barədə məlumat verilib. Bu məlumatı oxumaq üçün ancaq lupa və ya dördlük eynək lazımdır. Yaxud, səh 11-də İrəvan xanlığı haqqında mətnin şriftləri o qədər qarışıqdır ki, şagirdin gözü yorulur. Digər mətnlərin bir çoxu eynidir.
Bu cür halları əksər kitablarda görmək mümkündür. Mətnlərin sriftinin kiçildilməsində məqsədin nə olduğunu anlamaq çətin deyil. Dövlət büdcədən lazımı qədər vəsaiti ona görəmi ayırır ki, dərsliklər bu səviyyədə tərtib olunsun?
Yaxud, dövlət vergi güzəştləri ilə dərslik nəşri ilə məşğul olanlara dəstək verir, bu sahənin inkişafına nail olmaq istəyir. Vergi Məcəlləsinə edilən dəyişikliklərə əsasən, 2022-ci ildən dərsliklərin çapı və idxal olunan kağız ƏDV-dən azad edilib. Belə çıxır ki, bu güzəştlərdən hansısa nəşriyyat və mətbələrlə hansısa qrupun öz test biznesini inkişaf etdirmək üçün yararlanmağa çalışır?
Ən böyük problem odur ki, hər il “yeni” nəşr olunan test tapşırıqlarının əvvəlkinin kopiyası olmasıdır, kitabda sadəcə bir neçə şəkil və səhifə yerləri dəyişdirilməklə, mətn və tapşırıqlar oxşar olmaqla təkrar çap olunur. Bəzən “müəlliflər” dəyişdirilir və 400 səhifəlik test tapşırığının yalnız 40-50 səhifəsində kiçik dəyişiklik edilir. Ancaq ümumi yanaşdıqda həmin kitabların hamısı əvvəlki məzmun və forma əsasında tərtib olunur. Bir fənn üzrə DİM-in il ərzində “dəyişən 2-3 kitabını” nəzərə aldıqda 5 imtahan fənni üzrə ümumilikdə 15-ə yaxın kitaba ehtiyac var. Demək bir şagird il ərzində bu kitablara ən azı 150 manat pul xərcləməlidir. Ölkəmizin ümumtəhsil müəssisələrində təhsil alan şagirdlərin sayı 1,5 milyon nəfərdir, təkcə, 8-11-ci siniflərdə 550 min şagird təhsil alır. Onların 40-50 faizinin ali məktəblərə hazırlaşdığını nəzərdə aldıqda bu, 270 min şagird, yaxud abituriyent deməkdir. Bir şagirdin bir ildə DİM-in dərs vəsaitlərinə xərclədiyi orta rəqəmi, yəni 150 manatı hesabladıqda (270.000 *150) təxminən 40,5 milyon manat vəsait alınır.
Bundan başqa, dövlət hər il dərsliklərə milyonlarla manat pul xərcləyir. 2023-cü ildə dövlət büdcəsindən təhsil sektoruna 4 milyard 423,1 milyon manat vəsait ayrılıb. Bu, 2022-ci ilə nisbətən 536,5 milyon manat və ya 13,8 faiz çoxdur. Təkcə ümumtəhsil məktəblərində şagirdlərin 2023/2024-cü tədris ilində təxminən 300 adda 8 milyon nüsxə pulsuz dərsliklərlə təmin olunması və metodiki vəsaitlərin alınması üçün 21,5 milyon manat vəsait ayrılıb. Bu istiqamətdə digər təhsil tədbirlərini də nəzərə aldıqda vəsaitin həcmi 40 milyon manat təşkil edir. (“Vətəndaşın Büdcə Bələdçisi” Səh 34).
Demək, 80 milyon manatdan artıq vəsaitin xərcləndiyi bu sektorda yenə də pərakəndəlik mövcuddur.
Başqa bir məqam, DİM buraxılış imtahanlarında xarici dil üzrə tapşırıqların təxminən 35-40 faizini xüsusi disk və ya kassetdəki materialları şagirdlərə dinlətməklə (listening) audivizual qaydada aparır və buna uyğun qiymətləndirir. Orta məktəblərdə, yaxud repetitorların özlərində belə bir dinləmə vəsaitləri yoxdur.
Bütün bunların fonunda ortaya sual çıxır, DİM-in müstəqil şəkildə təhsil proqramı və dərslik tapşırıqları, dərs vəsaitləri tərtib etməyə haqqı və səlahiyyəti varçı?
“Ümumi təhsil haqqında” Qanuna əsasən, ümumi təhsil müəssisələri üçün dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin hazırlanması, təsdiqlənməsi və nəşri vahid proqram əsasında müəyyən edilir. Dövlət ümumi təhsil proqramlarının (kurikulumların) həyata keçirilməsini təmin etmək məqsədilə Nazirlik tərəfindən bütün fənlər (inkişaf sahələri) üzrə açıq tədris-metodik vasitələri kimi dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin tərtibi sifariş edilir. mənbə
“Təhsil haqqında” Qanunda qeyd edilir ki, təhsil sahəsində dövlət siyasətini Elm və Təhsil Nazirliyi həyata keçirir. Qanunun 10-cu maddəsinə əsasən, təhsil proqramı, tədris planı, fənlər üzrə tədris proqramları, metodik təminatla bağlı tövsiyələr, qiymətləndirmə və digər müvafiq təhsil teхnоlоgiyaları müvafiq icra hakimiyyəti orqanı, yəni ETN-nin səlahiyyətlərinə aiddir.
Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Nizamnaməsində isə qeyd edilib ki, Mərkəz dövlət qulluğu sahəsində fəaliyyəti, ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsini (attestasiyasını) həyata keçirən, dövlət qulluğu üçün kadrların seçilməsi, təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq ali və orta ixtisas təhsili müəssisələrinə, bakalavriat səviyyəsində hazırlıq qruplarına tələbə qəbulunun həyata keçirilməsi məqsədi ilə, habelə müqavilə əsasında dövlət orqanları, hüquqi və fiziki şəxslər üçün imtahanlar təşkil edən publik hüquqi şəxsdir.
Göründüyü kimi DİM-in Azərbaycanda təhsil proqramları hazırlamaq, dərslik siyasətini müəyyən etmək hüququ və səlahiyyəti yoxdur. DİM sadəcə ETN-nin tövsiyələrinə əməl etməklə ümumi tədris siyasətinə töhfə verən, şagirdlərin idrakyönümlü, məntiqi, nəzəri bilik və bacarıqlarının artırılmasına xidmət edən müvafiq yardımçı vəsaitlər nəşr edə bilər, ancaq həmin vəsaitlərə daxil edilən tapşırıqların hər biri ETN-nin mövcud dərslikləri və vahid dərs siyasəti əsasında hazırlanmalıdır.
Ancaq reallıq budur ki, DİM dövlətin təhsil proqramından kənara çıxaraq Elm və Təhsil Nazirliyinin dərc etdiyi dərslikləri deyil, özünün əlahiddə tədris proqramı əsasında test toplusu və imtahan sualları tərtib edir. Nəticədə, Dövlət İmtahan Mərkəzinin mövcud dərslik siyasəti, blok imtahanlarında test tapşırıqlarının qəlizləşdirilməsi sayəsində ali məktəblərə daxil olan tələbələrin ümumi bal səviyyəsi də aşağı düşür. Əgər əvvəllər 700 bal toplayan abituriyentlərin sayı 10-20 nəfər idisə, son 2 ildə bu rəqəm 2 dəfədən də çox azalıb. 2018-ci ildə 27 abituriyent ən yüksək – 700 bal toplamışdı, yüzlərlə abituriyent isə 650-dən çox bal yığmışdı. 2019-cu ildə 700 bal toplayan tələbə olmadı, son 2-3 ildə isə say 10-u ötməyib. Çünki test tapşırıqlarının predmetləri çətinləşdirildi.
Vəziyyət isə DİM-in təşviqatına yarayır, belə təəssürat yaratmağa çalışır ki, təhsilin keyfiyyəti aşağı düşdüyündən bal da azalır. Axı, yüksək bal toplayan şagirdlər Nazirliyin uğurdur, bu uğur ETN-nin adına yazılır. Nəticədə DİM-in təhsil siyasətini və tədris proqramlarını mənimsəməsi, özünün vəsaitlərini əlahiddə yeganə meyar kimi qəbul etdirməsi sayəsində dövlətin təhsil siyasətinə olan inam və etibar aşağı düşür, dövlətin təhsil siyasəti zədələnir.
Vətəndaşlar arasında aparılan sorğular isə təsdiqləyir ki, onlar da mövcud vəziyyətdən narazıdırlar. Sosial Tədqiqatlar Mərkəzinin 2020-ci ildə respondentlər arasında apardığı sorğu əsasında hazırladığı “Orta məktəb dərsliklərinin vəziyyətinə dair hesabat icmalı”ndan görmək olar ki, abituriyentlər dərslik siyasətindən, verilən test tapşırıqlarından razı deyillər. Respondentlərin 50,5%-i dərsliklərdə olan materialların və şagirdlərin aldığı biliyin onları tam formada ali məktəbə hazırlamq üçün yetərli olmadığını və bu səbəbdən də şagird və abituryientlərin repetitora müraciət etdiklərini qeyd ediblər. ( “Orta məktəb dərsliklərinin vəziyyətinə dair hesabat icmalı”. Səh 3.)